"Heç nəyə həvəsim
qalmadı"
Azərbaycanın
xalq artisti Safura İbrahimovanın Milli.Az-a müsahibəsi.
- Safura xanım, özünüzü necə hiss edirsiz?
- Birmənalı “əla” və yaxud “pis” desəm, olmaz. O baxır əhval-ruhiyyəyə. Elə gün olur, özümü yaxşı hiss edirəm, o gün mənim üçün əlbəttə ki, yaxşı olur, gözəl olur. Hara baxıramsa, bir gözəllik görürəm, işıq görürəm, sevinc axtarıb tapıram. Amma elə günlər olur ki, qapını açıb, heç kimin üzünə belə baxmaq istəmirəm. Elə qapının arxasından “Nə lazımdır?” soruşuram. Yəni, o dərəcədə birdən-birə əhvalım xarab olur. İnsanam da. Yaxşı da oluram, pis də.
- Uzun müddətdir
efirdən, mətbuatdan uzaqsız.
- Çoxdur, bəlkə də.
- Axırıncı dəfə nə vaxt müsahibə
vermisiz?
- 2 il
olar. Bəlkə də çox. Axırıncı dəfə
bir qız gəlmişdi. Şəkillərim ilə bərabər,
maraqlı bir müsahibə hazırladı. Çox
yaxşı yazmışdı.
- Bəs səbəb - teatrdan
uzaqlaşmaq bir yana, hər kəsdən, hətta mətbuatdan
belə uzaq dayandınız?
- Səbəb
deyəndə ki, mən əsas bir şeyi səbəb
göstərmək istəmirəm. Siz yaxşı bilirsiz ki, mən
teatra oxuya-oxuya dəvət olundum. O kollektivdə yetişdim. O
kollektivə elə doğmalaşmışdım ki, elə
bilirdim, bunların hər biri ailəmin üzvüdür. Birdən-birə
fasiləsiz, bir-birinin ardınca dünyalarını dəyişdilər.
Bu mənə həddindən artıq pis təsir etdi. Heç
nəyə həvəsim qalmadı. Hansı tərəfə
fırlandım - görmürəm, yoxdurlar. Filankəs yox,
filankəs yox. Hansı ki, onlar mənim anamı, nənəmi
oynayıblar. Mən Hökumə xanımla oynamışam.
Çox ciddi xanım idi. Sözü belə rolda otuzdururdu.
Fatma Qədri bir tamaşada anamı, bir tamaşada nənəmi
oynayırdu. Qrimi o mənə öyrətdi... Mən
gördüm ki, ətrafım boşdur. Kimlə
oynayacaqdım ki?
Axı
bir-birimizi səhnədə o hisslərə
çağırıb, çoşdururuq. Bilirdik ki,
tamaşanın hansı yerində bir-birimizə necə stimul
verə bilərik, rolları tamamlayıb, uyğunlaşa
bilirdik.
-
Sonuncu oynadığınız rol hansı olmuşdu?
- 2005-ci ilin sentyabrında teatr
mövsümü açılırdı. “Hökmdar və
qızı” tamaşasında hökmdarın arvadı rolunu
oynadım və səhəri işdən çıxdım.
Buraxmaq istəmirdilər məni. Mən qəti qərara gəldimsə,
fikrimdən döndərə bilməzlər, gərək onu
edəm!
- Bəs
sonuncu filminiz hansı olub?
- Səhv etmirəmsə, 1990-cı
illərin əvvəlləri olardı. Hamlet Xanızadə ilə
“Şəhərin yay günləri” fimində çəkildim.
- Nəzərə
alsaq ki, 1990-cı ilin fevralında Hamlet Xanızadə vəfat
edib, deməli, film təxminən 1-2 il əvvəl çəkilmiş
olardı.
-
1988-1989-cu illər olardı. Bilirsiz, mən Hamletlə radioda 2
veriliş aparırdım. “Molla Nəsrəddin” və
“Sözün düzü”. Axırıncı dəfə
ölməmişdən 10-15 gün qabaq
görüşdük. Qaçaraq radioya gəldi. Gözləri
sapsarı, çox qorxunc, yorğun sifəti var idi. Dedim,
Hamlet, haradan gəlirsən? Dedi: "Axşam filmi səsləndirmişəm,
tamaşa oynamışam, filmi "ukladka" eləmişik..."
Mən də dedim ki, deməli, 2 gündür yatmırsan?! Sən
bir güzgüdə özünə baxmısan? Bilirsənmi
nə haldasan? Get dincəl! Uşaq kimi danladım onu.
Cavabında dedi ki: “Bilirsən ki, mən teatrla
yaşayıram. Olmur axı bu cür işləri əldən
buraxım...” Mən də ona: “Sən özünə
baxmalısan. Yoxsa bu qədər rolları, özü də
baş rolları kim oynayacaq?” - dedim.
Bu
görüş onun ölümündən 10-15 gün qabaq
olmuşdu.
- Gənclərlə filmə çəkilərsiz?
Bunu həm də təklif kimi qəbul edə bilərsiniz.
Ssenarimizi bəyənsəniz əgər?
- Mənə
bir ssenari veriblər. Amma çox zəifdir. Bir obraz xoşuma
gəlir, amma ssenari, yenə deyirəm, çox zəifdir.
- Sizin kimi xalq artisti yox, xalqın
artisti olaraq gənclərlə teatrda, kinoda bircə cümlə
ilə yenidən tamaşaçı qarşısına
çıxmaq istəməzdinizmi? Yəni bu qədərmi
incimisiz hər kəsdən və ya hər şeydən?
-
(gülür) Mən qabaqcadan söz verməyi
xoşlamıram. Söz verdimsə, gərək onu edəm.
-
Artıq səhnəmizdə sözünü demiş sənətkarlar
çox azdır. Gənclik hələ onların yerini ala
bilmir. Axı yeni gələn nəslin sizin kimi sənətkarın
məsləhətlərinə ehtiyacı var.
- Ola bilməz ki, bizim səhnəmiz
boş qalsın. Yeni nəsil gəlir. Onlar bizim yerimizi
tutacaqlar. İstedadlı gələcəyimiz var, buna
inanıram.
- Sizin
sənətlə, demək olar ki, uşaqlıqdan
maraqlanmışam. Şəxsən inanmağım gəlmirdi
ki, sizi görə bilərəm, amma hal-hazırda üzbəüz
dayanıb sizdən müsahibə alıram.
- Niyə? Demişdilər ki,
“ölüb” o aktrisa? Bilirsiz, o qızlar mənim haqqımda
olan məqalənin başlığında
yazmışdılar ki, “Dəfələrlə öz
ölüm xəbərini eşidən aktrisanın deməyə
sözü var!” Daha sonra isə mənimlə olan söhbətlərini
yazmışdılar.
- Mənə
hətta o qədər demişdilər ki, “getmə, səni qəbul
etməyəcək o”...
- Onu düz deyirlər. Həqiqət
var. Gəlirlər, qapını döyürlər.
Açmıram. Çox vaxt cavab da vermirəm. Hətta ötən
il Moskvadan gəlmişdilər. Açmadım. Bilirsiz, min
cür insan var. Fırıldaqçılar var. Ona görə
açmıram.
Bizim Yol.- 2014.- 6 noyabr.- S.15.