Azərbaycan 20 Yanvar şəhidlərini andı

 

 

Dünən Azərbaycanda matəm günü idi. Səhər tezdən minlərlə adam 1990-cı il yanvarın 19-20-də şəhid olanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedib. Mərasimdə dövlət başçısı İlham Əliyev və digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

Milli Şuranın üzvləri, digər siyasi qurumların təmsilciləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ölkə məscidlərində “qara yanvar” qurbanlarının xatirəsi ilə bağlı tədbirlər keçirilib. Telekanalların efirində əyləncəli verilişlər yayımlanmayıb. Bakı metropolitenində matəm musiqisi çalınıb, stansiyalardaeskalatorlarda qırmızı qərənfillər qoyulub. Amma belə bir gündə də ögey-doğmalıqla yadda qaldı. Bir neçə telekanal eyni zamanda Şəhidlər Xiyabanından canlı yayım versə də, telekanalların heç biri müxalifət liderlərinin mərasimdə iştirakını nümayiş etdirmədi. Müxalifət liderləri Şəhidlər Xiyabanında olarkən, təkrar kadırlar nümayiş etdirilməklə prezident İlham Əliyevin apardığı uğurlu daxilixarici siyasət, 20 Yanvar və Xocalı həqiqətllrərin dünyada tanıdılması istiqamətində görülən işlər barədə geniş məlumat verildi.

Bundan başqa polis əməkdaşları Milli Şuradaha sonra Müsavat Partiyasının tərəfdarlarının şəhidlərin xatirəsinə hazırladıqları əklili müxalifətçilərin əlindən amğa cəhd ediblər. Polislər bunu xiyabana əklillə keçməyin qadağan olunması ilə izah ediblər. Amma MŞ üzvləri əklili polisə təhvil verməyərək zorla olsa belə Şəhidlər Xiyabanına aparmağa müvəffəq olublar.

Xiyabana əklil ilə yalnız müxalifətçilər deyil, ayrı-ayrı dövlət strukturlarının təmsilçiləri də daxil olurdular. Düzdür, bütün əklillər əbədi məşəlin önünə qoyulandan bir neçə dəqiqə sonra polis tərəfindən  götürülərək  naməlum istiqamətə aparılırdı. Abidə qarşısında yaınız bir əklil, prezident İlham Əliyevin adından olan gül çələngi saxlanılırdı.

Ən maraqlı məqamlardan biri də Şəhidlər Xiyabanına axışan izdihamın nizamlanması ilə bağlı idi. Belə ki, keçmiş Əzizbəyov heykəlinin yanından Şəhidlər Xiyabanına qədər bir neçə yerdə polis kardonları yaradılmışdı. Xiyabanın içində də belə manelərə qurulmuşdu. Bu isə ziyarətçilərin incidilməsinə insan tıxacının yaradılmasına gətirib çıxarırdı. Nədənsə polisbu mərasimə görə cavabdeh strukturlar yaşlı insanlaruşaqlar üçün “yaşıl xətt”  nəzərə almamışdılar. Yəni süni tıxac hesabına ziyarətə gələn üşaqlar və yaşlılar 4-5  saat ayaq üstə qalmağa məcbur edilirdi. 

Şəhidlər Xiyabanında baş verən insidentlə bağlı DQMŞ-nin rəhbəri Cəmil Həsənli «Turan»a bildirib ki, ön sıralarda olan gənc fəallar polisin hərəkətindən narazılığını bildirib. Polislər dəstənin hərəkətinə maneçilik törətmək istəyib. Lakin müxalifətçilərin güclü müqaviməti altında polislər dağıdılıb və MŞ üzvləri şəhidlərin məzarlarını ziyarəti davam etdiriblər.

“Polislə qarşıdurma zamanı əklil bir az əzilsə də biz onu qoruyub xatirə lövhəsinin önünə qoya bildik. Biz orada başqa əklillərin olduğunu gördük. Deməli, polis yalnız Milli Şuraya mane olmaq istəyirmiş”, - C.Həsənli vurğulaylb. O, bu təxribatı pisləyərək polisin hərəkətlərini “mənasızlıq və mənəviyyatsızlıq” adlandırıb.

Bizim hər birimiz şəhidlərin yerində ola bilərdik, bu gün bizə mane olanlar və özbaşınalıq törədənlər isə o vaxt öz rifahını düşünürdü”, - C.Həsənli qeyd edib.

Xatırladaq ki, 24 il bundan əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik sovet ordusu və ağır texnika  yeridilib. Moskva bu oskva bu yolla çökməkdə olan SSRİ-ni xilas etmək, Azərbayan milli-azadlıq hərəkatını boğmaq istəyirdi. Azərbaycanlılara qarşı “Zərbə” əməliyyatı SSRİ Müdafiə Nazirliyi, SSRİ DİN-iKQB-si  tərəfindən hazırlanaraq həyata keçirilmişd. Bakıya hücum nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox insan isə yaralanıb. Ölən və yaralananlar arasında xeyli sayda qadın və uşaq da var.

Qeyd edək ki, bu il rəsmi təbliğatda faciənin əsas günahkarları kimi keçmiş SSSR-nin rəhbərləri, əsasən prezident Mixail Qorbaçovun adı çəkilir. Eyni zamanda respublikanın o zamankı rəhbərliyinin ünvanına tənqidlər azalıb. Əgər əvvəlki illərdə faciənin əsas günahkarlarından biri kimi o vaxtlar Nazirlər Sovetinin sədri postunu tutan və faciədən sonra respublikada birinci şəxs olan Ayaz Mütəllibov göstərilirdisə, hazırda bu barədə danışılmır(turan).

Ola bilsin ki, bu, Mütəllibovun “siyasi reabilitasiyası” ilə bağlıdır. Ötən ilin yayında Mütəllibov eks-prezidentlər haqqında qanunun qüvvəyə minməsi ilə bağlı çoxillik mühacirətdən birdəfəlik vətənə qayıda bildi. Bir il öncə də ona oğlunun dəfnində iştirak etmək ücün Bakıya gəlməyi icazə vermişdilər. Elə o zaman Mütəllibov Heydər Əliyevin qəbrini ziyarət etmişdi.

Qeyd edək ki, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb. 1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə düşdü. Eyni zamanda Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarıldı.

Faciənin 20-ci ildönümü ərəfəsində Azərbaycan Baş Prokurorluğu məlumat yaydı ki, ilkin istintaq aparan SSRİ Baş Prokurorluğu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmadığını bildiribişi bağlayıb. İş üzrə materialların, həmçinin ittiham olunan şəxslərin Azərbaycana verilməsi ilə bağlı  Rusiyanın hüquq-mühafizə orqanlarına sorğu göndərilib. Lakin Rusiya tərəfi buna cavab verməyib.

 

 

İdrak Abbasov

Bizim yol.-2014.-21 yanvar.-S.3.