“İslam Mədəniyyətinin Paytaxtı” - Böyük missiya
yaxınlaşır
Naxçıvan
Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr
olunmuş sərginin açılışı oldu
Dünən saat 11:00-da Bakı
Biznes Mərkəzində Naxçıvan Muxtar
Respublikasının (NMR) yaradılmasının 90 illik yubileyinə həsr
olunmuş sərginin açılışı oldu. Mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev NMR-in
yaradılma tarixinə nəzər saldı: “2014-cü il fevral ayının 9-da
Naxçıvan Muxtar Respublikasının
(NMR) yaradılmasının 90 illiyi tamam oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 14 yanvar
2014-cü il tarixində “Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinin keçirilməsi haqqında” sərəncam
imzaladı. Azərbaycanın qədim bölgəsi
Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni
zamanda şərəfli bir
yol qət edib. Çoxəsrlik
dövlətçilik ənənələri olan
bu diyar həmişə
xalqımızın zəngin mədəni irsini
layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli
elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin
sosial-iqtisadi, ictimai-siyasi
həyatında əvəzsiz rol
oynayıb. Naxçıvan əhalisinin milli
istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət
müstəqilliyimizin bərpası, qorunub
saxlanılması və möhkəmləndirilməsində
müstəsna xidmətləri vardır. Bu gün
yüksək potensiala malik
muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük
uğurla həyata keçirməsi sayəsində
ölkədə dinamik inkişaf
xəttinə uyğun, fasiləsiz
aparılan irimiqyaslı quruculuq,
abadlıq işlərinin fəal iştirakçısıdır.
Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin
təşkil olunduğu məkana çevrilib. Naxçıvan Muxtar
Respublikasının yaradılması Azərbaycanın siyasi tarixində mühüm
əhəmiyyətli hadisədir”.
V.Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin NMR-ının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixli 219 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb. Təşkil olunan sərgi də bu tədbirlərdən biridir.
Tədbirlər planının müvafiq bəndinə əsasən, 12-13 may tarixində Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçirilir. Sərgi muxtar respublikanın tarixi, təbiəti, görkəmli şəxisyyətləri, mədəniyyəti, elm-təhsili, iqtisadiyyatı ilə bağlı oldu. Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirdi.
“Naxçıvan 2018-ci ildə "İslam
Mədəniyyətinin Paytaxtı" kimi
böyük bir
missiyanı yerinə yetirəcək”
Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyən Vaqif Əliyev muxtar respublikanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Naxçıvanın hərtərəfli inkişafına, bütün sahələrə, o cümlədən muxtar respublika ərazisindəki mədəniyyət, incəsənət və turizmə dövlət tərəfindən daim diqqət göstərilir.
Dediyinə görə,
Muxtar Respublikada əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsi, mədəni
istirahəti üçün hər cür şərait yaradılıb:
“Naxçıvan ildən-ilə inkişaf
edir, dəyişir. Ölkəmizin dinamik inkişafı imkan
yaradır ki, Azərbaycanın bu qədim mədəniyyət mərkəzində
sosial infrastruktur layihələri
də yüksək səviyyədə həyata keçirilsin. Bugünkü
sərgi Naxçıvanın uğurlarını əks etdirmək
baxımından əhəmiyyətlidir. Sərgidə
elə tarixi sənədlər var ki, ilk
dəfə nümayiş olunur.
Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda, eləcə də
Naxçıvanda həyata keçirilən mühüm
layihələr cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qədim Naxçıvan şəhəri
2018-ci ildə "İslam Mədəniyyətinin
Paytaxtı" kimi böyük
bir missiyanı yerinə yetirəcək”.
“Bu
dövrdə Heydər Əliyevin quruculuq fəaliyyəti
qırmızı xətlə keçir”
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Bəxtiyar Əsgərov çıxış edərək, bu tədbirin əhəmiyyətini xüsusi qeyd etdi. O, muxtar respublikada son illərdə həyata keçirilmiş tikinti-quruculuq işlərindən, qazanılmış nailiyyətlərdən, elmi-mədəni, sosial-iqtisadi inkişafdan, Naxçıvanın müdafiə qüdrətindən bəhs etdi. Bəxtiyar Əsgərov tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi.
“Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş ulu öndərin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar atılaraq Naxçıvan Muxtar Respublikasının adından «Sovet Sosialist» sözləri götürüldü. 1990-cı ilin 18-19 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olundu. 19 yanvarda "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə "Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan" Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərti ilə ilk dəfə olaraq bu torpağı tərk etdilər; ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu. 21 yanvar 1990-cu ildə Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ictimaiyyət nümayəndələri qarşısında çıxış edib, 20 yanvar faciəsinin günahkarlarını kəskin ittiham edib. Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar qəbul etdi. Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində «Ümid» körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında İstilik- Elektrik Stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkildi.
Bir sözlə, 1990-1993-cü illərdə Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitində Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin - amanlıq yaranmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalqla işləməyi bacarmaq nümunəsidir”, -deyə Bəxtiyar Əsgərov bildirdi.
Çıxışlardan sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada Naxçıvan Muxtar Respublikasının tarixindən, görkəmli şəxsiyyətlərindən bəhs edən, rəsmi dövlət tədbirlərini, maddi-mədəniyyət abidələrini, ədəbi mühitini, iqtisadi-sosial inkişafını əks etdirən sənədlər, fotoşəkillər, videoçarxlar nümayiş olunurdu. (Ardı gələn sayımızda)
Ramid İBRAHİMOV
Bizim yol.-2014.-13 may.-S. 13.