“Qarabağda ən axırıncı olan

insanlardan biri də mənəm”

 

Səyavuş Kərimi: “Ən böyük arzum budur ki, oğlum tarını Cıdır düzündə çalsın”

 

...Hər bir insanın ilk məktəbi onun ailəsi olur. Böyüdüyüm ailə mənim üçün etalon bir ailə idi. Mənim gələcəyimi, müqəddəratımı, sənətimi onlar əvvəlcədən həll etmişdilər. 6-7 yaşım olanda qolumdan tutub musiqi məktəbinə apardılar və belə məlum oldu ki, mən tar çalacağam. Mənim istəyim, mənim arzum... belə bir şey yox idi. Sadəcə, mənim valideynlərimin musiqiyə, mədəniyyətə, incəsənətə olan  hədsiz məhəbbətinin  məntiqi nəticəsi o oldu ki, musiqi məktəbinə getdim. Orta ixtisas musiqi məktəbində oxudum, sonra Konservatoriyada , sonra da müxtəlif kollektivlərdə yaradıcılıq fəaliyyəti ilə məşğul oldum.

 ...Allahımdan çox razıyam. Özümü çox xoşbəxt hesab edirəm. Çünki portretlərdə gördüyüm insanlarla canlı ünsiyyətdə olmuşam, onlarla birgə çalışmışam, onların mənə olan münasibətini görmüşəm, dəyərləndirmişəm və bu gün həmin münasibətlərlə qürurlanıram. Bütün bunlar  mənim üçün çox böyük məktəb olub. Rafiq Babayev, Rəşid Behbudov, Tofiq Quliyev, Fikrət Əmirov, Müslüm Maqomayev... Rafiq Babayevdən başqa adlarını çəkdiyim bu insanlarla bizi yalnız yaradıcılıq ünsiyyəti birləşdirirdi. Yalnız bir nəfər - Rafiq Babayev, gənclik dövründən başlayaraq,  həm mənim müəllimim, həm dostum, həm də idealım olub. Bu gün həyatda olmasa da, hər bir addımımı atanda  özüm-özümə sual verirəm ki, Rafiq bunu necə edərdi? Yəni onunla, sanki, məsləhətləşirəm və ondan sonra qərar verirəm. O mənə həyatda çox şey öyrətdi. Tək musiqini yox, insanlarla münasibəti, həyatı öyrətdi. Həyatda nələr olur, nələr baş verir... Musiqi ilə həyat bir-biri ilə bağlı olan amillərdir. Musiqi həyatda baş verənləri özündə canlandırır, musiqidə baş verənləri isə biz həyatda görürük.

 ...Kinofilmlərə, teatr tamaşaların yazdığım musiqilərə, mahnı yaradıcılığına və beynəlxalq layihələrə gəldikdə isə deyə bilərəm ki, bu gün qloballaşma dövründə yaşayırıq. Sərhədlər pozulur, mədəniyyətlər itir. Belə bir zamanda bu cür gözəl mədəniyyətə, musiqiyə, incəsənətə malik olan bir xalqın mədəniyyətinin sovrulub digər mədəniyyətlər içində əriməsinin qarşısını, əlbəttə ki, almaq lazımdır. Bu, hər birimizin vətəndaşlıq borcudur. Digər tərəfdən bizi narahat edən və incidən məsələ budur ki, Azərbaycanı dünyada tanıtmaq sahəsində bizim çox böyük zəifliyimiz var idi. Çox şükür Allaha ki, bu gün bizim ali qurumlarımızın gördüyü mötəbər işlərdə Azərbaycan artıq çox yüksək səviyyədə tanınmağa başlayıb. Və bu prosesdə bilavasitə musiqiçi kimi iştirak etmək arzusu məni həmişə narahat edirdi. Azərbaycan-Norveç, Azərbaycan-Cənubi Amerika sintez musiqi layihələri bu istəkdən qaynaqlanıb. Azərbaycanla Cənubi Amerikanı, nəinki uzaq sərhədlər, hətta, okeanlar ayırır. Məsafələr minlərlə kilometrdir. Amma Azərbaycan musiqi mədəniyyətinin gücü, onun çoxşaxəliliyi, onun hər bir musiqiyə müdaxilə edib onu daha da gözəlləşdirməyə qadir olması, Azərbaycan muğamının  zənginliyi bizə çox geniş imkanlar yaradır və belə bir imkandan istifadə etməyə çalışırıq. Mən, təkcə, özümü nəzərdə tutmuram. Bizdə çox istedadlı musiqiçilər var. Mən düşünürəm ki, onların istedadından istifadə edərək belə layihələr  yaratmaq, əlbəttə ki, Azərbaycanın tanıdılması istiqamətində çox vacib rol oynayır. Dediyiniz layihənin reallaşmasından 12-13 il keçib. Düşünürük ki, indi nə etmək lazımdır... Maraqlı təkliflər var. Bütün bunlar yalnız Azərbaycan və azərbaycançılıq naminədir. Hər şey bu məqsədə xidmət edir.

 ...Bu gün musiqiçilər üçün bir az asan deyil. Onlar da ailə sahibidirlər, ailəni təmin etməlidirlər. Çox təəssüf ki, bu gün musiqiçilərin əksəriyyətinin gəlir mənbəyi ancaq toylardır, toy biznesi ilə bağlıdır. Biz təklif etmişik ki, yaxşı olar, konsertlər təşkil edilsin. Çünki Azərbaycan mədəniyyəti tək Bakı ilə məhdudlaşmır. Azərbaycanın ucqar bölgələri var, rayonları, kəndləri var. Mənim yadımdadır ki, əvvəllər  Azərbaycan Konsert Birliyi var idi. Musiqiçilər rayonlara, kolxozlara, məhsul bayramlarına  gedirdilər. Habil Əliyev, Sara Qədimova və başqaları kimi sənətkarlar səfərlərə gedərkən zəhmətkeşlərin həm zövqünü oxşayırdılar, həm də mədəniyyətimizi təbliğ edirdilər. Bu, çox vacibdir. Deyirsiniz, qloballaşma dövrüdür. Biz bundan qaça bilmərik. Amma görün, bizim dövlət nə qədər mühüm işlər görür ki, Azərbaycanın mədəniyyəti belə bir çətin dövrdə özünü qoruyub saxlaya bilsin.

 ...Milli Konservatoriyada milli musiqi mədəniyyətinin öyrənilməsinə, tədqiqinə, qorunmasına, inkişafına, eləcə də dünyaya inteqrasiyasına mühüm əhəmiyyət verilir. Təkcə bəstəkarlıq deyil, digər ixtisaslar üzrə çox istedadlı tələbələrimiz var.  Bəstəkarlığı soruşursunuz... Biz tələbələrə ənənəvi bəstəkarlığı öyrətməklə yanaşı, əsərlərin müasir dünya texnologiyaları vasitəsi ilə yazılması, onların ərsəyə gəlməsi məsələlərinə də diqqət yetiririk. Bizim müəllimlərimiz artıq Amerikada təhsil alıb-gəlmiş insanlardır. Yeni texnologiyalarla bəstəkarlıq məktəbi yaratmaq çox böyük maraq doğurur. Bu gün, bilirsiniz ki, hər bir ailədə, evdə balaca uşaqlar kompüteri böyüklərdən yaxşı bilirlər. Belə texniki vasitələrdən istifadə edərək hansısa musiqinin  milli statusunu qoruyub saxlamaq şərti ilə maraqlı işlər  görmək olur. Düşünürəm ki, bunun uğurlu davamı da ola bilər. Hər şeyi, əlbəttə ki, zaman göstərəcək.

 ... Təhsildə, musiqi təhsilində bu gün çox məsələlər, problemlər var.  Onlar, tədricən, öz həllini tapır və tapmaqdadır. Biz istərdik ki, ixtisasların dublikatı olmasın. Elə olur ki, bir ali məktəbin ixtisasını başqa ali məktəb də götürür, digəri də götürür. Bu, əslində, keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Əgər siz qəbul üçün hər hansı tələb qoyub, onu daha da ciddiləşdirdiyiniz halda, digər ali məktəb bu tələbləri zəiflədirsə, təbii ki, gənclərin hamısı ali məktəbə qəbul olunmaq istədiyi üçün  Burada imtahan vermək çətindir, başqa yerdə asandır”-deyə zəif ali məktəbə üz tutur. Belədə biz keyfiyyət məsələsində itirməyə başlayırıq. Tələbələr iki yol ayrıcında qalırlar. Bilmirlər hara üz tutsunlar. Amma təbabəti götürək. Biz bilirik ki, bizdə Tibb Universiteti var və həkim olmaq istəyənlərin hamısı ora gedir. Çox təəssüf ki, bizə aid olan musiqi ixtisasları bir sıra ali məktəblərdə tədris olunur. Bu da başa düşüləndir. Çünki mədəniyyətimiz o qədər zəngindir ki, ondan hamı bəhrələnmək istəyir. Amma biz də istəyirik ki, bunu sırf peşəkar səviyyədə tədris edək.

 ...2013-cü ilin fevral ayında cənab prezidentin iştirakı ilə Azərbaycan Milli Konservatoriyasının İnzibati Tədris kompleksi açıldı. Bu gün bu kompleksin dünyada analoqu yoxdur. Bütün konservatoriyalar, adətən, köhnə binalarda yerləşir. Tək Azərbaycandan, yaxud MDB ölkələrindən söhbət getmir. Hətta Avropada, Amerikada da belədir. Amerikada yalnız Nyu-Orleanda yeni bina görmüşəm. Qalan hər yerdə konservatoriyalar ya binasızdırlar, ya da köhnə binalarda yerləşirlər. Həmişə belə olub. Amma bizdə ilk dəfə Milli Konservatoriyanın dünya musiqi standartlarına cavab verə biləcək binası yaradılıb. Müxtəlif yerlərdən bu Konservatoriyaya baxmağa gəlirlər. Bu imkan, bu şərait özü tələbəyə çox böyük təsir göstərir. O tam dəyişir. Öz davranışına, geyiminə, təhsilinə, sənətə münasibətinə   ciddi fikir verir. Bizim gözəl zallarımız var. Demək olar ki, hər həftə orada bir neçə konsert göstəririk. Azərbaycan milli musiqisinin tanınmış simaları – Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Alim Qasımov hamısı bizim Konservatoriyada dərs deyir. Əlbəttə ki, bu, tələbələrə təsir etməyə bilməz. Gənclər çalışırlar ki, öz bacarıqlarını tələbə həmkarlarına göstərsinlər, özlərini realizə edə bilsinlər. Tələbələrimiz bu baxımdan çox yaxşıdırlar. Həm bəstəkarlarımız, həm ifaçılarımız, həm muğam ifaçılarımız.

 ...Biz bu il daha yeni ixtisaslar açmışıq. Estrada şöbəsini  musiqi müəllimliyi şöbəsini yaratmışıq. Bunlar çox vacib məsələlərdir. Musiqi  mədəniyyətini şagirdlərə aşılamaq, nəğmə dərsi demək yox, Üzeyir bəydən danışmaq, musiqi tariximizi, öz musiqi mədəniyyətimizi, muğamımızı bilmək çox vacibdir. Hesab edirəm ki, hər bir azərbaycanlı muğamı bilməlidir. Onu oxuya bilməsə də, başa düşməlidir ki, “Rast” var, “Segah” var, aşıq musiqisi var.

 ...Söhbət ondan getmir ki, hər hansı bir gənc,  mütləq, ya tar çalsın, ya da başqa bir alətdə ifa etsin... Amma bilgi olmalıdır ki, sabah heç bir millətin nümayəndəsi deyə bilməsin ki, muğam, məsələn, filan millətinkidir.

 ...Səyahəti çox sevirəm. Və mənim sənətim, bilavasitə, səyahətlə bağlıdır. Çünki mən həmişə qastrollarda olmuşam. O vaxt Rəşid Behbudov adına Mahnı Teatrında Rəşid müəllim məni işə götürmüşdü. Sonra Polad Bülbüloğlu Moskvadan gəldi. Biz birlikdə çalışmağa başladıq. Çox səfərlərə getdik. Rafiq Babayevlə də biz çox səfərlərə getdik. Yəni belə götürsək, bütün keçmiş sovet məkanını, demək olar ki, gəzmişik. Bütün sovet respublikalarına qastrol səfərlərinə getmişəm. Yaponiyadan tutmuş Kanadaya qədər 40-a yaxın ölkədə olmuşam. Çox şey müşahidə etmişəm. Məsələn, Yaponiyada təmizliyə riayət çox xoşuma gəlib. İşıqfor yananda, maşın keçməsə belə, insanların durub gözləməsi diqqətimi cəlb edib. O da bir mədəniyyətdir. Çox istərdim ki, bizdə də belə olsun. Mən özüm sürücüyəm, avtomobil sürürəm. Getdiyim yolda kimsə qaçıb yolu keçirsə, bu, həm əsəblərimə təsir eləyir, həm də istəməzdim ki, belə olsun. Əlbəttə ki, insan yalnız öz çevrəsində olmamalıdır. Həm də dünyanı görməlidir. Həm özünü göstərməlidir, həm də yaxşı şeyləri öz ailəsində, öz evində, öz ölkəsində tətbiq etməyi bacarmalıdır.

 ...Mənim böyük oğlum musiqiçidir. Özü də yaxşı musiqiçidir. Bakıda tanınan, sayılıb-seçilən bir bəstəkardır. Tanınmış müğənnilər  onun əsərlərini ifa edirlər. Hal-hazırda  öz ailəsi ilə ABŞ-da, Los-Ancelesdə yaşayır. O, gözünü açandan evimizdə Emin Sabitoğlunu, Mübariz Tağıyevi, Cəfər Behbudovu, Rafiq Babayevi görüb. Mən evdə çalışırdım. Onlar  hamısı bizə gəlirdilər. Böyük oğlum musiqi məktəbini, konservatoriyanı, magistraturanı bitirib. Xanımı burada yaşamadığına görə məcbur oldular Amerikaya getdilər. İndi orada yaşayır. Həmişə Azərbaycan üçün çox darıxır. Və deyir ki, ancaq azərbaycanlı olacağam, Azərbaycan vətəndaşı olaraq qalacam. Ortancılı məktəbdə oxuyur. O da tar çalır. Balacası hələ məktəbə getmir. Böyüyün adı Emin Kərimidir. Ortancılın adı Əşrəfdir, Əşrəf Kərimi, mənim atamın adını daşıyır. Lap kiçiyin adı da Rüstəmdir, babamın adını daşıyır.

...Hər bir valideyn kimi həm öz balalarımın, həm də bütün balaların xoşbəxt gələcəyini,  gözəl ölkədə, açıq səma altında yaşamalarını arzulayıram. Arzulayıram ki, onların çox dəyərli çevrələri olsun. Onlar bu çevrədən həmişə yaxşı ibrət  dərsi ala bilsinlər.

 ...Bir vətəndaş kimi də arzularım var. Torpaqlarımızın azadlığı uğrunda gedən çarpışmalarda çox insanlar həlak oldular, Vətən uğrunda öz canlarından keçdilər. Mən çox istəyirəm ki, onların qanı yerdə qalmasın. Tezliklə işğal olunmuş bütün Azərbaycan torpaqları özümüzə qayıtsın. Mən tək Qarabağı nəzərdə tutmuram. Qarabağda ən axırıncı olan insanlardan biri də mənəm. 6-7 il bundan qabaq humanitar bir qrupun tərkibində Polad Bülbüloğlunun təşəbbüsü  və Rusiya nümayəndələrinin iştirakı  ilə  biz Qarabağda olduq. Şuşaya qalxdıq, Cıdır düzündə olduq. Oraları görəndə başa düşürsən ki, bu, sənin torpağındır, amma sən bu torpağın sahibi deyilsən, inanın ki, adam çox böyük əziyyət çəkir. Adam sıxılır, adama pis təsir edir. O torpaqlar tezliklə bizim olmalıdır. Və mən istəyirəm ki, övladlarıma oraları göstərim. Mənim ən böyük arzum budur ki, oğlum öz tarını Cıdır düzündə çalsın. Çox arzulayıram. Böyük narahatlıq və həyəcan da keçirirəm. Bütün Azərbaycan xalqı kimi. Siz baxın, görün, xalqımızda nə qədər böyük ruh yüksəkliyi var. Çünki insanların hamısı o torpaqların arzusundadırlar. Onlar öz evlərinə qayıtmaq, doğmalarının məzarlarını ziyarət etmək istəyirlər. Bunlar hamısı tez bir zamanda öz həllini tapmalıdır. Mən Azərbaycan prezidentinin qətiyyətinə çox inanıram və buna çox sevinirəm.

 

Olaylar.- 2016.- 28 aprel.- S.15.