Böyük Xəlilullahdan qalan mədəniyyət inciləri
“Bu minarənin ucalmasını
böyük sultan I Xəlilullah
əmr edib, Allah onun şahlığını
və hakimiyyət illərini böyütsün”
(Əvvəli
ötən sayımızda)
Şah Məscidi Şirvanşahlar
Sarayı Kompleksinin aşağı həyətində
yerləşir. Məsciddə iki ibadət zalı var: böyük ölçülərdə
olan zal şah və onun əyanları üçün, kiçik
ölçülərdə olan isə saray
qadınları üçün
nəzərdə tutulub.
Məsciddəki müxtəlif forma və təyinatlı oyuqlar namaz xalçaları, çıraqlar, “Quran” kitabları
və təsbehlərin
qoyulması üçün
istifadə edilirdi. 2006-cı ildə saray məscidində bərpa işləri aparılıb.
Öyrəndik ki, məscidin hündürlüyü 22 metrdir. Minarəni
əhatə edən yazıda qeyd olunur: "Bu minarənin ucalmasını böyük
sultan I Xəlilullah əmr
edib. Allah onun şahlığını və
hakimiyyət illərini
böyütsün 845-ci il" (1441-42 illər).
Şahidi olduq ki, məscidə girməzdən əvvəl
yuyunmaq və dəstəmaz almaq üçün həyətin
şimal tərəfində,
hündür meydançada
quyu və kiçik hovuz var. Məscidin mərkəzi zalının yuxarı künclərinə dar boğazları içəriyə-zala
doğru yönəldilmiş
böyük gil
küplər hörülüb.
Bu, bir tərəfdən
özünəməxsus səsgücləndirici
rol oynayır, digər tərəfdən
isə seysmik konstruktiv-inşaat üsuludur.
Məscidin mərkəzi zalının
cənub divarında mehrab yerləşir.
Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı
bəzəksizdir, lakin
minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Onun eyvanını saxlayan stalaktitlər və aşağıda yerləşən
yazı kəməri yüksək sənətkarlıqla
işlənib. Minarə dilimli
gümbəzlə tamamlanır.
Eyvanın ətrafı başqa
böyük məscid
minarələrində olduğu
kimi üzəri oyma üsulu ilə bəzənmiş,
daş məhəccərlə
əhatə olunub.
Sonralar rus ordusu tərəfindən şəhər top atəşinə
tutularkən dağıdılmış
daş məhəccər
XIX əsrdə dəmir
məhəccərlə əvəz
edilib.
Məscidin daxilində şimal, şərq və qərbdən sadə işlənmiş qapılar
açılır. Qapılardan şərq
tərəfdəkindən şah
və onun ailəsi, şimaldakından
kişilər, qərbdəkindən
isə qadınlar istifadə edirlərmiş.
Gümbəzlə örtülən məscidin ibadət zalı mərkəzi hissədən və 4 tərəfdən birləşən
çatma taxçalardan
ibarətdir. Dilimli yarım
gümbəzlə tamamlanan
mehrab zərif stalaktitlərlə bəzənib.
Məscidin şimal-şərq küncündə
tağ-tavanla örtülmüş
kiçik bir otaq yerləşir ki, bura qadınlar
üçün ibadətxana
olub. Onun mehrabını sadə
taxca əvəz edir. Mərkəzi zalın yuxarı
küncündə divara
hörülmüş zala
açılan küplər
səsi o qədər
gücləndirirdi ki,
mollanın səsi qadınlara məxsus otaqdan da eşidilirdi.
Minbərin arxasında olan
divar oyuğundan digər kiçik bir otağa keçmək üçün
pilləkənlər var. Pəncərələrin
qabağındakı daş
şəbəkələr memarlıq baxımından
olan bu binaya
gözəllik verir.
Şirvanşahlar türbəsi
Şirvanşahların türbəsi - Şirvanşahlar
saray kompleksinin tərkib hissəsidir. Şirvanşahların
ailəvi türbəsi
hicri təqvimi ilə 839-cu ildə (miladi təqvimlə 1435-ci
il) Şirvanşah
Xəlilullahın tapşırığı
ilə memar Məhəmməd Əli tərəfindən Şirvanşahın
anası Bikə xanım və 7 yaşlı oğlu Fərrux Yəminin dəfni üçün inşa edilib. Sonradan türbədə Şirvanşah Xəlilullahın
özü, zövcəsi
Xanikə Sultan, oğlanlarından
Məhəmməd İbrahim,
Əmir Bəhram, Şeyx Saleh torpağa tapşırılıb.
1946-cı ildə abidədə arxeoloji tədqiqat işləri aparılarkən, qəbirlərdən
bəzi əşyalar
tapılıb. Türbədə
2002-2003-cü illərdə bərpa işləri aparılıb.
Şahidi olduq ki, türbənin
aşağı həyətinin
ərazisində kompleksin
2 tikilisi, türbə
və saray məscidi yerləşir. Aşağı həyəti digərindən
iri dairəvi qapalı divar ayırır. Türbəyə yuxarıdan baxdıqda kəsmə ulduzla bəzədilmiş və
6 bucaqlı gümbəzlə
tamamlanmış düzbucaqlı
olduğu görünür.
Tikilərkən günbəz üzərindəki
ulduz şəkilli yarıqlara mavi rəngli kaşı yerləşdirilib.
Giriş üzərindəki yazı
bu gözəl tikilinin tikilmə tarixi və memarı haqqında məlumat verir. Orada yazılıb: "Dinin müdafiəçisi peyğəmbərin
adamı, böyük
sultan Şirvanşah Xəlilullah,
Allah onun şahlığını
və hakimiyyətini daimi etsin, bu
işıqlı türbəni
öz anası və 7 yaşlı oğlu üçün
Allah onlara rəhmət
eləsin, tikdirməyi
əmr etdi 839 il" (1435-36).
Türbənin girişində dəhliz var və o, 8 bucaqlı gümbəzlə
örtülüb. Onun sağ və solunda xidmət üçün 2 yardımçı
otaq var. Kvadrat formalı əsas zal mərkəzi hissədən və onun 4 tərəfində yerləşən çatmatağlı
taxçalardan ibarətdir.
Zalın
mərkəzi hissəsi
gümbəzlə örtülüb.
Zalın
şimal və cənub künclərində
kvadrat planlı kiçik otaqlar var.
Giriş üzərindəki yazılara
əsasən məlumdur
ki, türbə Şirvanşah Xəlilullahın
anası və oğlu üçün tikilib. Buna baxmayaraq orada Şirvanşahlar ailəsinin digər üzvləri də dəfn edilib. Qazıntılar zamanı sökülmüş
döşəmənin altından
daş lövhələr
tapılıb. Bu daş lövhələrdən
7 ədəd qəbrin
örtüyü olduğu
məlum olub, yalnız 5 qəbrdə sümük qalıqları
tapılıb. 2 qəbrdə sümüklər
yox idi. Şirvanşahlar Sarayında
saray şairi olmuş Bədr Şirvaninin qəsidə,
mədh və divanlarına, habelə qəbirlərdən aşkarlanmış
maddi-mədəniyyət nümunələrinə
əsasən burada dəfn edilənlərin adları ayırd edilib və dəqiqləşdirilib: Birinci
qəbirdə Şirvanşahın
7 yaşlı oğlu
Fərrux Yəmin
(1435-42) dəfn edilib.
İkinci qəbir qoca
qadına məxsus olub, Şirvanşahın anası oluduğu ehtimal edilir. Şirvanşahın anasının adının
Bikə və çox hörmətli qadın olduğu, həmçinin hicri təqvimi ilə 839-cu ildə (1435-36) vəfat etdiyi qeyd olunur.
Üçüncü qəbirin Qara Yusifin əsiri olub, onun ölümündən
sonra Şirvanşah Şahruxa ərə getmiş Xanikə xanıma aid olduğu ehtimal edilir. Dördüncü qəbirdə Şirvanşahın
Şeyx Salah (1443-45) adlı 2 yaşlı oğlu dəfn olunub. Beşinci qəbir 19 yaşlı
II İbrahimə (1432) aid olan
qəbrdir. Girişin əks
tərəfində iri
bədənli, hündürlüyü
2 metr 10 sm. olan sklet aşkar edilib. Bu qəbirin
I Xəlilullaha aid olduğu
ehtimal edilir.
Murad darvazası
Şərq darvazası və ya Murad darvazası
- Şirvanşahlar Saray
Kompleksinin XVI əsrə
aid olan yeganə tikilisidır. Murad darvazası portalının
yuxarı çərçivəsində
olan 2 medalyon arasında aşağıdakılar
yazılıb: “Bu bina
Ulu Rəcəb Bakuvinin 994-cü ildə
(1585-1586) sifarişi əsasında
böyük və ədalətli Sultan III Muradın
dövründə tikdirilib”.
Portalın divar oyuqlarının yanındakı yazılar Təbrizli memar Əmirşahın adını
məlum edir. Özünün ümumi, bədii dekorativ kompozisiyasına görə portal Divanxana və Türbə portallarına uyğun gəlir. Lakin burada tikinti
texnikası və inşaat daşlarının
keyfiyyəti xeyli aşağıdır. Burada Azərbaycan
ornamental sənətinin stil
təmizliyi pozulur.
Memar ansamblın sabitliyini, ahəngliyini saxlamağa çalışsa da o dövrə xas olan memarlıq keyfiyyətinin aşağı
düşməsindən qaça
bilməyib.
Bayıl qalası
Şirvanşahlar Saray Kompleksində Bayıl Qalasının qalıqlarına rast gəldik. Öyrəndik ki, bu qala Bakının Bayıl burnu yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi olub. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.
Bayıl qəsrinin (qalasının) tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olub. Alimlərin fikrincə, o, 1306 - cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batıb. Mütəxxəsislərin əksəriyyəti o fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939 - 1969 - cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700 - dən artıq yazılı daş tavalar çıxarılıb. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, nəhəng tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar hörgüsündə yanaşı düzülərək qala divarlarının bayır səthində uzun kitabə qurşağı (hündürlüyü 71 sm) əmələ gətiririb.
Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar ediblər. Bu kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub.
Bir kitabə daşında Bayıl qəsrinin "Bəndər qələ" adı ilə verilməsi dəyərli faktlardandır. Anlamı liman qala olan bu ad Bayıl qalasının baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə Bayıl qəsri Şirvanşahların yeni paytaxt şəhəri yanında iqamətgahı olmuş, Şamaxı qalasının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasının müdafiəsində Bayıl qalası daşıyıb.
Bayıl qalasının cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın şimal qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin demək olar ki, ortasnda daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırmaçılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, əksər tədqiqatçılar onu atəşgah və ya məbəd qalıqları sayırlar. C.Qiyasi isə bu meydançada iri bir saray binasının ucalması ehtimalını irəli sürüb.
Bayıl Qalası XII-XIII yüzillərdə möhkəm qəsr, qala liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında baş yer tutan Bayıl qəsrinin daha qədim bir memarlıq kompleksinin özülləri üzərində ucaldılması ehtimalları da vardır. Şirvanın başqa müdafiə tikililərində (Dərbənd qalası, Şamaxı qalası, Bakı qalası, eləcə də Gülüstan qalası və Qəley-Buğurt qalası) olduğu sayaq, Bayıl qəsrinin memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlar işlədilib.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-29 mart.-S.13.