İlham Namiq Kamal: portretə cizgilər

 

Hər bir yeni ilin ilk on günündə, yəni yanvar ayının 9-da respublikanın xalq artisti, sevimli sənətkarımız İlham Namiq Kamalın doğum günüdür. Bu tarix artıq 65 ildir ki, hər il təkrarlanır və nə yaxşı ki, təkrarlanır. 2014-cü il yanvar ayının 09-da İlham Namiq Kamal ömrünün 65-ci yubiley ilinin tamamını qeyd edəcək.

Əvvəla, onu deyim ki, yubilyara 65 yaşını vermək çətindir. Çünki o, hələ də gənclik görüntülərini itirməyib və nə yaxşı ki, itirməyib. Kaş həmişə belə olsun.

Yubilyarımız 65-ci yubiley yaşını qeyd etsə də, həmişə olduğu kimi, gənclik həvəsi və əzmi ilə işləyib, yeni-yeni səhnə və ekran obrazlarına həyat verir. Hələ qarşıda neçə-neçə rəngarəng obrazlar boyunlarını büküb, intizarla İlham Namiq Kamalın yolunu gözləyir. Sənətkar yubilyarımız isə səbirsizliklə onun yolunu gözləyən çoxsaylı obrazların içində seçimlər aparır. Onları seçir, seçmələyir, əsl qiymətlərini verir. Çünki buna onun haqqı var. Bu haqqı ona teatrkino sahəsində etdikləri, yüksək peşəkar səviyyəli obrazları və yarım əsrə yaxın sənətkar fəaliyyəti verir. İllərə inanmaq çətin olsa da, bu belədir.

1949-cu il yanvar ayının 9-da Bakıda əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan gənc Namiq Kamal Əhmədovun ailəsində bir oğlan uşağı dünyaya gəlir. Gənc Namiq Kamalla onun xanımı Şeyda xanım uşağın adını İlham qoydular və səhv də etmədilər. Çünki İlham, sözün əsl mənasında, milli teatrkino sənətinin ilhamı oldu.

Bu tarixdən artıq 65 il keçib və 65 ilin çox böyük hissəsi miilli teatrkino sahəsinin inkişafına həsr olunub. Zəngin və çox mürəkkəb sənətkar ömrünü 100-dən artıq rəngarəng obrazlar bəzəyir. Sənətkarımızın zəngin yaradıcılığını həm dramatik, həm komik, həm də faciəvi obrazlar daha mənalı edir.

Hər şey isə, çox adi bir təsadüfdən başlayır. Sənətkarın sənətkar qardaşı Cəfər Namiq Kamal özünün məşğul olduğu dram dərnəyinə onu da yazdırır və o, teatr sənətinin ecazkar qüvvəsini görür. Dərhal anlayır ki, o, daha heç bir başqa sənətlə məşğul ola bilməz. Əvvəl teatr, sonra isə kino onun həyatının mənasına çevrilir. O, teatr sənətinə bir könüldən min könülə vurulurbu məhəbbət əbədi olur. İllər sürətlə bir-birini əvəz edir.

İlham Namiq Kamalın yaradıcılıq bioqrafiyasına saysız-hesabsız obrazlar yazılır. Azdramanın səhnəsində Vilyam Şekspirin «Fırtına» əsərinin tamaşasında Adrian obrazı ilə başlanan yaradıcılıq, Mirzə Fətəli Axundzadənin «Sərgüzəşti Vəziri Xani Lənkəran» əsərinin tamaşasında yaratdığı Xan obrazına qədər uzanır.

Çox-çox məşhur sənətkarlarla tərəf-müqabili olan İlham Namiq Kamal özü də tədricən sənətkara çevirilir. Daim çalışır, daim işləyir, sənətin ən dərin sirlərinə bələd olmağa çalışır.

O, S.Vurğunun «İnsan» əsərinin tamaşasında Alman oğlu obrazını müəllif ideyasına və rejissor yozumuna uyğun çox böyük dəqiqliklə yaradır. Alman oğlu rolu kiçik, az qala epizodik obraz olsa da, tamaşaçılara təsir edə bilir. Növbədə isə, sənətkarlıq pillələri ilə çox böyük cəsarətlə irəliləyən İlham Namiq Kamalı B.Nuşiçin Nikoviç obrazı gözləyirdi. Sənətkarlıqla, çox böyük ustalıqla yaradılan Nikoviç obrazından sonra İlham Namiq Kamal İlyas Əfəndiyevin «Bağlardan gələn səs» pyesinin tamaşasında özündən 25-30 yaş böyük olan Qubuş obrazını yaradır. Bu obrazı səhnədə görənlər inana bilmirdilər ki, bu yaşlı fırıldaqçı obrazını yaradan teatrda ilk kövrək addımlarını atan gənc İlham Namiq Kamaldır. İlham özünə qarşı həddindən artıq tələbkardır. Onun yaratdığı bir neçə mürəkkəb obraz sənətdə qalmağa kifayət edə bilərdi. Ancaq 65 yaşını tamamlayan sənətkar yerində duran, qazanılan nailiyyətlərlə kifayətlənən insan deyil. Sonrakı illərin obrazları da öz müxtəlifliyi və rəngarəngliyi ilə insanı heyrətə salır. Bu obrazlar İlham Namiq Kamalın sənətarlıq qüdrətindən xəbər verir.

İ.Əfəndiyevin «Qəribə oğlan» pyesinin tamaşasında Batı və Dadaş Rəhimoviç obrazları dediklərimizin bariz nümunəsidir. N.Dumbadzenin «Darıxma, ana» tamaşasında Givi obrazı da maraqlı və baxımlıdır. Sənətkar gürcü xalqının nümayəndəsini çox böyük ustalıqla təqdim edirdi. İlham Namiq Kamal artıq sənətdə seçilir və fərqlənirdi. O, bir qayda olaraq təqdim etdiyi obrazın ən xırda detallarının da qabarıqlaşdırılmasını unutmurdu. C.Məmmədquluzadənin «Ölülər» əsəri o dövr üçün Azdramanın pasportu sayılırdı. Tofiq Kazımovun mükəmməl sənət əsərində İlham Namiq Kamal Hacı Kərim obrazını təqdim edirdi. Hacı Kərim obrazı həm mürəkkəb, həm də olduqca sadə bir obraz idi. Xarici görüntü ilə daxili zənginliyi vəhdətdə nümayiş etdirən İlham Namiq Kamal az qala tamaşanın ikinci dərəcəli obrazı olan surəti təklif olunan vəziyyətə uyğun çox böyük dəqiqliklə təsvir edirdi. İlham bu obrazı yaddaqalan edə bilmişdi. Bu sözlər sənətkarın sonrakı obrazlarına da aid edilə bilər. Çünki onun obrazları əvvəl tamaşaçı qəlbini, sonra isə yaddaşları fəth edirdi.

M.S.Ordubadinin «Qılınc və qələm» tamaşasında Mühakim, N.Xəzrinin «Əks-səda» tamaşasında Səfər, İ.Əfəndiyevin «Unuda bilmirəm» tamaşasında Cəmil obrazları da tamaşaçı qəlbinə toxunan, onu titrədən  surətlərdir. Adları sadalanan hər bir obraz maraqlı, baxımlı, yaddaqalan olub, milli teatr tarixinin parlaq səhifələri hesab olunmalıdır.

İlham Namiq Kamalın növbəti işi Mehdi Məmmədovun «Dəli yığıncağı» tamaşasında maraqlı sənət nümunəsi sayılan Hacı Mədinə obrazı idi. Bu obraz da baxımlılığı ilə, mahiyyət dəriniyi ilə tamaşaçı qəlbinə təsir edə bilmişdi. Hər bir obraz gənc İlham Namiq Kamala daha artıq yaradıcılıq imkanları verirdi. Cavan aktyor özünə, fitri istedadına, aşıb-daşan fantaziyasına daha artıq inanırdı. Teatrda H.Cavidin «Knyaz» əsərinin tamaşası hazırlananda, Kinto obrazı İlham müəllimə tapşırıldı və düzedildi. Çünki nəticə gözləniləndən də artıq oldu. Zərgər dəqiqliyi ilə işlənmiş Kinto obrazı teatr bilicilərinin də diqqətindən kənarda qalmadı. Obraz dəqiq aktyor-rəssam təxəyyülünün məhsulu da hesab oluna bilərdi. Çünki obrazın formakolorit vəhdəti yerində işlənmişdi.

M.İbrahimovun «Bəşərin komediyası və yaxud Don Juan» əsərinin tamaşasında Pedro obrazı da sənətkarın sənət qələbəsi hesab edilməlidir. Pedro Don Juan obrazının fonunu yaradan maraqlı surətlərdən biridir.

Daha sonra Fotoqraf (N.Hikmət «Şöhrət və ya unudulan adam»), Rauf (M.İbrahimbəyov «Ümid»), Bodenştedt (N.Xəzri «Mirzə Şəfi Vazeh»), Çəkməçi (F.Əl-Həkimi «Karıxmış sultan»), Pepo (Sundukyan «Pepo»), Markos (Paqonyan «Şərqli diş həkimi») obrazları da sənətkar tərəfindən çox böyük ustalıqla yaradılır. Bu obrazlar müxtəlifliyi ilə, rəng koloriti ilə və mükəmməl ifa tərzləri ilə diqqəti cəlb edirdi.

Elə bu ərəfədə Tofiq Kazımov «Müsyö Jordan və Dərviş Məstəli şah» pyesini tamaşaya hazırlayır. İlham Namiq Kamala quruluşçu rejissor əvvəl Müsyö Jordan, sonra isə Dərviş Məstəli şah obrazını tapşırır. Nəticə maraqlı və baxımlı olur. Hər iki obraz tamaşaçıları cəlb edir. Gənc sənətçi obrazı sanki rəssam duyumu ilə əvvəl xarici, sonra isə daxili aləminə həkk edib, təqdim edirdi. Sanki obraz aktyorda canlanır, aktyor isə obrazda itib yox olurdu. 

Hər iki obraz dəqiqliyi və eyni zamanda mükəmməlliyi ilə göz oxşayırdı. Daha sonralar İlham Namiq Kamal Çekan (A.Safronov "Daşqın"), Tarik Tərlan (Anar "Adamın adamı"), Feyzulla (Ə.Əylisli "Quşu uçan budaqlar"), Donalbayn (V.Şekspir "Maqbet"), Firuz (Anar "Şəhərin yay günləri"), İran şahzadəsi (İ.Əfənliyev "Xurşudbanu Natəvan") və daha neçə-neçə fərqli obrazlar təqdim edir. Hər bir obraz fərqli aktyor yanaşmasından və maraqlı yaradıcılıq işindən xəbər verirdi. Çox maraqlıdır ki, İlham Namiq Kamal eyni bir müəllifin ikidaha çox obrazları tam yeni təqdimatda, tam fərqli rənglərdə təqdim edir. İlham müəllimin M.F.Axundzadənin, İ.Əfəndiyevin və ya E.Əfəndiyevin müxtəlif səpgili obrazlarını yaradır. Maraqlı ifa, dəqiq təqdimat və gözəl səhnə görüntüsü tamaşaçı marağına səbəb olmaqla yanaşı, həm də teatr tənqidçilərinin araşdırma obyekti olmuşdur. Onun Akademik Milli Dram Teatrında yaratdığı 50-dən yuxarı maraqlı obrazlara tamaşaçılar heç vaxt biganə qalmamışlar. Bu istər lağlağı (Anarın "Sizi deyib gəlmişəm"), Spuri Tit Mamma (Ə.Dürrenmatt "Böyük Romul"), Camal (S.Rəhman "Nişanlı qız"), Bubnov (M.Qorki "Həyatın dibində"), Fərrux (R.Əlizadə "Günah"), istərsə də Mattias (B.Brext "Üç quruşluq opera"), Kişi (E.Əfəndiyev "Mənim ərim dəlidir"), Doktor Qaratay (H.Cavid "Afət"), Xan (M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran) olsun. Fərqi yoxdur. Hər bir obraz möhtəşəm aktyor rəssam işləri hesab oluna bilər. Sonrakı illərdə İlham müəllimin birdən-birə miniatür teatr yaradıb, Şərq prinsipləri əsasında tamaşalar hazırlamaq fikrinə düşür. Bu çətin işi öhdəsinə götürən sənətkar çox qısa bir vaxtda yeni bir modelə əsaslanan miniatür teatr yaradır. Yeni-yeni əsərlər yazdırır. Tam yeni formalarda yazılan əsərlərə tam yeni-yeni rəngarəng tərtibatlar çəkdirib, hər bir tamaşaya uyğun musiqi lövhələri yazdırır. "İlham" miniatür teatrının tamaşalarına bilet tapılmır. Tamaşalar anşlaqla keçir. Tamaşaçılar maraqla izlədikdəri tamaşaların az qala iştirakçılarına çevrilirlər. Bu nümunələr müəyyən mənada meydan tamaşalarının müasir formaları kimi hamının və hər kəsin maraq dairəsində olur. Tamaşalarda məşğul olan obrazların sözləri az qala zərbi-məsələ çevrilir. Bu maraqlı tamaşaların adları artıq onlar haqqında məlumat verir. "Əl-əli yuyar" (Anar), "İlhamın sərgüzəştləri" (R.Səməndər), Don Juan Abşeronski" (R.Əlizadə), "Karnaval, yaxud şifonerdə eşq-məhəbbət" (C.Aslanoğlu), "Dünyanın axırı" (R.Əlizadə), "Ulaq" (R.Əkbər), "Bəxtimin kələyi" (R.Əlizadə) və başqa əsərlər dediklərimizin bariz nümunəsi hesab oluna bilər.

İlham Namiq Kamal istedadlı aktyor olmaqla yanaşı, həm də maraqlı rejissordur. Onun həm "İlham" miniatür, həm də Musiqili teatrın səhnəsində qurduğu tamaşalar dediklərimizi bir daha sübut edir. Musiqili Komediya Teatrında da indiki Azərbaycan Dövlət Musiqili Teatrında da İlham müəllimin quruluş verdiyi tamaşalar və yaratdığı obrazlar sanki canlı lövhələri xatırladır. Bu canlı lövhələr sanki dil açıb insanla danışır, söhbət edir.

İlham Namiq Kamalın kinoteleviziyada yaratdığı obrazlar da sözün əsl mənasında sənət uğuru olub, dövrün aynasına çevrilirlər. Məşhur "Qaynana"da İlqar, "Qəribə adam"da Əbdürrəhman, ""Uzun ömrün akkordları"nda Jurnalist, "Arvadım mənim, uşaqlarım mənim"də MİS müdiri, «Bəyin oğurlanması»nda Səs rejissoru və başqaları milli kino tariximizin parlaq səhifələridir.

İlham Namiq Kamalın Azərbaycan televiziyasında və «Mozalan» satirik kinojurnalında da öz dəsti-xətti, öz imzası var. Bu obrazların hər biri təkrarsız nümunələrdir desək, heç də yanılmarıq.

Yüksək peşəkar səviyyəli bu obrazlar küll olaraq 65 yaşının tamamına yaxınlaşan İlham Namiq Kamalın illərlə, onillərlə qazandığı təcrübənin, yüksək peşəkarlığının və ən əsası da fitri istedadının nəticəsidir. İlham müəllim sanki həm teatr, həm də kino obrazlarının hər birini xarici, vizual görüntüsündən tutmuş, mürəkkəb daxili aləminə qədər mikroskopik dəqiqliklə işləyir. Bu obrazların heç birində tamaşaçı qeyri-təbiiliklə rastlaşa bilməz. Hüseynağbacı (A.Məmmədov «Kişilər), İlqarQaynana» kinofilmi), Paşa Paşayeviç (Anar «Evləri köndələn yar») və sair obrazdar sanki aktyorun rəssam təxəyyülündən süzülərək ekrana gəlir. Aktyor yaratdığını daxilindən keçirərək, tamaşaçılara mükəmməlliyi ilə heyrətə salan obrazlar təqdim edir. Bu obrazların şirinliyi, baxımlılığı, rənglərin yerində işlədilməsi, düzgün intonasiyanın tapılması aktyorun daxili zənginliyindən xəbər verir. O, obrazları sanki əsər müəllifindən sonra ikinci dəfə yenidən kəşf edir.

Anarın ssenarisi əsasında çəkilmiş (qur.rej. Anar) «Uzun ömrün akkordları» kinofilmində İlham Namiq Kamal Jurnalist obrazını yaradır.

Bu obrazın xarici görüntüsü elə yüksək peşəkarlıq və dəqiqliklə işlənib ki, tamaşaçı özü belə hiss etmədən onun daxili dünyasına heyran olur. Xaricidaxili aləmin cizgiləri üst-üstə düşür. "Bəyin oğurlanması" kinofilmində isə, sənətkar dostumuz Səs rejissoru obrazını yaradır. Yenə dəqiq cizgilər, düzgün hərəkət-mizan toplusu, səs tembrinin, üzün və gözlərin ifadəsi yüksək yox, çox yüksək peşəkarlıqdan xəbər verir.

İlham Namiq Kamalın "Mozalan" kinojurnalında yaratdığı obrazlar qalereyası da sanki yüksək zövqlü rəssam fırçasının məhsuludur. Bu obrazlar yarandığı dövrdə də, bu günümüzdə də və cəsarətlə deyə bilərik ki, sabah da yaşayacaq. Çünki onlar dövrünün sənət nümunəsi olmaqla bərabər həm də gələcəyə ünvanlanmış nümunələrdir.

İlham Namiq Kamal adı gələndə çoxlarının üzünə xoş təbəssüm qonur. Çünki o, çoxlarının, hətta mən deyərdim ki, hamının sevimli sənətkarıdır. Mənim subyektiv fikrimə görə o, əsl sənətkarlıq nümunəsidir.

Ona - hörmətli sənətkarımıza 65 yaşının tamamında daha möhkəm can sağlığı və daha yeni-yeni rəngarəng obrazlar arzulayırıq. Qoy o, hələ çox-çox illər yaşayaraq xalqımızı öz yeni yaradıcılıq işləri ilə daha artıq sevindirsin.

 

Çingiz Ələsgərli

Bizim yol.-2014.-8 yanvar.-S.15.