“Qız qalası” Beşinci Beynəlxalq İncəsənət
Festivalı başladı
Məqsəd Azərbaycan mədəniyyətini
dünyaya tanıtmaq və mədəniyyətlərarası
dialoqun zənginləşdirilməsinə töhfə verməkdir
Dünəndən etibarən İçərişəhərdə - Qız qalasının qarşısındakı meydanda “Qız qalası” Beşinci Beynəlxalq İncəsənət Festivalı başlayıb. Bu barədə “Bizim Yol” qəzetinə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verildi.
Verilən məlumata görə, festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir: “2010-cu ildə başlanan, üç il ardıcıl Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq İncəsənət Festivalının bu il beşincisi gerçəkləşdirilir. Bildirək ki, mədəniyyətlərarası dialoqa xüsusi töhfə verən “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. “Qız Qalası” Beşinci Beynəlxalq İncəsənət Festivalı Azərbaycanın ən qədim və sirlərlə dolu dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının populyarlaşdırılmasını qarşısına məqsəd qoyub. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş, İçəri Şəhərin ərazisində yerləşən və odlar diyarının rəmzi hesab olunan bu abidə Azərbaycanın qədim tarixinin və memarlığının incisi olmaqla yanaşı, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə xidmət etmək iqtidarındadır.
Ənənəvi olaraq may ayında keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir. Azərbaycan memarlığının incisi, xalqımızın zəngin mədəniyyətinin və beynəlxalq tarixi irsin nümunələrindən biri olan Qız qalası həm də mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli vasitədir.
Mayın 9-dək davam edəcək builki festivalda dünyanın 27 ölkəsindən 29 tanınmış rəssam iştirak edir. Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu nadir müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir”.
Qız qalasının maketləri müxtəlif ölkələrdə
sərgilənəcək
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən o da bildirildi ki, festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilir.
İdardən onu da öyrəndik ki, festivalın konseptual xəyal sərhədləri hər il yeni tematik komponentin əlavə edilməsi sayəsində genişləndirilir: “Bu il Bakıda festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlərin təqdim edilməsi planlaşdırılır. Üç ölçülü optik illüziyanın köməyi ilə yaranan müəyyən nəzər nöqtəsi Qız qalasının zirvəsinə qalxmaq, qədim şəhərin meydanına açılan məftunedici mənzərəni seyr etmək imkanı yaradır.
Sonda bənzərsiz sənət əsərlərinə çevrilən Qız qalası maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənir, ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq hər kəsi “Qız qalası” 5-ci Beynəlxalq İncəsənət Festivalında iştirak etməyə dəvət edir.
Festivalda iştirak
edənlərin sayı
artıb
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən xatırladıldı ki, 2010-cu ilin 26-29 may tarixlərində keçirilən ilk “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalında 18 ölkədən 20-dən çox rəssam iştirak etmişdi: “Builki festivalda isə dünyanın 27 ölkəsindən 29 tanınmış rəssam iştirak edir. İştirakçıların sayının artması arzuolunandır. Onlar Qız Qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrinin sintezini əks etdirən əsərlər yaradacaqlar. İçəri Şəhərdə Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəssamların yaratdıqları bu işlərdən ibarət sərgi təşkil ediləcək. Bununla yanaşı, bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız Qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcəkdir. Küləklər şəhəri olan Bakı ən gözəl və yaddaqalan şou meydanına çevriləcək”.
“Festival Qız qalasının təbliğini
qarşısına məqsəd qoyub”
Ərazidə müşahidə apardığımız zaman məlum oldu ki, festival ilk günündən insanların marağını cəlb edib. Bunu şəhər sakinləri də təsdiqləyirlər. Söhbət etdiyimiz paytaxt sakinləri Azərbaycanın tarixinin və mədəniyyətinin təbliği üçün belə tədbirlərin keçirilməsini müsbət dəyərləndirirlər.
“Burada dünyanın müxtəlif ölkələrindən, eləcə də Azərbaycandan 20-dən çox rəssam iştirak edir. Mən onların bəzilərini tanıyıram, artıq "Qız qalası” festivalında iştirak etmişlər. Hesab edirəm ki, bu festival çox uğurludur. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlara bir-birlərinə məhəbbət, sülh və qarşılıqlı anlaşma mesajını çatdırmağa imkan yaradır. Çox böyük uğur qazanan bu festival Bakı sakinlərinə dünyanın fərqli ölkələrindən müxtəlif rəssamların yaradıcılıq nümunələri ilə tanış olmağa imkan verir. Yaxşıdır ki, festival Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız qalasının təbliğini qarşısına məqsəd qoyub. Bu ki, gözəldir, məqsədəuyğundur! Özümüzü tanıtmalıyıq, tanıtmağı bacarmalıyıq. Son illərdə Qız qalasında və onun ətrafındakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranıb. Bu da sevindiricidir”, -deyə paytaxt sakini Sevil Qarayeva bildirdi.
Qeyd edək ki, Bakının qədim tarixinin əsas rəmzlərindən biri, milli memarlığımızın incisi olan Qız Qalası, burada aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasından sonra öz qapılarını ziyarətçilər üçün açıb. 2 yanvar 2014-cü il tarixindən Bakı sakinləri və şəhərimizin qonaqları Qız Qalasını ziyarət edərək yeni muzey ekspozisiyası ilə hər gün saat 10.00-dan 18.00-dək tanış ola biləcəklər.
Qız Qalasında muzey konservasiyası işlərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq 2009-cu ildə başlanılıb. İstifadə olunacaq bərpa materiallarının, konservasiya üsulunun seçilməsindən və müvafiq sınaqlardan sonra, 2011-ci ilin mart ayında abidənin kontrforsu və baxış meydançasında başlayan müvafiq işlər, 2012-ci ilin iyun ayından Qalanın əsas dairəvi hissəsinin fasadında davam etdirilib. 2013-cü ilin yanvar ayında abidənin daxilində konservasiya işlərinə start verilməsi ilə əlaqədar Qala ziyarətçilər üçün bağlı elan olunub.
Qız qalası qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Hündürlüyü 28 metr, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb.
Daşdan
hörülmüş bu
tavanların ortasında dairəvi deşiklər vardır.
Deşiklər şaquli xətt istiqamətindədir.
Belə ki, 8-ci mərtəbənin
tavanının ortasında olan dairəvi
deşikdən baxdıqda birinci mərtəbənin
döşəməsini görmək mümkündür.
Qalaya yeganə giriş
yolu onun qərb tərəfində,
yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan
tağlı qapı yeridir. Azərbaycanın
emblemlərindən biri olan
Qız qalası Azərbaycan pul əskinaslarının
üstündə də dəfələrlə təsvir edilib.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-8 may.-S.13.