"Bəyin
oğurlanması", yaxud hər üç
rejissorun seçdiyi Tamara
Şakirova -
Əməkdar
artist Füzuli Hüseynov filmin kadrarxası məqamlarını
Milli.Az-a danışdı.
1985-ci ildə ekranlara “Bəyin oğurlanması” adlı rəngli kinokomediya çıxdı. Filmin ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, quruluşçu operator Ələsgər Ələkbərov və Rəşid Nağıyev, quruluşçu rəssam Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkar Emin Sabitoğlu, səs operatoru Əsəd Əsədov, geyim rəssamı Tatyana Əmirova, qrim rəssamı Elbrus Vahidov, mahnıların mətni İsa İsmayılzadə, mahnıları ifa edən Xədicə Abbasova, Cəfər Behbudov və Firəngiz Rəhimbəyova, baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, bədii rəhbər Eldar Quliyev, tryukların quruluşu Nizami Musayevindi. Çəkilişlərdə Azərbaycan Dövlət Rəqs Ansamblı və “Könül” rəqs ansamblının üzvləri iştirak ediblər. Rollarda Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Hacı İsmayılov (Tağı), Nəsibə Zeynalova (Nəsibə xala), Yaşar Nuri (İsrafil), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən), Füzuli Hüseynov (Elxan), Firəngiz Mütəllimova (Telli), Vidadi Həsənov (Musa), Səməndər Rzayev (Hidayət), Nəcibə Behbudova (Bibixanım), Rəsmi Cəbrayılov (Əhməd), Mirzə Babayev (Amanoğlu), Gümrah Rəhimov (Brodyaqa), Arif Quliyev (Miriş), Ələsgər Məmmədoğlu (Pirotexnik Ələsgər), Lətifə Əliyeva (Həsənin anası), Şükufə Yusupova (Jurnalist), Eldəniz Zeynalov (Komissiya sədri), Muxtar Maniyev (Qonaq) və başqa gözəl aktyorlar çəkiliblər. Həsən obrazını Pərviz Bağırov, Əhməd obrazını Rafiq Əzimov, Bibixanımı Mirvari Novruzova, Elxanı Rasim Balayev, Həsənin anasını Əminə Yusifqızı, Rəqqasəni Nəcibə Hüseynova, Sinoptiki Nuriyyə Əhmədova səsləndiriblər. Filmdəki yağış, Pirotexnik Ələsgərin və operator Tağının yıxılması, Qonağın Mustafaya sillə vurması aktyorların özlərinin də gözlənilməz təəssüratına səbəb olan gerçək təzahürlərdi.
Sərxan Sərxan üçün yazılmış ssenari tanınmaz dərəcədə necə dəyişdi?
“Görəsən, monqol turistləri monqol dublyonkalarını burdan niyə alırlar?”
“Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib”
“Sənə əjdaha lazımdı?”
“Əşşi, nə tafootu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da”
“Səkkiz
min pul alıblar, oynamaqlarına bax”
“- Ay
yoldaş, bir az sakit olar?”
- Olar, niyə olmur ki?”
“Pis
oynamırlar, bir az emosiya azdı”
“Nananay
nay nay nananay nay - evdə uşaqlar da deyir ki, atamız işə
gedib”
“- Ay kişi, istəmirsən səni - ucqar bir kənd
sakinini uzaq Liviya səhrasında görsünlər,
tanısınlar?”
- Yox...
- Düz
deyirsən, səni elə görməsələr
yaxşıdır”
“Nə
var e, Ələsgər, Ələsgər...”
“Sən
söhbətini elə”
Şəxsi
müşahidələrimdən bilirəm, bu ifadələr
ekranda səslənən gündən bəri məktəblilərdən,
tələbələrdən tutmuş bir-birinə ərki
çatan hər kəsin həvəslə
yararlandıqları zarafat nümunələrinə
çevriliblər. Bu da təsadüfi deyil –
quruluşçu rejissorları kinonun əsl peşəkarları
olmaqdan əlavə həm də hər biri özünəxas
tərzdə güclü yumor hissinə malik Ceyhun Mirzəyevlə
Vaqif Mustafayevin ilk və təəssüf ki, yeganə
müştərək işi, hər ikisinin bədii kino
rejissorluğunda debütü olan “Bəyin oğurlanması”
tammetrajlı bədii filmində, üstəlik, çox
gözəl aktyor ansamblı toplanmışdı. Və ən əsası istənilən keyfiyyətli
filmin zəruri özəyi olan ustalıqla qələmə
alınmış ssenarinin varlığı gözlənilən
və ya gözlənilməz olmağından asılı
olmayaraq onun xoşbəxt ekran həyatını təmin
etmişdi. Doğrudu, proses əsnasında
bu ssenari xeyli dəyişildi, amma bu və digər mübhəm
məqamlar barədə bir qədər sonra.
Həyatın kinosu,
yaxud kinonun həyatı. “Bəyin
oğurlanması” filmini lakonik şəkildə belə səciyyələndirmək
olar. “Azərbaycanın kino incilərindən”
layihəmizdə bu dəfəki həmsöhbətimiz filmdə
çəkilən filmin bəy obrazı olan Elxan rolunun
ifaçısı Füzuli Hüseynovdu.
Əməkdar artist, Prezident
mükafatçısı Hüseynov Füzuli İsmət
oğlu 1962-ci il sentyabrın 9-da dünyaya
gəlib. M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun "Dram və
kino aktyoru" fakültəsini bitirdikdən sonra Akademik Milli
Dram Teatrının aktyor ştatına qəbul edilib. O
dövrdə hələ gənc olan aktyor V.Səmədoğlunun
"Yayda qartopu oyunu"nda Adil rolu ilə uğurlu debüt edərək
teatrın səhnəsində qoyulan Azərbaycan və
dünya klassiklərinin və müasir ədiblərin
müxtəlif janrlı əsərlərində fərqli
personajları özgür tərzdə
çatdırmağı bacarmaqla sanballı rollar silsiləsini
adı ilə bağlayıb. Teatrdakı fəaliyyəti
kinorejissorların da diqqətini ona yönəlib və bu diqqətin
sayəsində “Azərbaycanfilm”in istehsalı olan “Bəyin
oğurlanması, “Təhminə”, “Ölülər”, “Cavid
ömrü”, “Qisas almadan ölmə. Keçmişdən
məktublar” və başqa filmlərdə çəkilib.
F.Hüseynov, həmçinin Azərbaycan
Televiziyasının istehsalı olan “Yad qızı”,
“Kamança”, “Ortabab amerikalı qadın”, “Dədə Qorqud”,
“Kimdir haqlı?” və başqa teletamaşalarda da yaddaqalan
obrazlar yaradıb. Sonralar səhhəti ilə
bağlı sənətdən ayrı düşmək məcburiyyətində
qalmış F.Hüseynov 2004-cü ildə yenidən Akademik
Milli Dram Teatrına qayıdıb və maraqlı
repertuarını zənginləşdirməkdədir.
F.Hüseynov:
- 80-ci ildə Mədəniyyət və
İncəsənət Universitetinin dram və kino aktyorluğu
fakültəsinə qəbul olunandan bəri “Azərbaycanfilm”
kinostudiyasında çəkilən filmlərin 90 faizinin
baş rollarına sınaq çəkilişlərinə dəvət
olunmuşam. Ta 84-cü ildə əsgərliyə gedənə
qədər və sonrakı illərdə “Park”,
“İşgüzar səfər”, “Ötən ilin son gecəsi”,
“Gümüşgöl əfsanəsi”, “Ölülər” və
başqa filmlərin əsas personajlarının fotosınaq
çəkilişlərində iştirak etsəm də, nədənsə
heç birinə təsdiq olunmurdum. “Ölülər”də
Tofiq Tağızadə məni Kefli İsgəndər roluna
çəkmək istəyirdi, amma necə oldusa, o rola
Türkiyədən dəvət olunmuş aktyor, həmin vaxt
60 yaşına çatmış Yılmaz Duru təsdiq
olundu. O vaxt fikirləşirdim ki, yəqin təcrübəsiz
olduğuma görə rejissorlar özlərini əziyyətə
salmaq istəmirlər. Amma sonra başa
düşdüm ki, bu sınaq çəkilişləri tam
formal xarakter daşıyırmış. Əslində
isə baş rollara bir qayda olaraq bəlirli bir zümrəninmi
deyim, dairəninmi deyim, nümayəndələrini çəkirmişlər.
Amma yəqin ki, mənim nəinki kinoda, teatrda da
təcrübəsiz olmağımın təsiri də yox
deyildi.
Həmin dövrün çox qəribə ab-havası
var idi. Kinostudiyanın direktoru çıxıb-getmişdi,
yerinə Eyvaz Borçalı gəlmişdi, milli qeyrəti
olan insanlardan biridi. Bu filmin ssenarisi Sərxan
Sərxan üçün yazılmışdı, gitara
ifasında onun üçün xüsusi mahnılar da
hazırlanmışdı. Rejissoru Tofiq
İsmayılov olmaqla musiqili bir film olmalıydı. Hətta artıq sınaq çəkilişləri
də başlamışdı. Məsələnin təfərrüatlarından
xəbərim yoxdu, amma iş elə gətirdi ki, Eyvaz
Borçalı direktor təyin olunandan sonra bu filmi çəkmək
Ceyhun Mirzəyevlə Vaqif Mustafayevə həvalə olundu. Əvvəlki ssenari tamamilə fərqli idi. Onu da Mövlud Süleymanlı yazmışdı.
Eşitdiyimə görə, mənim
oynadığım obraz əsas qəhrəman
olacaqmış. Ceyhunla Vaqif ssenarini xeyli dəyişdilər.
Üzüm
yığımına mane olan kinoçıxaranların biri
milisə niyə düşüb?
- Tofiq İsmayılovun seçdiyi
aktyorlar arasında siz var idiniz?
- Yox. Mənim bildiyimə görə onun seçdiyi
aktyorlardan yalnız Tamara Şakirova bu filmdə çəkildi.
O ssenari fərqli olduğu üçün Tamara
Şakirovanın da rolu ayrı rol olacaqmış. Nə isə, bir gün mənə dedilər ki,
Ceyhun Mirzəyev səninlə kinostudiyada görüşmək
istəyir. Həmin vaxt mən təhsilimi
başa vurub, əsgəri xidmətə
çağırılmağımı gözləyirdim.
Əmin idim ki, kinostudiyaya bu gedişim də
heç nə ilə nəticələnməyəcək.
Sadəcə, vaxtım boş keçməsin
deyə, getdim. Və Ceyhun Mirzəyevin necə
real, bizə necə yaxın insan, sənətkar olduğunu
gördüm. Çox mehriban
görüşdük. Dedi ki, Füzuli, mən səni
çəkəcəm, amma sınaq fotosessiyası
olmalıdı. Şəkillərimi çəkəndən
sonra gülüb dedim ki, Ceyhun müəllim, onsuz da, təsdiq
olunmayacam. Cavab verdi ki, sabah sənə deyərəm.
Ertəsi gün görüşəndə fotolarımı
göstərib dedi ki, bir-ikisini cırmışam,
yaxşı alınmamışdı, amma bax bu fotolara əsasən,
deyirəm ki, səni çəkəcəm. Dedim, ola bilməz. Dedi, yox, mütləq çəkəcəm.
Mənim kino təcrübəmdə
sözünün üstündə dayanan yeganə rejissor o
oldu. Ssenarini verdi ki, oxuyum. Sınaq
çəkilişləri olmadı, çünki filmin təhvili
vaxtına lap az qalmışdı. Çəkilişlərin əsas hissəsi
Şamaxının Məlhəm kəndində
aparılırdı, bəzi epizodlar isə kinostudiyanın həyətində.
Məsələn, Elxanla Nigarın söhbət
elədikləri yerdə Hacı İsmayılovun
oynadığı operatorun onları lentə alması epizodu
kinostudiyanın həyətində çəkilib. Mən
Şamaxıya çəkiliş qrupunun üzvlərindən
bir az sonra getdim. Biz
Şamaxının mehmanxasında qaldığımız
üçün bütün prosesi izləyə bilirdik.
O
dövrdə Azərbaycanın tanınan aktyorlarının,
demək olar ki, hamısı bu filmə dəvət
olunmuşdu. Nə o aktyorlar nədən
ötrü dəvət olunduqlarını bilirdilər, nə
də onları dəvət edənlər. Çünki ssenari tamamilə
dağıdılıb yenidən yazılmışdı, daha
doğrusu, səhər çəkiləcək epizodun
ssenarisi axşam yazılırdı. Və heç kim bilmirdi ki, ertəsi gün nə çəkiləcək.
Axırda belə bir film alındı. Biz Şamaxıda olduğumuz günlər
üzüm yığımı vaxtına təsadüf
etmişdi. Sentyabr-oktyabr ayları idi.
Səhər saat 6-da bütün
Şamaxının üzərində səsgücləndiricilər
vasitəsilə camaatı yuxudan oyadıb üzüm
yığımına səsləyirdilər. Biz də həmin vaxt film çəkdiyimizə
görə kütləvi epizodlarda çəkilmək
üçün camaatın əksəriyyəti üzüm
yığımına getmək əvəzinə çəkilişlərdə
iştirak edirdi. Ona görə Şamaxının o
vaxtkı birinci katibi şikayət eləmişdi, Eyvaz
Borçalını Şamaxıya
çağırmışdı, Eyvaz müəllim də
bizi yığıb bir az danladı, dedi,
çəkilişləri elə aparın ki, heç kimə
mane olmayasınız. Camaatın da marağını
başa düşmək olardı. Təsəvvür
edin ki, mobil telefonun, internetin, kabel televiziyasının
olmadığı bir dövrdə Bakıdan kəndə
bütün tanınmış aktyorlarla birlikdə kino çəkilişi
qrupu gəlsin, özü də belə bir şən filmin
çəkilişlərini aparsın – təbii ki, hamı
işini-gücünü atıb bizə tamaşa etməyə
yığışırdı. Maraqlı
dövr idi. Amma üzüm yığımı
dövrünə düşməyimiz daha bir çətinlik
törətmişdi – həyətdə kütləvi səhnə
qarışıq bir epizodun çəkilişində
xoşagəlməz hadisə baş vermişdi, “partkom” həyətə
girərək camaatı dağıtmışdı, hətta
nalayiq sözlər işlətmişdi, Arif Quliyev də belə
davranışa görə özündən çıxaraq həmin
“partkom”u vurmuşdu, buna görə hətta Arif Quliyevin
hüquq-mühafizə orqanları ilə problemləri də
yarandı, amma qısa zamanda hər şey yoluna qoyuldu.
Səməndər Rzayevin “Sənsiz”
romansı
- Çəkildiyiniz ilk epizod
hansı oldu?
- Yadımda deyil. Çünki
filmə düşməyən epizodlar da var. Montajda çox
şey dəyişildi. Mənim bir
çox epizodlarım kəsildi. Bəziləri
sırf texniki baxımdan yararsız alınmışdı, bəziləri
rejissorların baxışları ilə üst-üstə
düşmədiyinə görə filmə salınmadı.
Məsələn, Elxanla Nigarın küçədə
gedə-gedə söhbət elədikləri epizod çəkilmişdi,
o, montaj edilib.
Mənim
üçün bu filmdə iştirakın ən əhəmiyyətli
tərəfi aktyorluq fəaliyyətinin
başlanğıcında olan bir gənc olaraq Səməndər
Rzayev kimi sənətkarla mehmanxanada bir otaqda qalmağım,
birlikdə çörək yeməyim, Həsənağa
Turabov, Nəsibə Zeynalova və başqa ustadlarla yaxın
ünsiyyətdə olmağım idi.
- Tərəf-müqabillərinizlə
işgüzar əlaqə necə yarandı? Yəqin ki, əsas
tərəf-müqabiliniz olan Tamara Şakirovadan başlasaq,
yaxşıdı. Tanışlığınızın
ilk təəssüratı necə oldu?
-
Çox maraqlı aktrisadı. Bu filmə qədər
mən onu yalnız sovet vaxtı “Odlu yollarla” adlı
çoxseriyalı özbək filmində
görmüşdüm. Şamaxıya
avtobusla Səməndər Rzayevlə birlikdə
yollanmışdıq. Çox maraqlı
yol yoldaşı idi. Onun qeyri-adi istedad
sahibi olması təkcə aktyorluğuna aid deyildi. Gözəl musiqi duyumu və ifa qabiliyyəti var idi
– istənilən musiqi növünü pianinoda gözəl
çalır və həm də təkrarsız şəkildə
oxuyurdu. Mən onun ifasında “Sənsiz”
romansını dinləmişəm və qeyri-adi təəssürat
qazanmışam. Bu təəssürat
ondan əvvəlki və ondan sonrakı təəssüratları
hələ də kölgədə qoyur. Avtobusda
yol gedəndə xahiş edirdik bəstəkar və xalq
mahnıları oxuyurdu. Rəhmətlik əhli-kef adam idi... Şamaxıya
çatanda axşamüstü mənə dedilər ki,
aşağıda düzəldilmiş kostyum sexinə
düşüm ki, mənə libas seçsinlər.
Sexin qabağında rejissor assistenti Tamarayla gəldi, məni
ona təqdim edib rusca dedi ki, tanış
olun, bu, sizin filmdəki tərəf-müqabilinizdi. O da
çox rahat, sərbəstcəsinə mənə
yaxınlaşıb qoluma girdi, maraqla mənə baxıb dedi:
“Îé, êàêîé ìîëîäîé ïàðåíü!..”
("Ah, necə də gənc oğlandır!..")
Firnini
qarışdırmaq bir dəfəyə alınmayıb
-
Görünür, həyatda da elə roldakı kimidi.
Ümumiyyətlə, o filmdə elə bil heç kim rol oynamır, hamı özüdü.
- Tamamilə
düz deyirsiniz. Çünki heç kim əvvəldən
bilmirdi ki, nə oynayacaq, nə kimi bir obrazı ifa edəcək.
Bu filmdə iştirak etmək mənim
üçün o cür böyük sənətkarlarla eyni
çəkiliş meydançasında işləmək cəhətdən
çox əhəmiyyətli oldu, onları müşahidə
etməklə daha bir məktəb keçdim.
- Məsələn,
nələri müşahidə elədiniz?
- Məsələn, Həsənağa
Turabovu, məmnuniyyətlə, müşahidə etdikcə
kinoda reallığın nə qədər mühüm cəhət
olduğunu dərk etdim. Kinoda olduğun kimi
görünməlisən, heç nəyi şişirtməməlisən.
Konkret epizodun hansı planda çəkilməyindən
asılı olaraq aktyor bəzi nüanslara diqqət yetirməlidi.
Beləliklə, kino ilə ilk təmasım bu
filmlə başladı və o çəkilişlərdə
çox şey öyrəndim.
-
Çətinliklə, bir neçə dubla alınan epizod
oldumu?
-
Yadıma gəlir ki, Yaşar Nurinin firnini
qarışdırmaq səhnəsi çox uzun çəkdi.
Onu pavilyonda çəkirdilər, onunla da ancaq
Vaqif Mustafayev özü işləyirdi. Səhv
eləmirəmsə, azı yarım saat o firnini
qarışdırmağın arzuolunan şəkildə
alınmasına sərf olundu. Çəkilişlər
nə qədər qəribə idisə, nəticə ondan da
qəribə, gözlənilməz oldu. Vaqif
Mustafayev mənim yanımda bir neçə dəfə deyib
ki, o çəkilən epizodlardan film alınacağı,
özü də indiyə qədər seviləcəyi
heç ağlına gəlmirmiş.
- Filmdəki
“Brodyaqa”nın “Avara” filminə 43 dəfə
baxdığı kimi bu film də dəfələrlə
baxılır.
- (gülərək)
Elədi. Yeri gəlmişkən, “Brodyaqa”nı
oynayan Gümrah Rəhimov özü də hind filmlərini
çox xoşlayırdı.
- Filmi
ilk dəfə görəndə təəssüratınız
necə oldu?
- Film təhvil verilən vaxt mən əsgərlikdə
idim. Ezamiyyətə buraxılıb Bakıya gələndə
tələbə yoldaşlarımla görüşdüm,
dedilər ki, “Azərbaycan” kinoteatrında “Bəyin
oğurlanması” gedir. Elə əsgər paltarında
apardılar məni kinoteatra, qapıda da dedilər ki, bu
oğlan həmin filmdə çəkilib, indi əsgəri
xidmətdədi... Biletsiz keçirdilər məni
içəri. Mən heç vaxt öz
işimdən razı qalmıram. Təbii
ki, film baxımlıdı, yumor hissi güclüdü,
baxdıqca ləzzət eləyir. Amma
öz rollarımın heç birindən razı qalmıram,
hesab edirəm ki, nəticədən on qat daha yaxşı
canlandıra bilərdim, həmçinin bu fimdəki rolumu da.
Biziim
Yol.- 2015.- 4 mart.- S.15.