Azərbaycanda biomüxtəliflik necə qorunur?
Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək. İqlimin dəyişilmələri ərzaq, həyat üçün gəlir və vasitələrin vacib mənbəyi olan daxili su ekosistemlərinə də mənfi təsir göstərir. Belə ki, son 10 ildə dünyada balıqların 20 faizindən çoxu ya itmiş, ya itmək təhlükəsi altındadır, ya da nadir hesab oluna bilər.
Bir sözlə, iqlimin dəyişilməsi biomüxtəlifliyə təhlükə törədir. Nə qədər acınacaqlı olsa da, XXI əsrin başlanğıcında bəşəriyyət iqlim dəyişiklikləri ilə üzbəüz qalıb. Odur ki, yaranmış vəziyyət biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlər görülməsini tələb edir.
Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.
2006-cı ildə Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı qəbul olunub. Bununla yanaşı, son illər biomüxtəlifliyin mövcud vəziyyətinin və inkişaf tendensiyalarının öyrənilməsi, eləcə də genetik ehtiyatların səmərəli istifadə və reintroduksiya məqsədləri ilə toplanması üzrə beynəlxalq və yerli ekspedisiyalar həyata keçirilib.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən davamlı ekoloji siyasət nəticəsində bioloji müxtəlifliyin qorunması üçün xüsusi mühafizə olunan ərazilərə qayğı göstərilir. Bitki genetik ehtiyatlarının pasportlaşdırılması, toplanması, bərpası, çoxaldılması, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə ölkəmizdə görülən işlər də bu qəbildəndir.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi barədə danışarkən bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihəni misal gətirib. (yapaz.org) "Ceyranların tarixi ərazilərə reintroduksiyası layihəsi çərçivəsində 2014-cü ildə 12 baş ceyran Samux rayonu ərazisinə köçürülmüşdür. Beləliklə, reintroduksiya olunmuş ceyranların sayı 150 başa çatdırılmışdır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2014-cü il ərzində Şirvan Milli Parkının İnzibati binası və İnformasiya Mərkəzi əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Hazırda Qızılağac Dənizkənarı Milli Parkının və "Zaqatala-Balakən Biosfer Rezervatının" formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 % -ni təşkil edəcəkdir.
Son illərdə həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılmışdır - 893 min hektar - 9 milli park, 11 qoruq və 24 yasaqlıq.
Meşə ilə örtülü ərazilərin artırılması üzrə 2014-cü ildə 10 min hektardan artıq sahədə meşəbərpa tədbirləri, o cümlədən 2640 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmiş və 3,9 milyon ədəd ağac əkilmişdir. 90 hektar sahədə toxum səpilmiş, 65 hektar sahədə 2,6 milyon ədəd toxmacar, 18 hektar sahədə 8,6 milyon ədəd çilik basdırılmış, 28,3 milyon ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir".
Yaşıllaşdırma işləri sahəsində atılan addımlardan danışan nazir qeyd edib ki, ümumilikdə bu istiqamətdə son 12 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılmış və yeni meşələr salınmış, 100 milyon ədəd ağac əkilmiş, 350 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 min ton toxum tədarük edilmişdir. "Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artmışdır (1 milyon ha).
Abşeron yarımadası və ona bitişik digər arid zonalarda, həmçinin magistral avtomobil yollarının kənarlarında 2014-cü il ərzində 1,2 milyon ədəd müxtəlif növ ağac və kol cinsləri əkilmiş, 608 ha ərazi müasir damcılı suvarma sistemi ilə təchiz edilmiş, 7 ədəd (həcmi 200, 750, 10-20 min m3 olan) su anbarı, 20 ədəd su nasosu, 3 ədəd 100 kVt-lıq transformator quraşdırılmış, 657 kq toxum tədarük edilmiş, 1862 hektar sahəyə 2 min ton üzvi, 453 hektar sahəyə 84 ton mineral gübrə verilmiş, 371 km yanğından mühafizə zolağı çəkilmişdir.
Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilmiş, müasir damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Müxtəlif bölgələrdə 2 100 ha sahədə 1 200 mindən artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir. Belə ki, Azərbaycanda tarixən yaradılmış zeytun bağlarından hal-hazırda 900 hektara qədəri qorunub saxlanılmışdır ki, son zamanlar əkilmiş zeytun ağaclarının hesabına onların sahəsi 3 dəfədən çox artmışdır.
Yaşıllaşdırma tədbirlərinin effektivliyinin, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün Salyan rayonunun Xıdırlı kəndində quraşdırılmış zavodda duzsuzlaşdırılmış su ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunmuşdur. Hazırda kompleksə daxil olan müasir tinglikdə 300 mindən artıq ting və dekorativ gül yetişdirilir".
Hüseyn Bağırov su hövzələrində bioloji resursların artırılması istiqamətində həyata keçirilən təbdirlər haqqında məlumat verərək qeyd edib ki, ötən il ərzində balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, habelə su bioresurslarının mühafizəsi sahəsində müvafiq işlər görülmüşdür. "2014-cü il ərzində 390,2 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,773 mln. ədəd nərəcinsli, 176,0 min ədəd qızılbalıq və 383,2 mln. ədəd çəkikimi balıq körpələri artırılaraq Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.
Hazırda Xıllı Nərə
Balıqartırma zavodunda süni
yetişdirilmiş 5000-dən artıq
müxtəlif yaş qrupuna
mənsub nərəcinsli balıqlardan ibarət təmir-törədici
fond yaradılmışdır. 2014-cü il yaz-yay balıqartırma
mövsümündə burada Azərbaycanda
ilk dəfə olaraq süni yetişdirilmiş
ana balığı öldürmədən
cərrahi əməliyyat vasitəsilə alınmış
kürüdən balıq körpələri yetişdirilmişdir.
Bununla da dənizdəki
ana balıq qıtlığından
asılılıq getdikcə azalır.
Ümumilikdə
su hövzələrində bioloji resursların
artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə
yaxın balıq, o cümlədən nərə cinsli və
qızıl balıq körpələri yetişdirilərək
su hövzələrinə buraxılmışdır".
Elmar
Bizim
yol. - 2015.- 21 avqust.- S. 9.