“Benzinimiz
kimi, kinomuz da dünya standartlarına cavab vermir”
-Sovet hakimiyyəti dövründə
kino festivalları var idi. Bu festivallara
hazırlıq üçün kino istehsalı sistemi
qurulmuşdu. Keyfiyyətli filmlər
hazırlanırdı deyə, festivalların keçirilməsi
labüdləşirdi. Amma indi Azərbaycanda
festivallara ehtiyac yoxdur, çünki keyfiyyətli film yoxdur.
Deyim ki, o zamanlar gürcü filmləri məşhur
filmlər idi, səbəb də keyfiyyətli filmin çəkilməsi
idi. Festivallarda tələblər də həddən
artıq yüksək olurdu. Kinoda
yaradıcılıqla yanaşı onun texniki tərəfi də
önəmlidir, hadisələrin necə təsvir olunması,
əlaqləndirilməsi əsasdır. Bildirim ki, hər filmin öz
açarı, kilidi var. Bir filmin açarı ilə başqa
filim açarı eyni ola bilməz. Mən başqa film üçün günlərlə
başımı sındırıb yeni klid, açar
hazırlayırdım. Elə olurdu ki, həmin
açar yuxuma gəlirdi.
Yeri gəlmişkən Sovet
dövründə kinoya maraq yaradan səbəblər
vardı. Onlardan biri də kinonun yayılmasına imkanların
yaradılması idi. Şəhərdə
insanların və nəqliyyatın intensiv hərəkət
etdiyi ərazilərdə kinoplakatlar olurdu. Və burada sovet ölkələrinin
hamısının kinolarının elanı yerləşdirilirdi.
Məsələn, Azərbaycanın “Nəsimi”
filminin elanını Moskvada görmək olurdu. Elanda bildirilirdi ki, məsəlçün,
bir həftə film filan kinoklubda göstəriləcək.
İndi kinoplakatları şəhərdə demək
olar ki, görmək olmur. Əgər kino dövlətin
deyil, iş adamının maliyyəsi ilə çəkilibsə,
o zaman həmin filmə iş adamı öz mülkiyyəti
kimi baxacaq. Elanı verib-verməyəcəyini
özü planlaşdıracaq. İş
adamı üçün isə filmin geniş
tamaşaçı kütləsinə təqdim
olunub-olunmaması maraqlı deyil. İş
adamının yalnız biznes marağı var, filmdən nə
qədər pul qazana biləcəyi onu maraqlıdır.
Sonra, kinonun yayılması ilə
bağlı onu da deyim ki, Sovet dövründə kino təkcə
yerli televiziya
kanalında (AzTv-də) deyil, bütün SSRİ-yə daxil
olan ölkələrdə yayımlanan Moskva televiziyasında
da göstərilirdi. Nəticədə ittifaqa
daxil olan ölkələrin hamısı filmi izləmiş
olurdu. Maraq yaranırdı, sevgi vardı.
-Nazim müəllim, dünya kinosunda müxtəlif
tendesiyalar var, sizcə Azərbaycan kinosu janr
baxımından bunlardan hansını seçməlidir?
-Vallah, bunu demək çətindir.
Dünya kinosi indi hər bir janr üzrə elə səviyyədədir
ki... Kino dünyada artıq kommersiya sahəsi
olub. Müəyyən yarmarkalar
keçirilir, prodüserlər, rejissorlar burada iştirak edir.
Festivallar təşkil olunur. Mən 1969-cu ildə Kann festivalında iştirak
etmişəm. Orada öyrəndim ki,
festivalda yeni filmlər gətirilir. Hansı
ki, bu filmlər keyfiyyət baxımından yüksək tələblərə
cavab verir. Bunlar öncədən
seçilmiş filmlər olur, filmi istehsal edən studiyalar ilə
müqavilələr bağlayırlar. Vurğulayım
ki, orada film kommersiya sahəsidir. Festivalın
Təşkilat Komitəsi həmin filmləri seçir.
Bizdə çəkilən filmlər o rəqabətə tab
gətirə bilərmi? Kimsə bizim filmlər
üçün müqavilə bağlayacaqmı? Tələblər yüksəkdir. Yaradıcılıqla yanaşı texniki tələblər
var, hansi ki dünya standartlarına cavab verməlidir. Baxın, bizim benzini onlar işlətmir. Gürcüstanda Azərbaycan Dövlət Neft
Şirkətinin yanacaqdoldurma məntəqələri var. Bu
yanacaqdoldurma məntəqləri qonşu ölkədə
bizim benzini satmır, Ruminiyadan və başqa ölkələrdən
aldığı benzini satır. Bizim benzin
dünya standartlarına cavab vermir.
-Gürcüstandan söhbət
açdınız, qonşu ölkənin Azərbaycanla
müstəqillik tarixi yaxındır. Gürcüstanın
son filmlərinə baxmısınızmı, bu ölkənin
kino istehsalat sahəsi ilə maraqlanmısızmı?
-Son filmləri ilə tanış
deyiləm. Əvvəllər, yəni Sovet
hakimiyyəti illərində filmləri izləmək olurdu.
Öncə dediyim kimi filmlərə SSRİ-nin paytaxt kanalında
baxırdıq, kinokublarda baxırdıq. İndi o imkanlar sıfıra bərabərdir. Bildiyim qədər gürcülər yaradıcı
potensialı saxlamağı bacarıblar. Sovet
dövründə də onlar kino sahəsində öndə
gedirdilər. İstər rejissor, istər
ssenari, istərsə də aktyor baxımından yaxşı
mənada fərqlənirdilər. Onların
çox sənətkarlarını SSRİ miqyasında
tanıyırdılar. Bizdə
elə tanınan adam çox az idi. Gürcülərdə artıq kino ənənəsi
formalaşıb.
Bizdə
dağıtmağı çox sevirlər. Dağıdırlar,
sonra da təəssüflənirlər. Məsələn,
İçərişəhərdə olan məscidlərin
birində - bir vaxtlar orada Xalça muzeyi yerləşirdi -
Qız qalasının yaxınlığında olan bu məscidin
hasarı var idi. Minatürnü məscid
idi. Ağıllarına nə gəldisə
başladılar hasarı sökməyə.
Söküb-dağıdandan sonra gördülər ki,
arxitekturalı hasar məscidə yaraşıq,
baxmlılıq verirmiş. İndi
maraqlılığı azalıb. Yetim
görkəmini alıb. Barmaqlarını
dişlədilər və yenidən başladılar hasar tikməyə.
İndi o hasar tarixi hasar deyil, yenidir. Dağıtmaq çox asandır, tikmək çətindir.
- Azərbaycan dövlətinin mədəniyyətə
qayğısında kinoya olan münasibət hansı səviyyədədir?
-Vallah, mən o münasibəti bilmirəm.
Onu bilirəm ki, kinoya qayğı yaradıcılıq
baxımından görsənmir. Azərbaycan kinosu can
verir. Televiziya şirkətlərinin
studiyalarına dövlət büdcəsindən vəsait
ayrıldı ki, serial çəksinlər. Mən
pulların ayrıldığı vaxtda dedim ki, bu pullar göyə
atılmış pullardır. Heyf... Mənasız
idi bu ayırma. Gözlənildiyi kimi nəticəsi
də olmadı. 6-7 televiziya studiyası
bunun öhdəsindən gələ bilmədi. Həvəskar, dərnək
səviyyəsində çəkilmiş teleseriallar oldu.
Görünür kinoya qayğını
başqa istiqamətdə etmək lazımdır. Kino istehsalat sahəsini təşkil edən adamlar
olmalıdır, mütəxəssislər olmalıdır.
Hansı ki, o adamlar kinonun təşkilatı ilə
məşğul olurlar, maliyyə problemlərini həll edirlər.
Rejissor nə desə həmin təşkilatçılar
soruşmadan rejissorun istəyini həyat keçirirlər.
Təşkilatçıların,
rejissorların niyə lazım olmasını göstərmək
üçün gəlin müqayisə aparaq. Baxın, yaşayış binası tikirlər.
Bunun üçün yer müəyyənləşdirilib,
tikinti materialları həmin yerə gətirilib. Orada ayrı-ayrı tikinti materialları var. Tikintini
tikib başa çatdırmaq üçün memarı,
“prorravı” olmalıdır ki, qarşıya qoyulan məqsədə
çatılsın. Həmin bina
“proravın” məhsuludur. Hara betonun
tökülüb-tökülmədiyini “prorrav” müəyyənləşdirir.
Kinonun da təşkilatçıları
olmalıdır. Bu işi bilən adam
olmaldır ki, uğurlu məticə alınsın.
Deyim ki, indiki mərhələdə
Azərbaycan kinosunu ayağa qaldırmaq üçün sənədli-puplisistik
filmlərin çəkilməsinə şərait
yaradılmalıdır. Bu filmləri
dünya miqyasına çıxarmaq, hətta Azərbaycan
kinosuna çoxsaylı tamaşaçı kütəsi
qazandırmaq da olar.
Məsələn, mən 2006-2010-cu
ildə qondarma “erməni
soyqırımı” ilə bağlı olaraq 4 sənədli
film çəkdim. Bu filmləri çəkmək
üçün Azərbaycanla yanaşı Gürcüstan və
Türkiyədə oldum. 4 dəfə
Türkiyəyə səfər etdim. Bu
filmləri çəkmək üçün vaxta
ehtiyacımız oldu. Aylarla işlədik.
Filmin həm araşdırmaçısı, həm
ssenari müəllifi, həm də rejissoru mən idim. Bu, Azərbaycanda çəkilən ilk müəllif
filmidir. Bu filmlər tarixi-puplisistik filmlərdir.
Mən deyim ki, səndəli
filmlərə ehtiyac var və bunun ənənəsi də
var. Bu sahədə
uğurlar da olub. 12 seriallı “Məmləkət”
filmini mən çəkməmişdən öncə Azərbaycan
kinosunda Azərbaycan tarixi ilə bağlı heç nə
bilinmirdi. Ta qədimdən başlayaraq “Əsrin
müqaviləsi”nin imzalandığı
tarixə qədər olan hadisələri filmdə əks
etdirdim. Bu kinodan sonra Norveçin Azərbaycanda
olan səfirliyinin sponsorluğu ilə məni Nobel
mükafatı mərasiminə göndərdilər. Bu film onların xoşuna gəldi və mənə
yenə müraciət etdilər. Dünyada
Azərbaycana Əfqanıstan kimi baxırdılar. Dəvətləri ilə getdim yenidən Norveçə,
orada iki seriallı film çəkdim. Film
həm Azərbaycan, həm də ingilis dillərində oldu.
Yenə deyirəm sənədli film sahəsində
fəaliyyəti davam etdirmək olar. Mövzular da var.
- Siz ssenaristlərdən
danışdınız. Fikrinizcə, Azərbaycanda
ssenaristlər düşündüklərini sərbəst
olaraq yaza bilirlərmi?
-Başqalarını bilmirəm, mən
yazmışam. Mənim ssenarimlə çəkilən
filmlər tarixi filmlər olub, yəni sənədli filmlər
olub. Yazdıqlarımı tarixi sənədlərlə
əsaslandırdım. Qondarma “erməni
soyqrımı” ilə bağlı çəkdiyim filmlər
Ermənistan və Rusiyada arzuolunmaz şəkildə
qarşılandı. Qərəz
açıq-aşkar görünürdü. Mən filmi yalnız Azərbaycan mənbələrinə
deyil, Rusiya və ingilis mənbələrinə əsasən
hazırladım, çəkdim. Əsasən
də ermənilərin öz mənbələrinə əsasən
çəkdim. Mənbələrimi də
göstərdim filmdə.
Azərbaycan filminin ölməməsi
üçün sənədli filmlərin çəkilməsi
arzuolunandır. Bəlkə də başqası başqa
çür fikirləşir. Mən belə
düşünürəm, belə görürəm və
düşündüyümü, gördüyümü deyirəm.
Filmoqrafiya
Qeyd edək ki, həmsöhbətimiz Azərbaycan
şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığından
bəhs edən “Vaqif” filminin (1968) rejissorudur. Onun rejissorluq etdiyi bir film də
1975-ci ildə çəkilmiş “Qeyri-adi dəniz”dir. Sənədli
televiziya filmi Mingəçevir "dənizi"nə və
Mingəçevir şəhərinə həsr olunub. Burada Azərbaycan EA Zoologiya İnstitutu
laboratoriyası əməkdaşlarının balıqlarla
bağlı apardıqları tədqiqatlar barədə də
söhbət gedir.
Nazim Rza İsrafiloğlu 1977-ci ildə çəkilən
“Dağlıq Qarabağ” filiminin də rejissorudur. Bu televiziya
filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə,
sakinlərinə, mədəni həyatına, sənaye və
kənd təsərrüfatına həsr olunub. Eləcə
də, 1978-ci ilin istehsalı olan “Azərbaycan narı” filminin
rejissorudur. Bu sənədli televiziya filmində
Azərbaycanda yetişdirilən narın xüsusiyyətləri,
onun bənzərsiz keyfiyyəti, nardan alınan müxtəlif
məhsullar və bu məhsulların tətbiq edilməsindən
danışılır.
Onun rejissorluq etdiyi bir film də “Əsrlərin
yadigarı” filmidir. Film 1967-ci ildə çəkilib. Film qədim tarixi abidə, Abşeronun müdafiə
qalalarından biri-Qız qalası haqqındadır.
Və
“İş günündən sonra” filmi, 1983-cü ilin istehsalı olan
bu film Sumqayıtın sanatoriya-profilaktoriyalarında peşə
xəstəliklərinin müalicəsi sahəsində
görülən işlərdən bəhs edir.
Ramid İBRAHİMOV
Bizim
yol.-2014.-22 yanvar.-S.13.