Azərbaycanda ekoloji
siyasətin 3 əsas
istiqaməti
Respublikamızda
sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə
görə ekoloji siyasətdə də yeni metod və prinsiplər
üzə çıxarılır
Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər var: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.
1992-ci ildə Birləşmiş
Millətlər Təşkilatının təşəbbüsü
ilə Rio-de-Janeyro şəhərində
keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın
gələcək inkişafı ilk
növbədə ekoloji problemlərin necə
həll olunmasından asılı olacaq. Bu konfransda dünyada mövcud olan ətraf mühit
problemlərinin həlli yolları çox
ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm
qərarlar, o cümlədən artıq bütün Beynəlxalq ekoloji
təşkilatların proqram sənədinə
çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul edilib. Bu konsepsiyada iqtisadi
inkişafın ekoloji tarazlıqla vəhdət
təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk
növbədə həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin rifahının yaxşılaşdırılması
ön xəttə çəkilib. Buna nail olmaq
üçün ilk
növbədə iqtisadiyyatın
səmərəliliyinin yüksəldilməsi və ətraf
mühitin
qorunması təmin olunmalıdır. Rio
konfransının davamı kimi 2002-ci ildə
Yoxannesburq şəhərində keçirilmiş Dünya
sammitində dayanıqlı inkişaf
prinsipləri bir daha təsdiqlənərək
onların reallaşdırılması üçün
zəruri tədbirlərin görülməsi xüsusi
vurğulanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
(ETSN) mətbuat xidmətindən redaksiyamıza verilən məlumata
görə, Azərbaycan Respublikası son
illər sosial və iqtisadi
inkişaf sahələrində kifayət
qədər nailiyyətlər əldə edib
ki, bu da
milli və beynəlxalq sənədlərdə
öz əksini tapıb: "Sosial və iqtisadi sahələrdəki
nailiyyətlərin artmasının dayanıqlı olması
ölkə tərəfindən əsas prioritet
qismində qəbul edilmişdir. Ölkənin
ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin
koordinasiyasının gücləndirilməsi yolu
ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii
ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin
maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində
davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
və bazar iqtisadiyyatı yolunu
seçdikdən sonra, ölkəmizdə
ətraf mühitin mühafizəsi sahəsində
ekoloji siyasət yeni
vüsət almış və formalaşmağa
başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri
bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda
bu dövrdə ekoloji
siyasətə dair ilk
sənəd kimi "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan
"Azərbaycan Respublikasının ekoloji
Konsepsiyası"nı qeyd etmək olar. Bu konsepsiyada
respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas
prinsiplər öz əksini
tapmışdır".
Nazirlikdən
bildirilib ki, Azərbaycan
Respublikasında yürüdülən ekoloji
siyasətin əsas məqsədi indiki və
gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi
potensialın qorunması və təbii ehtiyatlardan
səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir: "Bunu
gerçəkləşdirmək məqsədi ilə təbii
ehtiyatlardan istifadə yolları işlənib
hazırlanmalı və iqtisadiyyatın inkişafı
davamlılıq prinsipləri əsasında həyata
keçirilməlidir. İnkişafın ekoloji
baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət
zamanı meydana çıxan ciddi ekoloji problemləri
aradan qaldırmaq, onların ətraf
mühitə mənfi təsirinin
minimuma endirilməsi tələb olunur. Müasir dövrdə
yaranmış ekoloji durumu
və sosial-iqtisadi vəziyyəti nəzərə
alaraq respublikamızın ekoloji
siyasətinin aşağıdakı üç
əsas istiqamətlərini
müəyyənləşdirmək olar:
- ekoloji
təhlükəsizliyin təmin olunmasını əsas
götürərək, ətraf mühitin
çirklənməsinin minimuma endirilməsi
və mühafizəsinin tənzimlənməsi məqsədilə
davamlı inkişaf prinsipləri üzrə
mütərəqqi üsulların tətbiq edilməsi;
- indiki və gələcək nəsillərin tələbatını ödəmək
məqsədilə təbii sərvətlərdən səmərəli
istifadə etmək, alternativ, qeyri-ənənəvi
metodlar vasitəsilə tükənməyən
enerji mənbələrindən yararlanmaq və enerji
effektivliyinə nail olunması;
- qlobal ekoloji problemlər
üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi,
Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi,
eləcə də milli potensial
imkanlardan istifadə etməklə həyata
keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin əsas istiqamətləri
üzrə qarşıya qoyulmuş məqsədə
çatmaq üçün
aşağıdakı vəzifə və prinsiplər əsas
götürülməlidir:
- ətraf mühitin keyfiyyətinin
yaxşılaşdırılması üçün
iqtisadi və insan
potensialının idarə edilməsinin müasir
üsullarından istifadə edilməsi;
- indiki
və gələcək nəsillərin rifahının
yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi
modellərin, texnologiyaların yaradılması və istifadəsi;
- eyni
və müxtəlif nəsillərin nümayəndələri
arasında təminatın ədalətlilik prinsipləri əsasında
həyata keçirilməsi;
- insanın həyat fəaliyyətini
təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin
təbii mühitinin olduğu
kimi qorunub saxlanılması.
Prinsiplər:
-
qısa müddətli və uzunmüddətli iqtisadi,
ekoloji və sosial nəticələr
və ehtimal edilən fəsadlar nəzərə
alınmaqla qərarların qəbul
edilmə prosesinin həyata keçirilməsi
və bu prosesdə alternativ
variantların nəzərə alınması;
- ətraf mühitin mühafizəsi sahəsində qərarlar
hazırlanarkən ictimai və
qeyri-hökumət təşkilatlarının nümayəndələrinin
cəlb edilməsinin genişləndirilməsi;
- ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan
dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının
alınması;
- ətraf mühitin mühafizəsinin təmin edilməsi
üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
- beynəlxalq təşkilatlar
və inkişaf etmiş
ölkələrlə ətraf mühitin
mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;
- əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin
gücləndirilməsi".
ETSN qeyd edir ki,
ekoloji siyasətin həyata keçirilməsinin
təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun
müvafiq qanunvericilik
bazasının yaradılmasını, ətraf mühit üzrə Dövlət idarəetmə
sisteminin təkmilləşdirilməsini,
beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi
yolu ilə prioritet
layihələrin tədricən realizə olunmasını
göstərmək olar: "Keçid dövründə respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə də yeni
metod və prinsiplər üzə
çıxarılır. Bu baxımdan ETSN tərəfindən
hazırlanmış və 2003-cü ildə ölkə prezidenti tərəfindən təsdiq olunmuş "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram ekoloji
siyasəti daha da təkmilləşdirilmiş
səviyyədə özündə əks etdirərək, onun tətbiq edilməsi üçün
imkanlar yaratdı. Bundan
əlavə, əhali arasında ekoloji təbliğatın
gücləndirilməsi, orta ümumtəhsil
məktəblərində ekologiya və ətraf mühitin
mühafizəsi ilə bağlı tədris saatlarının
artırılması mühüm məsələlərdəndir.
Son illər Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən
qəbul olunmuş ətraf mühitlə
bağlı bir sıra qanunlar
bu sahədə mövcud
olan boşluqların doldurulması üçün böyük
imkanlar açır.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən
Beynəlxalq təşkilatlarla, donor
ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət verilir. Belə ki,
BMT-nin İnkişaf, Ətraf Mühit,
Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi
Əməkdaşlıq və İnkişaf
təşkilatı, İqtisadi Əməkdaşlıq
təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya
Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq
sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli
əməkdaşlıqlar qurulur.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə
qoşulmağa da böyük diqqət yetirilir.
Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20 konvensiyaya qoşulmuş, müvafiq protokollar
imzalamışdır. Ətraf
mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını
müəyyənləşdirmək və ekoloji
tarazlığı təmin etmək məqsədilə
Dövlət proqramları və layihələrin
reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını
yaxın gələcəkdə mümkün
edəcəkdir".
ÜMİD
Bizim
Yol.- 2015.- 7 yanvar.- S.13.