İnsanın təbiətə yüklənməsi
Və ya dünyamızı niyə
məhv edirik?
16-31 iyul 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə "Bizim Yol"a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 104 müddətli "məcburi göstəriş" verilib: "Ümumilikdə, 65 iş üzrə 122322.6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 320 iş üzrə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib".
Ekoloji mədəniyyət
Ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət dövlətin səlahiyyətində olsa da, bu sahədə həssaslıq nümayiş etdirmək də vətəndaşların üzərinə düşür. Ekoloji mədəniyyətin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısının bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli genişmiqyaslı aksiyaya başlanmışdır.
Ekoloji problemlərin aktuallığı müxtəlif ölkələrin liderlərinin bəyanatlarında dəfələrlə qeyd edilmişdir. BMT-nin Baş katibi Pan Gi Mun keçirilmiş ekologiya məsələlərinə dair zirvə toplantısında Yer kürəsinin gələcəyi ilə əlaqədar narahatlığını konkret şəkildə belə ifadə etmişdir: "Bəşəriyyətin planetimizdə labüd iqlim dəyişikliklərinin qarşısını almaq üçün cəmi on ili var". Azərbaycanda əhalinin gələcəkdə bioloji varlıq kimi mövcudluğuna aidiyyəti olan bu mühüm məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ekoloji məsuliyyət
Daha bir önəmli məqam ekoloji məsuliyyətlə bağlıdır. XXI əsrin ekoloji problemlərin həlli zamanı xüsusi diqqəti, bu fəaliyyətin əsas iştirakçılarının, hökumət, özəl sahə və vətəndaş cəmiyyəti daxil edilməklə, məsuliyyətinə yetirmək lazımdır. Təbiətin hüquqi mühafizəsinin vacib tərkib elementi olan məsuliyyət ətraf mühitin qorunması haqqında qanunvericiliyin pozulmasında da məsuliyyəti müəyyən edir. Ekoloji məsuliyyət - hüquq tərəfindən təbiətin obyektləri və onun komplekslərinin mühafizəsinə aid hüquqi qaydaların tələblərinin pozulması zamanı əmələ gələn qeyri qənaətbəxş nəticələridir. 8 iyun 1999-cu il tarixli "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanununun 78-ci bəndində kompleksli halda ekoloji hüquq üzrə məsuliyyətin qanunverici şəkildə ifadə olunması nəzərdə tutulur.
Burada qeyd edilir ki. ekoloji qanunpozuntulara görə məsul işçilər və vətəndaşlar inzibati, maddi, vətəndaş-hüquqi, vəzifəsinə görə, bir də cinayət məsuliyyəti daşıyırlar, müəssisə, idarə, təşkilatlar isə - Azərbaycan Respublikasının qeyd edilən qanun və digər qanunverici aktlara uyğun inzibati və vətəndaş-hüquqi məsuliyyəti daşıyırlar. Hüquqi pozuntulara məsul olanlar haqqında müddəalar aşağıdakı qanunverici aktlara aiddir:
- Azərbaycan Respublikasının torpaq kodeksi;
- Azərbaycan Respublikasının su kodeksi;
- 8 iyun 1999-cu il tarixli Ətraf mühitin mühafizəsi haqqında qanun.
Mədəniyyət və təbiət
Mədəniyyətin zaman və məkan çərçivəsində mövcudluğu haqqında söhbət açarkən hələ antik dövrlərdə coğrafi determinizmin geniş yaydığı ideyalarla - yəni təbiət amillərinin ayrı-ayrı sivilizasiyaların təşəkkülünə, inkişafına təsiretmə müddəaları haqqında fikirlə tanışıq. Başqa sözlə desək, bəşər mədəniyyətinin "vəhşi", "ram edilməyən" təbiətə təsiri haqqında əks təsiri də məlumdur.
Marks və Engelsin fəlsəfəsində qeyd edilir ki, kortəbii şəkildə inkişaf edən mədəniyyət əgər şüurlu qaydada təkmilləşmirsə, özündən sonra boşluq yaradır. Onların fikrincə, insanın təbiət üzərindəki hər bir qələbəsi, həm də onun sivilizasiyaya etdiyi ziyanla eyni olur. Ziqmund Freyd təbiətin insanlara yönəldilmiş əzəmətli, qorxunc gücünə qarşı qüvvələri bir yerə toplayaraq ona qarşı mübarizəsini vacib məsələlərdən biri hesab edirdi. Məhz bunu nəzərə alaraq görkəmli alim yazırdı: "Mədəniyyətin başlıca vəzifəsi, onun həqiqi əsası - bizi təbiətdən qorumaqdır."
Antropologiya elminin təxmini hesablamalarına görə canlı orqanizm kimi insan da bir çox milyon illər əvvəllərə təsadüf edirsə, onun "mədəniyyət" təzahürlərinin tarixi yarım milyon illik tarixə təsadüf edir. Tanınmış kulturoloq-alim N.A.Berdyayev bu zaman kəsiyində insanın təbiətə olan münasibətlərinin dörd mərhələsini təsnif edir:
1) insanın təbiətə yüklənməsi;
2) təbiətdən qopma, təbiətə qarşıdurma və onunla mübarizə;
3) təbiəti mənimsəmək üçün ona müraciəti;
4) təbiətin mənən bərpası.
"Təmiz dünya təmiz həyatdır!"
Bu arada, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun dəstəyilə "Təmiz dünya təmiz həyatdır!" layihəsi çərçivəsində tədbir keçirilib. Layihənin məqsədi gəncləri və bu sahədə biliksiz olan insanları maarifləndirməkdir.
Layihə rəhbəri Turanə Bəşirovanın redaksiyamıza verdiyi məlumata görə, Ağcabədi rayonu Ağabəyli kənd tam orta məktəbinin həyətində layihə müddətində öncədən məlumatlandırılan könüllü gənclərin vasitəsilə məlumatlandırma tədbiri təşkil olunub. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak ediblər. Onlara ekologiya, ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi haqqında məlumatlar verilib və gənclər arasında müxtəlif ekoloji oyunlar keçirilib. Qeyd edilib ki, müasir dövrümüzdə təbiətin mühafizəsi qlobal və ümumi bəşər problem olmaqla bütün dünya xalqlarını düşündürür. Yaşından asılı olmayaraq ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur.
Tədbir iştirakçılarına ekoloji tərbiyə və ekoloji tərbiyənin insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılamasından bəhs edilib. Həyat üçün ekologiyanın qorunmasının vacibliyi xüsusi olaraq vurğulanıb. Sonra şagirdlərə təbiət və ətraf mühitin qorunması ilə bağlı rəsmlər çəkmək təklif olunub. Bu təklif şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onlar həvəslə təbiət rəsmləri çəkiblər. Sonda tədbir iştirakçılarına bukletlər paylanılıb.
(Davamı gələn
sayımızda)
ÜMİD
Bizim yol.-2015.- 11 avqust.-
S. 9.