Bakıda Beynəlxalq Muzey Günü qeyd olunacaq

 

Azərbaycanda mövcud olan 146 muzeydən 22-si işğal altındakı torpaqların payına düşür

 

Dünya mədəni ictimaiyyəti hər il mayın 18-ni Beynəlxalq Muzey Günü kimi qeyd edir. Muzeyşünas Təranə Xudabaxşiyeva deyir ki, Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixi xüsusi qeyd olunur: “Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruqs. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir”.

 

Şuşada 8 muzey fəaliyyət göstərib”

 

Muzeyşünas deyir ki, belə bir gündə işğal olunmuş ərazilərimizdəki muzeylərin taleyini də xatırlamamaq olmaz: “Bildirim ki, bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. İşğal altında olan rayonlarımızda vaxtilə 22 muzey fəaliyyət göstərib. Qarət edilmiş həmin muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardı. Vurğulamaq gərəkdir, ki elə özü canlı muzey olan Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub”.

 

146 muzeydən 138-i nazirliyin tabeliyindədir

 

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda mövcud olan 146 muzeydən 138-i nazirliyin tabeliyindədir. Göstərilən dövrdə fərdi ziyarətçilərin sayı 597 676, ekskursiya qrupları tərkibində gələnlərin sayı isə 644 697 nəfər olmuşdur. Cəmi 29 903 ekskursiya, 1285 sərgi təşkil olunmuş, 3140 mühazirə oxunub.

Məlumatda bildirilir ki, nazirlik muzeylərlə bağlı işində «Muzeylər haqqında» Qanunu və «Azərbaycan Respublikasının dövlət muzeylərində saxlanan muzey əşyalarının uçotu və saxlanması üzrə Təlimatlar»ı əldə rəhbər tutur, həmçinin muzey işi üzrə Elmi-Metodiki Kabinetin tövsiyələrinə və metodik vəsaitlərinə əsaslanır: “Muzeylərin əsas fondlarını təşkil edən bütün əşyalar bütün muzeylərdə mövcud olan eyni tipli daxilolma kitablarında (və yaxud Baş İnventar kitablarında) qeydə alınıb. Bu günə qeydə alınmış muzey vahidlərinin sayı 1 151 000-dir. Muzeylərin yalnız bir qisminin öz nəşrləri və reklam məhsulları vardır. Muzeylərin sərgi fəaliyyəti muzeyin öz kolleksiyalarından təşkil olunanonun özündə nümayiş etdirilən, müxtəlif muzeylərin kolleksiyalarından toplanan, xaricdəki Azərbaycan muzeylərinin eksponatlarından təşkil olunan və Azərbaycanda nümayiş etdirilən xarici tematik sərgiləri əhatə edir. Rayon (əyalət) muzeyləri də müəyyən sərgi və maarifləndirmə işi aparır. Onlar Azərbaycanın Milli Müstəqillik Gününə, 20 yanvar - Şəhidlərin Xatirəsi Gününə, ədəbiyyat, elm və incəsənət korifeylərinin yubileylərinə, Milli Musiqi Gününə və s. həsr olunmuş tədbirlər və sərgilər keçirirlər. Son illər Azərbaycanda fəaliyyət göstərən muzeylərin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq sənədlər imzalanır. Muzeylərin təmir olunur,  yeni muzeylərin açılışı olur.  Muzeylər təmir olunarkən və ya ekspozisiya yeniləşərkən beynəlxalq normalara uyğun olmasına çalışılır. Regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə olunub. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür”.

 

Muzey günü ilə bağlı tədbir keçiriləcək

 

Mədəniyyət və Turizm Nazirliyindən bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyində "18 May - Beynəlxalq Muzeylər Günü"nə həsr edilmiş tədbir keçiriləcək. 16 may 2014-cü il tarixdə saat 16:00 başlanacaq tədbirdə "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı fotomüsabiqəsinin qalibləri elan ediləcək. Tədbir Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcək.

Nazirlikdən bildirildi ki, son illərdə Azərbaycanda yeni muzeylər istifadəyə verilib: “Onların sırasında Dövlət Bayrağı Muzeyini göstərmək olar. Sözügedən muzeyin açılışı 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə olub. Səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da vardır. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, ordenmedallar nümayiş olunur. Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır”.

 

 

Ramid İBRAHİMOV

 

Bizim yol.-2014.-16 may.-S.13.