Ekoloji problemlərin
həllində inkişaf
mərhələsi
Ətraf mühitin qorunması
bütün dövlət proqramlarında prioritet istiqamətlərdən
biri kimi əksini tapır
Son 10 il ərzində
Azərbaycanda həyata keçirilən ekoloji
proqramların əsası 2003-cü ildə qoyulub.
Həmin ildə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair" və
"Meşələrin bərpa edilməsi və
artırılmasına dair" 2 milli proqram, daha sonra 2003-2004-cü illərdə
isə "Abşeron yarımadasında təbii
daş yataqlarının səmərəli istifadəsi və inkişafı",
"Yay-qış otlaqlarının, biçənəklərin
səmərəli istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair"
və "Azərbaycan
Respublikasında Hidrometeorologiyanın inkişafı"na dair 3 Dövlət Proqramları təsdiq olunub və həyata keçirilir.
5 illik
plan
Lakin bu istiqamətdə atılan ən önəmli addım "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" hesab olunur. Həmin plan Bakı və ətrafında, Abşeron yarımadasında günbəgün ağırlaşan, hətta ekoloji böhran xarakteri almağa başlayan çirklənmənin qarşısını almaq üçün strateji əhəmiyyət kəsb etdi. Belə ki, paytaxt ətrafında uzun illərdir mövcud olan neft gölməçələri, məişət tullantılarının primitiv formada yandırılması nəticəsində paytaxtın üzərini və Abşeron yarımadasını bürüyən qalın tüstü dumanı, çirkab sularının təmizlənməsi və axıdılması üçün yetərli infrastrukturun mövcud olmaması ekoloji böhran təhlükəsi yaradırdı.
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş həmin planda yaranmış vəziyyətin təhlili əsasında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb. Belə ki, Bakı Buxtasının, Bibiheybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunub.
Ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri kimi əksini tapır. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilməkdədir. 2011-ci ildə təsdiq edilən "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı"nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır.
Xəzərin
çirklənmədən qorunması
Azərbaycan paytaxtı üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Lakin dənizin hüquqi statusunun hələ də müəyyən olunmamış qalması onun çirklənmədən mühafizəsi, nadir faunasının qorunması üçün çoxtərəfli tədbirlərin görülməsi imkanlarını da məhdudlaşdırır. Buna baxmayaraq Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Bu fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb.
Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunub ki, sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olub.
Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət etməkdədir və bu artıq öz müsbət nəticələrini verir. Bu sərəncam əsasında Xəzər sahillərində beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılıb.
Neftlə
çirklənmiş torpaqların təmizlənməsi
Bakı və Abşeron yarımadasında torpaqların, habelə Xəzər buxtasında suların çirklənməsində uzun illərdir davam edən neft hasilatının da rolu var. Qeyd olunmalıdır ki, ötən dövrlərdə neft hasilatı zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması heç də prioritet məsələ deyildi. Ancaq Azərbaycan Prezidentinin ekoloji problemlərin aradan qaldırılmasına yönələn siyasəti bu yanaşmanı dəyişdi. İndi neft hasilatı ilə məşğul olan şirkətlər qarşısında ətraf mühitin çirklənməsinə yol verməmək ciddi vəzifə kimi qoyulub. Azərbaycan Dövlət Neft Şirkəti üçün də bu məsələ əsas prioritetlərdən birinə çevrilib.
Ötən bir neçə il ərzində şirkət Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində bir neçə pilot layihə həyata keçirib. ARDNŞ tərəfindən yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin (Qapalı Səhmdar Cəmiyyəti) neftayırma zavodlarında istehsalat prosesləri zamanı formalaşan tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi nəticəsində Xəzər dənizinə, eləcə də, ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azaldılması sahəsində gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. "Ekol Mühəndislik Xidmətləri" tərəfindən 2006-cı ildən başlayaraq orta hesabla bir ildə Heydər Əliyev adına Bakı Neftayırma Zavodundan (BNZ) atılan 12.5 milyon m3, "Azərneftyağ" NEZ-dan isə atılan 10.9 milyon m3 sənaye çirkab suları norma həddinə qədər təmizlənmiş, hər iki zavodun istehsalat sahələrində uzun illər yığılıb qalmış 35.5 min ton, "Bibiheybət" sahəsində isə 6.2 min ton neftşlam emal edilərək zərərsizləşdirilib ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarını xeyli dərəcədə azaldıb. "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində aparılan torpaqların rekultivasiyası və "Salyan OİL" LTD-nin mədən ərazisində qazma şlamının rekultivasiyası işləri də QSC-nin son ildə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi mühüm tədbirlərdəndir. Azərbaycanda, xüsusilə neft sənayesi sahəsində ekoloji vəziyyətin yaxşılaşdırılması "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqaməti olmaqla bu sahədə işlər davam etdirilir.
Alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə
Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması və uzunmüddətli
ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəlmiş
tədbirlərdən biri də ölkədə ilk dəfə
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadəyə dair dövlət proqramının qəbul
olunmasıdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarına malik
olması baxımından ölkənin enerjiyə olan tələbatının
ödənilməsi problemi mövcud deyil. Lakin ənənəvi
enerji mənbələrindən istifadə ətraf mühitin
çirklənməsi prosesi ilə müşayiət olunur, ənənəvi
enerji mənbələri olan karbohidrogen ehtiyatları
dünyada tükənməz deyil və bunu nəzərə
alan ölkə rəhbərliyi alternativ enerji mənbələrindən
istifadəni gələcəyə hesablanmış strateji vəzifə
kimi müəyyənləşdirib. Çünki Azərbaycan
özünün əlverişli təbii şəraiti ilə
kifayət qədər alternativ və bərpa olunan enerji
potensialına malikdir.
2004-cü
ildə "Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması
üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
imzalanıb. Həmin proqramın miqyası sonradan genişlənib
və 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi yaradılıb. Alternativ və bərpa
olunan enerji mənbələrindən istifadəyə dair
proqramlar artıq öz bəhrəsini verməkdədir və
2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə
ilk külək elektrik stansiyası işə
düşüb.
Şərqi Avropa və MDB-də ən iri zavod
Azərbaycanda son illər həyata
keçirilən ən mühüm ekoloji layihələrdən
biri də Bakıda məişət tullantılarının
yandırılması üçün ən yeni texnologiyalara əsaslanan
zavodun tikilməsidir. Belə ki, uzun illər boyu Bakının məişət
tullantıları paytaxt ətrafındakı "Balaxanı
zibilliyi" adlanan əraziyə daşınır və orada
tullantılardan ibarət "dağ" yaranırdı. Orada
toplanan tullantıların primitiv formada yandırılması nəticəsində
vaxtaşırı olaraq paytaxtın, Abşeron
yarımadasının üzərini üfunətli
tüstü bürüyürdü. Ciddi ekoloji təhlükə
kəsb edən bu problemin həlli istiqamətində Azərbaycan
Prezidenti tərəfindən xüsusi tapşırıqlar
verilib.
Zavodun
tikintisinə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı" çərçivəsində
Fransanın "Constructions Industrielles de la Méditerranée
S.A." ("CNİM" S.A.)
şirkəti tərəfindən başlanıb. Zavodun
layihələndirmə-tikinti işlərinin ümumi məbləği
346 milyon avrodur. Balaxanı qəsəbəsində
ayrılmış 20 hektar ərazidə inşa olunan və
illik gücü 500 min ton təşkil edən zavod
tullantılarının yandırılması prosesində ildə
231.5 milyon KVt saat enerji hasil etmək gücündədir.
Zavodun tam fəaliyyətə başlaması 2012-ci ilin
sonlarına nəzərdə tutulur. İstehsalat gücünə
görə bu zavod Şərqi Avropada və MDB məkanında
ən iri bu tipli zavod hesab olunur. Dördüncü nəsil
(4G) texnologiyalarının tətbiqi ilə qurulan bu müasir
zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində
ən sərt normativlərə tam cavab verəcək. Yanma məhsulu
olan tüstü külü xüsusi filtrlərlə tutularaq ətraf
mühiti çirkləndirməyəcək.
Ekologiya ilinin elan edilməsi
Azərbaycanda
ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində mühüm mərhələlərdən biri
də ölkədə 2010-cu il hesab edilə
bilər. Həmin il fevralın 18-də ölkə Prezidenti
ekoloji problemlərə həsr olunmuş xüsusi
müşavirə keçirib. Müşavirədə
mövcud ekoloji problemlər və onların həlli istiqamətində
görülmüş işlər, habelə
planlaşdırılan fəaliyyət proqramları geniş
müzakirə olunub. Elə həmin müşavirədə
2010-cu il Prezident İlham Əliyev tərəfindən
"Ekologiya İli" elan edilib. Bu kampaniya ətraf mühit
problemlərinə daha geniş ictimaiyyətin cəlb edilməsinə,
bütün dövlət və ictimai institutların ekoloji tədbirləri
gücləndirməsinə imkan verib. Ekologiya İli çərçivəsində
paytaxtda və digər iri şəhərlərdə, bölgələrdə milyonlarla
ağac əkilib, ətraf
mühit problemlərinə dair ictimai müzakirələr
keçirilib və digər təşəbbüslər
reallaşdırılıb.
ÜMİD
Bizim Yol.- 2015.- 10 yanvar.- S.13.