Qız
Qalası “Avropa qiyafəsində”...
Qədim memarlıq incisi konservasiya
olunaraq yenidən ziyarətçilərin üzünə
açılıb, lakin paytaxt sakinləri bu yenidənqurmadan məmnun
deyillər
Şəhərimizin
qədim tarixinin əsas rəmzlərindən biri, milli
memarlığımızın incisi, YUNESKO-nun Dünya
İrsi Siyahısına daxil edilmiş Qız Qalası
aparılan konservasiya işləri və yeni muzey
ekspozisiyasının qurulmasından sonra öz
qapılarını ziyarətçilər üçün
açıb. 2 yanvar 2014-cü il tarixindən Bakı sakinləri
və şəhərin qonaqları Qız Qalasını ziyarət
edərək yeni muzey ekspozisiyası ilə hər gün saat
10.00-dan 18.00-dək tanış ola biləcəklər.
Qız Qalasında muzey
konservasiyası işlərinə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası
üzrə ətraflı Baş Plan”a uyğun olaraq 2009-cu ildə
başlanılıb. İstifadə olunacaq bərpa materiallarının, konservasiya üsulunun
seçilməsindən və müvafiq sınaqlardan sonra, 2011-ci ilin mart ayında abidənin kontrforsu
və baxış meydançasında başlayan
müvafiq işlər, 2012-ci ilin iyun ayından
Qalanın əsas dairəvi hissəsinin fasadında davam etdirilib. 2013-cü ilin yanvar ayında abidənin
daxilində konservasiya işlərinə start verilməsi ilə əlaqədar Qala ziyarətçilər üçün bağlı elan
olunub.
Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, konservasiya işləri avstriyalı bərpaçı mütəxəssis, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən “Məhəmməd məscidi”ni bərpa etmiş Erix Pummerin rəhbərliyi altında xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilib.
Konservasiya prosesi həmçinin, abidənin tarixinin və təyinatının öyrənilməsində öz töhfəsini verə bilən elmi tədqiqatlarla müşaiyət olunub. Cari ilin oktyabr ayında Qız Qalasının həm fasadında, həm də daxilində bərpa və konservasiya işləri müvəffəqiyyətlə başa çatmış və Qalanın daxilində beynəlxalq standartlara cavab verən müasir muzey ekspozisiyasının yaradılmasına başlanılıb.
“2013-cü ilin dekabrın 30-da Prezident İlham Əliyev Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olub. Son illər tarixi abidələrimizin qorunub saxlanması və bərpası məqsədilə dövlət səviyyəsində silsilə kompleks tədbirlər həyata keçirilir. Qədim İçərişəhərdə yerləşən abidələrin konservasiyası və bərpası istiqamətində görülən işlər də bu tədbirlərin tərkib hissəsidir. Əsrlər bir-birini əvəzlədikcə Qız Qalası təbii proseslərin təsiri nəticəsində zədələnərək ciddi təhlükə ilə üz-üzə qalsa da, bu möhtəşəm abidə tarixin bütün sınaqlarına sinə gərərək ümumilikdə öz ilkin görkəmini və struktur quruluşunu qoruyub saxlaya bilib. Ötən əsrin 60-cı illərində aparılan bərpa işlərindən sonra bu abidə muzey kimi fəaliyyət göstərib.
Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb. Həmin layihə çərçivəsində həyata keçirilən konservasiya tədbirlərində başlıca məqsəd tikilinin zahiri görünüşünə xələl gətirmədən təbii dağılma prosesinin və insan amilinin abidəyə əsrlər boyunca vurduğu ziyanın aradan qaldırılması idi. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması zamanı müasir texnologiyalardan geniş istifadə edilmişdir. Burada aparılan işlər nəticəsində Qız Qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilib”, -deyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlumatında bildirilir.
Məlumatda o da qeyd edilir ki, 2013-cü ilin oktyabrında Qız Qalasının həm fasadında, həm də daxilində bərpa və konservasiya işləri uğurla yekunlaşdırılıb: “Bununla yanaşı, qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılıb. Konservasiya prosesi dövründə abidənin tarixinin və təyinatının öyrənilməsində mühüm rol oynaya biləcək elmi tədqiqatlar da aparılıb. Milli mənəvi dəyərlərimizin, maddi mədəniyyət abidələrimizin qorunub saxlanmasına və təbliğinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu konservasiya tədbirləri zamanı yaxından dəstəyini, o cümlədən ekoloji məsələlərin həllinə hərtərəfli köməyini əsirgəməyib”.
İdarədən bildirildi ki, Latviyanın “DD Expo” şirkətinin təcrübəli mütəxəssislərinin köməyi ilə yaradılmış yeni muzey ekspozisiyası ilə tanışlıq zamanı ziyarətçilər Qalanın tarixi, daxili strukturu, tikilməsinin məqsədi və təyinatı ilə bağlı fərziyyələrlə, onu daimi əhatə edən əfsanələr və digər maraqlı faktlarla yaxından tanış ola biləcəklər. Qız Qalasının baxış meydançasından isə açılan mənzərə, həm qədim İçəri Şəhərin, həm də günü-gündən gözəlləşən və inkişaf edən müasir Bakının görüntüləri ziyarətçiləri heyran edəcəkdir.
Qız
Qalasına giriş üçün biletin qiyməti qalxıb
Bu məlumatı
alandan sonra Qız Qalasına yollandıq. Kassaya yaxınlaşanda məlum oldu ki, qalada aparılan
konservasiya işləri
və yeni muzey ekspozisiyasının qurulmasından sonra qalaya giriş biletinin qiymətləri qalxıb. Böyüklər üçün giriş biletinin qiyməti 2 manat, tələbələr üçün
60 qəpik, şagirdlər
üşün isə
20 qəpikdir.
Kassir xanımdan zarafatyana jurnalistlər üçün
giriş biletinin qiymətinin neçəyə
olmasını soruşduq. O “jurnalistlər
böyüklər sayılır”
deyərək cavab verdi. Biletin
üzərinə bələdçinin
kim olması
yazılmamışdı. Öyrəndik ki, qalada bələdçi
yoxdur. Və giriş bileti
“ELNAR” LTD şirkəti tərəfindən
satılır.
Qalaya daxil olarkən qapıda bir nəfər bileti ona təqdim etməli olduğumuzu bildirdi. Məlum oldu ki, qaladakı pilləkən yenisi ilə əvəz edilib. Qız qalasının mərtəbələrində
xüsusi monitorlarda bu abidənin tarixi, daxili strukturu, tikintisində məqsəd, təyinatı
və sair məsələlərlə bağlı
fərziyyələr, əfsanələr
və digər maraqlı faktlar əks olunub. Ekspozisiyadakı stenddə qədim
sənətkarlıq məmulatları
barədə məlumat
verilir. Hər bir mərtəbədə
ekspozisiyaya uyğun işıqlandırma sistemi
quraşdırılmıb. Burada Qız Qalasının müdafiə,
istehkam, dini, rəsədxana və digər təyinatı barədə fərziyyələrlə,
elmi araşdırmalarla
tanış olmaq mümkündür. Monitorlarda Qız Qalasının təyinatı barədə
film nümayiş etdirilir.
Ekspozisiyada Qız qalasının özünəməxsus və
bənzərsiz memarlığı
geniş əksini tapıb. Burada orijinal maket
qurulub. Maketin üzərindəki monitorda qalanın daxili strukturu barədə müfəssəl
məlumat yerləşdirilib.
Qalada aparılan bərpa işlərindən sonra hər bir mərtəbədə
ən müasir təhlükəsizlik, yanğından
mühafizə sistemləri
və digər müvafiq sistemlər quraşdırılıb.
Muzey ekspozisiyasında
“Qədim məbəd”
bölməsi ilə yanaşı “Bakının
qəlbi” bölməsi
də var. Köhnə Bakını əks etdirən monitorda şəhərin iqtisadi, gündəlik həyatı,
dini və şəhərsalma mövzularına
geniş yer verilib.
Burada Qız Qalası haqqında əfsanələrlə də
tanış olmaq mümkündür. Ekspozisiyanın növbəti bölməsində
Qız Qalasının
müdafiə obyekti rolunu oynaması ilə bağlı fərziyyə və elmi araşdırmalardan bəhs edilir. Buradakı stenddə qədim silah nümunələri nümayiş olunur. Monitorlarda İçərişəhərin hərbi tarixi və burada baş verən döyüşlər əksini
tapıb. Qalada uşaqların
böyük marağına
səbəb olacaq “İçərişəhərin müdafiəsi” adlı interaktiv oyun da təqdim edilir.
Ekspozisiyada Qız Qalasının qədim rəsədxana rolunu oynaması fərziyyəsi
də yer ayrılıb. Bəzi fikirlərə əsasən,
Qız Qalası əsas etibarilə Günəşin illik dövriyyəsini izləmək
və bu prosesin önəmli məqamlarını öyrənmək
məqsədilə ucaldılıb.
5 nəfər mühafizəçi
Qız Qalasının ən üst qatında insanların təhlükəsizliyi
üçün şəffaf
şüşədən qoruyucu
da var. Bundan başqa qalada iki mühafizə polisinin əməkdaşı
da təhlükəsizliyi
qoruyur. Eləcə də 3 nəfər
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
mükafizəçisi var.
Qalanın üst qatında, damın ortasında quraşdırılan stendin
üzərində müxtəlif
obyektlərin təsvirləri
təqdim olunur.
Ziyarətçilərin təəssüratı...
Söhbət etdiyimiz ziyarətçilər
qalada aparılan konservasiya işləri və yeni muzey
ekspozisiyasının qurulmasından
narazılıq ifadə
etdilər. Paytaxt sakinləri hesab edirlər ki, qalanın tarixiliyi-qədimliyi
qorunub saxlanmalıydı.
Qalada olan divanın və işıq effektlərinin
bar-restoran təəssüratı
yaratdığı ifadə
olundu. Və buna təəssüfləndilər.
“Tarix, mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin əlaqələndirici Aytəkin İmranova deyir ki, qalada aparılan konservasiya işləri və yeni muzey ekspozisiyasının qurulmasında tarixilik məhv edilib: “Bu isə qəbuledilməzdir. Ölkənin tarixini özündə əks etdirən abidəni hansısa xariciyə havələ etmək belə yanlışlıq idi. Qalada bərpa işləri aparacaq adam qalanın tarxini, onun mahiyyətini və əhəmiyyətini bilməli idi. Qalada apırılan “yenidənquruma işləri” tarixə ziddir”.
Ramid İBRAHİMOV
Bizim yol.-2014.-16
yanvar.-S.13.