“Bu günədək Azərbaycanda 3 mindən
artıq film istehsal olunub”
Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında sərəncam və
dövlət proqramı imzalanıb. Bunun
həyata keçirilməsi üçün
dövlət büdcəsindən maliyyə vəsaiti də
ayrılıb. Azərbaycanın kino izləyiciləri
və mütəxəssisləri var ki, keyfiyyətsiz filmlərin çəkildiyni
ifadə edərək, ölkə filmlərinə
baxmadıqlarını qeyd edirlər. Onlardan biri də kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq
və Ümumittifaq kino-festivallarının
laureatı Nazim Rza İsrafiloğludur. Onunla
Azərbaycanda kino sənətinin
hazırkı durumu ilə bağlı həmsöhbət
olduq. Öncə həmsöhbətimiz
barəsində təqdimat xarakterli məlumat
verək.
1941-ci il anadan olan N.R.İsrafiloğlu orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil alıb və fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib. O, 1959-64-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-R.İ.) mədəni-maarif fakültəsində təhsil alıb. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışıb.
Nazim Rza 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır-R.İ.) televiziya rejissorluğu fakültəsinə daxil olub və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirib. Nazim Rzanın diplom işi “İnsan Xəzəri xilas edir” televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar alıb.
N.R.İsrafiloğlu televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlayıb, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunmuş "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunan Nazim Rzanın yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuş.
Rejissor 2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkib, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub. Nazim Rza Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir.
Nazim Rza 1992-97-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb. Nazim Rza, eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.
Nazim Rza İsrafiloğlu 1974-cü ildən Azərbaycan Kinomatoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun filmoqrafiyasında 52 film var. N.R.İsrafiloğlu “Odlu Məmləkət” (Bakı, 2002-ci il), “Neft və Cahan Savaşı” (Bakı, 2005-ci il), “M.M.Axundzadə” (Bakı, 2006-cı il), “Neft. Qlobal münaqişələr mənbəyi” (Bakı, 2009-cu il) kitablarının müəllifidir. O, bizimlə söhbətində hazırda film çəkmədiyini, kitablar yazdığını vurğuladı.
- Nazim müəllim, Azərbaycan kinosunun bugünki durumu, problemləri və prespektivləri nədən ibarətdir?
- Azərbaycan, milli kinematoqrafiyasının tarixi XIX əsrdə başlayan çox az ölkələrdən biridir. Daha dəqiq Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunub. Bunlardan 300-dən çoxu tammetrajlı bədii film, 100-dən çoxu qısametrajlı bədii film, 20-yə qədəri serial, 150-dən çoxu televiziya tamaşası, 100-dən çoxu cizgi film, 70-dən çoxu tammetrajlı sənədli film, 1700-dən çoxu qısametrajlı sənədli film, 350-dən çoxu “Mozalan”ın süjetləri, 10 ədədi isə “Məzməzə” Uşaq Satirik Kinojurnalının bədii süjetləridir.
Bildiyiniz kimi, kino incəsənətin geniş yayılmış növlərindən biridir. Kino bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynamalıdır. Məhz bu baxımdan kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işi təşkili olmalıdır. Milli kinematoqrafiyanın spesifikasını özündə qabarıq şəkildə əks etdirən müxtəlif janrlı filmlərin yaradılması Azərbaycanda mərhələli inkişaf prosesi keçib.
Vurğulayım ki, bir əsrdən artıq yaşı olan Azərbaycan kinosunun hazırki durumu heç də xoşagələn deyil. Sovet hakimiyyəti illərdinə kino sahəsinə dövlət qayğısı var idi. Əvvəllər bütün filmlər dövlət sifarişi ilə çəkilirdi. Bilirsiniz ki, filmlər “Azərbaycanfilm” kinostudiyasında çəkilirdi. Hazırda Azərbaycanda bu kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Və televiziya filmləri çəkilirdi. Bunu da “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi edirdi. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan, bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan qurumdur. Bu birliklər təkcə Azərbaycanda deyildi, SSRİ üzrə də belə birliklər var idi. Filmlərlə bağlı dövlətin xüsusi proqramı vardı. Kadrların hazırlanmasına xüsusi diqqət verilirdi. Kadrlar Moskvada və Leninqradda (indiki Sankt-peterburq-R.İ.) şəhərlərində hazırlanırdı. İndi bütün bunlar yoxdur. Düzdür Mədəniyyət və İncəsənət Universitetində kino kadrlarının hazırlanması ilə bağlı olaraq fakültələr var. Amma, bazası yoxdur. Bu ali məktəbdə gənclər rejissor, operator, ssenarist, rəssam, aktyor diplomları alırlar. Lakin bu ali məktəbdə maddi bazanın olmaması-universitetdə montaj, aşkarlama texnikası və s. bir yana, çəkiliş avadanlığı belə yoxdur, təlim zamanı mütəxəssislərin tam hazırlanmasına, onların praktik bilik və bacarıqlara yiyələnmələrinə imkan yaratmır. Belə bir şəraitdə bu peşələrin, heç olmasa, nəzəri əsaslarını mənimsəməyə və minimum praktik biliklərə yiyələnməyə çalışan tələbə və müəllimlərin şövq və həvəsi nə qədər təqdirəlayiq olsa da, milli kinonun ixtisaslı yaradıcı kadrlarla zənginləşdirilməsi baxımından nikbinlik üçün heç bir əsas vermir. Ola bilsin, burada istedadlı adamlar çıxsın, mütəxəsis olsunlar. Amma onların üzərində işləmək imkanları yoxdur. Bacarıqlarını göstərmək üçün şərait yoxdur.
Vurğulayım ki, kino sahəsində peşəkarların sayı son zamanlar çox azalıb. Çoxusu dünyasını dəyişib. İstər rejissorlar, istər opertorlar, istərsə də rəssamlar olsun, ümumiyyətlə kino sahəsində işləyən peşəkar adamların sayı azlıq təşkil edir. Sadalamaq istəmirəm, tək-tük adamlar qalıb. Hansı ki, barmaqlarla belə saymaq olar onları. Bu böyük problemdir. Peşəkarların olmaması-bəzilərinin həyatda olmaması, bəzilərinin müəyyən yaş həddinə çatması yeni kadrların yetişməsinə mənfi təsir göstərir. Yəni örnək yoxdur. Deyirlər ki, gör-götür dünyasıdır, amma...
-Kino mütəxəssislərinin hazırlanmasına mane olan səbəbləri dəqiqləşdirsək...
-Əvvəla, buna səbəblər çoxdur. Mən belə düşünürəm ki, kino sahəsinə qəbulun aparılması mexinzmi düzgün deyil. Kino sahəsinə test üsulu ilə qəbul aparılır. Qəbul olan gənclərin bu sahəyə marağı yoxdur, diplom xatirinə tələbə adını qazanmaq istəyirlər. Boş yer olub, gəlib düşüblər kino ilə bağlı fakültəyə, ondan rejissor, ümumiyyətlə kino mütəxəssisi olmayacaq. Peşəkar olmaq onların marağında deyil.
Xatırladım ki, bir müddət ali məktəblərin televiziya jurnalistikası fakültəsində dərs keçirdim. Tələbələrlə söhbət nəticəsində məlum olurdu ki, tələbələrin bu ixtisas üzrə tələbə adlarını alması təsadüfdür. Deyirdilər ki, bu fakültədə yer oldu, gəldik düşdük bura. Mən də tələbələrə deyirdim ki, sizdən televiziya jurnalisti olmaz. Belə olmaz. Onlar da bu ixtisas üzrə fəaliyyət göstərməyəcəklərini bildirirdilər.
Hazırda bilmirəm, “Azərbaycanfilm” kinostudiyası nə vəziyyətdədir, görünən odur ki, orada durum arzuolunan səviyyədə deyil. Öyrənmişəm ki, həmin studiyada bölünmələr, parçalanmalar da var. Mən oradan uzaqlaşmışam.
“Azərbaycantelefilim” Yaradıcılıq Birliyinin də fəaliyyəti demək olar ki, yox səviyyəsindədir.
Yazılmamış qayda var: hər diplomu
olan adam
kinorejissor deyil, kinooperator deyil. İstedad olmalıdır. Kino sahəsində ciddi problemlər var.
Hə, qeyd edim ki, bu
birlikdə sonuncu filmimi 2010-cü ildə çəkdim. Və getdim. Ona görə
getdim ki, artıq “Azərbaycantelefilim”
Yaradıcılıq Birliyi
yox idi. Yəni yaradıcılıq yox idi. Ab-hava dəyişmişdi. Eşitdiyimə görə, indi
birliyə cavanları
gətirirlər. Onlar da kino sahəsinin nəzəriyyəsini bilmirlər.
Kino elmdir. Ali məktəblərdə isə kino sahəsi
ilə bağlı tədris zəif aparılır. Məsələn, Mədəniyyət və
İncəsənət Universitetinin
rejissorluq fakültəsinin
tələbləri ilə
söhbət etmişəm,
onların ixtisas üzrə bilgiləri zəifdir, bilmirlər.
Bilmədikləri şeyi necə
reallaşdıra bilərlər?
Mümkünsüzdür! Hər
bir elmin bir özəyi var. Məsələn, montajı
bilməyən adam kino çəkə bilməz,
daha dorğusu çəkməməlidir. Amma
çəkirlər!
Əksəriyyəti baxıb təqlid edirlər. Məsələn, mən bir filmdə uğurlu montaj üsulunu tapıb eləmişəmsə,
bu o demək deyil ki, bunu
hər filmdə eləmək olar. Bu həmin film üçün
yarayır.
Başqa filmin öz
montaj üsulu olmalıdır ki, mövzunu açsın.
Kino sahəsi üzrə tələbə
adını qazanmış
və diplom almışlar, eləcə
də filmin çəkilməsinin həvalə
edildiyi adamlar bunları bilmirlər.
Bu çox mürəkkəb
problemdir. Və yaxın
zamanlarda çözüləsi
problem deyil.
Yaddan çıxarmayaq ki, kino sahəsi istehsalat sahəsidir. Kino
çəkmək şairlik,
yazıçılıq, rəssamlıq deyil
ki, əlinə qələm alıb yazsın,
əlinə fırça alıb çəksin və s. Kino böyük
istehsalat sahəsidir. Burada hər çür proseslər var, kinonun texnikası var, laborotoriyası var.
Ramil İbrahimov
Bizim yol.- 2014.-18
yanvar.-S.13.