“Mütəxəssislərimizdən ölən ölüb, qalanlar da problem içindədir”
-Bəli, kino böyük istehsalat sahəsidir.
Mütəxəssislərin olması mütləqdir.
Hətta adicə neqativ lenti montaj edəcək
şəxs belə işini bilən olmalıdır. Bu mütəxəssislər var idi. Ölən ölüb, qalanlar da problemlər
içindədirlər. Odur ki, yaxın gələcəkdə
Azərbaycanda keyfiyyətli kinonun olacağını hesab etmirəm.
Ola bilsin ki, hansısa istedadlı azərbaycanlı
xarici ölkələrin birində istedadını göstərsin.
Amma bizdəki kinoya arzuolunmaz münasibət
davam edəcəksə, çətin ki, bu bizdə
alınsın.
-Nazim Rza İsrafiloğlunun
kino məktəbi varmı?
-Məktəb deyəndə bir az böyük çıxır. Məktəb o demək deyil ki, siz durasınız
partanın qabağında dərs keçəsiniz. Kino
sənəti elədir ki... Məsəlçün,
keçmiş zamanlarda skiripka ustası Staridevarinin məktəbi
var idi. Bu məktəb necə idi? Bu adam skiripka düzəldirdi. Onun yanında gəlib otururdular, o
isə öz işi ilə məşğul idi. Ustanın əlinə baxıb öyrənirdilər.
İndi o tələbələrin
hazırladığı skiripkalar yüksək qiymətə
satılır. Kino sənəti də belədir.
Bunun üçün xüsusi məktəb
açmağa gərək yoxdur. Əlbəttə
öyrənmək istəyənə yolunu göstərmək
olar, istiqamət verilər. Əgər
öyrənmək istəyənin istedadı varsa, bunları
etmək olar. Və o bu sənətə
maraq göstərməlidir. Ustadın
yanında olmalıdır. Dünyasını
dəyişmiş rejissorlar, kinorejissorlar deyək. Onlar Moskvada müvafiq ixtisas təhsilini alıqdan
sonra, bir müddət assent, ikinci rejissor kimi, məsələn
məşhur Ezinşteynin yanında işləyirdilər.
Ordan çox şeyi öyrənirdilər.
Görə-görə gəlirdilər. Sovet filminin təcrübəsini mənimsəyib gəlib
burada müstəqil rejissorluq fəaliyyəti ilə məşğul
olurdular. Amma indi bu şeylərin heç
biri yoxdur. Nə ora gedə bilirlər, nə
də ki ora gedənlər bu işlə məşğuldurlar.
Kənarda qalıblar. Yenə
deyirəm, ölən ölüb, qalanlar da ki, problem
içindədir. Qalanlar nə vaxta qədər gedib
ordan-burdan sponsor axtarsın ki?! 70-75 yaşında rejissorlar qapılara neçə
düşsün?! Həm də ki, indi
kimdir kinoya pul verən?! İş adamaları toy
müğənnisinə pul verər, yaxud konsert üçün hansısa
cavan müğənniyə verər.
Ciddi mədəniyyət nümunələrinə
pul verən yoxdur.
-2007-ci ildə “Azərbaycanda
kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam
imzalanıb. Sənəddə deyilir ki, milli kino ənənələrinin
qorunması və Azərbaycan kinosunun dünya
kinematoqrafiyasının tərkib hissəsi olaraq, yeni şəraitdə
fəaliyyət göstərə bilməsi üçün
bir sıra təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsinə zərurət yaranıb. Eləcə də, “Azərbaycan kinosu 2008-2018-ci illərdə”
Dövlət Proqramı hazırlanıb. Bu
sərəncamın və Dövlət Proqramının kino sənətinin
inkişafı üçün hər hansı bir uğurlu nəticəsi
oldumu?
-Axı sərəncamla, proqramla kino
sənəti, kino yaranmır. Kino istehsalat sahəsidir.
Kino sənətini inkişaf etdirəcək
peşəkarlar olmalıdır. Bu bir hal.
İkincisi, kino sənətini inkişaf etdirmək
üçün adamlar olmalıdır. Prodüserlər,
studiyalar olmalıdır. Xatırladım
ki, yaxın keçmişdə teleserialların çəkilməsi
üçün qərar çıxdı. Dünyada bu təcrübə var, qonşu ölkə
Türkiyədə, Rusiyada da çəkilir. Gəlin baxaq, Azərbaycan teleseraillara
hazırdırmı? Xeyir, hazır deyil! Azərbaycanda
teleserial ənənəsi olmayıb. Azərbaycan
kimi kiçik ölkələrdə teleserialların çəkilməsi
nə yaradıcılıq, nə də iqtisadi nöqteyi-nəzərdən
özünü doğrulda bilməz. Necə
ki bilmir də. Məsələn, Türkiyə
kimi böyük bir ölkə, 70-75 milyon əhalisi olan
ölkəyə nəzət yetirək. Bu
ölkələr çəkirlər, böyük teleserial ənənələri
var. Onlar hətta xarici ölkələrə də
seriallarını sata bilirlər. Məsələn,
Türkiyənin seriallarını şərq ölkələri
alırlar. Elə Azərbaycan da alır.
Kino bir rəqabət sahəsidir. Baxın,
Azərbaycanın rəqabətə
gedəcək nə yaradıcı, nə də maddi imkanı
var. Tutaq ki, 300 min manat ayırdılar seriala və buna 300-500
serial çəkirlər. Türkiyədə
bir teleserial üçün milyonlarla pul xərclənir.
Kino pul sevir. Pul olmayan yerdə
kino əmələ gəlməz. Bunun paltarı var,
kostimu var, qrimi var, min dənə dekorasiyası var, aktyoru
var... Yadıma düşdükcə deyim, ekspedisiyaları var, kinonu
dağda, dərədə çəkməlidirlər.
Azərbaycan
tamaşaçısının diqqətini cəlb edən
“Qurtlar vadisi” teleserialına baxın. Haralarda çəkilmir?
İraqda, Suriyada... çəkirlər. Bunların hamısı pul tələb edən
şeylərdir.
Və bir məsələni
də xüsusi qeyd edirəm. Azərbaycan
televiziyasına baxan yoxdur. Televiziyların
səviyyəsi çox aşağıdır. Reklam verəcək şirkət olanda televizyalar da
teleserialın yayınlanmasında maraqlı olurlar. Şirkətlər deyir ki, filan serial vaxtı onun
şirkətinin reklamını versinlər. Amma bizim teleseriallara, televiziyalara
baxılmadığı üçün şirkətlər
bunda maraqlı deyillər. Hansı
ağıldan kəm reklam verər, pul ver axı? Amma, Rusiya və Türkiyə televiziyalarında gedən
məşhur teleseriallara baxın. Serial
efirə gedən müddətdə nə qədər reklam
gedir.
-Yəni, azərbaycanlı iş
adamları, xeyriyyəçilər Azərbaycan kinosunun
inkişafında maraqlı deyillər...?
-Bəli, maraqlı deyillər. Mən sizə olmuş bir faktı deyim. Azərbaycanda bir serial çəkilmişdi, mən
burada serial sözünü dırnaqarası deyirəm.
Çünki səviyyəsi o qədər aşağı
idi ki... Hətta həvəskar səviyyəsində
belə deyildi. Hə, o seriala sponsorluq edən
şəxs deyib ki, onu serialın baş qəhrəmanı
roluna çəksinlər. Aktyorluq sənətinə aid
olmayan adam idi. Yəni,
yonulmamış daş. Axı, gərək
daşı yonasan ki, heykəl olsun də. İstəyir
dünyanın ən məşhur rejissoru gəlsin, aktyorluq sənəti
olmayan adamı oynada bilməz. Bu iş adamı
özünü düşündü, istədi ki, ekranda
görünsün. Bax belə məqamlar Azərbaycan
teleserialında var.
-Siz müsahibənin girişində
bildirdiniz ki, Azərbaycanda dövlət film
studiyalarının fəaliyyəti yüksək səviyyədə
deyil. Bəs, özəl studiyalar necə? Varmı belə
studiyalar ki, müvafiq dövlət qurumları bunda maraqlı
olsun, onlara maddi dəstək versin?
-Özəl studiya yaratmaq
böyük maliyyə vəsaiti tələb edir. Studiyanın laboratoriyası olmalıdır ki, lentləri
aşkarlamaq üçün. Onun montaj
otağı, nəqliyyat vasitələri, nələri-nələri
olmalıdır. Azərbaycan kinosu birdən-birə
yaranmadı ki... Hələ sovet dövründə diqqət
yetirəndə məlum olurdu ki, indiki Azərbaycan filmi hətta sovet
filmi ilə ayaqlaşa bilmir.
-Sovet dövrü olan XX əsrlə müqayisədə
XXI əsrdə texnologiya inkişaf edib. Sovet dövründə
10 illərlə qazanılan uğuru, texnologiyanın
inkişafı sayəsində indi bir neçə ilə
qazanmaq olmazmı?
-Xeyir, olmaz. Texnologiya əsas
deyil, əsas insan amildir. Mütəxəssislər
olmalıdır. Yenə hər şey gəlib
dayanır insan amilində. Gəmi gözəl
gəmidir. Onu sürəcək gəmiçi
olmalıdır, onun heyyəti olmalıdır: gəmi
kapitanı var, mexaniki var. Onları birdən-birə gəmini
idarə etməyə buraxmırlar ki. Onlar gəmiçilik
məktəbini bitirirlər, xırda gəmilərdə
işləyirlər, təcrübə toplayırlar, idarəetməni
öyrənirlər, sonrada onlara nəhəng gəmiləri
idarə etməyə icazə verirlər, gəminin
kapitanı olurlar. Və o da bu işi
bacarır, öhdəsindən gəlir. Hərbidə
də belə bir təcrübə mexanizmi var. Hərbi məktəbi
bitirənə leytenant rütbəsi verilir. 40
yaşına çatanda mayor, ya da polovnik-leytenant rütbəsi
verilir... Kino da belədir. “Azərbaycanfilm”
kinostudiyasından mən niyə getdim? Çünki həm
də yaradıcı adam orada
qalmamışdı.
-Deyirsiniz ki, kino sahəsi ilə
bağlı yerli mütəxəssislərin bəziləri vəfat
edib, bəzilərinin problemi var. Bəs xarici mütəxəssislər
dəvət olunması ilə kino sənətini inkişaf
etdirmək olarmı?
-Bu çox baha başa gələcək.
Bizim rejissorlara pul verirlər e, kino çəkmək
üçün. Onun iki-üç
qatını xarici mütəxəssisə verməli olacaqlar.
Bir müqayisə aparaq. “Neftçi” futbol
komandasının aldığı bütün oyunçularının qiyməti İspaniyanın
orta səviyyəli futbol komandasının aldığı
bir futbolçunun qiymətindən belə
aşağıdır. Droqbanı “Neftçi”
alardı də. Onu “Qalatasaray” aldı.
Həm də ki, bir güllə bahar olmur
axı. Bir oyunçu ilə qalibiyyət
qazanmaq olmaz. Gərək hamı uğurlu
oyunçu olsun, peşəkar olsun, yüksək səviyyəli
oyunçu olsun. Yəni, rejissor gələcəksə,
özü ilə komandasını gətirəcək.
Özünün işlədiyini, inandığı, əməkdaşlıq
etdiyi 3 operatorunu gətirəcək, eləcə də, səs rejissorunu...
İstəsə aktyor də dəvət edəcək.
Peşəkar olmayanlarla işləmək istəməyəcək.
Axı bu, Azərbaycan kinosu olmayacaq! Azərbaycan kinosunun
inkişafı olmayacaq!
-Sizlə müsahibəyə
hazırlaşərkən, internetdə axtarış
apardım. Məlum oldu ki, büdcəsi olmadan
kinolar çəkilib. Hətta festivallarda
mükafat alıblar. Dünya təcrübəsində bu
var. Azərbaycan kinosunda necə, bu fədakarlıq varmı?
-Bəlkə də
belə bir adam olub, ya da olacaq Azərbaycanda. Yenə deyirəm
istənilən halda istedad olmalıdır. Vaxtı ilə Hindistanda Rac Kapur “Avara” filmini çəkdi.
Ordan-burdan pul tapmaqla bunu etdi. Gerçəklik
budur ki, adam istedad idi. Ətrafında
da istedadlı adamlar var idi. Doğrusu mən
bunu Azərbaycanda görmürəm. Hə,
bayaq soruşdunuz ki, mənim məktəbim varmı? O
suala bu məqamda da cavab vermək istəyirəm. Öyrənmək
istəyən adam varsa, öyrədim. Film çəkibsə, mənə göstərsin,
təklif və iradlarımı bildirim. Yaxın
keçmişdə Gəncə şəhərində idim.
Məni Gəncənin televiziyasına dəvət
etdilər. Gənc müəllif, rejissor
var idi orda. Mənə göstərdilər,
bir-iki işlərinə baxdım. Soruşdum
ki, inciməsələr irad və təkiflərimi deyərəm.
Qəbul etdilər, mən də dedim. Mənə
təşəkkür etdilər və düzəltdilər. Demək istəyirəm ki, məktəb
elə iş prosesində olmalıdır.
-Kino sənətinin inkişafı
üçün film festivallarının olması
arzuolunandır. İnternetdə
apardığım başqa araşdırma nəticəsində
öyrəndim ki, Azərbaycan son zamanlar film festivalları
keçirilmir. Niyə keçirilmir?
-Bəli, siz özünüz elə kino sənətinin inkişafı üçün addımların atılmadığının təsdiqini tapmısınız. Bu bir faktdır ki, siz də araşdırmısınız. Baxın elə bu Azərbaycanda kinoya olan münasibətin göstəricisidir. Əvvəla Azərbaycanda kino festivalı keçirilmir. Keçirilsə belə, gərək burada Azərbaycan da öz filmini təqdim etsin. Keyfiyyətli film isə yoxdur. Bunu kino ilə əlaqədar qurumlar, şəxslərin özləri bilirlər, anlayırlar. Ona görə də festivallara ehtiyac görmürlər.
Ramid İBRAHİMOV
Bizim yol.-2014.-21 yanvar.-S.13.