Nadir Əbdürrəhmanovun rəng
dünyası "Xalq
Əmanəti"ndə
Xalq Bankın "Xalq Əmanəti"
mədəniyyət layihəsi görkəmli Azərbaycan
boyakarı, Xalq rəssamı, professor Nadir Əbdürrəhmanovun
zəngin irsi ilə davam edir. Layihənin sayca
on üçüncü
nəşri - "Rəngkarlıq və qrafika"
bədii albomu rəssamın həyat və
yaradıcılığının bütün
mərhələlərini ehtiva edir.
Nadir Əbdürrəhmanov 1925-ci il dekabrın 5-də Laçında anadan olub. Rəssamlıq sənətinə erkən yaşlarında böyük həvəs göstərən Nadir Əbdürrəhmanov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində sənətin sirlərini öyrənməyə başlayır.
1947-1953-cü illərdə isə Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini davam etdirir. Nadir Əbdürrəhmanov yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışmış və digər görkəmli sənətkarlarımızla birlikdə gənc rəssamlar nəslinin yetişməsində böyük rolu olmuşdur. O, 1954-cü ildən Azərbaycan Rəssamlıq Məktəbində dərs demiş, 1983-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq kafedrasının müdiri, professor, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur. 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1964-cü ildə Xalq rəssamı fəxri adlarını almış, uzun illər Azərbaycan Rəssamlar İttifaqına başçılıq etmiş, dəfələrlə Azərbyacan SSR Ali Sovetinə deputat seçilmişdi.
Yaradıcılığına xas yeni forma axtarışları sayəsində, sərt realist üslubu və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirməsi rəssamın özünəməxsus üslubunun formalaşmasına təkan vermişdir. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş sənətkarlar var. Onun yaradıcılığı gənc boyakarlar üçün örnək və böyük məktəbdir. N.Əbdürrəhmanovun əsərləri Azərbaycan milli incəsənətinin dəyərli nümunələri olaraq dünyanın böyük muzey və qalereyalarında qorunur.
"Xalq Əmanəti" layihəsi ASC "Xalq" Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur.
Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı işıq üzü görmüşdür.
Rəssamın əsərlərinin ekspozisiyası aprel ayının 9-dan başlayaraq Xalq Bankın Baş Ofisində (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) və "Gəncə" filialında (Ünvan: Gəncə şəh., Zərrabi küç.4) fəaliyyət göstərəcək. Sərgini, iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
Bizim Yol.- 2016.- 12 aprel.- S.12.