“Dədəm Qorqudun
Zamanından seçmələr…
“Dədə Qorqud dastanında temporal zaman kateqoriyasına həsr olunmuş
ilk monoqrafiya
Kitab bilik mənbəyidir.
Bəli, həqiqətən də belədir. Hər bir kitab bilik mənbəyidir. Lakin kitab da var, kitab
da... elə kitab var ki,
onda bilik çoxdur, eləsi də var ki
az. Səməd Vurğun
demiş “Kitab da növ-növdür insanlar kimi. Əzizxan Tanrıverdinin “Dədəm Qorqudun Zamanı” kitabını oxuyub qurtaranda ilk təəssüratım məhz
bu cür oldu.
Xalqımızın möhtəşəm abidəsi
olan “Dədə Qorqud dastanının öyrənilməsinə indiyədək
yüzlərlə kitab
həsr olunsa da, onun zəngin
xəzinəsi hələ
də tam mənimsənilməyib. Onun mövzuları,
inciləri tükənmir
ki, tükənmir.
Türkoloq-alimlər “Kitabi Dədə
Qorqud dastanını tədqiq edə-edə həm dastanı tanıtmış və sevdirmiş, həm elm aləminə yeniliklər
gətirmiş, həm
də özləri də biliklənmiş, zənginləşmişlər. Necə deyərlər, elm “Dədə Qorquda, “Dədə Qorqud da elmə - onun inkişafına xidmət göstərib.
Professor Ə.Tanrıverdinin “Dədəm Qorqudun Zamanı kitabı məhz bu iki
cəhəti özündə
birləşdirən bir
tədqiqatdır. Təkcə onu demək
kifayətdir ki, əsər bütövlükdə
“Dədə Qorqud dastanında temporal zaman kateqoriyasına həsr olunmuş ilk monoqrafiyadır.
Əsərin birinci bölməsində
müəllif düzgün
olaraq dastandakı zaman məsələsi ilə bağlı ayrı-ayrı alimlərin
fikirlərini vermişdir.
Daha sonra “Kitabın dilində zamanın leksik, morfoloji və sintaktik vasitələrlə ifadəsini
dərindən və hərtərəfli tədqiq
etmişdir.
“Temporallığın leksik
vahidlərlə ifadəsi bölməsində
zaman mənalı sözlərin dastanda işlənməsi vəziyyəti
göstərilmişdir. Həmin bölmədə
nitq hissələrinə
aid sözlər müəyyən
sistemdə nəzərdən
keçirilmişdir. Zaman mənalı
zərflər, isimlər,
sifətlər, qoşmalar,
bağlayıcı sözlər
və frazeoloji vahidlər tarixi linqvistik baxımdan araşdırılmışdır. Sözlərin etimologiyası orijinallığı
və həqiqətə
uyğunluğu ilə
diqqəti cəlb edir. Temporal zərflər
(zaman zərfləri) keçmiş, indiki və gələcək zaman kateqoriyasında tədqiq olunmuşdur.
Dastandakı “anda (onda), “baya (bayaq),
“dün (dünən),
“şimdi (indi), “tanla ( sabah, yarın) və s. sözlərin işlənmə
tezliyi müəyyən
edilmiş, həmçinin
onların necə yaranması haqqında maraqlı və qiymətli fikirlər irəli sürülmüşdür.
Temporal isimlərdən “gündüz,
“gecə, “yaz, “güz və s. sözləri, temporal sifətlərdən
“ağlı-qaralı, “ötəki
sözləri, temporal qoşmalardan
“bəri, “sonra sözləri və s. yüksək elmi səviyyədə izah olunmuşdur.
Bu bölmədə fəsil
adlarından bəhs edən müəllif “güz sözünün ədəbi dilimizə qaytarılması fikrini irəli sürüb ki, bu da
düzgün təklifdir. Müəllif “payız sözünün
əvəzinə “güz
sözünün işlədilməsini
konkret faktlarla əsaslandırıb.
“Temporallığın qrammatik
şəkilçilərlə (morfoloji vasitələrlə)
ifadəsi bölməsi
də dolğun elmi məzmuna malikdir. “Dədə Qorqud dastanındakı
hər bir dil faktına dərin maraq və övlad məhəbbəti ilə
yanaşan müəllif
müxtəlif zamanların
(keçmiş, indiki
və gələcək)
morfoloji göstəricilərini
bir-bir nəzərdən
keçirmişdir. Bu bölmədə “-dı4, “-mış4,
“-ıb4, “-dıq4, “-anda2, “-an2 və s. şəkilçilərin necə
formalaşması haqqında
qiymətli fikirlər
söylənilmişdir.
“Temporallığın sintaktik vahidlərlə ifadəsi bölməsində
“Dədə Qorqud dastanında işlənmiş
zaman anlayışlı
söz birləşmələrindən
bəhs olunur. Həmin bölmədə
də müəyyən
sistem və ardıcıllıq özünü
göstərir. Müəllif
dastanın dilindəki
söz birləşmələrini
ismi birləşmələr
(I, II və III növ təyini söz birləşmələri) və
feli birləşmələr
başlığı altında
şərh etmişdir.
Xüsusi qeyd etmək istərdim ki, “Dədə Qorqudun dilindəki zaman mənalı söz və ifadələr dilçiliklə yanaşı,
coğrafiya, astronomiya,
etnoqrafiya, fəlsəfə
elmləri ilə əlaqəli şəkildə
araşdırılmışdır. Bu isə müəllifin ensiklopedik biliyə, yüksək erudisiyaya
sahib olduğunu göstərir.
Məsələn, “yaz, “yay, “güz (payız), “qış sözlərinin
izahları buna sübutdur. Həmin sözlərin yaranması
Günəşin ekvatordakı
vəziyyəti ilə,
onun hərəkət
trayektoriyası və
düşmə bucağı
ilə əlaqəli şəkildə tədqiq
olunmuşdur. Monoqrafiyanın 65-ci səhifəsində qeyd olunduğu kimi, fəsil adlarının yaranma səbəbləri indiyədək yuxarıda
göstərilən elmlərin
sintezi kontekstində araşdırılmamışdır. Beləliklə, Ə.Tanrıverdi
ilk dəfə olaraq problemə kompleks və sistemli yanaşaraq il
və fəsil adlarının yaranma səbəbləri haqqında
mülahizələr irəli
sürmüş, türkologiyaya
yenilik gətirmişdir.
Müəllif öz kitabında O.Ş.Gökyayın “erkən
sözünün “Dədə
Qorqudda ayrılıqda
yox, birləşmə
şəklində işlənməsi
ilə razılaşmamış,
“erkən (erken) sözünün dastanda müstəqil söz kimi işləndiyini əsaslandırmışdır. Ə.Tanrıverdi
qorqudşünaslıqda mövcud
olan mühüm bir fikrə qarşı çıxaraq
yazır: “Qorqudşünaslıqda
kitab bəzən yazılı ədəbiyyat
nümunəsi kimi qeyd olunur. Əslində isə “Kitab, hər şeydən əvvəl, şifahi ədəbiyyat nümunəsidir.
“Kitabdakı yazılış
şəkillərinin bir
qismi müasir Azərbaycan dilinin orfoqrafiyası yox, orfoepiyası ilə səsləşir (səh.
187).
Yuxarıda qeyd etdiyimiz kimi, kitabı oxuduqca müəllifin hərtərəfli biliyə,
geniş mütaliəyə
malik olduğunu yəqin edirsən. Həm də başlıca
cəhət budur ki, müəllif öz zəngin bilik və məlumatını
məharətlə tətbiq etməyi, onlardan səmərəli,
məqsədyönlü, təsirli, sistemli şəkildə
istifadə etməyi bacarır. Bu isə monoqrafiyanın maraqla
oxunmasını təmin edir.
Belə ki, müəllif şərh verdiyi hər
hansı bir sözlə bağlı şair və
yazıçılardan elə bir cümləni, elə bir
misranı misal gətirir ki, bu da yerinə düşür, mətnin
təsirini artırır. Məsələn, o, “gecə
sözünün “keçmək sözündən
yarandığını izah edəndə
yazıçı Ə.Məmmədxanlının
belə bir cümləsini nümunə gətirir:
“Otağındakı işığı keçirəndə
xəfif, qırmızı bir parıltının pəncərə
şüşəsində titrədiyini gördüm (səh.
58). Bu cür kiçik misallar - cümlə və misralar kitabda
çoxdur. Bunlar kitabın bəzəyinə çevrilir, həm
də onun möhkəmliyinə xidmət edir.
Monoqrafiyada
zaman anlayışının adlıq cümlələrlə,
həmçinin tabesiz və tabeli mürəkkəb cümlələrlə
ifadəsi ilə bağlı fikirlər də diqqət cəlb
edir. Kitabın son hissələrində bəzi fellərin
semantikasına dair izahlı lüğət şəklində
bir hissə vardır ki, bu da çox faydalıdır. Burada
bir sıra arxaik fellərin, məsələn “ayıtma,
“aytışma, dərləmək
və s. fellərin izahı verilir.
Ə.Tanrıverdi
öz kitabını yüksək vətənpərvərlik
hissi ilə yazmışdır. Onun hər bir izahatında
dilimizə, ədəbiyyatımıza və mədəniyyətimizə
dərin məhəbbət hissi özünü göstərir.
Müəllif, yeri gəldikcə, “Dədə Qorqud
dastanının daha çox xalqımıza məxsus
olduğunu vurğulayır. Məsələn, o, “-ıb şəkilçisindən
bəhs edərkən yazır ki,
bu şəkilçi Türkiyə türkcəsində
işlənmir, türkmən dilində “-ip, Azərbaycan dilində
“-ıb şəklində sabitləşib. Kitabdakı
forması isə belədir: -ub, -üb. Deməli, “Kitabdakı
(yəni “Dədə Qorqud kitabındakı) -ub, -üb forması yalnız
müasir Azərbaycan ədəbi dili üçün səciyyəvidir.
Bu da “Kitabın məhz Azərbaycan dilində
yazıldığını arqumentləşdirən ən
tutarlı faktlardan hesab oluna bilər (səh. 104).
Monoqrafiyanın
elmi siqləti yüksəkdir. Oxucu bu kitabda müəllifin dəyərli,
orijinal fikir və mülahizələri ilə yanaşı,
neçə-neçə türkoloq alimin də elmi fikirləri
ilə tanış olur, onları öyrənir. Bütün bunlar “Kitab Bilik Mənbəyidir
müdrik kəlamını doğruldur. Beləliklə,
mütəxəsisslərlə yanaşı, adi oxucular da bu elmi əsərdən çox
maraqlı və lazımlı biliklər əldə edə bilərlər.
Sərvər Şirinov
ADPU-nun magistrı
Bizim Yol.- 2015.- 19 dekabr.- S.11.