“Tarixi-mədəni abidələrimiz dağıdılır”

 

Aytəkin İmranova: “Qanunvericiliyimizdə tarixi binaların toxunulmazlığı təsbit olunsa da, buna əməl edilmir”

 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”  təsdiq olundu. Dövlət Proqramında bildirilir ki,  Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin bir ölkədir. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununa uyğun olaraq, ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü 2001-ci ildə təsdiq edilib, yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə olunub. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli Qərarı ilə “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi” də təsdiq edilib. Sərəncamda bildirilir ki, mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılıb, bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Qoruqların bir qisminin maliyyələşdirilməsi dövlət büdcəsinin yerli xərclərindən mərkəzləşdirilmiş xərclərinə keçirilmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Sərəncamda bildirilir ki, Dövlət Proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunacaq.

 

“Müharibə zamanı dağıntıya məruz qalan tarixi abidələrin tam siyahısı ictimaiyyətə məlum deyil”

 

Hüquq müdafiəçisi, “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova ilə Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə bağlı həmsöhbət olduq. O, rəsmi dövlət siyahılarına daxil edilmiş tarixi və mədəniyyət abidələrində apardığı monitorinqin vəziyyəti ilə bağlı danışdı, tarixi abidələrin 3 qrupa bölündüyünü bildirdi: dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli.

Aytəkin İmranova Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində tarix və mədəniyyət abidələrinə də zərərin dəydiyini bildirdi. Onun sözlərinə görə,  Azərbaycanın işğal altında olan ərazilərinin tarixi və mədəniyyəti ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qanunsuz arxeoloji qazıntılar aparılır, qazıntı nəticəsində aşkar edilən məişət əşyaları, müxtəlif alətlər və mədəni irsimizə aid digər nümunələr mənimsənilərək ölkədən çıxarılır: “Beynəlxalq qurumlar tərəfindən bir neçə dəfə Dağlıq Qarabağda olan tarixi mədəni abidələr barədə məlumat yayılıb. Həmin məlumatlarda Qarabağda olan abidələrin vəziyyəti barədə qiymətləndirilmə aparılıb. İşğal altında olan ərazidə tarixi abidənin hansı vəziyyətdə olması hər kəsə qismən də olsa bəllidir. Məlumat üçün deyim ki, Ağdamın işğal altında olan əraziləri tamamilə dağıdılıb. Həmin bölgədə heç bir tarixi abidə qalmayıb. Qubadlıda olan daş heykəllər isə Diyarşünaslıq muzeyinə toplanıb. Vurğulayım ki, hələ də müharibə zamanı dağıntıya məruz qalan tarixi abidələrin tam siyahısı ictimaiyyətə məlum deyil”.

“Qanunda tarixi binaların toxunulmazlığı birmənalı şəkildə təsbit olunub”

 

Aytəkin İmranova deyir ki, sivil ölkələrdə tarixi memarlıq abidələrinin-binalarının qiyməti olmur: “Onlar yalnız qorunur. Bu abidələrin sökülməsi istənilən halda qadağandır. Bizim ölkə qanunverciliyi də Azərbaycanda tarixi-mədəni abidələrin sökülməsini qadağan edir.  Qanunda tarixi binaların toxunulmazlığı birmənalı şəkildə təsbit olunub. Belə ki, Konstitusiyanın 77-ci maddəsi isə tarix və mədəniyyət abidələrinin qorumasının hər kəsin borcu olduğu qeyd olunur. Mülkiyyətində və ya istifadəsində abidələr olan fizikiya hüquqi şəxslər abidələrin salamatlığına görə məsuliyyət daşıyırlar.  Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun 10-cu maddəsində isə deyilir: “Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır”.

Cinayət Məcəlləsinin 246-cı maddəsinə görə, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama minimum əməkhaqqı məbləğinin beş yüz mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yeri gəlmişkən onu da bildirim ki, ölkəmizin beynəlxalq qurumlara üzv olması və mədəni irs sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması daşınmaz mədəni irsin qorunması istiqamətində tədbirlərin davamlı inkişafı zərurətini yaradır. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılmalıdır. Bu bərpa işləri də iynə ilə aparılmalıdır. Yəni diqqətli olmaq lazımdır. İllər ərzində abidələrdə bərpa işləri aparılmalıdır. Tarixliyini, qədimliyini pozmadan! Məsələn, Qız qalasının təmiri və bərpası arzuolunan səviyyədə deyil. Dövlət büdcəsi hesabına aparılan təmir və bərpa işi xarici bir şirkətə həvalə edilib. Və burada təmir işləri tez-tez aparılıb. Bu göstərir ki, təmir və bərpa işləri uğurlu səviyyədə deyil. Tarixi qorumaq dövlətlə yanaşı ictimaiyyətin də borcudur. İnsanlar tarixlərinə sahib çıxmağı bacarmalıdırlar. Amma bizgörürük? Biganəlik. Sanki tarixi abidələrin yerli əhali üçün heç bir əhəmiyyəti yoxdur! Tarixi abidələri qorumaqla turizmi inkişaf etdirmək olar, bu da dövlətin maraqlarına tam uyğundur. Tarixi abidələr həm də gəlir mənbəyidir”.

 

“İcra hakimiyyəti orqanları tarixi abidələri məhv edir”

 

Aytəkin İmranova söhbətimiz zamanı bildirdi ki, yerli və beynəlxalq qanunlara, öhdəliklərə, eləcə də məhkəmə qərarlarına baxmayaraq, icra hakimiyyət orqanları tərəfindən Bakıda onlarla tarixi abidə məhv edilib: “1969-cu ildən Dövlət tarix-memarlıq qoruğu elan edilmiş, UNESCO tərəfindən dünya mədəni irsi siyahısına salınmış “İçəri şəhər” qoruğunun tərkib hissəsi olan və 1900-cü ildə inşa edilmiş, Səbail rayonu, Neftçilər prospekti 77 ünvanında yerləşən bina və 1896-cı ildə inşa edilmiş, Neftçilər prospekti 79 ünvanlarında yerləşən binalar 2006-cı ildə sökülüb. Bu binalar 27 aprel 1988-ci il 145 ¹-li Nazirlər Kabinetinin qərarı ilə 384 və 385 ¹-lər altında dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələridir.

“İçəri şəhərdə” sökülən abidələr bununla məhdudlaşmır. Sökülməsi qadağan olunan tarixi abidələr ağır texnika vasitsəi ilə amansızcasına sökülür. Elmi mənbələrə əsasən, “İçəri şəhər”in tərkib hissəsi olan bu abidələrin altında hələ aşkar olunmamış və tarix-mədəniyyətimiz üçün çox önəmli tapıntılar, özəlliklə də müxtəlif istiqamətlərə yönələn yeraltı yollar mövcuddur. Bu səbəbdən hər hansı elmi-arxeoloji işlər aparılmadan, səlahiyyətli qurumlarla razılaşdırma işləri aparmadan abidələrin dağıdılması, Azərbaycan, həmçinin dünya tarixini dəyərli tapıntıları aşkarlamaq imkanından məhrum edir.

Bir neçə il bundan əvvəl bir qrup millət vəkili “İçəri Şəhər”in vəziyyəti ilə əlaqədar Prezidentə müraciət etdi. O zamandan bəri bu mövzuda Prezident tərəfindən iki sənəd imzalandı. Son olaraq “İçəri şəhər” tarixi-memarlıq qoruğunun direksiyasının əsasnaməsi də təsdiq olundu. Amma vəziyyət get-gedə pisləşir və kritik nöqtəyə çatıb.

Çoxlarına məlum olan tarixi abidələrin  söküntüsü isə məşhur “Qış parkı”nda aparıldı. Burda da söküntünü icra hakimiyyəti, daha dəqiqi Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirdi.  İnsanların mülkiyyət hüquqları və tarixi abidələrin qorunması ilə bağlı yerli və beynəlxalq qanunlar kobud şəkildə pozuldu. Qeyd edim ki, bu “Qış parkı” deyilən ərazidə söküntü  2009-2012-ci illər arasında aparıldı.  Birinci mərhələdə Füzuli və Şəmsi Bədəlbəyli küçələrində yerləşən tarixi abidələr söküldü. İkinci mərhələ - 2010-2011-ci illərdə Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev küçələrində yerləşən tarixi binalara söküldü. Növbəti mərhələ Dilarə Əliyeva küçəsində aparıldı.

Şəmsi Bədəlbəyli, Bəşir Səfəroğlu, Füzuli küçələrində XIX əsrə aid çox gözəl binalar var. Bu binaların hamısı Nazirlər Kabinetinin sərəncamı ilə tarixi abidələr siyahısındadır. Kimsənin tarixi binaları sökməyə ixtiyarı yoxdur. Bu ərazidə 43 tarixi abidə sökülüb.  Vurğulayım ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları evlərini qanunsuz olaraq, başlarına uçursa da, heç bir dövlət orqanı onların hüquqlarını müdafiə etmək, səslərini eşitmək istəmədi. Evi qanunsuz sökülən vətəndaşların əksəriyyəti mülkiyyət hüquqlarını müdafiə etmək məqsədilə məhkəmələrə müraciət etdilər. Hətta bir xeyli iddia üzrə məhkəmə qərarları var ki, söküntü dayandırılsın. Buna baxmayaraq, icra hakimiyyəti söküntünü davam etdirdi”.

Qeyd edək, gördüyünüz bu şəkilləri oxuculara A.İmranova təqdim edir. Şəkillər monitorinq zamanı çəkilib.

 

 

Ramid

Bizim yol.-2014.-9 yanvar.-S.13.