Akademik Ağamusa Axundov
dilçiliyimizin tacıdır
(alimin ölümünə
sözardı)
"Azərbaycanda dilçilik elmi
hazırda elə bir səviyyəyə gəlib
çatmışdır ki, yerli kadrlar yalnız Azərbaycan
dilini deyil, müxtəlif mənşəyə mənsub olan
dilləri də öz tədqiqat planlarına daxil etmişlər".
A. Axundov. Ümumi
dilçilik. Bakı, 2006, s. 73.
Azərbaycan dünya xəritəsində balaca ölkə
olsa da, onun dünya elminə və mədəniyyətinə
böyük dühalar verməsi inkarolunmaz həqiqətdir. Tusi, Nizami, Füzuli, Nəsimi,
Axundzadə, M. Şəfi, H. Zərdabi, Ü.Hacıbəyli,
Y. Məmmədəliyev, A. Mirzəcanzadə, X. Məmmədov,
B. Nəbiyev və neçə-neçə adını
çəkmədiyimiz korifeylər! Bunların
içərisində bir neçə gün bundan öncə
dünyasını dəyişmiş A.Axundov xüsusi yer
tutur. O həm dilçi, həm ədəbiyyatçı,
həm təhsil uzmanı, həm də ictimai-siyasi xadim olaraq
dövrünü xeyli qabaqlayan, elmimizdə yeni paradiqmin əsasını
qoyan alimlərimizdəndir. O, uzun illər dilçiliyimizin
başında duran fədakar alimlərimizdən biri olmaqla
öz ciddi tədqiqatları ilə xalqımızın tarixinə
adını qızıl hərflərlə
yazmış alimdir, özünə layiqli ardıcıllar
yetirmişdir. Bu gün A. Axundovun yetirmələri
elmimizi ölkəmizdə və ondan çox-çox uzaqlarda
layiqincə təmsil edirlər. Ümumi nəzəri
problemlərin və Azərbaycan dilinin konkret məsələlərinin
həllində akad. A. Axundovun öz yeri və çəkisi
vardır. Onun zəngin
yaradıcılığı xalqımız yolunda şam kimi ərimək
anlamına gəlir. Bütün Azərbaycan
Respublikasında və dünya türkoloji dilçiliyi sahəsində
kadrların hazırlanmasında A.Axundov böyük əmək
sərf edərək ciddi nailiyyətlər əldə
etmişdir. O, görkəmli teoretik və türkoloq
olmaqla yanaşı həm də sözün əsl mənasında
böyük filoloq idi.
Akademik A.
Axundovun elmdə
fədakarlığı, akadmizmi, dil faktlarına vicdanlı
münasibəti,təhlildən əldə etdiyi nəticələrə
adekvat linqvistik şərh vermə bacarığı onu
başqalarından fərqləndirirdi. 32 yaşında
doktorluq dissertasiyasını uğurla müdafiə etmiş
bu alim Azərbaycan dilçiliyinə riyazi təhlil metodunu gətirmişdir.
Dilçiliyimizin az işlənmiş sahəsi
olan fonologiyada apardığı çoxsaylı tədqiqatları
onun çox ciddi alimliyindən xəbər verir. Ötən əsrin
60-cı illərinin ortalarında biz gənclər onun
"Felin zamanları" adlı çapdan
çıxmış (1961) kitabını, sonra isə "Azərbaycan
dilinin fonemlər sistemi" (1973) monoqrafiyasını həvəslə
oxuyub öyrənirdik, tələbə ikən sevinirdik ki,
bizim belə bir ensiklopedik biliyə malik alimimiz vardır. Qeyd
etmək yerinə düşər ki, məşhur belçikalı
antropoloq-strukturalist
L.K.Stross yazırdı ki, nüvə fizikası dəqiq
elmlər üçün nədirsə, fonologiya da sosial elmlər
üçün odur.
Bu ideya Ağamusa müəllimin fonologiyaya sevgisinin
açarı hesab edilə bilər. Ağamusa müəllimin
doktorluq dissertasiyasını diqqətlə oxuyub gördüm
ki, bu nəhəng alim gənc yaşlarında Azərbaycan
dilçiliyində inqilab etmişdir. Nə
idi onun etdiyi inqilabın məğzi? İlk
öncə qeyd edim ki, ötən əsrin 60-cı illərində
Azərbaycanda dilçiliyin fonetika və fonologiya sahələri
başqa sahələrə nisbətən daha çox
inkişaf etmişdi. Mən bunun səbəbini ilk
növbədə bizim Ə. Dəmirçizadə, F. Kazımov,
Q. Ələkbərli, S. Sadıqov, C.M. Cəfərov, T. Hidayətzadə kimi son dərəcə istedadlı
dilçilərimizin olması ilə izah edirəm. Digər tərəfdən, o zaman dünya
dilçiliyində fonologiya aparıcı mövqedə idi.
Gənc Ağamusa müəllim də
dilçilikdəki bu yeniliyi duymaya bilməzdi, çünki
onun davamlı və təhliledici mütaliəsi və
güclü müşahidə qabiliyyəti vardı. Üçüncü bir tərəfdən
Ağamusa müəllim təbiətşünaslıq elmlərinə,
xüsusilə də riyaziyyata meylli dilçi idi. Bütün bunlar onu humanitar elmlərin şahı
olan fonologiyaya gətirdi. Maraqlı burasıdır ki,
namizədlik dissertasiyasının müdafiəsindən
çox keçməmiş A.Axundov gələcək tədqiqatının
yönünü tamam dəyişərək dilçiliyin
zirvəsi sayılan fonologiyaya üz tutdu. Hətta
mən deyərdim ki, namizədliyi yazarkən o fonologiyaya
bağlanmışdı, artıq doktorluq işi
üçün gələcək elmi istiqamətini
seçmişdi. Bunu onun müdafiədən cəmi bir il sonra, yəni 1959 -cu ildə
yazdığı məqalə də sübut edir. O,
APDİ-nin "Elmi əsərlərində" F. Kazımov və C.M. Cəfərovun
çap olunmuş məqalələrinə yazdığı rəydə
onların mövqeyinə öz kəskin münasibətini
bildirərək göstərirdi ki, onlar uzun sait və
geminatların (uzun samitlərin) müəyyənləşməsində
yanlışlıqlara yol vermişlər.
Deməli,
fonologiyaya həvəs və maraq onu gətirib bu istiqamətin
ağuşına atdı və Axundov Azərbaycanda, mən
deyərdim ki,
dünya türkologiyasında ilk sanballı fonoloji
araşdırmaların əsasını qoydu. Fonologiya onu ənənəvi
dilçiliyin əsarətindən xilas etdi və gələcəkdə
adlı-sanlı dilçi olmasına bir növ təkan verdi.
Ağamusa müəllim tez bir zamanda keçmiş sovetlər
birliyində və dünyada tanındı. Leninqrad (S.Peterburq) fonoloji məktəbinin
lideri L.R. Zinder, gürcü türkoloqu N.N.Canaşıya və
b.-ı onun haqqında yüksək fikirlər söyləyir,
onun Praqada keçirilən VII Benəlxalq Fonetika Elmləri
Konqresindəki məruzəsini yüksək qiymətləndirirdilər.
Elə bunun nəticəsi idi ki, A.Axundov tezliklə həmin o Beynəlxalq
jurnalın redaksiya heyətinin üzvü seçilmişdi.
O zaman
dünyanın tanınmış dilçilik məktəblərindən
biri olan LDU-da A.Axundovu, gənc olmasına baxmayaraq, çox
sanballı bir alim kimi qəbul edir, onunla
hesablaşırdılar, hərçənd ki, həmyerlimiz
fonologiyanın müəyyən məsələlərində
Şerba məktəbindən (LFM və ya SPFM) fərqli
mövqe nümayiş etdirirdi. Bu barədə rəhbərim
mərhum professor L.R. Zinderin mənə yazdığı məktublardan
bilirdim. Berlində Humboldt universitetində
doktorluq dissertasiyası yazarkən (1977/78) dünya Fonetistləri
Cəmiyyətinin "Fonetika, ümumi dilçilik və
kommunikativ tədqiqlər" adlı jurnalının baş
redaktoru prof. Q. F. Mayerdən də A.Axundov haqqında xoş
sözlər eşitmişdim. Q. F. Mayer mənimlə
söhbətlərində Ağamusa müəllimin çox
yüksək elmi səviyyəsindən danışır, onu
dünyanın məşhur dilçilərilə bir
sıraya qoyurdu. Sözün düzü, mən o zaman
dilçiliyimizdə kimin kim olduğunu yaxşı bilirdim və
A.Axundovla fəxr edirdim ki, bizim də üzə
çıxartmalı belə bir dilçi alimimiz var. Doktorluq
dissertasiyası ("Azərbaycan dilinin fonemlər sistemi",
1973) əsasında A.Axundovun on bir il sonra, yəni
1984-cü ildə
hazırlayıb çap etdirdiyi Azərbaycan dilinin
fonetikasına həsr etdiyi
kitabında fonoloji yanaşma üstünlük təşkil
etdiyindən onun bu kitabı
mütəxəssislər tərəfindən çox maraqla
qarşılandı. Gürcü germanisti, Humboldt təqaüdçüsü
və Humboldtun "Seçilmiş əsərləri"nin
rus dilinə tərcüməçisi və redaktoru mərhum
prof. Q.V.Ramışvilinin , habelə Suxumidən prof.
P.Şubinin bizim Ağamusa müəllimə verdikləri
yüksək qiyməti eşidəndə qəlbim dağa
dönürdü
A.Axundovun yeniliyi nədə idi? Əvvəla, bu alim
dilə bir sistem kimi yanaşır. Bunu biz
aşağıda ondan gətirdiyimiz sitatdan da aydın
görürük. O yazır: "Dil sistemi deyərkən,
biz dil vahidlərinin bir-birilə qarşılıqlı əlaqədə
yaratdıqları mütəşəkkil, vahid bir
bütöv, dil quruluşu adı altında isə həmin
vahidlərin qarşılıqlı əlaqələrinin
toplusunu başa düşürük...Dil sisteminin müxtəlif
cinsli vahidlərdən təşkili onun sistemlər sistemi
olmasına dəlalət edir. Bu isə dil
sisteminin müxtəlif yarımsistemlərə
bölündüyünü göstərir. Dil sisteminin yarımsistemlərinə dil səviyyələri
deyilir." (s. 128). Dilin
fonemləri də belə yanaşmada bir yarımsistem kimi
götürülür. Bu zaman hər bir fonemin statusunu
o, linqvistik kriteriyaların köməyilə sübut edir:
fonoloji qarşılaşma yaratmaqla fonemlər söz mənasını
fərqləndirmək qabiliyyətinə malikdir. Leninqrad (Sankt Peterburq) fonoloji məktəbi (LFM və
ya SPFM), məlum olduğu kimi, mənafərqləndirməni əsas
götürmür. Digər tərəfdən,
bu məktəbə görə, fonemin danışıq
aktından ayrılıb götürülməsi mexaniki
qarşılaşdırma yolu ilə deyil, onun potensiyada morfemlə
bağlılığı əsasında həyata
keçirilir. Fonemlərin
maddi varlığının səslərdən ibarət
olduğunu A.Axundov
qəbul edir, bununla da o- zamankı dilçilikdə
hökm sürən atomizmi (hər bir fonemin ayrılıqda
reallaşmasının fiziki və fizioloji təsvir edilməsi)
və abstraktlığı (fonemin real səs təzahüründən
qopardılaraq abstrakt bir hadisə kimi təsvir edilməsi) qəbul
etmir. Üçüncüsü, A.Axundov türkologiyada ilk dəfə
dil vahidlərinin-fonemlərin distribüsiyasının təsvirində riyazi-statistik
metoddan istifadə etmişdir. Sonralar onun bu sahədə
çalışmalarının nəticəsi kimi riyazi
dilçilikdən dərs vəsaiti meydana gəldi. Eyni vaxtda onun ümumi dilçilikdən
yazdığı orijinal dərslik işıq üzü
gördü. Bu əsər ümumi
dilçilik sahəsində çox dəyərli ümumiləşdirmələrə
əsaslanırdı, hətta bəzi məsələlərin
şərhində (II bölmənin üçüncü
hissəsində) dünya dilçiliyi səviyyəsinə
qalxa bilmişdir, dilin daxili quruluşu məsələlərinin
şərhində orijinal yol seçmiş, bir sıra hallarda
öz konsepsiyasını əsas
götürmüşdür. Dördüncüsü,
Ağamusa müəllim həmişə konkret dil
materialından çıxış edərək öz elmi qənaətini
vermişdir. Beşincisi, Ağamusa müəllim dilin
tarixinə, onun işlənməsinə və tədrisinə,
dil və mədəniyyət məsələlərinə və s-ə həmişə
önəm vermiş və onların tədqiqinə
sanballı əsərlər həsr etmişdir. Onun ali məktəblə yanaşı orta məktəblər
üçün yazdığı dərsliklər də
öz orijinallığı ilə seçilir.
A.Axundov
elmi araşdırmalarında nəinki seqment vahidlərin
müxtəlif mövqelərdə və şərtlər
daxilində işlənməsi ehtimalını və kombinatorikasını
konkret materiallar əsasında açıb göstərir,
həm də onların superseqment vasitələrin (vurğu,
intonasiya və s.) təsiri altında
dəyişikliklərə uğramasını ətraflı təhlil edir. Özü də fonoloji vahidlərin paradiqmatik və
sintaqmatik planda xüsusiyyətlərini ön plana çəkir.
Bu da türkoloji dilçilikdə sinharmonizm (həmahənglik)
adı altında məlum olan tipik əlamətin
qabardılması, dilimizin və dilçiliyimizin avrosentrizmdən qurtulması
istiqamətində irəliyə atılmış ciddi
addım deməkdir.
Bu alim danışıq
aktında baş verən aksent xüsusiyyətlərini,
fonotaktikanı və söyləm intonasiyasının özəlliklərini
də geniş planda tədqiq edir. O da şübhəsizdir ki,
Azərbaycan dilinin sintaktik fonetikası ilk dəfə bu alimin əsərərində
belə hərtərəfli şərh olunur. Düzdür,
Ə.Dəmirçizadənin də kitabında avazlanma
adı altında cümlə intonasiyası barədə məlumat
verilir. Ancaq A.Axundovun tədqiqatlarında konkret tonaqramlar
verilməklə müxtəlif tip cümlələrin
intonasiyası geniş şərh olunur. Seqment
vahidlərdə olduğu kimi, intonasiyanın şərhində
də müəllif eksperimental -fonetik metoddan istifadə edir.
A.Axundov dilimizin fonem tərkibi haqqında mövcud
fonoloji yanaşmalara tənqidi münasibət bildirir. Hər bir səsin
fonoloji statusunu müəyyənləşdirərkən o
öz kriteriyalarını irəli sürür. Maraq doğuran cəhət odur ki, A.Axundovun fonem
anlamı bütövlükdə türk dillərinin, o
cümlədən Azərbaycan dilinin spesifik xüsusiyyətlərini
əhatə edir. Sonralar A.Axundov öz əvvəlki fonem
konsepsiyasından bir qədər geri çəkilir, yəni
Azərbaycan dilində uzun saitləri və samitləri fonoloji sistemdən kənara
çıxararaq onlara mövqe ilə bağlı variantlar
kimi yanaşır.
A.Axundovun yaradıcılığı ümumi və Azərbaycan
dilçiliyinə bir töhfədir.
Sonrakı illərdə mən elmimizin ağsaqqalı,
hörmətli Ağamusa müəllimlə tez-tez təmasda
olmuşam, ona heyranlığımı gizlədə bilməmişəm. Onun təmkinini,
dillə bağlı dərin məntiqi ümumiləşmələrini
hər zaman hiss etmişəm. Heç yadımdan
çıxmaz, mənim aspirantlarımdan biri onun rəhbərlik
etdiyi AMEA-nın
Dilçilik İnstitutundakı
Müdafiə Şurasında doktorluq
dissertasiyasını müdafiə edirdi. Bir neçə germanist kimi məni də birdəfəlik
müdafiə şurasına üzv salmışdı
Ağamusa müəllim. Müdafiə
başladı, prosedur məsələlər qurtardı,
opponentlər çıxış elədilər, sonra
müzakirə başladı. Mən
söz alıb çıxış etdim. Görünür,
mənim çıxışım akademik A.Axundovun xoşuna
gəlmişdi. Fasilədə yaxınlaşıb hal-əhval
tutanda dedi ki, Fəxrəddin, özünü çox yorma. Sən eləyə bildiklərini etmisən.
Özündən muğayat ol! Mən minnətdarlığımı
bildirdim, bir neçə gündən sonra ona növbəti
kitabımı bağışlayanda dedi: "Fəxrəddin,
səni "Türkologiya" jurnalının redaksiya
şurasına daxil etmişik". Sevincimin həddi-hüdudu
yox idi. Deməli, bu böyük alim mənim
yaradıcılığımı izləyirmiş.
Ağamusa müəllim çox ləyaqətli, alim
etikasını gözləyən, mehriban və alicənab
insan idi.
Bildiklərini ətrafdakılarla bölüşməyə həmişə
hazır olan bu böyük insan ömrünün ahıl
çağında da yorulmadan xalqımzın yolunda
çalışırdı, "Orfoqrafiya lüğəti"mizin
yeni təkmilləşmiş nəşrini çapa
hazırlayır, "Seçilmiş əsərləri"nin ikicildliyini tamamlayaraq nəşriyyata təqdim
etmişdi. Onlar işıq üzü
gördü. Onun 80 illiyini təntənəli
şəkildə qeyd etmək istəyirdik. Qəti şəkildə etiraz etdi. Yalnız "Dilçilik İnstitutunun əsərlərinin"
bir cildini onun yubileyinə həsr eləyə bildik.
Ağamusa müəllim nədən yazırsa-yazsın,
o hər yerdə yenilikçi, novator idi, dilimizi və
dilçiliyimizi yüksək zirvələrə
daşıyan zəhmətkeş sadə bir alim idi. O, dilçiliyimizin
döyünən ürəyi, düşünən beyni və
istiqamətləndirici siması idi və olaraq qalacaqdır.
Bütün varlığımla inanıram ki, qədirbilən
gəncliyimiz bu böyük alimin zəngin filoloji irsini dərindən
təhlil edərək öyrənəcək, onun Azərbaycan
və dünya dilçiliyində tutduğu layiqli yeri faktlarla
açıb göstərəcəkdir. Allah Sizə rəhmət eləsin,
Ağamusa müəllim! Qəbriniz nurla dolsun, əziz müəllimimiz!
Yazıya sözardı: Ağamusa müəllimin dilçiliyimiz üçün gördüyü işlər o qədər geniş və əhatəlidir ki, onları bir alim ömrünə sığışdırmaq hər adamın işi deyil. Ümumilikdə 36 adda 7970 səhifəlik kitab yazıb çap etdirən bu alimin titanik zəhmətinin nəticələrini qiymətləndirməmək olmur. Hələ mən onun çoxsaylı məqalə (125 jurnal və kitablarda), 155 (qəzetlərdə), müsahibə və çıxışlarını (48), ölkə daxilində (47) və ölkə xaricindəki (41) yazılarını və çıxışlarını, mühazirə və seminarlarını, rəhbərlik etdiyi dissertantların (41) sayını demirəm. Onun dilimizin müxtəlif sahələrinə həsr etdiyi əsərlərinin böyük hissəsi 75 -illik yubileyilə bağlı "Akademik Ağamusa Axundov" (Bakı, 2008) adı ilə çapdan çıxmış kitabında toplanmışdır. Yuxarıda adı çəkilən kitablarından əlavə burada onlardan yalnız bir neçəsini göstərməklə kifayətlənirik: Azərbaycan dilinin tarixi fonetikası, Bakı, 1973; Şeir sənəti və dil. Bakı, 1980; Dil və mədəniyyət. Bakı, 1993; Dilin estetikası, Bakı, 1985; Dil və ədəbiyyat. Bakı, I-2003; II-2003; Məktəblinin orfoqrafiya lüğəti. Bakı, 2004; Azərbaycan dili-5. Bakı, 1984; Azərbaycan dili-6-7. Bakı, 1991 və s.
Fəxrəddin
Veysəlli
Bizim Yol.- 2015.- 19 sentyabr.- S.11.