“Ömrümün son
15 ili
boşu-boşuna
keçdi”
Rasim Balayev: “Bu mənim
üçün faciədir, bu dəhşəti özüm
anlayıram”
Elə insanlar var ki, müsahibəyə
asanlıqla razılaşmır. Onları yola gətirmək
üçün bəzən aylarla əziyyət çəkməli
oluruq. Əlbəttə ki, söhbət “sənətkaram,
xalqım məni sevir”, - deyib tez-tez öyünən,
xalqın adından danışıb, özünü az qala
dahi hesab edən əldəqayırma ulduzcuqlardan getmir.
Əsl sənətkarlardan
danışıram. Belə baxanda, onların sayı elə də
çox deyil. Əksəriyyəti dünyasını dəyişib,
sağ qalanlar da çox zaman diqqətsizliyin qurbanı olur.
Ataların gözəl misalı var; suqabı suda
çatlayar. Təəssüf ki, onların əksəriyyəti
ömürlərini canı-qanı qədər sevdikləri səhnədən,
sənətdən kənarda qocala-qocala başa vurur. Vallah, kim
nə deyirsə desin, itirən onlar yox, elə biz
tamaşaçılar oluruq.
O, “Nəsimi”, “Babək”, “Qatır
Məmməd” kimi daha neçə filmdə çəkilə
bilərdi…
Söhbət xalq artisti, sevilən aktyor Rasim Balayevdən gedir.
Sənətkarın Publika.az-a müsahibəsini
təqdim edirik.
- Rasim müəllim, eşitdik, yeni filmə dəvət almısınız,
çox sevindik…
- Xeyr, hələ razılıq verməmişəm.
Sadəcə, bir filmdə
çəkiləcəyimi söyləyiblər. Mən də
demişəm ki, o ssenarini göndərin görüm, nə roldur, orda kimlər
çəkilir? Hər filmə
də çəkilə
bilmərəm axı.
Ssenarini oxumamış, özümü
o rolda görməmiş,
heç bir təklifi qəbul etmirəm.
- Necə oldu, ssenarini göndərdilər?
- Yox əşi, indi aktyora ssenari
göndərən var?
- Yəqin, göndərərlər,
axı siz adi aktyor deyilsiniz.
- İndi belə şeylərə fikir verən kimdir?...
- Heç seriallarda da sizi görə
bilmirik. Ancaq xalq artisti olan
bəzi həmkarlarınız
o seriallarda həvəslə
çəkilir…
- Məni də dəvət edirlər, amma qəbul etmirəm.
- Niyə?
- Niyə qəbul edim axı? O seriallara baxanda xəcalət çəkirəm.
İndi kimsə nəyinsə xatirinə istəmədən
çəkilir. Mən evimdə
oturub şor-çörəyimi
yeyərəm, ancaq elə filmlərə çəkilmərəm. Keçən dəfə təsadüfən
bir seriala baxdım. Qız deyir, “Ana, başım
ağrıyır”. Anası
da o saat bir stəkan çay gətirib onun qabağına qoyur ki, “Bergamot ətirli çaydır, iç, başının
ağrısı keçəcək”.
Birinin mədəsi bulanır, o biri də xiyar turşusunu
gətirir ki, “Filan şirkətin məhsuludur, ye, əhvalın
düzələcək”. Bilmirsən, baxdığın
filmdir, yoxsa reklam çarxı? Qatıb-qarışdırırlar, adını da
qoyurlar film. Belə seriala
çəkilib, özümü
biabır edə bilmərəm.
- Gənclərin çəkildiyi
komediya filmlərində
də xalq artistlərimizi görürük.
O filmləri də bəyənmirsiniz?
- O filmlərə baxanda ağlamaq əvəzinə
gülməyim, gülmək
əvəzinə də
ağlamağım gəlir.
Çəkirlər, amma çəkmək
hələ keyfiyyətli
film ərsəyə gətirmək
demək deyil. Söz yox ki, mən
də kinosuz, ekransız darıxıram.
Zarafat deyil, 35 il kamera
qarşısında dayanan
adam olmuşam. Kinodan kənarda özümü sudan
çıxarılan balıq
kimi hiss edirəm. Çəkilmək istəyirəm, amma
nəyə çəkilim?
Yaxşı ssenari yazanlar
da ölüb getdi, kino çəkən
rejissorlar da. Onlar indi nağıl, rəvayət kimi xatırlanır.
- Niyə elə deyirsiniz, köhnə rejissorlarımızdan sağ
qalanlar var axı…
- Hanı, kim
var? Adını çəkin.
- Biri elə Eldar
Quliyev.
- O da qocalıb, çoxdandır film çəkmir.
Yaxşı yazan, yaxşı
çəkən kino
adamları getdi, indikilər “üç badam bir qoz”
çəkir, adını
da kino qoyur.
İndən belə yaxşı
film heç gözləmirəm
də. Əgər yaxşı ssenari
olsa, yaxşı rejissor çəksə, çəkiləcəm. Olmasa da,
daha neyləyə bilərəm. Deməli, mənimki
də bura qədərmiş. Bu, mənim
üçün dəhşətdir
- Sizi belə ümidsiz görmək istəməzdik. İnşallah, yaxşı olar.
- Hər bir halda,
reallıq budur. Barışmaqdan savayı yolum
yoxdur.
- Sadəcə olaraq, Rasim Balayevin
kinodan kənarda yaşlandığını görmək
tamaşaçı kimi
bizə ağır gəlir… Maşallah, heç sizə qoca demək də olmaz…
- Yox, necə demək olmaz? Onsuz da qocalmışam, yetmişə nə qalıb ki? Yaşıma
görə təəssüflənmirəm,
ömrümün boşuna
hədər getdiyinə
görə heyfsilənirəm.
Axı mən itkiyə gedən bu zamanı
çəkiliş meydançasında
keçirə bilərdim,
bir filmdə hansısa obrazı yaradardım.
- Hərdən belə ümidsizliyə qapılanda
aktyor olduğunuz üçün peşmançılıq
hissi keçirirsiniz?
- Xeyr, nə qədər
çətinliklərlə qarşılaşsam da, peşman olmuram. Çünki insanlar məni
aktyor olduğuma görə sevib, hörmət edib. Mənim bu həyatda qazancım sənətimə
görə olub.
Sadəcə olaraq, enerjimi
kinoya sərf edə bilmədiyim üçün heyfsilənirəm.
Bu, mənim üçün
faciədir, bu dəhşəti özüm
anlayıram.
- Həyatınızı ekranlaşdırmaq
imkanı verilsəydi,
hansı janrı seçərdiniz?
- Mən kiməm ki, həyatım ekranlaşdırılsın? Hər
gün qastronoma gedib pendir, şor
alan bir
adamın həyatının
filmə çevrilməsi
kimin üçün
maraqlıdır? Mən kinoda
oynadığım rolllarla
tanınıram. İnsanlar üçün
maraqlı olan yaratdığım obrazlardır.
Adi həyatda sıradan bir Rasim Balayevəm
- gündəlik məişət
qayğıları ilə
yaşayan, sadə bir vətəndaş.
- Bəs rənglərlə
müqayisə etsək,
Rasim Balayevin həyatında hansı rənglər üstünlük
təşkil edib - boz, qara, yoxsa
əlvan?
- Həyatımda
həm çətin,
həm gülməli məqamlar yaşamışam.
Faciə də olub, komediya da… Öncəki sualınıza cavab
olaraq deyim ki, həyatımı ekranlaşdırmaq istəməzdim,
amma həyati filmlərə yenə də çəkilmək
istərdim. Heyf ki, ömrümün son 15
ili boşu-boşuna
keçdi.
- Maraqlıdır, həyatınızdan
silib atmaq istədiyiniz illər olub?
- Yox, heç birini atmaq istəmirəm,
hətta faciəvi olsa belə, çünki bu Allahın mənə verdiyi və yaşatdığı ömürdür.
Onları yaşamışamsa, demək, silib ata bilmərəm.
- Bəs ömrünüzün
hansı mərhələsini
yenidən yaşamaq istərdiniz?
- Əgər zamanı
geri qaytara bilsəydim, 1970-1980-ci illəri
yenidən yaşayardım. Lakin bu da mümkün olan şey deyil
axı. Kimdir geridə
qalan ömrü mənə yenidən qaytaran? Həyatımın həmin mərhələsində
milli kinonun ən gözəl filmləri çəkildi.
- Hamısında da baş rolda çəkildiniz. Rasim müəllim, bir çox aktyorların xəyal etdiyi ən gözəl rolları kinoda yaratmısınız. Bilmək
istərdim, arzuladığınız,
amma ürəyinizdə
qalan rol varmı?
- Yox, elə deyil.
Əslində, teatr aktyorları
zaman-zaman hansısa rolları oynamaq arzusunda olur. Kino aktyoru isə
tam fərqlidir. Ssenari yazılır,
aktyora təqdim olunur və o, rolunu oynayır. Necə oynaması artıq onun peşəkarlığından
asılıdır. Bilmək istəyirsinizsə,
hələ ən gözəl rolumu oynamamışam. Bunu ilk dəfə
sizə deyirəm - onu gözləyirəm.
Yaxşı bir film olsa,
məni o rolda görəcəksiniz. Aktyor üçün
yaşın fərqi yoxdur, o, 70 yaşda da gözəl rol yarada bilər.
Obrazın gənc olması
mütləq deyil.
Qoca insanların taleyini yaratmaq da maraqlıdır.
Əksinə, mən
“Nəsimi”ni oynayanda çox cavan və təcrübəsiz
idim. İndi artıq illərin
təcrübəsini qazanmışam,
yəni, daha gözəl oynaya bilərəm. Aktyor üçün
heç bir sərhəd yoxdur - nə yaş, nə də başqa bir şey.
- Çoxları
Rasim Balayev qədər sevilən, xoşbəxt aktyorun olmadığı qənaətindədir. Bu fikri təsdiqləyirsiniz?
- Hər halda geriyə boylananda görürəm ki, bu aktyor ömrünü
boşuna yaşamamışam.
- Böyük aktyor, sevilən aktyor, şanslı aktyor… Rasim Balayev hansını özünə daha yaxın bilir?
- Əşşi, nə
böyük, adi aktyor olmuşam. Necə bir
aktyor olduğumu tamaşaçı deyə
bilər. Özüm haqqında
belə şişirdilmiş
sözlər deyə bilmərəm.
- Bu qədər təvazökar
olmayın, siz, həqiqətən, böyük
aktyorsunuz. Bunu özünüz etiraf etməsəniz də, tamaşaçı çoxdan
etiraf edib.
- Əgər belə
hesab edirlərsə, sağ olsunlar.
Bizim Yol.- 2015.- 16 dekabr.- S.15.