Zəngin Azərbaycan folkloru tariximizi yaşadır:
Araşdırmaçı,
folklor toplayıcısı və tərtibçi Tacir Səmimi
Qərbi Azərbaycanın xalq
yaradıcılığını araşdırıb
Folklor-xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşıdır. Burada xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur. Yaddaş «qalar-qopar» dünyada «gəlimli-gedimli» ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir. Folklor xalqın taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Xalqın məhvi və yaşamı onun total milli yaddaşından - folklor yaddaşından asılıdır. Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir. Azərbaycan türklərinin adət-ənənəsi, ayin və etiqadları, tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi və torpaq məhəbbəti, valideyn sevgisi, həzin lirik duyğuları bu yaradıcılıqda bütöv və özünəməxsus şəkildə tərənnüm olunub. Azərbaycan türklərinin folkloru müxtəlif janrların (lirik, epik və dramatik) qovşuğunda yaranıb, elə həmin üslublara uyğun olaraq da növlərə bölünüb.
Araşdırmaçı, folklor
toplayıcısı və tərtibçi-Tacir Səmimi
Xalqın yaddaşı dediyim folklor nümunələrini, adət-ənənəsini araşdırmaq, toplamaq, yazıya köçürmək çətin bir işdir. Buna baxmayaraq, elə insanlar var, onlar həyatlarını bu işlərə sərf etməklə böyük bir yolun yolçusuna çevrilir və beləcə özlərini unudurlar. Onlardan biri olan- araşdırmaçı, folklor toplayıcısı və tərtibçi Tacir Səmimi bizim həmsöhbətimiz oldu. O, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Qurbanov Tacir Şaban oğlu 20 yanvar 1956-cı ildə Qərbi Azərbaycanın Ağbaba bölgəsinin Amasiya rayonunun Təzə İbiş kəndində anadan olub. 1981-ci ilin avqustunda təyinatını Amasiya rayonunun Qonçalı kənd səkkizillik məktəbinə veriblər. Bu məktəbdə müəllimliyə başlamışdır. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
"Ağbaba aşıq mühiti" mövzusunda namizədlik dissertasiyası yazmış və 25 may 2011-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
İndiyə qədər 40-dan artıq kitabı, o cümlədən "Duman dağı bürüdü", "Tükənməz sözün, Ağbaba", "Tırınqılar", "Ağbaba ziyarətgahları" və başqa kitabları işıq üzü görüb. Tacir Səmimi 50-dən artıq kitabın elmi redaktoru olub, onlarla kitaba "ön söz" yazıb. Araşdırmaçı, folklor toplayıcısı və tərtibçisi Tacir Səmimi həm də tarix, etnoqrafiya məsələləri ilə məşğul olur. Onun Ağbaba folkloru ilə bağlı toplayıb nəşr etdirdiyi silsilə kitablarda daim itirilmiş yurd yerlərimizmin nisgili, həsrəti görünür, duyulur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Vedibasar", "Elimiz, Günümüz" qəzetlərinin xüsusi müxbiridir. 1988-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 253 saylı orta məktəbdə tarix müəllimi işləyib.
2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi, 2012-ci ildən isə böyük elmi işçisidir.
Tacir Səmimi "Tükənməz
sözün, Ağbaba",
"Duman dağı bürüdü",
"Ağbaba folkloru",
"Aşıq Nəsib", "Qədim Oğuz
yurdunun Düzkənd kəndi",
"Tırınqılar", "Dingəm dinar",
"Bu yan
Ağbabadı, o yan
Çıldır Qars", "Ağbaba
ziyarətgahları", "Gülsehran",
"Zərkənd", "Qaraçantada bir məscid
vardı" adlı kitabların müəllim və həmmüəllifidir.
Bu kitab sinədəftər
adamların el-oba söhbətlərini, adət-ənənələrini
toplanıb
Həmsöhbətimiz bildirir ki, xalqların qədim mədəniyyət soraqlarının sistemli məcmusu folklorda təsdiqini tapır. «Folklor xalqın ilkin mədəniyyəti, ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli dünyabaxışıdır. Bu gün dünyada kompüter texnologiyalarının yüksək səviyyədə intişaf tapdığı bir zamanda belə qədim ənənələrə maraq var. Zəngin folkloru olmayan xalqın yüksək səviyyədə milli mədəni irs yaratması müşküldür. Avropa şərq xalqlarının mifologiyasına və folkloruna heyrətini gizlədə bilmir. Folklor mədəniyyətin təzahürüdür. Ovçuluq, balıqçılıq, maldarlıq və əkinçilik mədəniyyəti haqqında tarix elminin verə bilmədiyi bilgini folklor sözün gücü ilə nəsildən-nəsilə çatdırıb, əsl möcüzə yaradıb. Ən mürəkkəb mifoloji mətnlərin alt qatında tarixi gerçəklik, təbiət və cəmiyyət haqqında real təsəvvürlər dayanır. Nağıl və dastanlar xalqın təkcə arzularını, istəklərini ifadə etmir, təfəkkür səviyyəsini kodlaşdırır. Bu nümunələr rəmzləşdirilmiş həyat tərzini, ailə-məişət münasibətlərini, əxlaqı, davranış mədəniyyətini əks etdirir.
Folklor təkcə fantaziya deyil, həm də xalqın elmi baxışlar sistemidir. Toplanmış folklor nümunələri xalqın zəngin söz sərvəti kimi araşdırılır, elmi süzgəcdən keçirilir. Azərbaycan türklərinin folkloru həm ayrı-ayrı fərdlər tərəfindən, həm də sistemli şəkildə toplanıb.
T.Səmiminin müəllifi olduğu "Qədim Oğuz yurdunun Düzkənd kəndi" (2006) kitabında Ağbaba bölgəsinin etnoqrafik ənənələri ilə seçilən Düzkənd kəndinin ağız ədəbiyyatı, məişəti, mədəniyyəti və təsərrüfat həyatı haqqında maraqlı məlumatlar toplanıb.
“Qədim oğuz yurdunun Düzkənd kəndi” adlı kitabından: “Ağbaba bölgəsində 1988-ci ilə qədər 27 kənd vardı. Bu kəndlərdən iyirmi birində türklər, 6-da isə qeyri-türklər yaşayırdılar. Yer-yurd, dağ, çöl, tarixi abidələrin adları bir daha sübut edir ki, burada hay adına heç bir şey yoxdur. Bu torpağın əzəli sahiblərini sıxışdırmaqla bütün yer üzünə pələsəng edən haylara bu gün tarixi dəlillərlə, etnoqrafik yanaşmalarla, müxtəlif illərdə çəkilmiş xəritələr vasitəsilə belə sübut etməyə əlimizdə hər cür elmi, bədii faktlar var”.
Bu kitab sinədəftər adamların el-oba söhbətlərini, adət-ənənələrini toplayan müəllif kəndin yerləşdiyi ərazi, yer-yurd adları, kənddə yaşayan tayfa və tirələr haqqında araşdırma aparıb, ağbabalıların təsərrüfat həyatı, məişəti, məşğuliyyəti, mifoloji təfəkkürü, bir sözlə, maddi və mənəvi sərvəti ilə bağlı zəngin bir mənbə rolunu oynaya biləcək toplu yaradıb. Mifoloji rəvayətlər adı altında xarabalıqlarda yaşayan mifoloji varlıqdan söhbət açılır, adamlar yatandan sonra gəzib dolaşan ev yiyəsi və ruhla bağlı mətnlər verilir. Əhməd, Qaçaq Qənbər, Qaçaq Yusif, Həmzə ağa haqqında rəvayətlər, Lotu Əşrəf, Toyçu Xəlillə bağlı lətifələr folklorşünaslarımız üçün maraqlı nümunələrdir.
Tacir Səmimi yazır ki, bir dəfə də olsun, nə Qasım xarabasında, nə də başqa tarixi yerlərdə arxeoloji qazıntılar aparılmadı. Xarabalıqda dulusçu kürələrinin qalıqları son illərədək qalırdı. Qəndil, sərnic, bardaq, cürdək, çanaq tutumuna və istifadə məqsədinə görə fərqli gil qablardır. Düzkəndlilər suyu uzaq məsafədən tüng (saxsı) borularla çəkib gətiriblər. Bu qədim Oğuz yurdunda cil ipliklər boyadılır, yumaq və kələflər hazırlanır, hana qurulub, həsir toxunurdu. Cildən hörülən kəndir isə kem adlanırdı. Toxucular ağ ip kələflərini bataqlığa basdırıb qaraldırdılar. İpliyə yaramayan yun qırıntılarına çöpük deyirdilər. Çöpüyü mütəkkənin içinə doldururdular. Bu kənddə kişilər adətən yer hanasında toxunan parçadan çuxa, arxalıq və şalvar tikdirərmişlər. Bütün bunlar maraqlı etnoqrafik müşahidələrdir. Düzkəndlilərin məişəti onların aşıq rəvayətlərində, nağıllarında, bayatılarında, vəsfi-hallarında, inamlarında və başqa folklor nümunələrində yaşayır.
Bildirək ki, Ağbaba mahalı Qərbi Azərbaycan ərazisində mahalıdır. Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalıb. Ağababa mahalı Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib.
Araşdırmaya 1970-ci illərdən başlayıb
T.Səmimi deyir ki, Ağbaba folkloru ilə bağlı araşdırmalara tələbəlik illərindən başlayıb: “O zaman həvəskar kimi başladım. Sonradan tədricən genişləndi. Aşıqlar, el şairləri, dastanlar, rəvayətlər, mifaloji mətinlər, nanaylardı, bəd dualardı… Qarılaşdığım folklor nümunələri yazmağa, qeyd etməyə başladım…
Ağbabanın özünəməxsus havaları var. Məsələn, ağababayi, konyalı, diyarbəkirli, çarpapağı… Elə havalar var ki, onların kökü qədimlərə gedib çıxır…
Nanay
mərasim nəğməsidir. Bu nəğmə
adətən avazla oxunur
və yallı ilə müşayiət edilir.
Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır.
Ağbaba mahalında əhalinin
özünəməxsus folkloru,
adətləri vardı.
Məsələn Güllübulaq kəndinin
folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus
xüsusiyyəti onda idi ki, bu
nümunələrin xüsusi
oxunma tərzi vardır”.
(Ardı var)
Ramid
Bizim
yol.-2014.-3 may.-S.13.