"Elələri
var, məni ümumiyyətlə
aktyor saymırlar"
“Xalq
artisti adını aldığım gün qardaşım
dünyasını dəyişdi”
Milli.Az Azərbaycanın xalq
artisti Hacı İsmayılovun APA-ya müsahibəsini təqdim
edir.
- Hacı müəllim, əhvalınız
necədir?
- İş olanda özümü yaxşı hiss edirəm. Bekarçılıq
adamı darıxdırır. 2014-cü il
mənim üçün əlamətdar oldu. O mənada ki,
keçən il 70 yaşım oldu, Teatr
Xadimləri İttifaqının sədr müavini
seçildim. Bundan başqa, Cəfər Cabbarlının bir
çox əsərlərində oynamışam, ona görə
keçən il “Cəfər Cabbarlı
mükafatı”na layiq görüldüm. İndi
həm Teatr Xadimləri İttifaqında, həm də Akademik
Milli Dram Teatrında çalışıram.
- İlk
mükafatınızı nə vaxt almısınız?
- 1977-ci ildə Rasim Ocaqovun “Ad
günü” filminə çəkildim. O film mənim
üçün çox uğurlu oldu. 1980-ci
ildə “Ad günü” Dövlət Mükafatına layiq
görüldü. Yadımdadır,
yanvarın 26-da ulu öndərimiz, o vaxt respublikaya rəhbərlik
edən Heydər Əliyev həmin mükafatı filarmoniyada
şəxsən mənə təqdim etdi. Bu, mənim həyatımda sevincli, unudulmaz və bir
ömrə bərabər gün idi. O sevinci mən indi də
yaşayıram.
- Birinci mükafatı alanda
keçirdiyiniz həyəcanı sonrakı mükafatlarda yenə
yaşadınız, yoxsa belə şeylər getdikcə adiləşir?
- Yox, deməzdim, adiləşir. Aktyorlar fəxri adları, mükafatları xoşlayır.
Birinci mükafatımı alandan xeyli sonra əməkdar artist,
2000-ci ildə isə xalq artisti fəxri adına
layiq görüldüm. Böyük
qardaşım sənətdə qazandığım
uğurlara görə çox sevinirdi,
yaradıcılığımı izləyirdi. Məsələn,
şəhərdə kimsə məni tanıyanda, salam verəndə qardaşım qürur hissi
keçirir, mənimlə fəxr edirdi. Təəssüf ki,
xalq artisti adına layiq görülən
gün qardaşım dünyasını dəyişdi. Yasa gələnlər bilmirdilər, məni təbrik
etsinlər, yoxsa başsağlığı versinlər.
Heyif ki, qardaşım həmin günü
görə bilmədi.
- İstəyirəm,
böyüdüyünüz ailə və mühit haqqında
danışasınız...
- Mən İçərişəhərdə
böyümüşəm. Atam dənizçi idi, 40 il gəmidə çalışıb. Anam bəy nəslindən olub, orta təhsili olmayan
evdar qadın idi. Əslən Masallıdan,
Mircavad bəy Talışxanovun nəslindədir. Mən Mircavad bəy Talışxanovun
bacısının nəvəsiyəm. Bəylərə
qarşı repressiya başlayanda Bakıya köçüblər,
Suraxanıda və başqa yerlərdə məskunlaşıblar.
Anam Bakıda atamla tanış olub, ailə
qurublar və 1944-cü ildə mən dünyaya gəlmişəm.
Ailəmiz o qədər də yaxşı yaşamırdı,
atam maaşı ilə ailəni birtəhər
dolandırırdı. Uşaqlıq, gənclik
dövründə əynimdə plaşım, başımda
papağım olmayıb. Tələbə
vaxtı, hətta teatrda təzə-təzə işləyəndə
cibimdə bəzən 3-5 qəpiyim olmurdu ki, trolleybusa verib evə
gedim. Amma o çətinliklər məni
sındırmayıb, əksinə, daha dözümlü, əzmkar
olmuşam.
- Maddi sıxıntını necə
yaşınızdan sonra özünüzdən
uzaqlaşdırdınız?
- Çox gec. Düzdür,
maaşla birtəhər dolanmaq olurdu, amma palto, kostyum,
ayaqqabı almağa çox vaxt pul qalmırdı,
qardaşımın paltarlarını geyinirdim. Bu, evlənənə qədər olub. Subaylığın daşını atandan sonra vəziyyətim
bir qədər düzəldi. Bəxtim
onda gətirdi ki, məni kinoya çəkdilər, dublyaja cəlb
etdilər. Sonralar lap yaxşı oldu. Prezident
təqaüdləri təsis olunandan sonra maddi vəziyyətimiz
bir qədər yaxşılaşıb. O mənada ki,
arxayınlıqdır, əziyyət çəkmirik.
- Nə vaxtdan hiss etdiniz ki,
tanınırsınız, küçədə adamlar sizi
göstərib deyir ki, o gedən Hacı İsmayılovdur?
- (Gülür) Məktəbdə
də, dərnəyə gedəndə də ürəyimdə
bir hiss vardı ki, başqalarından seçilim. Öz-özümə fikirləşirdim, hansı sənəti
seçim ki, məşhur olum. Ona görə
aktyorluğa meyl etdim. Sonralar gördüm
ki, seçimimdə düz etmişəm. Məni
tanıyırdılar, hörmət edirdilər. Amma
sonralar bu məni bezdirdi ki, bu nədir, hamı tanıyır, adam rahat ola bilmir. Peşəkar
olandan, püxtələşəndən sonra isə sevinməyə
başladım ki, insanların mənə münasibəti
müsbətdir, sevirlər, hörmət edirlər. Məsələn,
tanımadığın adam yolda sənə
salam verirsə, bunu izah etmək çətindir. Deməli, həyatda nə isə edə bilmişəm.
- Sizi “Ad günü” filmi məşhur
edib. Yəni məşhurluğa görə, məncə,
teatra yox, daha çox kinoya minnətdar olmalısınız...
- O filmə qədər teatr
tamaşaçıları məni tanıyırdılar. Amma əlbəttə, daha böyük məşhurluq
həmin filmdən sonra məni tapdı.
- Bəs insanlar sizi tanımayanda
hansı hissləri keçirirsiniz?
- (Gülür) Bir az
məəttəl qalıram ki, nə əcəb bu adam məni
tanımır? Bu qabaqlar olmurdu, amma son zamanlar görürəm,
cavanlar üzümə baxırlar, onlara tanış
gəlsəm də, kim olduğumu tam aydınlaşdıra bilmirlər.
Bu yaxınlarda həyətdə yeddinci-səkkizinci sinifdə
oxuyan bir oğlan yaxınlaşdı ki, mənə tanış gəlirsiniz, siz bəstəkarsınız?
Dedim, hə, oğlum, bəstəkaram (gülür). Bir dəfə toya tələsirdim, yol polisi
saxladı. Gördüm, bir az qabaqda
polislərdən biri başqa maşını da saxlayıb. Tanınmış aktyoram, düşdüm
maşından, “salam-əleyküm salam”dan sonra
özümü təqdim elədim. Gördüm yox, bu adam mənə xam baxır. Dedim,
tanımadın məni, dedi, yox. Məəttəl
qaldım ki, necə yəni tanımırsan, kinoya, televizora
baxmırsan? Fikirləşdim ki, bu ya mənimlə
zarafat edir, ya da tərs damarı tutub. Xeyli
danışandan sonra qabaqdakı polis qayıdıb gəldi, mənimlə
görüşdü, hal-əhval tutandan sonra qayıtdı
ki, Hacı müəllim, buna fikir vermə, uzun müddət
Özbəkistanda işləyib, indi gəlib Bakıya, ona
görə sizi haradan tanısın?
- Deməli, polislərlə yola
gedirsiniz...
- Yol polisləri mənə o qədər
hörmət ediblər ki. Bəzən adam
tələsdiyindən xətti tapdayır, qaydanı pozur, amma
saxlayıb görəndə ki, mənəm, yola salırlar.
- Yol polis sonuncu dəfə sizə nə
vaxt protokol tərtib edib?
- Haradasa, 15-20 il
bundan qabaq. Tanımayıb, deyib, yazacağam, mən də
demişəm, yazırsan, yaz! Bir-iki dəfə
radara düşmüşəm, amma özləri deyiblər,
heç nə lazım deyil, gedin.
- Hacı müəllim,
yaşıdınız olan aktyorlardan kiminsə istedadına
görə qibtə etdiyiniz olub?
- Məndə, ümumiyyətlə,
qibtə hissi yoxdur, heç kimi də
ideallaşdırmıram. Sadəcə,
istedadlı aktyorlardan nələrsə götürürəm,
öyrənirəm. Məsələn, Səməndər
Rzayevdən, Yaşar Nuridən, Səyavuş Aslandan öyrəndiyim
şeylər olub. Mənim öz yolum, sənət
meyarım var.
- Sənətinizdən
küsdüyünüz vaxtlar necə, olub?
- Küsdüyüm yox, həvəsdən
düşdüyüm vaxtlar olub. Keçid
dövründə çətinlik idi, amma heç vaxt
ağlıma gətirməmişəm ki, teatrdan gedim. Bəzən sənət dostlarım arasında
inciklik, anlaşılmazlıq olub. Ancaq
bunlar heç vaxt mən tərəfdən olmayıb.
Sadəcə, onların mənə münasibətində
qeyri-müəyyənlik görmüşəm və fikirləşmişəm
ki, bu adam mənə düzgün qiymət
vermir. Son vaxtlar bəzi adamların münasibətini görəndə
adam pis olur. Bir də
xoşlamıram ki, kimsə məndən sui-istifadə etsin.
- Sizdən kim
sui-istifadə edib?
- Olub, belə şeylər olub. Dostlar arasında da olub, ancaq onların adını
çəkmək istəmirəm. Əvvəl elə
bilirsən, doğrudan da səndən kömək istəyir,
sonra başa düşürsən, yox, belə deyil, bu adam öz işinə görə səndən
istifadə edir.
- Qohum-əqrəbanın xahişləri
tez-tez olur?
- Əlbəttə!
Ən çox yoldaşımın qohumları xahiş edir
(gülür). Qayınlarıma, onların
uşaqlarına kömək etmişəm. Öz tərəfimin
qohumlarından çox az olub. Məsələn,
deyiblər, xeyir işimiz var, tanınmış adamsan, sən
də iştirak et, köməkliyin dəyər.
Kiminsə xahişini edəndə məmurlar da
sözümü eşidirlər. Amma bir şey var: hər
iş üçün məmur yanına getmək olmaz.
- Və yəqin ki, belə şeylər
sizi yorur...
- Hə, elədir. Daha
çox kiməsə ağız açmaqdan utanıram.
Adamdan bir dəfə xahiş etmək olar,
adamın xahişini bir dəfə edərlər.
- Bir dəfə Rafiq Əzimovdan
soruşdum ki, aktyorun rola dəvət alıb sınaqdan
keçə bilməməsi necə hissdir, dedi, dəhşətli
hissdir, bunu izah etmək çətindir. Sizdə
necə, belə şeylər çox olub?
- Mənə bir şey təsəlli
verir ki, çəkildiyim filmlərin əksəriyyətində
belə olmayıb. Məsələn, “Papaq”
filmində Hüseyn roluna məni dəvət etmişdilər,
amma alınmadı, Kamil Məhərrəmovu çəkdilər.
Sonra fikirləşdim ki, nə yaxşı, məni
yox, elə Kamil Məhərrəmovu çəkiblər.
Bəzən rejissorun rol təklifini qəbul etməmişəm
ki, mənə filan rolu verin, ancaq razı olmayıb. Kinoda hər rejissorun öz aktyoru var. Mənim bəxtim
onda gətirib ki, rejissorların çoxu məni öz tamaşalarında
görmək istəyiblər.
- Dram Teatrında imtina etdiyiniz
tamaşalar olub?
- Bəzi tamaşaların məşq
prosesində rolumdan imtina etmişəm. O tamaşaların
heç adları da yadımda qalmayıb. Bu
dava-dalaşla, incikliklə olmayıb, demişəm, təklifə
görə sağ olun, bu rol mənlik deyil. Həmişə demişəm, mən bəxti gətirən
aktyoram. Yəni rol sarıdan heç vaxt
korluğum, əziyyətim olmayıb.
- Sualım qəribə səslənməsin:
özünüzü böyük aktyor sayırsınız?
- Yox, nə
danışırsınız, qətiyyən! Məni
aktyor kimi Rasim Ocaqov kəşf edib. Bir az
əvvəl dedim ki, məndən daha yüksək sənətə
malik olan dostlarımdan çox şey öyrənmişəm.
Özümü böyük aktyor saymağı
heç ağlıma da gətirmirəm. Hər
aktyorun öz tamaşaçısı var. Elələri var, məni
ümumiyyətlə aktyor saymırlar. Bircə
Çarli Çaplindir ki, onu hamı sevib.
- Deyirlər, Rasim Ocaqovla işləmək
çətin olub...
- Onu kim deyir,
bilmirəm, əksinə, Rasim Ocaqovla işləmək
çox maraqlı olub. Həmişə deyirdim, kim Rasim Ocaqovun yanında ikinci rejissor işləyirsə,
həmin adam növbəti filmini sərbəst çəkə
bilər. Çünki o adam məktəb
idi. Kaprizi ancaq o ola bilərdi ki, aktyorun məsuliyyətsizliyini
bağışlamırdı. Sevmirdi aktyor mətni
bilməsin, çəkilişə geciksin,
şıltaqlıq eləsin. Lazım gələndə,
bəli, aktyora ağır söz deyirdi.
- Konkret cavab verməyinizi xahiş
edirəm: rol aldınız ən uğurlu və ən
uğursuz üç filmin adını soruşsam,
hansıları deyərsiniz?
- Uğurlu filmlərim, şübhəsiz
ki, “Ad günü”, “Həm ziyarət, həm ticarət” və
“Yol əhvalatı”dır. Amma bura “Bəyin oğurlanması”nı da əlavə etmək istərdim. O ki qaldı
uğursuz filmlərimə...
- Onda bəxti gətirməyən
filmlər deyək...
- Məsələn, “Sarı gəlin”
filmi çəkildi və mən istəyirdim, o, daha geniş
yayılsın, amma aqibəti yaxşı olmadı.
- Bir dəfə kino adamları
danışırdılar ki, “Sarı gəlin”dəki roluna
görə Hacı İsmayılova ”Oskar”
verilməlidir...
- Eşitməmişəm, vallah. “Oskar” istəmirəm, sadəcə, o filmi göstərsinlər,
bəs edər. Əslində həmin rola
Arif Quliyevi çəkmək istəyirdilər, amma nə isə
alınmadı, onun əvəzinə məni çəkdilər.
-
Övladlarınız sizin adınızdan və şöhrətinizdən
istifadə edirlər?
- Yox,
heç biri. Əksinə, övladlarım istəmirlər,
camaat bilsin ki, mən onların atasıyam (gülür).
- Son
vaxtlar filmlərə dəvət almırsınız...
- Nəsə
dəvət etmirlər. Amma kinoya çəkilmək
istərdim. Düzü, seriallara da dəvət
almıram. Əslində seriala çəkilməyə
o qədər də meylli deyiləm. Mənə elə gəlir,
kinoda öhdəsindən gələ bilməyəcəyim
iş yoxdur. Amma hələlik təklif yoxdur, mən
də ümidimi üzmürəm.
Bizim Yol.- 2015.-22
yanvar.- S.15.