Azərbaycan
xalçaçılığı:
keçmişdən gələcəyə
Köndələn
çayının sahilində yerləşən, XIX-XX əsrlərdə
qoyunçuluq təsərrüfatı və xalçaları
ilə məşhur olan Füzuli rayonunun Kürdmahmudlu kəndindəyəm.
Söhbət etdiyim sakinlər deyirlər ki, Kürdmahmudlu
xalçaları xanların dəyərli hədiyyəsi,
tacirlərin bahalı malları, gəlinlərin cehizi olub.
Burada yaşayanlar Kəngərli türk
tayfalarıdır. Onlar əsasən heyvandarlıqla məşğul
olduqlarından gah aranda, gah da qışlaqda yaşamalı
olublar. Odur ki, məişətdə, yaxud
köç zamanı müxtəlif toxuculuq məmulatlarından
istifadə ediblər. Əlbəttə,
xalçasız, xurcunsuz, heybəsiz, fərməşsiz
köç həyatı olmaz. Bu da xalq sənətinin
ən zəngin növlərindən olan
xalçaçılığın yaranmasında və
inkişafında mühüm rol oynayıb.
Kürdmahmudluda
dünyaya gələn Sumqayıt Dövlət Universitetinin
kafedra müdiri, pedaqoji elmlər namizədi Tarıyel Məmmədov
bildirir ki, o, mənsub olduğu Kəngərli tayfasının
həyat və məşğuliyyətini araşdırıb,
bu barədə mətbuatda və kitablarda məqalələri
dərc olunub. Həmsöhbətim məlumatları
əsasən yaşlı insanlarla söhbət edərək
topladığını vurğuladı.
Müasir dövrdə kəngərlililər çoxluq
olaraq Naxçıvanda və Qarabağda məskunlaşıblar. Türk mənşəli
Kəngərli tayfalarına Cavanşirlər də deyiblər.
Onlar əvvəllər əsasən İranla
İraqın sərhədində yaşayıblar.
T.Məmmədovun
sözlərinə görə, Kürdmahmudlu sakinləri olan
kəngərlililər ictimaiyyətə əsasən
qoyunçuluğa və xalçaçılığa
görə tanınıb: "Ötən əsrlərdə
xalçaçılıq kəngərlililərin həyatında
mühüm yer tutub. Bu da təsadüfi deyil.
Kəngərlililərin qoyun, dəvə
sürüləri olub. Bu da toxuculuq sənətinin
yaranmasına və inkişafına səbəb olub. Xalçaların toxunuşunda əsasən
xüsusi cins qoyunların bel hissəsindən qırxılan,
yüksək keyfiyyətli yundan istifadə ediblər. Bu yun daha yumşaq və parlaq olduğundan
xalçalar uzun müddət öz keyfiyyətini və rəngini
qoruyub saxlaya bilir.
Kəngərlililər toxuculuqda dəvə yunundan da
istifadə ediblər. Dəvə
yunu əsrlər boyu ən keyfiyyətli və ondan
hazırlanan paltar və xalçalar ən davamlı hesab
olunub.
Yun lifə, lif ilməyə, ilmə isə
xalça-palaza çevrilir, təbii boyaq vasitələri isə
xalçaçılığın inkişafına
güclü təkan verib. Xalçaçılar
hesab edir ki, xalçanın keyfiyyətinin ilk zəmanəti
olaraq iplərin düzgün boyanmasıdır. Xalçanın boyanması üçün ipləri
Şuşaya və Şəkiyə aparıblar. Kürdmahmudluda da boyaçılar olub. Hətta xalçaçıların özləri
toxuyacaqları ipləri belə özləri boyayıblar.
Belə ki, onlar müxtəlif bitkilərdən,
gül-çiçəklərdən, ağac
qabıqlarından fərqli rənglər alaraq ipləri
boyayıblar. Xalçalar islanardı, amma
özündən rəng buraxmazdı. İndi
də Kürdmahmudluda xalça toxunur, amma iplər ənənəvi
şəkildə boyanmır.
XX əsrin əvvəllərində və ortalarında
tikilən xalçalar evlərdə indi də var. Həmin
xalçalara toxunanda sizə məlum olacaq ki, Kürdmahmudlu
xalçaları ağır çəkili, hündür,
lakin yumşaq və parlaq xovlu xalçalardır. Bu xalçalar
iplərin zərifliyi və ilmələrin
sıxlığı ilə fərqlənir. Kürdmahmudlu xalçalarının şöhrət
qazanmasının səbəbləri də bax bunlar idi".
"Gül xalçası" və
"Qızılquş xalçası"
Araşdırmaçı
bildirir ki, Kürdmahmudlu məhəllələrinin özlərinə
məxsus xalça toxumaları olub: "Kəndimizin Heydərlilər,
Hacı Qaralılar, Qasımlılar, Gödəklər və
başqa məhəllələri olub. Bu məhəllələrdə
toxunan xalçalar da fərqlənirdi. Məsələn,
Hacı Qaralılar məhəlləsində toxunan
xalçada bir gül olurdusa, Heydərlilərdə iki gül
olub. Ən uzun gəbəni də Heydərlilər
toxuyarmış. Dekabrdan mart ayına qədər
xalça toxuma mövsümü idi.
Hacı
Mövlanverdi, Hacı Qara, Hacı Qulu və başqa hacıların hər
birinin 20-30 min qoyunu, dəvə sürüləri olub. Kürdmahmudluda xalçanın dəvə yunundan
hazırlanmasına üstünlük verilib.
Hacı Mövlanverdinin həyat yoldaşı Kərbəlayi
Nənəxanım rəhbərliyi ilə 1880-1890-cı illərdə
kəndimizdə toxuma işləri sürətləndirilib. Xalçaçılar
toy mərasimlərinə hazırlıq görüb, xanlara hədiyyə
üçün xalça toxuyublar.
Kərbəlayi Nənəxanımın və onun rəhbərlik
etdiyi xalçaçıların toxuduğu xalçalar
Naxçıvanda, Muğanda, Təbrizdə və Əhərdə
şöhrət qazanıb. Onlar əsasən
"Gül xalçası" toxuyublar. Bu
xalçanın digər xalçalardan fərqi budur ki,
xalça açıq rəngdə olub və ipləri dəvə
yunundan hazırlanıb. "Gül
xalçası" Azərbaycanın bir neçə bölgəsində
olub, amma Qarabağın "Gül xalçası"
toxunuşuna və ilmələrin keyfiyyətinə görə
şöhrət qazanıb.
Kürdmahmudluda toxunan "Qızılquş
xalçası" da məşhur olub. O xalçanı ancaq
varlılar ala bilirmiş. Kürdmahmudluda qoyun
yunundan hazırlanmış xüsusi geyim də məşhur
olub".
""Gül
xalçası"nın ən yaxşısını ermənilər
alıb..."
T.Məmmədov hesab edir ki, xarici
ölkələrin muzeyində saxlanılan və erməni
xalçası kimi təqdim olunan xalçaların
sırasında Kürdmahmudlu xalçası da var: "Kəndimizdə
toxunan və şöhrət qazanan "Gül
xalçası"nın ən yaxşısını ermənilər
alıb, ermənilərin yaşadığı ərazilərə,
xüsusən İraqa aparıb baha qiymətə satıblar. Xarici ölkələrin bir neçə muzeyində
ermənilərin xalçası kimi təqdim edilən
xalçalar var. Çox güman ki, həmin xalçalar
Kürdmahmudlu xalçalarıdır. Azərbaycanda
sovet hakimiyyəti qurulmamışdan öncə Kürdmahmudlu
xalçalarını Bakı və Şəki tacirləri
alıb satıblar".
Araşdırmaçı deyir ki, İmişlinin
Kürdmahmudlu kəndi kəngərlililərin
qışlağı, Göyçədə,
Naxçıvanda və Kəlbəcər isə
yaylağı olub. "Payızda Füzulinin Kürdmahmudlu kəndinə
köçürmüşlər. Füzulinin Mandı kəndinin
torpaqları da bizim, kəngərlilərin ərazisi olub. Sovet
hakimiyyəti o ərazini bizdən alıb ermənilərə
verib. Bu hakimiyyət kəndimizin
adını səhv yazmaqla bizə ikinci zərbəni vurub.
Bizim kəndin adı Kürmahmudlu olub. Kəndimizin adındakı "Kür"
sözü dəlisov, igid, qorxmaz mənasını verir.
SSRİ dövründə sənədlərə
ya bilərəkdən, ya da bilməyərəkdən
Kürmahmudlu əvəzinə Kürdmahmudlu yazıblar".
Hərbi təcavüzün xalq sənətinə
vurduğu zərbə
Sakinlərlə söhbət zamanı məlum oldu ki,
bir zamanlar xalçaçılıq sənəti ilə məşhur
olar Kürdmahmudluda hazırda xalq sənəti məhv olmaq
üzrədir.
Bunun əsas səbəbi 1993-cü ildə Ermənistan
Silahlı Qüvvələrinin Füzulini işğal etməsi,
Kürdmahmudlunun hərbi təcavüzə məruz
qalmasıdır. Nəticədə yerli əhaliyə
məxsus qədim, əvəzolunmaz qiymətli mədəni sərvətlər
məhv edilmiş. Belə ki, bir əsrdən
çox tarixi olan xalçaların bir hissəsi
yandırılıb və oğurlanıb.
Hazırda Kürdmahmudluda yaşayanların çoxu
yaşlı nəslin nümayəndəsidir. Gənclər
və cavanlar işləmək üçün Bakıya
üz tutublar. Xalçaçılar
çətin vaxtlarda toxuduqları xalçaların bir qismini
dəyər-dəyməzinə satmalı olublar.
Bəy qızının
ömrünü yaşayan
xalçalar 7 evdə
saxlanılır
Kürdmahmudluda xalq sənəti indi də
yaşayır, amma ənənəvi toxuculuq və
boyaçılıq tərzi yoxdur. Sevindirici haldır ki,
hələ də evlərdə xalçaçılar və
xalçalar var.
Onlardan biri,
həmsöhbətim, onlarla xalq sənəti nümunəsinin
müəllifi 1 iyul 1934-cü il təvəllüdlü
Hüseynova Sayad Murtuza qızıdır. O, 1955-ci ildən
xalçaçılıq sənəti ilə məşğuldur.
"Evdə anam xalça toxumayıb. Mənim atam bəy
olub. Mən bəy nəslinin
qızıyam. Toxumağı gəlin
getdiyim evdə qayınanamdan öyrənmişəm. 21 yaşımdan xalça toxuyuram. 25 xalça, 2 klim, 12 palaz toxuyaraq onları yeddi
övladıma hədiyyə vermişəm. Gəbənin görüntüsünün necə
olacağını öncə dəsmalın üzərində
çəkərək müəyyən edirdik.
Xalçanı ev şəraitində
toxuyurduq. İlmələrin rənglənməsində
ağacın, narın və soğanın
qabığından istifadə edirdik"-deyən
S.Hüseynova vaxtilə toxuduğu xalçaların
naxışlarından, rənglərindən
danışır, həmin günlərin xoş xatirələri
ilə yaşayır.
Onun dediklərindən məlum oldu ki, xalça toxuyan kəngərli
qadınları xalçaların üzərindəki
naxışları əsasən analarının, nənələrinin,
ya da qonşularının vaxtilə vurduqları
naxışlardan götürüblər. Bəzən
ipləri də özü boyayırmış.
Kəngərlililərdə fərməş,
xurçun, heybə, keçə, çul, palaz, cəhrə,
cecim, yəhərüstü, örkən, çatı
toxunulması da çox geniş yayılıb. Çünki
bu tayfa köçə başlayanda adları çəkilənlərin
hər birindən istifadə edib, onların hərəsi bir
işə yarayıb. Əgər fərməşə
yorğan-döşəklər, pal-paltarlar
yığılırdısa, heybəyə yüngül yol
azuqəsi, xurcuna məişətdə istifadə olunan əşyalar
doldurulurdu.
"Özü də biz ustadlar bunların
hamısına xalça naxışları qoyublar. Harada maraqlı bir
naxış görüblərsə, onu ya xalçanın, ya
da kilimin üstünə vurublar",-deyə S.Hüseynova
bildirdi.
"Xalq sənətçiləri barəsində
yazmasaydınız,.."
Mərhum
xalçaçı Əsray Mustafayevanın (1918-1993) 1961-ci
ildə toxuduğu "Zənçir xalça" və
"Quraq xalça", həmçinin 1970-ci ildə
toxuduğu "Maral xalça" hazırda da onun
övladının evində qorunub saxlanılır.
"Xalq
sənətçiləri barəsində yazmasaydınız,
yəqin belə xalq sənətkarlarının nə vaxtsa
mövcudluğunu yalnız qohum-əqrabası
xatırlayacaqdı", - deyə Ə.Mustafayevanın
adının çəkilməsini istəməyən
övladı bildirir.
Onun yaşadığı evdə mərhum
xalçaçıya məxsus və XIX əsrin sonuna aid
poladdan hazırlanmış həvə qorunub
saxlanılır. Xalçaçılar bu alətdən
xalçaçıları ilmələri bərkidib və
sıxlaşdırmaq üçün istifadə ediblər.
Kürdmahmudlu sakinləri ilə söhbət zamanı o
da məlum oldu ki, sovet hakimiyyəti illərində bu elin
xalçaçıları naxışlı xalçalarla
yanaşı xeyli sayda portret xalçalar da toxuyublar.
Kürdmahmudlunun
qonşu kəndi Alxanlıda onlarla xalçanın müəllifi
olan, 1922-ci il təvəllüdlü
Şövkət Bəylərova ilə də
görüşmək mənə nəsib oldu. Səhhətindəki
problemlər səbəbindən onunla söhbət etmək
mümkün olmasa da, onun şagirdi, qızı Validə
Əliyeva ilə söhbətləşdik. 1948-ci il təvəllüdlü həmsöhbətim
bildirir ki, onun müəllifi olduğu xalq sənəti
nümunələrindən hazırda evdə saxlanılan
1961-ci ildə tikilən klim və V.İ.Leninin portreti olan
xalça var. "Biz xalçanı, kilimi kitablarda və qəzetlərdə
olan şəkillərə baxaraq toxuyurduq",-deyə
V.Əliyeva bildirdi.
Ramid
İBRAHİMOV
Bizim Yol.- 2015.- 14 oktyabr.- S.11.