“Müstəqilliyi
dünyaya tanıtmaq
onu qazanmaqdan daha çətin idi”
Firdovsiyyə
Əhmədova: "Azərbaycan 1918-ci ildə elan etdiyi xarici
siyasət kursuna bu gün də sadiq qalır"
"Bu
3 ölkə 23 ildir ki, ölkəmizin ədalətli
mövqeyini dəstəkləməkdə davam edir"
18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" 6 fəsil, 32 maddədən ibarət olan Kostitusiya Aktı yekdilliklə qəbul edildi. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Lakin bununla iş bitmirdi. Qarşıda ən vacib məsələ - Azərbaycanın dövlət müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanıdılması başlıca vəzifə kimi dururdu. Bu mövzu ətrafında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, "Əməkdar müəllim", tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova ilə həmsöhbət olduq.
- Bir əsrdə iki dəfə
müstəqillik əldə edən Azərbaycan, bu uğurunu
qısa müddətdə dünya dövlətlərinə
tanıtdıra bildi. Bu, tarixi stuasiyadan doğan bir xoşbəxtçilik
sayılmalıdır, yoxsa Azərbaycan diplomatlarının
uğurunun nəticəsi?
- Azərbaycanın
dövlət müstəqilliyinin
bərpa olunması nə qədər ağır şərtlər
altında həyata keçmişdisə, beynəlxalq aləmdə
tanınması isə ondan daha ağır və çətin
vəzifə idi. Bu baxımdan, 1918-ci ildə Azərbaycanın
dövlət müstəqilliyinin elan olunmasından sonra Azərbaycanın
xarici siyasətinın qarşısında dayanan ən
mühüm məsələlərdən biri ərazi
bütövlüyü ilə bağlı idi. Belə ki, bu
yolda ilk addım kimi Bakının yadelli
işğalçılardan azad olunması məsələsi
qarşıda dururdu. İkinci, mühüm bir məsələ
isə dövlət müstəqilliyinin beynəlxalq aləmdə
tanıdılmasına nail olmaq idi.
Bütün bu məsələlər
isə 1918-ci ildə - birinci dünya müharibəsinin son
ilində qaliblərin və məğlubların artıq
müharibənin müqəddəratının həll edilməsi
yönündə vəziyyətindən asılı olaraq həllini
tapmalı idi. Birinci dünya müharibəsinin nəticələrini
müzakirə etmək üçün Parisdə beynəlxalq
konfrans çağrıldı. Azərbaycan dövləti də
nümayəndə heyətini həmin konfransa göndərdi
ki, o konfransda Azərbaycanın dövlət müstəqilliyinin
tanınmasına nail olunsun. Əlimərdan bəy
Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyətinə Avropa təhsilli şəxslər
qatılmışdı. Diplomatlarımızın gərgin əməyi,
apardıqları təbliğat bu istiqamətdə uğura
nail olmağımıza gətirib çıxardı.
Bununla yanaşı,
Azərbaycanın dövlət müstəqilliyinin
tanınmasında Qafqaz regionunda, Xəzər hövzəsində
geosiyasi proseslərin nəticəsi olaraq beynəlxalq güclərin
rəyi əsas götürüldü. Bu mənada qalib Antanta
dövlətləri artıq Cənubi Qafqaz uğurunda Sovet
Rusiyasının apardığı mücadiləyə davam gətirməyən
qüvvələri maliyyələşdirməkdən imtina
etdi və gənc Cənubi Qafqaz ölkələrinə dəstək
verməklə həmin bolşevik Rusiyasının
qarşısını almağa cəhd göstərdi. 1920-ci
ilin yanvarın 11-də Antanta Ali Şurası tərəfindən
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
de-fakto tanındı. Buna qədər Azərbaycanda bəzi
ölkələrin səfirlikləri və konsulluqları fəaliyyət
göstərirdisə, 1920-ci ildə Azərbaycanın müstəqilliyi
beynəlxalq aləm tərəfindən tanındıqdan
sonra, artıq ayrı-ayrı dövlətlərin Azərbaycanın
müstəqilliyini tanıması, onların Bakıda
diplomatik nümayəndəliklərinin açılması
yönündə işlər sürətləndi.
Bunlar kim idi? İlk
növbədə Azərbaycan Xalq Cümhuriyyəti ilə
döstluq müqaviləsi imzalayan dövlət kimi Osmanlı
dövlətini qeyd eləməliyik. Azərbaycanın dövlət
müstəqilliyinin beynəlxalq aləm tərəfindən
tanındıqdan sonra müstəqilliyimizi tanıyan dövlətlərin
sayı artdı, hətta İran hüquqi cəhətdən
Azərbaycanın müstəqilliyini tanıdı. Vatikan da
daxil olmaqla, Azərbaycanda bir sıra ölkələrin səfirlikləri
və konsulluqları fəaliyyət göstərirdi.
Çox təəssüf
ki, həmin dövrdə bolşevik Rusiyasının təcavüzi
nəticəsində milli hökumətimizin ömrü az
oldu. Belə ki, 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdi. 1991-ci ildə Azərbaycan
öz müstəqilliyini bərpa edəndə artıq şərtlər
və geosiyasi məkan fərqli idi.
- Əsrin əvvəllərində
və sonunda - hər iki dönəmdə Azərbaycanın
müstəqilliyini ilk tanıyan ölkələrin
siyahısında fərqlər vardımı?
- 1918-ci ildə
olduğu kimi, keçən əsrin sonunda müstəqilliyini
bərpa edən Azərbaycanı ilk tanıyan dövlət
yenə Türkiyə olub. Azərbaycanla etnik, dini, müştərək
tarixə malik olan Türkiyə Azərbaycanın dövlət
müstəqilliyinin tanınması istiqamətində yenə
ilk addım atdı. Azərbaycana münasibətdə Azərbaycanın
ərazi bütövlüyünün qorunmasında əməyi
olan Nuru Paşanın bir vəsiyyəti var idi. Vəsiyyətdə
bildirilirdi ki, Sovet birliyi dağılanda türklərə,
soydaşlarımıza dəstək olmaq lazımdır.
Zaman keçdikcə
Azərbaycanın müstəqilliyini tanıyan ölkələrin
coğrafiyası dəyişdi, genişləndi. Bu sırada
ilklər cərgəsində Pakistanı, Ruminyanı qeyd edə
bilərik. 1991-ci illə müqayisə aparsaq, 1918-ci ildə
Azərbaycanın müstəqilliyinin tanıdılması
istiqamətdə aparılan işlərin nəticəsində
1920-ci ilə qədər müstəqilliyimiz daha çox
de-fakto tanınmışdı. XX əsrin sonunda müstəqilliyini
bərpa edən Azərbaycan qısa müddətdə Birləşmiş
Millətlər Təşkilatının (BMT) üzvü olur,
İslam Əməkdaşlıq Təşkilatının
üzvü olur, başqa beynəlxalq təşkilatlarla
münasibətlər qurur, əməkdaşlıq edir.
XX əsrdə iki dəfə
əldə olunan müstəqilliyə diqqət etsək,
müqayisədə oxşar tərəflər var. Belə ki,
müstəqilliyin əldə olunması və
tanıdılması istiqamətində aparılan mübarizədə
proseslər təcavüzkar ermənilərin təzyiqi
altında müşahidə olunurdu. 1991-ci ilin 18 oktyabrında
qəbul olunan Konistutusiya aktı ilə müstəqilliyini bərpa
edən Azərbaycan Sovetlər Birliyinin tərkibindən
çıxan sərhədlərinin
hüdudları ilə beynəlxalq aləm tərəfindən
tanındı. Azərbaycan müstəqilliyinin
tanınması onun ərazi bütövlüyü və
suverenliyinin qorunması baxımından əhəmiyyətlidir.
Müstəqil Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir,
amma həmin sərhədləri daxilində müstəqillik
bərpa olunmadı. Cümhuriyyətin ərazisi Azərbaycan
Respublikasının ərazisindən daha böyükdür.
Sovetlər Birliyinin rəhbərliyinin
təzyiqi ilə Azərbaycan öz ərazisinin müəyyən
hissələrini qonşu respublikalara verilmişdi. Nəticədə
ərazi 114 min kavadrat kilometrdən
86 min kvadrat kilometrə endi. Müstəilliyini bərpa edən
Azərbaycanın ərazisinin müəyyən hissəsi bu
günə qədər də işğal altında
qalmaqdadır.
Diqqət etsək, Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlər Azərbaycanın
ərazi bütövlüyünün bərpasında ölkəmizi
dəstəkləyirlər. Beynəlxalq normalara sadiq olaraq,
ölkəmizin ərazi bütövlüyünün bərpa
olunması istiqamətdində müəyyən şərtlər
irəli sürürlər. 23 illik müstəqilllik ilində
Türkiyə, Pakistan və Ruminya Azərnaycanın ədalətli
mövqeyini dəstəkləməkdə davam edirlər. Bu
barədə onların bəyanatlarını görmək
olur.
- XX əsrin əvvəli
və sonunda müstəqilliyini qazanan Azərbaycan siyasi kursunu
hansı istiqamətə yönəltdi? Yəni inteqrasiya təşəbbüslərində
oxşar və fərqli yanaşmalar nədən ibarətdir?
- Azərbaycan əldə
etdiyi və bərpa etdiyi müstəqillik illərində
qonşu ölkələrlə dinc münasibətlər və
Qərbə inteqrasiya xətti xarici siyasətin prioritetlərindən
olub. 1918-ci ildə Azərbaycan özünün dövlət
müstəqilliyi haqqında bəyanaməsini qəbul edəndə,
6 bənddən birində göstərilib ki, qonşularla dinc
yanaşı yaşamaq siyasətini əsas prinsip olaraq qəbul
edir. Cinsindən, milliyətindən asılı olmayaraq
hamıya bərabər yanaşacağını bildirən Azərbaycan
Xalq Cümhuriyyəti qonşu dövlətlərlə qarşılıqlı, faydalı
münasibətlər quracağını bəyan etmişdi.
Cümhuriyyət bu siyasətinə sadiqliyini mövcud
olduğu müddətdə fəaliyyəti ilə təsdiqləmişdi.
Hansı istiqamətdə xarici siyasət yürütmək məsələsinə
gəldikdə, bir yanaşma var idi ki, bütün dövlətlərlə
beynəlxalq normalara əməl etməklə, sivil münasibətlər
qurulsun. Azərbaycan Cümhiyyətinin o dövrdə qəbul
etdiyi dövlət bayrağında tətbiq olunmuş prinsiplər
- milli kimlik, dini etiqad, Avropa dəyərlərinə yiyələnmək
idi. Və dövlət bu prinsipə sadiq olaraq Avropa dəyərlərinə
yiyələnmək niyyətini göstərməklə sivil
dünyaya inteqrasiya edəcəyini bəyan edib.
1991-ci ildə müstəqilliyini
bərpa edən Azərbaycan Respublikası da Qərbə,
Avropaya inteqrasiya kursuna sadiq olduğunu bəyan etdi. Bununla da,
bazar iqtisadiyyatına keçid, liberal və sivil
dünyanın dəyərlərinin mənimsənilməsi xətti
önə çəkildi.
Azərbaycan sülhpərvər
siyasət yeridən dövlət kimi heç bir siyasi-hərbi
bloklara qoşulmur və sadəcə, regionda özünün
təhlükəsizliyini təmin etmək, beynəlxalq aləmdə,
eyni zamanda qonşularla dinc yanaşı yaşamaq kursunu davam
etdirməkdədir. Bu baxımdan Azərbaycanın Qoşulmama
Hərəkatına üzv olması, bir daha onun xarici siyasətində
müasir dövrdə hansı hədəfləri
seçdiyinin bariz nümunəsidir. Bununla biz ilk növbədə,
özümüzün dünya üçün açıq
olmağımızı vurğulayırıq, çünki həmin
təşkilatda çoxlu sayda ölkələr birləşir.
Digər tərəfdən, biz dünyadakı gələcək
proseslərdə Azərbaycanın mövqeyini
vurğulayırıq”.
Ramid
Bizim
yol.- 2014.- 22 oktyabr.- S.11.