“Həyatda çox yalan danışıram”
Moderator.az
Çingiz Abdullayevin
publika.az-a verdiyi müsahibəni
təqdim edir:
- Sizcə, kitablar yaxşı təsəlli verir, yoxsa qadınlar?
- Əslində, qadınlar
olmalıdır. Təəssüflər olsun ki, qadınlar bunu çox zaman bacarmır. Ona görə də
hələlik kitabları
seçirəm.
- Hekayələrinizdə və
romanlarınızda daha
çox yalan danışırsınız, yoxsa
həyatda?
- Yəqin ki, həyatda daha çox yalan danışıram. Statistikaya görə,
bir insan gündə təxminən
4-5 dəfə yalan danışır.
- Ən çox
nə barədə yalan danışırsınız?
- Məişət məsələlərində
xırda yalanlar olur. Məsələn, oturmaq istəyirəmsə,
yox deyirəm. Su içmək istəyirəmsə,
istəmədiyimi söyləyirəm.
- Bəs heç böyük yalanınız olmayıb?
- Xeyr, ömrümdə heç bir dostumu satmamışam, heç bir qadını da incitməmişəm. Bu günaha girməmişəm,
kiməsə pisliyim dəyməyib.
- Əsl məhəbbət
kişini doğrudanmı
Məcnuna çevirir?
- Həqiqətə uyğundur,
amma siz onlara çox inanmayın. Kişilər aşiq olanda
da yalan danışır.
- Kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?
- O qadını axtarıb tapmalısan. Elə bədbəxt kişilər
də var ki, onlar ömrünün
sonuna qədər həyatının qadınını
tapa bilmir, ya da rastına
gec çıxır.
- Siz tapmısınız?
- Otuz ildir ki,
evliyəm.
- Sevgi qurban tələb
edir?
- Əlbəttə, yüz
faiz.
- Siz sevgi uğrunda
nəyi qurban vermisiniz?
- 30 il evli olduğumu nəzərə
alsaq, bütün həyatımı.
- Sevgi ilə ağlın ortaq cəhəti var?
- Yox, sevgi ağılsız
olur. Ürəklə ağıl həmişə
bir-birinə ziddir, biri digərini inkar edir.
- Sizcə, ömründə bir dəfə də olsun, həyat yoldaşına xəyanət
etməyən kişi var?
- Var, sədaqətli kişilər çoxdur.
- Xanımlar ailə həyatı qurduqdan sonra kişinin bəzi xüsusiyyətlərini
dəyişməyə çalışır.
Sizcə,
kişinin xasiyyətini
dəyişmək mümkündür?
- Mümkündür, ağıllı
qadın kişinin həyatını yaxşı
istiqamətdə dəyişə
bilər. Bu qadının
nə dərəcədə
müdrik olmasından
asılıdır.
- Kişinin əsl xasiyyəti pulu çox olanda, qadının xasiyyəti isə kişinin pulu olmayanda üzə çıxır. Bu fikirlə razısınız?
- Sevgini pulla ölçmək
düzgün deyil. Elə kasıb ailələr tanıyıram ki, ömrünün sonuna qədər birlikdə xoşbəxt və firavan yaşayıblar.
Elə varlı insanlar da var ki,
heç bir neçə ay birlikdə
yaşaya bilməyiblər.
Pul həyatda qalmaq üçün talondur.
Amma o, sevginin gətirdiyi xoşbəxtliyi əvəz
etmək qüdrətinə
malik deyil.
- Çingiz Abdullayev
xoşbəxtliyi nədə
görür?
- Mənim üçün xoşbəxtlik azad yaşamaqdır. Lakin azadlıq o demək
deyil ki, hər ürəyindən
keçəni etməlisən.
Məsələn, kitab şkafını
vurub sındırmaq azadlıq yox, axmaqlıqdır. Azadlıq
o deməkdir ki, sizi heç kim etmək
istəmədiyiniz işi
görməyə məcbur
etmir. Bax əsl azadlıq
budur.
- Ürəyinizcə,
olmayan bir işi yerinə yetirmək məcburiyyətində
qalmısınız?
- Məcbur qalmışam, ancaq etməmişəm. Sonda, fikrimdən
vaz keçmişəm.
- Yaxşı gündə, pis gündə... arxasını
siz tamamlayın.
- Yaxşı gündə insan sevinir, pis gündə təbii ki, pis olur.
- Müasir dövrdə insanların tələbatını film, yoxsa
kitab daha yaxşı ödəyir?
- Təəssüflər
olsun ki, film. Təbii ki, kitab oxuyanların
çox olmasını
istərdim. Kitabda özümüz
öz dünyamızı
qurduğumuz halda, filmdə rejissorun dünyasına baxmaq məcburiyyətində qalırıq.
Həm də film insanı kitab qədər düşündürə bilmir.
- “Quba kapriçosu”
romanının motivləri
əsasında çəkilmiş
film nə vaxt hazır olacaq?
- Çəkilişlər artıq
bitib, bu yaxınlarda Nizami Kino Teatrında təqdimat mərasimi olacaq.
- Səhv etmirəmsə, baş rolda tanınmış müğənni İlqar
Muradov çəkilib.
Onun aktyorluq qabiliyyətindən, ümumiyyətlə,
filmdən razı qaldınız?
- Bu, romanın əsasında çəkilmiş sayca onuncu filmdir. Ümumiyyətlə, yazıçılar romanları əsasında
çəkilmiş filmlərdən
heç vaxt razı qalmır. Çünki film əsəri dəqiqliklə
çatdıra bilmir.
Bütövlükdə isə filmlərin
çəkilməsinə sevinirəm.
- Ssenaridə çox dəyişiklik olub?
- Yox, ssenarini özüm yazmışam.
- Aktyor heyətini özünüz seçmişdiniz?
- Rejissorla birlikdə məsləhətləşmişdik. Romanlarıma çəkilmiş əvvəlki filmlərdə də rejissorlar mənimlə məsləhətləşiblər. Onu da qeyd edim ki, müqavilədə özümün şərtləri olur. Məsələn, əgər filmi bəyənməsəm və nəsə xoşuma gəlməsə, icazəm olmadığı halda onun yayımlanmasına qadağa qoymaq haqqım var.
Bizim Yol.- 2015.- 17 dekabr.- S.15.