Yazarlar savaşa hazırdır
“Kaş, İrəvana bayrağı
mən sancam...”
İşğalçı Ermənistanın təxribatları
nəticəsində Qarabağda
atəşkəs pozuldu,
döyüş əməliyyatları
yenidən bərpa olundu. Azərbaycan cəmiyyətində döyüş əhval-ruhiyyəsi,
Vətən torpaqları
uğrunda savaşmaq əzmi yüksəkdir.
Yazarlar necə, savaşa hazırdırmı?
Tanınmış yazarların fikirlərini
öyrəndik.
Yazıçı-publisist Əkbər Qoşalı: "Mən
həqiqi hərbi xidmətimi Silahlı Qüvvələrimizin zabiti
olaraq, "N" saylı
hərbi hissənin
Tank Əleyhinə Artilleriya
Divizyonunda keçmişəm.
İndi də, hansı sahədə ehtiyac olarsa, orda gücümüzü,
ürəyimizi qoymalıyıq.
Tale elə gətirib,
mülki həyatda, demək olar, çoxfunksiyalı işlərlə
uğraşmışıq. Mən 1-ci ali təhsilimi "elektronika mühəndisliyi", 2-ci ali
təhsilimi isə
"inzibati idarəetmə"
üzrə almışam;
qabaqlar Gənclər-İdman
Nazirliyində İctimai-siyasi
şöbədə çalışmış,
hazırda da Azərbaycanda Atatürk Mərkəzində İctimai-siyasi
şöbə müdiriyəm;
habelə, ictimai fikir məni yazıçı-publisist olaraq,
türkologiya sahəsində
araşdımaçı olaraq
tanıyır, - bax, bu səbəblərdən,
orduda hansı ixtisasımız, hansı
qabiliyyətimiz, işimiz
daha yararlı bilinərsə, o da qəbulumuzdur. Atatürkün
dünyaca ünlü
sözü ilə desək, "Söhbətin
mövzusu Vətənsə,
gerisi təfərrüatdır"..!
YYSQ sədri,
kitabxana.net - Milli Virtual-Elektron
Kitabxananın rəhbəri,
yazıçı-kulturoloq Aydın Xan Əbilov: "Azərbaycanın iqtisadi-siyasi, elmi-hərbi,
texniki-texnoloji imkanları
o səviyyəyə qalxıb
ki, mürəkkəb
peşəkar ordu quruculuğunun yeni mərhələsinə qədəm
qoyub və son günlərdəki istər
savaş meydanında,
istərsə də beynəlxalq geosiyasi məkanlardakı qələbələrimiz,
davamlı uğurlarımız
öz real bəhrəsini
nümayiş etdirdi.
O mənada nəinki yazarlarımız, eləcə
də digər sahələrin adamlarının
da böyük vətən müharibəsi
başlanacağı təqdirdə
ön cəhbəyə
yollanmasına ehtiyac yoxdur. Bir analitik
kimi bizim milli ordumuzdakı peşəkar hərbçilər
- əsgər, gizir, zabit və generalların
bacarıqlarına, hərbi
bilik qabiliyyətlərinə
bələdəm deyə,
inanıram ki, Ali Baş Komandan - Prezident İlham Əliyevin bircə əmri ilə qısa müddətdə
nəinki Dağlıq
Qarabağ və onun ətrafında işğal olunmuş torpaqları, həmçinin
Qərbi Azərbaycan
- İrəvan, Göyçə
mahalını da geri qaytarmaq iqtidarında olan orduya sahibik. Düşüncəmə görə, yazıçı
və intellektuallarımız
yalnız ideoloji-psixoloji,
mənəvi-estetik sahələrdə
ordumuza xidmət göstərə bilərlər.
Vaxtilə Şah Xətai
babamız döyüşə
gedən zaman xalqın düşünən
beyinləri, danışan
dilləri, yazan əlləri gələcək
nəsillərin inkişafı
naminə şair və aşıqları gizlədirdi ki, onlara əllər toxunmasın.
Qaldı
qoyulan məsələnin
birbaşa mənasında
cavabına, əgər
lazım gəlsə özümü kəşfiyyatçı
və ya siyasi məsələlər
üzrə cavabdeh bir hərbçi kimi görürəm, ehtiyac duyulsa, günü bu gün döyüş meydanına yollanmağa hazıram: təki Vətən uğrunda vuruşaraq qəhrəmanlıq
mərtəbəsinə ucalım,
adımı şərəfli
tarixə həkk edə bilim..."
Yazıçı Rövşən Yerfi: "Əlbəttə,
özünü bu xalqın, dövlətin vətəndaşı hiss edən
hər bir kəs hər an düşmənlə mübarizəyə hazır
olmalıdır, tərəddüd
keçirməməlidir. Hərbi heyət
məsələsinə gəldikdə
isə hər kəs bacardığı
işlə xidmət edib mübarizəyə fayda verməlidir. Əgər mən Sovet Ordusunda hərbi inşaatçı
olmuşamsa aviasiyaya necə iddia edə bilərəm?. Belə çətin günlərdə
özünü yazıçı
hesab edən adamın məsuliyyəti
başqalarından daha
artıq olmalıdır.
Bu gün yazıçı
ona həvalə olunmuş əməli xidmətdən əlavə,
ətrafındakı insanlarda
qələbə əzminin
artmasına, ruh yüksəlişinə də
qabiliyyətinin çatdığı
qədər kömək
etməlidir. Yox,
qabiliyyəti çatmırsa,
ən azından susmalıdı"
Şair Xanəmir Telmanoğlu: "Gecələr
üzü İrəvana
yatdığım bu zaman kəsimində Rəbbim elə imkan yaratsın ki, torpaqlarımız uğrunda gedən gerçək savaşda
son nəfəsimə qədər
döyüşüm, sonra
şəhid olum. Gavurun torunda balıq misalı
partlaşan torpağımız
uğrunda şəhid
olmaq mənim ən böyük xəstəliyimdir. Həmişə
ürəyimdən bir
duyğu keçib, kaş, İrəvana bayrağı mən sancam… Məmnuniyyətlə, kəşfiyyatçı kimi istənilən tapşırığı yerinə
yetirməyə hazıram".
Güneyli yazıçı Sayman
Aruz: "Mən hər
şeydən öncə
azərbaycanlıyam. Ona
görə də Vətən uğrunda hər an döyüşməyə
hazıram. Mənim həyatımdan heç
zaman müharibə əskik olmayıb və bütün ömrüm istər tüfəng və mərmi, istərsə də soyuq müharibə
ilə keçib.
Qismət olur Vətən
uğrunda Müharibəyə
gedərəmsə, harada
lazım görülsə,
orada da xidmət edərəm, ancaq həmişə kəşfiyyatçı olmaq
istəmişəm".
Yazıçı Kənan Hacı: Son günlər
mən xalqımızla
qürur duydum. Mən özüm Silahlı Qüvvələrin ehtiyatda
olan əsgəriyəm.
Ali Baş Komandanımızın
əmrini gözləyirəm.
Ön cəbhədə
döyüşməyə hazıram! Qətiyyən ruhdan düşmək
olmaz. Son iki-üç gün ərzində ordumuz bir neçə yüksəkliyi işğaldan
azad etdi. Bu, qələbədir. Ermənilər ordumuzun gücünü
gördü. Onlar anladılar
ki, o torpaqlarda heç vaxt rahat yaşaya bilməyəcəklər".
Yazıçı Cəlil Cavanşir: " Bu barədə
artıq fikir bildirmişəm, amma təkrar edirəm: Mən hər zaman müharibəyə hazıram. Müharibəyə nifrət etsəm
də, Azərbaycanın
haqq savaşında sıravi əsgər olmaq mənim üçün fəxrdir.
Hara göndərsələr,
hansı qoşun növündə məsləhət
bilsələr xidmət
edərəm. Amma aviasiya
və ya kəşfiyyat peşəkar,
ixtisaslaşmış sahədir.
Texniki sahə də həmçinin. Elə sıravi
Hacıyev kimi xidmət edə bilərəm".
Şair Aqşin Yenisey: "Son döyüşlər
onu göstərdi ki, Azərbaycanda nəinki kişilər, qadınlar da döyüşməyə, ölkənin
təhqir olunmuş qürurunu özünə
qaytarmağa hazırdırlar.
Konkret mənə gəlincə,
ehtiyatda olan zabitəm, əgər ehtiyac olsa, hazıram.
Hərbi
ixtisasım isə zenit-raket tağımının
idarə olunmasıdır.
Aşağı-yuxarı şairliklə üst-üstə
düşən bir sahədir".
Şair Emin Piri: "Hazır
olmağın bir yolu var. O da könüllü olaraq komissarlıqlara müraciət
etməkdir. Mən də artıq
bunu etmişəm.
Ən yaxşısını isə
dövlətimiz bilər.
Nəyi uyğun bilsə o sahədə də əmri yerinə yetirməliyik. Bunun başqa
izahı yoxdur".
Şair Fərid Hüseyn: "Müharibə
vaxtı seçim bizim olmur, ancaq
təcrübəm olan
sahədə fəaliyyət
göstərərdim ki,
işləri yarıdım.
Döyüşə isə həmişə
hazırıq".
Yazıçı Dilqəm Əhməd: "Ordumuzun
son iki gündəki qələbəsi göstərdi
ki, ordumuz döyüşə hazırdır,
xalqımız da bu prosesə dəstək vermək üçün əmr gözləyir. Bakıdan və rayonlarımızdan
cəbhə bölgəsinə
yola düşən könüllülərimiz göstərdi
ki, xalqımız səfərbərliyə hazırdır,
ehtiyac olarsa, döyüşməkdən çəkinməyəcək.
Yazarların isə borcudur ki, sülh
və ədalət naminə mesajlar versin. Hazırda yeganə ədalət
Azərbaycan torpaqlarının
işğaldan azad edilməsidir ki, yazıçılarımız bu istiqamətdə fikirlər söyləməlidir.
Birbaşa cəbhə bölgəsində
iştiraka gəldikdə
isə, hərbi xidmətdə olan hər bir kəs
kimi biz də ən azından avtomatdan necə atəş açmağı
bilirik və ehtiyac olduqda hamı kimi yola düşəcəyik".
Leyla Namazova
Bizim Yol.- 2016.- 12 aprel.- S.15.