Habil Əliyev: "Qorxuram,

kamançanı götürəm əlimə..."

 

Azərbaycanın əfsanəvi sənətkarı, xalq artisti, dünya şöhrətli kamança ifaçısı Habil Əliyevin Milli.Az-a müsahibəsi.

 

- Habil müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- Şükür Allaha, yaxşıyam, hələ ki yaşayıram.

- Çıxıb gəzə bilirsinizmi?

- Gəzə bilirəm, amma özüm çox gəzmirəm. Çünki havalar da yaxşı deyil, qorxuram ki, soyuq dəyər.

- Sənət yoldaşlarınız sizə baş çəkirlərmi, zəng vurub kefinizi soruşurlarmı?

- Ay oğul, mənim sənət yoldaşlarımın hamısı rəhmətə gedib, bircə mən qalmışam. Kim zəng vurub soruşacaq ki?

- Ən çox kimin üçün darıxırsınız?

- Xalqdan ötrü darıxmışam. Çox darıxıram. Hərdən elə qəribsəyirəm ki...

- Darıxmayın, insanlar sizi həmişəkindən daha çox sevirlər, istəyirlər.

- (kövrəlir) Mənim də olanım kimdir? Xalqdır da.

- Habil müəllim, dünyasını dəyişən sənət yoldaşlarınızdan kimlər daha çox yadınıza düşür, daha tez-tez xatırlayırsınız?

- Kimləri xatırlamıram ki? Hamısı nahaq rəhmətə getdilər...

- Kövrəlməyin, hər şey yaxşıdır, siz də gümrahsınız. Efirə baxırsınızmı, musiqilərimizi dinləyirsinizmi?

- Baxıram, ay dədə, baxıram. Baxanda narazı yerlərim çox olur.

- Ən çox nədən narazı olursunuz?

- Musiqimizdə olan yeniliklərdən. Adını yenilik qoyub musiqimizin başına oyunlar açırlar. Evdən də çıxmıram. Çıxsaydım, o "yenilikçi"lərdən soruşardım ki, bu yeniliyi haradan almısınız? Ay balam, axı bu necə yenilikdir? Məni ən çox darıxdıran budur.

- Kamançanı son dəfə nə vaxt əlinizə götürmüsünüz?

- (düşünür) İyirmi ildən yuxarıdır.       

- Son vaxtlar ümumiyyətlə ifa etmirsiniz?

- Qorxuram ki, kamançanı götürəm əlimə, mənimlə danışmaya, inciyə. Ona görə narahatam.

(Kövrəldiyini hiss edib zarafatyana suallar verirəm, söhbətin isitqamətini dəyişirəm - E.T.)

- Xanımınız sizə necə baxır?

- Çox yaxşı baxır. Hələ boşamıram, saxlayıram.

- Necə yola gedirsiniz?

- Hələ ki yaxşıdır. Ona görə belə danışdıq ki, hələ bir az da qalsın.

- Bir dəfə demişdiniz ki, qorxuram, arvadı boşayam, gedə müğənni ola...

- , demişdim (gülür).

- Ona görə boşamırsınız?

- Ay sağ ol.

- Cavan musiqiçilərə məsləhətiniz olardı?

- İndiyə qədər sürünə-sürünə, birtəhər musiqimizi gətirib bu günə çıxarmışdıq. Hamınız kömək edin, mən kömək edim, bu musiqimizi yaşadaq. İstəyirəm ki, qeyrətli olsunlar, bizdən sonrakılar da milli musiqimizi yaşatsınlar. Qoymasınlar itsin-batsın. Bu elə musiqidir ki, gərək yaşaya. Dünya durduqca yaşamalı musiqidir. Gərək qədrini əvvəlcə özümüz bilək. Əfsus ki, özümüz bilmirik. Bu işə məsul şəxslər musiqimizə, mədəniyyətimizə daha diqqətlə yanaşmalıdırlar. Elə musiqiçilər özləri çox diqqətli olmalıdırlar. Amma elələri az gözümə dəyir.

- Habil müəllim, sizin çox maraqlı əhvalatlarınız olub. İndi həmin əhvalatlardan yadınıza düşəni varmı?

- Elə əhvalatlar çox olub, ay oğul. İndi mənim 90 yaşım var, yaddaşım xarab olub. Ona görə yadımda qalanı yoxdur.

 

Bizim Yol.- 2015.- 28 yanvar.- S.15.