Kinomuzun
Ceyhun Mirzəyev məqamı
Bir çox kino adamları “kino mənim
həyatımdır” deyə bilərlər: bu sənəti həyatı
qədər sevdiyindən, yaxud kino aləminə
ömrünün ən yaxşı illərini
bağışladığından. Ceyhun Mirzəyev
də belə deyirdi. Amma onun bizim
gördüyümüz, bildiyimiz həyatının
bütün məqamlarının başlıca
özgünlüyü olan səmimiliyinin nagahani təsirliliyi
bu deyimə ayrı bir ahəng verirdi; onun çəkiliş
meydançasında ilk iştirakı 1 yaşında ikən
baş tutmuşdu. 1 yaşlı oğlan
uşağının dil açar-açmaz poetik
parçalar söyləmək bacarığını görən
kino işçiləri Ceyhunu İ. Piryevin “Sibir
torpağı haqqında dastan” filminin çəkilişlərinə
aparıblar. Bundan sonra biz kinosevərlər onu tez-tez
görməyə başladıq – “Koroğlu”, “Əsl dost”,
“Bir məhəlləli iki oğlan”, “Cazibə qüvvəsi”,
“Görüş”, “Ögey ana”, “Yenilməz batalyon”, “Lətifə”,
“Yol əhvalatı” və s. Tez də itirdik. İlk
rejissor işi həm də sonuncu oldu – “Fəryad” filminin
sarsıntısı iliyə elə işlədi ki, çox
keçmədən o fəryad Ceyhun Mirzəyevin bu
dünyanı qəfil tərk etməsinin onu sevənlərin
qəlbində qopardığı fəryada
qarışdı.
(Vaxtsız ölsəm,
Çox yaşadı, deyin.
Vaxtsız öldü,
deyin, qoca ölsəm.
Bir il yatıb,
ölsəm,
qəflətən öldü, deyin.
Uzun sürən xəstəlikdən
sonra öldü, deyin, qəflətən
ölsəm...
Vaqif Səmədoğlu)
Dosye:
Ceyhun Cəmil oğlu Mirzəyev 9 aprel 1946-cı ildə
Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq fakültəsini (Rza Təhmasibin kursu)
bitirib. Təhsilini Moskvada təkmilləşdirib.
Lap kiçik yaşlarından kinoya gəlib - əvvəlcə
rollarla, sonralar isə assistent, rejissor köməkçisi,
aktyor və rejissor kimi. Duzlu, sərrast
süjetlər çəkdiyi “Mozalan” satirik
kinojurnalının bədii rəhbəri də olub. Parodiyaçılıq qabiliyyəti çox
güclü imiş. Hətta “Mozalan”ın mozalan
vızıltısını da o, səsləndirib.
Filmoqrafiyasına “Axırıncı aşırım”, “Bəyin
oğurlanması”, “Cazibə qüvvəsi”, “Dəli Kür”,
“Ən vacib müsahibə”, “Əsl dost”, “Fəryad”,
“Görüş”, “İşarəni dənizdən gözləyin”,
“İstintaq davam edir”, “Koroğlu”, “Qanlı zəmi”, “Qanun
naminə”, “Qara qağayı” (“Lenfilm”), “Lətifə”, “Mateo
Falkone”, “Ögey ana”, “Snayperlər” (“Mosfilm”), “Yenilməz
batalyon”, “Yol əhvalatı” və s. kimi ekran əsərləri
daxildir.
C.Mirzəyevin ömür-gün
yoldaşı Lidiya Qriqoryevna:
O, “Fəryad” fimini təkcə film
kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə
xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox
sarsılırdı. Çəkilişlər
Goranboyda aparılırdı. Qayıdandan
sonra aldığı qonorarı qəpiyinəcən
Xocalı qaçqınlarına paylamışdı. Ceyhun başqa cür hərəkət edə bilməzdi.
Yoldaşları danışırdılar ki,
çəkilişlərdə ürək dərmanlarının
hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii
olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını
döyməsi kadrları çəkiləndə təkid
edirmiş ki, əməlli-başlı döyün, yalandan
görüntü yaratmayın”.
Valideynləri
İndi
çoxları özünün, ailə üzvlərinin
kommunist keçmişini etiraf etməkdən çəkinir.
Tərcümeyi-halının bu səhifəsini
ondan imtina edəcək dərəcədə ayıb
sayır. Lakin məgər “sosializm”, “proletarlar”, nəhayət,
sovet adamının ən yüksək keyfiyyət göstəricisinin
təyini olan “kommunist” anlayışları təkcə bir
qisim insanlaramı aiddi? Əlbəttə, yox.
Kitablarda yazılan, qəzetlərdə təbliğ
edilən sözlərin, şüarların əmələ,
gerçəyə çevriləcəyinə inananların
aldanışı hər halda onların günahı deyildi.
Ceyhun Mirzəyevin atası Cəmil Camal oğlu Mirzəyev
sovet hökumətinin ilk illərində göstərdiyi xidmətlərə
görə Qırmızı Əmək Bayrağı Ordeni
ilə təltif edilmiş ilk azərbaycanlı orqan
işçisi idi. Şuşa realnı məktəbində
və Gəncə zabitlər məktəbində təhsil
alıb. Azərbaycan Demokratik
Respublikasının milli ordusunda zabit kimi xidmət edib. Sovet dövründə, yəni 1921-1938-ci illərdə
Azərbaycan Fövqəladə Komissiyasında, milis, cinayət-axtarış
orqanlarında məsul vəzifələrdə
çalışıb. 1938-ci ildə
qanunsuz əmrləri yerinə yetirmədiyinə görə
orqan işçisi sıralarından kənarlaşdırılıb.
1951-ci ildə vəfat edib. Bu
məlumatı diqqətinizə çatdırmaqda məqsədimiz
“ot kökü üstə bitər” atalar sözünün və
təbii ki, düzgün tərbiyənin gerçək
timsalını bir daha vurğulamaqdır.
Ceyhun 3 yaşında
ikən atasını itirib. Milliyyətcə
gürcü olan anası Marqarita xanım oğlunun kiçik
yaşlarından çəkiliş meydançasında
özünü suda balıq kimi hiss etdiyini sezib (şübhəsiz
ki, yaradıcılığa, incəsənətə daha
güclü meyli ilə seçilən gürcü genlərinin
təsiri öz işini görüb), onun gələcək
yaradıcılıq yoluna dayaq olmuşdu.
Lidiya
Qriqoryevna: “Nəinki işlərində, anası Ceyhuna həyatının
bütün məqamlarında ruh verirdi. Ceyhun
atasını itirəndə çox balaca olub. Onun o cür geniş qəlbli, son dərəcə vətənpərvər
insan kimi böyüyüb boya-başa çatmağı, təbii
ki, anasının düzgün tərbiyəsinin nəticəsidir”.
Allah
adamı
Deyirlər,
dünyasını erkən dəyişən adamlar Allah-təalanın
sevdiyi, Yerdəki dünyada yaşadığı ömür ərzində
davranışını bəyəndiyi bəndələridir.
Bəlkə də bu, bir təsəllidir. Amma “deyirlər” kəlməsi ilə başlanan
bütün mətləblərdə iki eyni təsir qüvvəli
məna gizlənir. Biri odur ki, bu kəlmə
mətləbin nəsillərdən-nəsillərə,
ağızdan-ağıza keçib-gəldiyini bildirir. Digər mənadan isə bu deyim ətrafında
düşüncələrimizin ənginliklərinə
baş vurmaq məqamı boylanır.
Lidiya xanım deyir ki, Ceyhun Allah
adamı idi... Bu cəhəti sezmək onu
yalnız filmlərdə görən adi tamaşaçı
üçün də çətin deyildi.
Çünki tamaşaçı Ceyhun Mirzəyevin evində
üç səmavi dinin üçünə də aid
müqəddəs kitabların – Tövratın, İncilin və
Qurani-Kərimin – olmasından xəbərsizdi. Bu,
heç əsas da deyil. Əsas olan Ceyhun
Mirzəyevin gözlərindəki, bütün
davranışındakı səmimilik idi. Bu səmimilik elə qüdrətli dərəcədə
idi ki, qarşısındakı ən alçaq xislətli
insanı belə tərk-silah etməyə qadir idi.
Lidiya Qriqoryevna: “1988-ci ildə ermənilər
azərbaycanlıları Qərbi Azərbaycandakı ata-baba
yurdundan deportasiya edəndə Ceyhun deyirdi ki, gör, bu insanlar
necə bütöv şəxsiyyətdirlər ki, ermənilərin
içində baş çıxarıblar. Bu
hadisələr onu elə sarsıtmışdı, xarakterindəki
fədakarlıq, millilik, vətəndaşlıq xüsusiyyətlərini
elə üzə çıxarmışdı ki,
bütün fikri-zikri yalnız cəbhədə idi”.
Ailədəki
Ceyhun Mirzəyev
Lidiya xanım deyir ki, Ceyhun Mirzəyev
ömür-gün yoldaşı, ata, ailə
başçısı kimi olduqca istiqanlı adam
idi.
“Qonaq qəbul etməyi
çox sevirdi. Özü də deyirdi ki,
Lida, evdə yeməyə-içməyə nə varsa,
hamısını gətir, süfrəyə qoy. Ceyhun ya ailəsini dostlarına, ya da dostlarını
ailəsinə qurban verən kişilərdən deyildi. Ən yaxın, ən sadiq dostları rəhmətlik
Səməndər Rzayev idi, bir də Fuad Poladov. Dostlarına da, ailəsinə də eyni dərəcədə
diqqətli idi. Ümumiyyətlə,
hamıya diqqət ayırmağı özünə borc
bilirdi. Kinostudiyadakı qızlar danışırlar ki,
hər il 8 Mart bayramında yalnız Ceyhun
bütün qadın əməkdaşları çiçəklə
təbrik edirdi. O, başqalarına, ümumi rifaha münasibətdə
o qədər diqqətli idi ki, dövlətin çəkiliş
üçün ayırdığı vəsaitə qənaət
edirdi. Gözəlliyi sevirdi. Məni, qızımız Cəmaləni həmişə
geyimli-kecimli, baxımlı, yaxşı əhvalda görmək
istəyirdi. Biz tanış olanda onun
18 yaşı var idi, mənim isə 17. Buraxılış
gecəsində bir-birimizi görmüşdük. Yeddi ildən sonra tamamilə təsadüfən yenidən
görüşəndə o, artıq məşhurlaşmış,
hətta bir qədər ədalı olmuşdu. İlyarımdan sonra, 1973-cü ildə evlənməyə
qərar verdik, başa düşdük ki, bu, taledir.
Ceyhun ev-eşiyinə çox bağlı adam
idi. Heç yerdə uzun müddət qərar
tuta bilmirdi. Evdə bitkilərin, müxtəlif
canlıların olmasını, onlara qulluq etməyi
xoşlayırdı”.
“Kino mənim
həyatımdır”
Lidiya xanım
danışır ki, Ceyhun Mirzəyev üçün kino həm
sevib-seçdiyi peşə, həm də həyatının ən
munis anlarını yaşaya biləcəyi məşğuliyyəti,
sənəti idi. Yeri gəldikcə də
məqaləmizin yarımbaşlığındakı sözləri
sonsuz vəcdlə söyləyirmiş.
Böyük Vətən Müharibəsi qəhrəmanı
Aliyə Moldaqulovanın rəşadətindən
danışan “Snayperlər” filmində Moldaqulovanın dəstəsində
siyasi bölmənin rəhbəri olmuş Salayev rolunda çəkilmişdi. Salayevin
anası oğlunun obrazını ekranda canlandırmış
Ceyhun Mirzəyevə öz oğlu qədər
bağlanıbmış.
Hərdən
Yaradanın alnımıza nə yazdığından, yəni
qismətimizin nə olacağından xəbərdar olmaq
keçir ürəyimizdən.
1993-cü il
martın 7-də Azərbaycan Televiziyası ilə efirə gedəcək
verilişin titrinə necə olmuşdusa, “Ceyhun Mirzəyevin
xatirəsinə” sözləri yazılmışdı. Halbuki həmin verilişi seyr etməyi verilişin qəhrəmanının
özü də gözləyirdi. Bu da sənə
alın yazısının bəlirtisi...
Lidiya Qriqoryevna: “Fevralın 28-də
televiziya əməkdaşları veriliş hazırlamaq
üçün evimizə gəlmişdilər. Martın 5-də
Ceyhun telestudiyaya getmişdi ki, verilişin efirə veriləcək
variantı ilə tanış olsun. Saat 8-i ötəndən sonra narahat olmağa
başladım. O, heç vaxt o cür xəbər-ətərsiz
yubanmazdı. Dostlarına, tanışlarına
zəng vurdum. Sakitləşdirib dedilər
ki, narahat olmayım, 8 Mart ərəfəsidir, yəqin, Cəmaləylə
mənə hədiyyə seçir. Doğrudan
da, hədiyyə üçün ayırdığı 250
rublu sonra cibindən tapdıq. (Lidiya
xanımın səsi titrəyir, bir neçə saniyəlik
pauzadan sonra sözünə davam edir). Sən demə, elə
telestudiyada halı xarablaşıb, ürəyi dayanıb...
Onun vəfatından sonrakı illər
ərzində dostlarından, tanışlarından çox az adam özünü Ceyhunun
sağlığında olduğu kimi aparmaqda davam edir. Deməli, məhz onlar əsl dostlardır. Daha Ceyhuna öz xeyri xatirinə “dostumsan” deyənlərdən
deyillər. Fuad Poladovdan çox
razıyam. Həmişə tədbirlərdə,
verilişlərdə məqam yarandıqca, yeri
düşdükcə Ceyhunun adını çəkir, aktyor
kimi, rejissor kimi, ən əsası da Dağlıq Qarabağ
münaqişəsini əks etdirən ilk filmin rejissoru kimi
xidmətlərindən danışır”.
Yaxşı ki,
valideynlərinə çox bənzəyən övladlar var.
Ceyhun Mirzəyevin yeganə övladı Cəmalə zahirən
də, anasının dediyinə görə, xasiyyətcə
də, atasının eynidir. 2001-ci ildə
Cəmalənin atasının xatirəsinə həsr etdiyi
"Ëèøü áû ñâåò òàëàíòîâ íå óãàñ" adlı poetik
parçalar kitabı işıq üzü görüb.
Samirə Behbudqızı
Bizim Yol.- 2015.- 9
aprel.- S.15.