«Elektron məhkəmə»

məhkəmələri necə dəyişəcək?

 

Yeni informasiya sistemi proseslərin şəffaf işıqlandırılmasına sərbəstlik verir

 

13 fevral 2014-cü ildə Prezident İlham Əliyev "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncam müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi və məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edəcək.

Prezident ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə qərara alıb ki, məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılsın.

 

"Elektron məhkəmə" informasiya sistemi dedikdə

 

"Elektron məhkəmə" informasiya sistemi isə ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dairinzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini; məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini; sistemdə proses iştirakçısının iştirak etdiyi üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını; "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı; məhkəmə statistikasının elektron qaydada aparılmasını; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını təmin etməlidir.

 

"Elektron məhkəmə"  informasiya

sisteminin əhəmiyyəti olacaq?

 

Hazırda bir çox məhkəmə proseslərində jurnalistlərin foto-video çəkilişlərinə icazə verilmir. Məhkəmə girişində jurnalistlərdən fotoaparat, video-kamera, hətta diktafon belə alınır. Yalnız hakimin razı olduğu bəzi proseslərdə çəkilişə icazə verilir. Yeni sistem bu baxımdan nə vəd edir?

Hüquqşünas Müzəffər Baxışov deyir ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasının heç bir əhəmiyyəti olmayacaq. Sadəcə, bu məsələyə Azərbaycanda məhkəmə-hüquq islahatlarının aparılması kimi don geyindirəcəklər. Əslində isə elektron müraciət formasına keçiddən başqa bir şey deyil:

"Sırf texniki məsələlərlə bağlıdır. Daha bunun məhkəmədə işlərə baxılmasına təsiri olmayacaq. Sadəcə, kimin elektron imkanları varsa, onlar məhkəmələrə elektron şəkildə müraciət edəcəklər. Tutaq ki, hazırda o imkanlar 1-2 məhkəmədə var. Gələcəkdə yeni məhkəmə binaları istifadəyə verildikcə, bu imkanlar da genişlənəcək. Ancaq təəssüf ki, bəziləri bunu məhkəmə sistemində böyük inqilab kimi dəyərləndirirlər. Əslində isə təbliğat üçün verilən fərmandır. İşlərə obyektiv, hərtərəfli baxılmasına heç bir təsir göstərməyəcək. Elə bilin ki, bu günə qədər müraciəti kağıza yazıb məhkəməyə təqdim edirdik, bu gündən sonra elektron qaydada olacaq. Başqa heç nə dəyişməyəcək".

O ki qaldı məhkəmələrin online izlənməsinə, Müzəffər Baxışov deyir ki, məhkəməni heç canlı-canlı izləməyə icazə vermirlər, qaldı elektron şəkildə izlənməsinə şərait yaradalar: "Buna inanmıram. Heç vaxt buna imkan verilməyəcək. Heç məhkəmələrdə jurnalistlərə səsyazmaya və videoya çəkməyə icazə vermirlər. Bu necə olacaq? Əgər belədirsə elə məhkəmə praktikasının özündə jurnalistlərə imkan verilsin ki, istədiklərini çəkib göstərə, səs yaza bilsinlər. Hazırda bunun üçün məhkəmə sədrinin razılığı tələb edilir. Odur ki, elektron görüntü məsələsi inandırıcı deyil. Bütün bunlar hamısı formal, beynəlxalq təşkilatlar qarşısında hesabat verilməsi üçün hazırlanan sənədlərdir".

 

"Məhkəmələrdə ciddi

islahatlara ehtiyac var"

 

Müzəffər Baxışov düşünür ki, bu gün məhkəmələrdə çox ciddi islahatlara ehtiyac var. Normal məhkəmə hakimiyyəti yaradılmalıdır:

"Hakimlər kimdənsə asılı olmamalıdır. Ancaq bizdə bütün hakimlər bilirlər ki, onlar məhkəmə hüquq şurasının sədrindən asılıdırlar. Barəsində Şuraya hər hansı bir şikayət getsə, onların bu və ya digər şəkildə siyasi hakimiyyətə yaxınlığından asılı olaraq hakimlik fəaliyyətinə xitam veriləcək. Bu prinsiplərdən imtina etmək lazımdır. Hakimlərə müstəqillik vermək lazımdır. Seçim imkanlarını Ədliyyə Nazirliyinin nəzarətindən tam götürmək lazımdır. İslahatlar bu şəkildə həyata keçirilməlidir".

 

"Qanunda qadağan

olunmayan hər şey sərbəstdir"

 

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, mülki proseslərdə tərəflər çəkilişə razıdırsa, hakimin qarışmağa ixtiyarı yoxdur. Amma cinayət proseslərində hakimin razılığı mütləqdir. Hüquqşünas bildirir ki, əgər proses ictimai əhəmiyyət daşıyırsa, burada yalnız özəl həyatla bağlı məqamlar varsa, çəkilişə izin verilməyə bilər:

"İclas açıqdırsa burada hakimin məhdudlaşdırması üçün səbəbi qalmır. İcazə verməlidir. İstənilən hüququn məhdudlaşdırılması üçün legitim əsas olmalıdır. Hüquqi dayanağı olmalıdır. Əgər tərəflərdən birinin şəxsi həyatına, şərəf və ləyaqətinə toxunan hər hansı bir şey yoxdursa, eyni zamanda, proses ictimai əhəmiyyət daşıyırsa, bu ictimaiyyətə açıq məhkəmə deməkdir. İstənilən şəxs orada iştirak edə bilər. Eləcə də media. Ancaq təəssüf ki, bizdə hər şeyi qanuniləşdirməyə çalışırlar. Hökmən hər yerdə açıq şəkildə yazılmalı deyil ki... Həqiqətən qanunda qadağan olunmayan hər şey sərbəstdir. Bizdə isə hər görüləcək iş ayrıca göstərilməlidir".

Ələsgər Məmmədli "Elektron məhkəmə" informasiya sistemi haqqında da danışdı. Hüquqşünas bildirdi ki, burada həm elektron müraciət, sənədlərin elektron çıxarılması və s. həm də məhkəmə proseslərinin online izlənməsi mümkün olacaq: "Təəssüf ki, proses çox ləng gedir. Baxmayaraq ki, bildiyim qədərilə Ədliyyə Nazirliyinin kifayət qədər ciddi informasiya bazası var. Ancaq nədənsə bu proses tam şəkildə vətəndaşların istifadəsinə açıq vəziyyətə gətirilmir. Ümid edirəm ki, 2015-ci ildə bu proses açıq olduqdan sonra jurnalistlərin bu tip məsələlərdə mümkün qədər az problemi olacaq. Çünki prosesi canlı izləmək mümkün olacaq. Ancaq MSK-nın müşahidə kameralı tipli bir cihaz olsa bu informasiya almaq şansı vermir. Çünki məhkəmədə danışılan hər bir sözün eşidilməsinin ayrıca əhəmiyyəti var. Yalnız səs sistemi keyfiyyətli olmalıdır. Səs aspekti ilə görüntü birləşib normal informasiya ötürə bilər. Əks halda, yalnız görüntü müşahidə kamerası halını alacaq".

 

"Yeni sistem vətəndaş - məhkəmə

münasibətlərinin daha çevik

effektiv qurulmasına xidmət edəcək"

 

İyunun 12-də "Açıq hökumət: "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasının ictimai müzakirəsi" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, qurulacaq informasiya sistemi yalnız hakimlərin fəaliyyətinin avtomatlaşdırılmasına, məhkəmə fəaliyyətinin yaxşılaşdırılmasına deyil, həmçinin də vətəndaş - məhkəmə münasibətlərinin daha çevik və effektiv qurulmasına, şəffaflığın təmin edilməsinə xidmət edəcək:

"İlk növbədə diqqət pilot olaraq seçilmiş bir neçə məhkəmədə sistemin tam olaraq sinaqdan keçirilməsinin vacibliyinə yönəldilib. Bu məqsədlə məhkəmələrin yeri vaxtı ilə bağlı vətəndaşların SMS və ya e-mail ilə məlumatlandırma sisteminin, məsafədən iddia təqdim edilməsinin, məhkəmə gedişinin audio-video yazısının aparılmasının və məsafədən izləmə imkanlarının, ictimai nəzarət imkanlarının, məhkəmə qərarlarının elektron formada əldə edilməsi sisteminin ilk öncə pilot olaraq seçilmiş bir neçə məhkəmədə tətbiqi mühüm əhəmiyyət kəsb edəcək".

 

Layihənin tətbiqinə

zaman başlanacaq?

 

Layihənin zaman işə düşəcəyi ilə bağlı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə müraciət etdik. Bildirildi ki, bu istiqamətdə çox iş görülüb. Ancaq ətraflı məlumat verə bilməzlər: "Bunun üçün rəsmi informasiya sorğusu göndərin".

İnformasiya sorğusu göndərdik, ancaq cavab ala bilmədik. Ancaq eyni mövzu ilə bağlı ədliyyə naziri Fikrət Məmmədovun nazirliyin saytında müsahibəsi yerləşdirilib. Nazir müsahibəsində "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasının korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcəyini bildirib:

""Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edəcək. Sistemin işləməsi ilə insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət edə biləcək, proses barədə məlumatları elektron daşıyıcıda dərhal alacaq, məhkəmə prosesləri audio-video və digər texniki vasitələrlə qeydə alınacaq, habelə prosesi onlayn rejimdə müşahidə etmək imkanı yaradılacaq, proses iştirakçıları məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və s. məlumatları əks etdirən elektron" şəxsi kabinetə" malik olacaq, işlərin elektron dövriyyəsi təşkil ediləcək".

 

"Beynəlxalq təcrübə öyrənilir"

 

Nazir bu sahədə olan beynəlxalq təcrübədən danışıb. Bildirib ki, Sloveniyada kiçik məbləğli iddialar üzrə elektron məhkəmə icra sisteminin tətbiq olunması ilə 44 məhkəmədə 350 hakim məhkəmə işçisi tərəfindən görülən hazırda cəmi 1 məhkəmədə 4 hakim 62 məhkəmə işçisi tərəfindən həyata keçirilir. Avstriya, Türkiyə, Sinqapur digər dövlətlərdə tətbiq edilən təcrübə, o cümlədən iddiaların elektron formada təqdimi qeydiyyatı, tərəflərin SMS digər elektron üsullarla məlumatlandırılması, müxtəlif məlumat bazaları ilə inteqrasiyanın aparılması diqqəti xüsusi cəlb edir: "O da qeyd olunmalıdır ki, bütün Avropa məkanında cəmi 4 dövlətin məhkəmə sistemində (Avstriya, Estoniya, Malta Portuqaliya) müasir İKT-lərin tam tətbiq olunduğunu demək olar. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması əhəmiyyətli olduğu qədər mürəkkəb çoxmərhələli prosesdir. Bu sahədə qarşıda duran vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiyasında Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında müzakirə edilmiş, əhatəli tədbirlər planının hazırlanması, zəruri infrastrukturun formalaşdırılması, müasir İKT-lərin daha geniş tətbiqi, müvafiq qanunvericilik layihələrinin hazırlanması s. məsələlər üzrə konkret tapşırıqlar verilib".

 

Gülər Mehdizadə

 

Bizim Yol.- 2015.- 7 yanvar.- S.11.