“Heç vaxt kinoya çəkilmək
haqqında fikirləşməmişəm”
1974-cü ildə ekranlara “Ömrün səhifələri”
adlı yeni ağ-qara Azərbaycan filmi çıxdı. Dram, komediya, məhəbbət
janrlarının, belə demək mümkünsə, buketindən,
qısametrajlı novellalardan ibarət kinoalmanax.
“Rəqiblər”,
“Baladadaşın ilk məhəbbəti” və “Nəğmə
dərsi” adlı novellalarda müxtəlif insanların talelərindən
söhbət açıldığı üçün
onlar hamısı birlikdə “Ömrün səhifələri”
adlanır. İntermediyada novelladan-novellaya
keçid edilir. Hadisələr bir
restoranda oğlunun ailə həyatı ilə bağlı
ondan telefon zəngi gözləyən bir şəxsin ətrafında
baş verir. Tamaşaçılara təqdim
olunan novellaların qəhrəmanları da bu
restorandadırlar – Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz
Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri
Həsənov).
Birinci novellanı – “Rəqiblər”i Fazil, ikincini
Baladadaş, üçüncünü isə Fəxrəddin
danışır.
“Rəqiblər”
küçəyə qoyulmuş iki pivə
köşkünün satıcıları arasındakı mənfəət
uğrundakı rəqabətin tədricən səmimi
dostluğa çevrilməsindən, “Baladadaşın ilk məhəbbəti”
birinci sevginin, daha doğrusu, vurğunluğun
unudulmazlığından, “Nəğmə dərsi” isə
boşanmış ailələrdən birinin misalında ana ilə
yaşayan oğulun atası ilə münasibətlərindən
bəhs edir. “Nəğmə dərsi” mərhum
kinorejissor Gülbəniz Əzimzadənin kinoda ilk işidir.
Kinoalmanaxın ssenari
müəllifi və quruluşçu rejissoru Həsən
Seyidbəyli, quruluşçu operatoru Arif Nərimanbəyov, bəstəkarı
Fikrət Əmirovdur. “Rəqiblər” filminin ssenari
müəllifi Ramiz Fətəliyev və Teymur Bəkirzadə,
quruluşçu rejissoru Teymur Bəkirzadə,
quruluşçu operatoru Arif Nərimanbəyov,
quruluşçu rəssamı Firəngiz Qurbanova, bəstəkarı
Aqşin Əlizadədir. “Baladadaşın ilk məhəbbəti”
filminin ssenari müəllifi Elçin, quruluşçu
operatoru Valeri Kərimov, quruluşçu rəssamı Elbəy
Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. “Nəğmə
dərsi” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov,
quruluşçu rejissoru Gülbəniz Əzimzadə,
quruluşçu operatoru Valeri Kərimov, quruluşçu rəssamı
Firəngiz Qurbanova, bəstəkarı Fikrət Əmirovdur.
Rollarda Şəmsi Bədəlbəyli, Fazil Salayev, Eldəniz
Zeynalov, Şamil Süleymanov, Muxtar Maniyev, Hacıbaba
Bağırov, Əsgər Məmmədoğlu, Yusif Yulduz,
Kamil Məhərrəmov, Bahadur Əliyev, Şamil
Süleymanov, Ruhəngiz Musəvi, Mirvari Novruzova, Yusif Muxtarov,
Əliabbas Qədirov, Fəxri Həsənov, Elxan
Ağahüseynoğlu və başqa aktyorlar çəkiliblər.
Ş.Bədəlbəylinin canlandırdığı telefon
gözləyən adam obrazını Səməndər Rzayev,
meyxana deyən şəxsi Rasim Balayev, Baladadaşı Ramiz
Əzizbəyli, Muradı Əliabbas Qədirov, Sevinci Xuraman
Hacıyeva səsləndiriblər. Kinoalmanaxın
epizodları Bakıda və Abşeronun Pirşağı kəndində
çəkilib.
“Rəqiblər”
novellasında futbol azarkeşi Ələsgər rolunda çəkilmiş
əməkdar artist Əsgər Məmmədoğlu bizimlə
söhbətində bu və çəkildiyi digər filmlərlə
bağlı xatirələrini və ümumiyyətlə,
epizodik rollar aktyorunun sənətdəki yeri barədə
Milli.Az-a danışdı.
Dosye:
Əsgər Məmmədoğlu 1946-cı ildə Bakıda
anadan olub. 1975-ci ildə M.A. Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və İncəsənət
Universiteti - red.) dram və kino aktyorluğu fakültəsini
bitirib. 1977-ci ildə Akademik Milli Dram
Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram
Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.
1987-ci ildən yenidən Akademik Milli Dram
Teatrına qayıdıb və bu günədək teatrın
səhnəsində müxtəlif xarakterli rollarda
çıxış edib. Teatrda, kino və televiziyada əsasən
epizodik rolların ifaçısı kimi tanınan Ə. Məmmədoğlu
teatrda “Sizi deyib gəlmişəm” tamaşasında Qazi,
“Maqbet”də Cəllad, “Hamlet”də Məzarçı,
“Aydın”da Səlim və s., teletamaşalardan “Evləri
köndələn yar”da Şair, “Mehmanxana sahibəsi”ndə
Nökər, “Topal Teymur”da Dəmir Qaya, “Yaşıl eynəkli
adam”da Milis və s., bədii filmlərdən “Ömrün səhifələrində”
Ələsgər, “Xoşbəxtlik qayğıları”nda
Əlövsət, “Bəyin oğurlanması”nda Ələsgər,
“Tehran-43”də Qulam Rza, “Qərib cinlər diyarında”
Əsra, “Qəribə adam”da Xalid, “Şir evdən getdi”də
Yanğınsöndürən, “Yol əhvalatı”nda
Aeroportdakı adam, “Yaramaz”da Ələsgərin işçisi
və başqa kinoobrazları canlandırıb.
- Mən heç vaxt kinoya çəkilmək
haqqında fikirləşməmişəm. Məni
çağırdılar “Baladadaş”a (söhbət
"Baladadaşın ilk məhəbbəti" filmindən
gedir - red.), şəklimi çəkdilər, sonra rejissor dedi
ki, yaşlıdır, bu rola uyğun deyil. Sonra
həmin şəkli Tima gördü, Teymur Bəkirzadə,
çağırdı məni ki, biz indi bir film çəkməyə
hazırlaşırıq, səni də yoxlamaq istəyirik.
Bir otaqda əlimə top verib operator Arif Nərimanbəyovla
baxdılar, dedilər ki, çəkmək olar. Bir aya yaxın çəkilişlər getdi. Pivə də 11 qəpik idi, hər gün bir çəllək
pivə gətirirdilər çəkilişlərə.
İçərişəhərin qala
qapılarının yanında çəkilirdik. İndi müxtəlif adamlar yanbayan bir neçə
eyni ticarət nöqtəsi açırlar, amma o vaxt
görün insanların təfəkkürü, mənəviyyatı
necə yüksək səviyyədə idisə, sonra gələn
ticarətçi özündən əvvəlkinin
hüquqlarını sıxmamaq üçün
köçüb getdi. Bu süjet
gürcülərin qısametrajlı kinonovellalarısayaq idi.
Burada da üç novellanı Həsən
Seyidbəyli “Ömrün səhifələri” adı
altında birləşdirmişdi. Bu
novellalar qırx ildən çoxdur baxılır. Çünki çox yaxşı yaradıcı
kollektiv toplaşmışdı o kinoalmanaxda, gözəl
süjeti var idi - bir-birinə mane olmamaq, bir-birini sevmək kimi
keyfiyyətləri aşılayırdı. Teymur Bəkirzadə
də çox yaxşı rejissor idi, heyf ki, tez dəyişdi
dünyasını, o filmdən sonra “Yol əhvalatı”nı çəkdi, yaxşı sənədli
filmləri də var.
- “Rəqiblər”
filmində Fazil Salayev, Eldəniz Zeynalov, Muxtar Maniyev kimi tərəf-müqabilləriniz
var. Sizə necə təsir bağışladı o iş
prosesi?
-
Çox böyük aktyorlar idi. Elə bu filmdən
sonra mən teatrda işləməyə başladım. Onlarla işləmək, təbii ki, çox
maraqlı idi. Çox gözəl tərəf-müqabili
idilər. Mən həmişə deyirəm
ki, o filmdəki rolum kiçik olsa da, 10-dan çox iri
planım var. Belə cəhətlər yalnız səmimi
yaradıcı kollektivdə mümkün olur. Meyxananı kadr arxasından oxuyan isə Rasim
Balayevdi.
-
Çəkildiyiniz filmlərdə improvizələriniz olub?
- Bizim ən
böyük bəlalarımızdan biri odur ki,
rejissorlarımız dəvət olunan aktyorlara hər cür sərbəstlik
verirlər, onların improvizələrinə etiraz etmirlər,
amma bizə imkan yaratmırlar. Məsələn, “Şir evdən
getdi” filmi çəkiləndə Sergey Yurskinin
obrazının çox detallarını Fazil Salayev deyirdi,
axırda Yurski rejissora dedi ki, məni niyə
çağırmısınız, gərək elə onu
çəkəydiniz bu rola. Fazil çox
böyük aktyor idi. Amma buna rəğmən
Fazilin “Şir evdən getdi” filmindəki rolu xeyli montaj edildi,
narazılığını bildirsə də,
sözünü eşidən olmadı. İndi
dönə-dönə baxılan köhnə filmlərimizdə
çəkilmiş aktyorlara heç də həmişə
layiq olduqları imkanlar yaradılmayıb. Amma
əlbəttə, nə yaxşı ki, o filmlər, o
televiziya tamaşaları var. Bizi tamaşaçıya
tanıdan onlar oldu. “Kinoklub” verilişinin də
bu mənada böyük köməyi oldu, o verilişin sayəsində
tamaşaçılar öz filmlərimizi yenidən kəşf
etdilər. O filmlərin, teletamaşaların dəyəri
indi bilinir, çünki ən gənc aktyorlar da o filmlərə
dönə-dönə baxırlar. “Qərib cinlər
diyarında”, “Şir evdən getdi”, “Xoşbəxtlik
qayğıları” çox qiymətli fimlərdir. “Xoşbəxtlik qayğıları” çox
müasir filmdir.
Epizodik rolların aktyorları haqqında demək istəyirəm
ki, məsələn, Sergey Filippov epizodik rollar oynaya-oynaya
SSRİ xalq artisti oldu, ya da İsmayıl Osmanlı - epizodik
roluna görə SSRİ xalq artisti adı aldı. Epizodik
rolların başqa bir ustası Kramarov Amerikaya gedib
çıxdı. Bizimkilərdə o risk
yoxdur ki, epizodik rollar aktyorunun bacarığından tam istifadə
etsinlər. Halbuki bu işlə peşəkarcasına
məşğul olan adamlara imkan yaradılsa,
aktyorlarımız başqa ölkələrdə də
tanınarlar. Əslində epizodik rolu
oynamaq daha çətindir. Brondukov da balaca
rollar aktyorudur. Amma əsas rolları oynayan aktyorlardan az tanınmır.
-
Tanınmaqdan söz düşmüşkən, Alovla Naumovun
“Tehran-43” filmində çəkilməyiniz necə baş
tutdu?
- O filmdə çəkilməyim təsadüfən oldu. Qulam Rza roluna bir gürcü aktyor çəkilməliydi. Amma bilmirəm, nə səbəbdənsə, Bakıya, çəkilişlərə gəlib çıxmamışdı (1981-ci ildə SSRİ, İsveçrə və Fransa kinematoqrafçılarının birgə istehsal etdikləri, televiziya versiyası “Sui-qəsd” adlanan “Tehran-43” dördseriyalı filminin Tehran epizodları Bakıda, İçərişəhərdə lentə alınıb - red.). Mən həmin vaxt Əjdər İbrahimovun “Qəribə adam” filminə çəkilirdim. Əjdər müəllim isə “Mosfilm”də nüfuzu olan adamlardan idi. Rejissorlara məni məsləhət gördü. Beləliklə, dünyamiqyaslı filmdə rol almağım baş tutdu. Filmin dördseriyalı variantında Qulam Rza roluna ekranda kifayət qədər yer ayrılıb, amma televiziya versiyasında mənim rolum ekranda az görünür. İstənilən halda, o filmdə çəkilmək böyük şərəf və zəngin təcrübə idi.
Bizim Yol.- 2014.- 25 oktyabr.- S.15.