Qoca Şərqin nəğməli qızı

- Şəfiqə Axundova

 

1924-cü ildə, yanvar ayının 21-də, Şəkidə dünyaya göz açdı bu qız. Bir ziyalı ailəsində doğuldu. 1943-1944-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən dahi Üzeyir Hacıbəyovdan dərs alaraq onun musiqi bulağından su içdi. Bu qız sonralar Şərqin tarixinə düşən, neçə-neçə nəğmələr yazan, yazdığı nəğmələri sərhədləri aşaraq dünyanı fəth edən Şəfiqə Axundova oldu.

 

Ailədə iki qardaş, dörd bacı idilər. Uşaqlığını xatırlayarkən belə deyir: "Anam məni qohumlara göstərib Şəki ləhcəsi ilə deyərdi "ha mənim bu Şəfiqə qızım, əlləri ilə çalıb, ayaqları ilə oynayır, artist olacaq!"

Deməli, musiqi hələ körpəliyindən məskən salmışdı Şəfiqə Axundovanın qəlbində. O ilk dəfə Kolxoz qızları haqqında bir mahnı yazaraq müəllimi Üzeyir Hacıbəyova göstərir, bu mahnı üzərində birlikdə işləyirlər və bu mahnı ilə bəstəkarlıq dünyasına yeni bir dahi qədəm qoyur!

1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq ixtisası üzrə Zeydmanın sinifini bitirir. Bu illər ərzində Gəncə Dövlət Dram teatrının 20-dən çox tamaşasına bəstəkarlıq edir, neçə-neçə uşaq və böyük mahnıları yazır. Lakin Şəfiqə xanıma uğur gətirən ən böyük mahnısı 1958-ci il, dekabr ayının 28-i elə Gəncə Dövlət Dram teatrında tamaşaya qoyulan Bəxtiyar Vahabzadənin müəllifi olduğu "Vicdan" pyesinin premyerasından sonra yaranır. Hansı ki, bu tamaşanın musiqiləri Şəfiqə Axundovaya məxsus idi və tamaşada qadın obrazlarından birinin dili ilə səslənən mahnı dillərə düşdü, tarixə yazıldı, Azərbaycan musiqisinin incisinə çevrildi. Bu hamımızın sevəndə dinlədiyi, aşiqlərin mahnısı, sevən ürəklərin nəğməsi, ayrılığın həsrət və əzabını ən kövrək notlarla dilə gətirən məşhur "Nədən oldu?" idi...

Beləliklə, həmin tamaşa teatrın repertuarında çox da uğurlu tamaşa olmasa da, orda səslənən bu mahnı zaman-zaman oxundu, dinlənildi, sevildi, sərhədləri aşdı, ölkələri dolaşdı, öz bəstəkarına və ifaçısına şöhrət və uğur qazandırdı. Mahnının ilk ifası Sara Qədimovaya məxsus olsa da, sonralar çoxsaylı Azərbaycan və dünya ifaçıları bu mahnıya müraciət etdi. Bu sırada Rübabə Muradova, Zeynəb Xanlarova, Əbülfət Vəliyev, Elmira Rəhimova, Şövkət Ələkbərova, Nazim Ağayev, Gülyanaq Məmmədova, Yaqut Abdullayeva, İbrahim Tatlıses, Müslüm Gurses, Zara və başqa çox tanınmış sənətçilərin adını çəkə bilərik. Yarım əsrdən çox yaşı olan bu mahnı hələ də istər yaddaşımızda, istər ürəyimizdə, bəzən də zümzüməmizdə yaşayır və yaşayacaqdır!

Bəstəkarın yaradıcılığında çox mühüm yer tutan ikinci bir əsər isə 1972-ci ildə yazılır. Hansı ki, bu əsər təkcə Şəfiqə xanım tərəfindən yazılmaqla kifayətlənməyib Azərbaycan adını və Şəfiqə Axundovanın adını şərqin tarixinə yazdı. Şəfiqə xanım şərqdə opera yazan ilk qadın bəstəkar oldu "Gəlin qayası" operası ilə. Süleyman Rəhimovun eyni adlı povesti əsasında, İsgəndər Coşqunun librettosunu yazdığı "Gəlin qayası" operası 1974-cü ildə Opera və Balet teatrında uğurla tamaşaya qoyulur. Lakin təəssüf olsun ki, teatr müasir dövrdə bu əsərə müraciət etməyib.

Bundan başqa, Şəfiqə xanımın sevilən çoxsaylı məşhur mahnıları dilimizin əzbərinə çevrilib. Flora Kərimovanın ifasında yer alan "Həyat, sən nə şirinsən", "Çinar və mən", "Ötür illər", "Sular qızı", Baloğlan Əşrəfovun ifasında "Gözlərimin işığı sənsən", Nazpəri Dostəliyevanın ifasında "Tapmayacaqsan məni", müxtəlif müğənnilərin oxuduğu "Mehriban olaq", Elmira Rəhimovanın ifasında "Hardasan sevgilim, gəl" və başqa "Anaları təklənməyə qoymayın", "Sevgi ölmür", "Gəl, ey səhər" kimi 300-dən çox mahnıların, romansların, Xor üçün silsilələrin, BSO üçün suitaların, "Ev bizim, sirr bizim" operettasının və "Gəlin qayası" operasının müəllifidir.

Lakin o, yazdığı mahnıların hər birini nədənsə ilham alaraq yazırdı. Böyük səbəb və məqsədlə yaranırdı bu mahnılar. Bunlardan biri də "Mehriban olaq" mahnısının yazılması ilə bağlıdır. Bəstəkar mahnını yazdıqdan təqribi 40 il sonra verdiyi müsahibədə bu mahnı haqqında danışır və sonda çox ibrətamiz bir söz deyir:

"Bir dəfə qonşuluqda iki arvad bir-biri ilə möhkəm dalaşırdılar. Mən çox təəccüb etdim onların qırğınına. İki gün sonra teatrda yer üstündə iki tamaşaçının dalaşdığını gördüm. İnsanların bir-birinə bu cür münasibəti məni təsirləndirdi və "Mehriban olaq"ı yazmağı qərara aldım. Mahnının yazılmasından neçə il keçir, amma görürəm ki, insanlar hələ də mehriban deyil!"

Ömrünün yetmiş ilini sənətə - musiqiyə sərf edən bu qəhrəman, dahi bəstəkar özü haqqında hər dəfə danışanda taleyindən bir az şikayətlənirdi. O, həyat yoldaşından ayrılmışdı və öz dediyinə görə, buna səbəb onun sənəti idi. Bu haqda açıqlamasında belə deyir Şəfiqə xanım: "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim!"

Bu evlilikdən onun gözünün ağı-qarası, sevimlisi, əzizi olan bir oğlu var idi. Anasının bəstəkarlıq istedadından ustalıqla bəhrələnən olduqca istedadlı pianoçu və bəstəkar Taleh Hacıyev məhz Şəfiqə Axundova dühasının Azərbaycan musiqisinə verdiyi böyük inci idi. Lakin çox təəssüf ki, Taleh Hacıyev ömrünü yarımçıq başa vurdu. Məşhur "Belə qəmli dayanma" mahnısının bəstəkarı olan Taleh ruhi-əsəb xəstəxanasında vəfat edərək anasını və bütün sevdiklərini qəmli qoydu. Ömrünü tənha keçirməyə göz yumub ikinci dəfə ailə qurmayan Şəfiqə xanımın tək həmdəmi olan övladının vəfatından sonra o, ağır xəstələnir. Oğlunun ölümü ondan qırx gün gizlədilsə də, bu həqiqət Şəfiqə xanıma açıqlanandan sonra ürək ağrısından əziyyət çəkməyə başlayır. Həmin illərdə özü haqqında danışanda deyir ki: "Artıq yazıb-yarada bilmirəm. Ürəyimdə yazmaq istədiyim çox şey var, amma əlim titrəyir".

70 illik sənət ömründə, yaradıcılıq yolunda çoxsaylı uğurları olur. 1998-ci ildə Xalq artisti fəxri adına, 2004-cü ildə isə Şöhrət ordeninə layiq görülür. Doğrusu, o, öz ən böyük uğurunu qazanmışdı onsuz da - o böyük bir kütlənin məhəbbətini qazanmışdı, o çox sevilən bir bəstəkar idi və onun adı tarixə düşmüşdü!

Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım xəstəxanada yatanda görüşünə gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm, yaşamaq üçün yox, yaratmaq üçün yaşamaq istəyirəm. 90 illiyimi xalqımla keçirmək istəyirəm".

2013-cü ilin iyul ayının 26-da Şəfiqə xanım da vəfat etdi və Rəşid Behbudov adına Mahnı teatrında mərhumla vida mərasimi keçirildikdən sonra 2 saylı Fəxri Xiyabanda dəfn olundu. O gün isə mənim yaddaşıma çox ağır, əzablı bir gün kimi həkk olundu. Çünki həmin gün mən ən çox sevdiyim bəstəkarı, mənə səhnəni sevdirən, mənə ustadlıq edən, musiqiləri ilə sözün əsl mənasında nəfəs aldığım bir dahini itirdim. Onu təkcə mən yox, Azərbaycan xalqı və Azərbaycan musiqisi itirdi.

Bu böyük insanın, bu nəhəng şəxsiyyətin və əvəzsiz bəstəkarın ölümü məni çox sarsıtdı. Çünki mən ilk sevgi şeirimi də məhz onun bəstəsi olan "Nədən oldu?" mahnısından təsirlənərək yazmışdım. Amma nə biləydim ki, bir gün onun dəfnində və onun məzarı başında onun ölümünə "Nədən oldu?" şeirini yazacağam!? Bu heç ağlıma da gəlməzdi!

Yanvarın 21-də Şəfiqə xanımın 91 yaşı tamam olacaqdı, əgər yaşasaydı. Yaratmaq üçün yaşayan bəstəkar, doğum günün mübarək! Bəlkə də görürsən necə darıxıram sənin üçün...

 

Orxan Bahadırsoy

 

"Qızıl qələm" mükafatı laureatıtı laureatı

 

Bizim Yol.- 2015.- 24 yanvar.- S.15.