Azərbaycanın yeddi əsas
ekoloji problemi var
Nazir Hüseyn Bağırov: «Nazirlik ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir»
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin
sürətli inkişafı insan fəaliyyətinin ətraf
mühitə artan mənfi təsiri və təbii sərvətlərin
həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər
ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf
mühitin mühafizəsi və təbii sərvətlərdən
səmərəli istifadə olunması problemlərinin həllinə
böyük diqqət yetirilir.
Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil
edən ətraf mühitin sağlamlaşdırılması
sahəsində nəticə əldə etmək məqsədilə
respublikamızda Avropa qanunvericiliyinin tələblərinə
uyğunlaşdırılmış bir sıra mühüm
qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər,
dövlət proqramları hazırlanmış və təsdiq
edilmişdir.
Respublika üçün aktual olan ekoloji problemlərin
dayanıqlı inkişaf prinsipləri əsasında həll
edilməsi məqsədilə müvafiq dövlət
proqramları çərçivəsində tədbirlər
görülür.
Lakin, uzun illərdən bəri yığılıb
qalmış ekoloji problemləri iqtisadi keçid
dövründə olan Azərbaycanın daxili imkanları
hesabına həll etmək mümkün deyildir.
Azərbaycan
Respublikasının əsas ekoloji problemləri
aşağıdakılardan ibarətdir:
Su
ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi,
o cümlədən transsərhəd çirklənməyə
məruz qalması;
Yaşayış
məntəqələrinin keyfiyyətli su ilə təminatının
aşağı səviyyədə olması, şirin
suların tələbatçılara çatdırılana qədər
itkisinə yol verilməsi, kanalizasiya xətlərinin
azlığı;
Sənaye
müəssisələri və nəqliyyat vasitələri tərəfindən
atmosfer havasının çirklənməsi;
Mmünbit
torpaqların deqradasiyaya uğraması (eroziya,
şoranlaşma və s.);
Bərk sənaye
və məişət tullantılarının, o cümlədən
təhlükəli tullantıların tələb olunan səviyyədə
idarə olunmaması;
Biomüxtəlifliyin
seyrəkləşməsi;
Meşə ehtiyatlarının, faunanın, o cümlədən
balıq ehtiyatlarının azalması.
Bəs bu problemlərin aradan qaldırılması
istiqmatində hansı tədbirlər görülür?
Ekologiya və
təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə
bildirib ki, ətraf mühitin mühafizəsi, insanların
sağlam təbii mühitdə yaşaması və təbii
sərvətlərdən xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadə edilməsi
respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən
biridir. (yapaz.org)
Nazirin
sözlərinə görə müstəqillik illərində
ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf
mühitin mühafizəsi sahəsində əsaslı
dönüş yaranmış, təbii ehtiyatların, o
cümlədən faydalı qazıntıların, su, torpaq,
hava kimi əvəzsiz sərvətlərin, meşələrin
və biomüxtəlifliyin mühafizəsi sahəsində
ardıcıl tədbirlər həyata keçirilmişdir.
H.Bağırov qeyd edib ki, keçən əsrin
90-cı illərinin ikinci yarısından başlayaraq əldə
olunan sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına
inteqrasiya sahəsində qazanılan nailiyyətlər göz
qabağındadır. Son illərdə əldə olunmuş
nailiyyətlər dövlətin iqtisadi əsaslarını
daha da möhkəmləndirmiş, ekoloji təhlükəsizliyin
təmin olunmasına zəmin formalaşdırmış, daha
təsirli tədbirlərin həyata keçirilməsi
üçün imkanları genişləndirmişdir. «Uzun illər ərzində yaranmış ekoloji
problemlər təhlil edilərək, onların kompleks həllinə
yönəldilən və davamlı inkişaf prinsiplərinə
əsaslanan milli və dövlət proqramları təsdiq
edilmiş və onların icrasına
başlanılmışdır. Ölkədə
mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş,
milli parklar yaradılmış, ətraf mühitin qorunmasının
gücləndirilməsi istiqamətində tədbirlər həyata
keçirilmişdir. Bu proqramların əsas
məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş
dövlət əhəmiyyətli investisiya layihələrinin
sistemli və səmərəli şəkildə həyata
keçirilməsini təmin etməkdən ibarət olmuşdur.
Ətraf mühitlə bağlı qəbul
olunmuş dövlət proqramlarının uğurla
reallaşdırılması, mövcud ekoloji problemlərin
daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların
imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına aydın misaldır».
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin ekoloji problemlərin həllinə
yönəldilmiş tədbirlərin səmərəliliyinin
artırılması və operativ həll olunmasını təmin
etmək yönündə gördüyü işlərdən
danışan nazir bunları qeyd edib: «Təbii ehtiyatların
istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan
üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi
sahəsində ardıcıl tədbirlərin həyata
keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə
saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin
mövcud dünya standartlarına uyğun qurulması problemlərin
azalmasına və bu sahədə əsaslı
dönüşün yaranmasına gətirib
çıxarmışdır.
Ekoloji hüquq pozuntularına görə məsuliyyətin
artırılması ekoloji nəzarət sahəsində
iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib
çıxarmışdır. Ümumilikdə ekoloji
vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və
bərpası davamlı iqtisadi inkişafın ümumi
konsepsiyasının tərkib hissəsinə
çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə
düşər ki, ekoloji təhlükəsizliyin təmin
olunması üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi,
indiki və gələcək nəsillərin tələbatını
ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə, alternativ enerji mənbələrindən
yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji
problemlər üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi,
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin
əsas istiqamətləridir.
Ölkənin
iqtisadi inkişaf tempinə uyğun olaraq Ekologiya və Təbii
Sərvətlər Nazirliyi çevik idarə olunan ekoloji siyasətin
həyata keçirilməsi istiqamətində ətraf
mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə
pozulmasına səbəb ola biləcək fəaliyyətin
qarşısının alınması, aztullantılı
texnologiyaların tətbiq edilməsi, beynəlxalq təşkilatlar
və inkişaf etmiş ölkələrlə ətraf
mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsi, əhali arasında ekoloji təbliğatın
və maarifləndirmənin gücləndirilməsi prinsiplərini
tətbiq edir. İqtisadiyyatın bütün
sahələrinin inkişafı ilə bağlı ölkəmizdə
mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə
təmiz texnologiyaların tətbiqinə böyük
üstünlük verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji
problemlərin həllinə yönəldilmiş tədbirlərin
səmərəliliyinin artırılması və operativ həll
olunmasını təmin etmək, o cümlədən ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir.
Ümummilli
Liderin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və
Dövlət Proqramlarında ekoloji mühitin
sağlamlaşdırılması məqsədi ilə nəzərdə
tutulan hədəflərin reallaşması üçün
yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş,
buna uyğun olaraq ətraf mühitin bütün
trayektoriyasında, o cümlədən biomüxtəlifliyin
mühafizəsi, meşələrin inkişafı,
yaşıllıqların artırılması, su
ehtiyatlarının davamlı idarə olunması sahəsində
nəzərəçarpacaq nailiyyətlər əldə
olunmuşdur. Belə ki, ətraf mühitin
yaxşılaşdırılması istiqamətində ötən
dövrdə də bir sıra layihələr, o cümlədən
ölkə rəhbəri tərəfindən təsdiq
edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”,
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı”,
“2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə
tutulmuş tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü
ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri
əhatə edən və effektiv nəticələr verən
“Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət
davam etdirilir.
Qeyd etmək lazımdır ki,
qazanılmış təcrübə nəzərə
alınaraq, yerli şəraitə tam
uyğunlaşdırılmış texnoloji sxem əsasında
su təmizləyici qurğuların ölkədə
istehsalı təşkil edilmiş və 2014-cü ildə 40
minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda
istehsal olunmuş modul tipli sutəmizləyici qurğular
quraşdırılmışdır.
Ümumilikdə
əhalinin ekoloji cəhətdən təmiz içməli
suya olan tələbatının ödənilməsi məqsədi
ilə 2007-2015-ci illər ərzində Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 320
yaşayış məntəqəsində modul tipli su təmizləyici
qurğular quraşdırılaraq 530 min əhali keyfiyyətli
içməli su ilə təmin edilmişdir.
Ətraf
mühitin mühafizəsi sahəsində 2014-cü il ərzində
hüquqi və fiziki şəxslər tərəfindən yol
verilmiş qanun pozuntularına görə 3338 akt və 1127
protokol tərtib olunmuş, aşkar edilmiş
nöqsanların aradan qaldırılması üçün
1472 “məcburi göstəriş” verilmişdir. Ümumilikdə
1105 iş üzrə təqsirkarlar 4,8
milyon manat məbləğində inzibati qaydada cərimə
edilmiş, ətraf mühitə dəymiş ziyana görə
497 iş üzrə 1, 7 milyon manat məbləğində
iddia qaldırılmış, ətraf mühitə
tullantıların atılmasına və
axıdılmasına görə hüquqi və fiziki şəxslərə
qarşı 5448 iş üzrə 1,9 milyon manat məbləğində
ödəmə tətbiq olunmuşdur. Ətraf
mühit üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə
14 dəfə artmışdır».
Elmar
Bizim yol. - 2015.- 22 avqust.- S. 9.