“Heç kimdən nə
ad, nə rol istəmişəm”
Xalq
artisti Nurəddin Mehdixanlının APA-ya müsahibəsi
- Nurəddin müəllim, otağınızda İlyas Əfəndiyevin şəklini görürəm. Söhbətə İlyas Əfəndiyevin həyatınızdakı rolundan başlayaq...
- Məni Azərbaycan tamaşaçısı İlyas Əfəndiyevin pyesi əsasında Tofiq Kazımovun quruluş verdiyi, sonradan Məmmədrza Şeyxzamanovun bərpa elədiyi “Unuda bilmirəm” tamaşasında Kamran obrazı ilə tanıyıb. Mənə aktyor vəsiqəsi bu rolla verilib. Ondan sonra İlyas müəllimlə şəxsən tanış olmuşuq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatının çox dəyanətli kişilərindən biri idi. Sərt kişi idi. Sərt olduğu qədər də ürəyiyumşaq idi. Millətini, ölkəsini, dilini sevən adam idi. Bilmirəm, indi o adamlardan nə qədər qalıb. İlyas müəllimin adamlara münasibəti belə idi: kimdən xoşu gəlmirdisə, açıq göstərirdi ki, səndən xoşum gəlmir. Savadlı, zəhmətkeş, dilini, ədəbiyyatını sevən aktyordan xoşu gələrdi. Zəhləsi gedirdi artıq söz işlədən aktyorlardan. “Unuda bilmirəm” tamaşasında bir söz var idi: zənənəsifət. İlyas Əfəndiyevin zənənəsifət adamlardan xoşu gəlmirdi.
“Aktyor olduğuma görə, atam dünyasını dəyişənə qədər məni danışdırmadı”
- İstəyirəm şəcərənizdən
danışaq. Səhv etmirəmsə, babalarınız Əhərdən
gəlib...
- Bizə dəli Əhərli deyirlər. Əfşarıq biz. Cəlilabadın Ləkin və Musalı kəndlərindən kiçik bir çay keçir. Çayın o tayında Mehdixanlı ərazisidir. Babamın qəbri ordadır. Novruz bayramı vaxtı atam bizi Qazan Köşkünün yanına aparar, həmin kəndi göstərərdi. Mən də indi uşaqlarımı aparıram. Mehdi xan Əfşarların kökü Qasım xan xəttindən gəlir. Onun oğlu Kərbəlayi Fərzinin sözü at üstündə bir nəfərlə düz gəlməyib, adam güllələyib, köçüb gəlib bu taya. Doğulduğum Tahirli kəndində yurd salıblar, yaşayıblar. Anam tərəfdən də Qazaxıstana sürgün olunanlar olub. Sovet hakimiyyəti qurulanda əmilərim sürgün olunub, Səməd əmimi həyətdə güllələyiblər. O vaxt Səlimov adlı NKVD işçisi olub, Allah ürəyinə rəhm salıb, deyib, siz familiyanızı dəyişin, yoxsa sizin nəslinizdə başıpapaqlı qalmayacaq. Ondan sonra bizimkilər Quliyev familiyasını götürüblər. Qulu kimdir? Qulu bəy Əfşar Səfəvilər dövlətinin 4-cü şahı və I Təhmasibin oğlu Məhəmməd şah Xudabəndənin şah qvardiyasının rəisi olub. Mən İslamda sünni-şiə məsələsini qəbul edən adam deyiləm, amma onu da bilirəm ki, mənim babalarım sünni olublar, sonradan şiəliyi qəbul ediblər. Atam bir az başqa cür adam idi. Sözü bir dəfə deyirdi, kişilərin gülməyindən zəhləsi gedirdi. Həmişə anam onun arxasınca deyirdi ki, sünni oğlu sünni. (Gülür). Çox sərt, istəyini, sevgisini göstərməyən adam idi. Amma bilirdik ki, bizi o qədər istəyir ki, kimi desən, öldürərdi. Onun bəzi sözləri vardı, onlar mənim həyatımda xəritə çəkib. Məsələn, salam verəndə baş əyən adamlardan zəhləsi gedirdi. Deyirdi, kişinin başı bayrağıdır, onu hər gələnə əymək olmaz. Kişi öləndə başı əyilər. İkinci sözü bu idi ki, heç vaxt uşaqlarınızın boynunun dalından vurmayın, öyrəncəli olacaq, kim əlini qaldırsa, boynunu əyəcək.
- Atanız aktyor
olmağınızı istəməyib?
- Mənim böyük qardaşım o zaman Neft Kimya İnstitutuna qəbul olunmuşdu. Bir də eşitdik ki, İncəsənət İnstitutundadır. Sonra eyni şey mənim həyatımda baş verdi. Atam məni ya hüquqşünas, ya da hərbçi görmək istəyirdi. Bizdə hərbçilər çoxdur. Kişik qardaşlarım hərbçidirlər. Mən onun ümidlərini qırdım. 1974-cü ildə İncəsənət İnstitutuna qəbul oldum, atam dünyasını dəyişənə qədər məni danışdırmadı. Sonuncu dəfə görüşəndə pis danışdı. Dedi, nə vaxt ordan çıxarsan, bura gələrsən. Böyük qardaşım Qabil Lənkəranda işləyirdi, yayda gedib onlarda yaşayırdım. Və həmin yay atam rəhmətə getdi. Açığını deyim, əgər bilsəydim ki, axırda sənət, sənətə yaradıcı adamlar tərəfindən münasibət gəlib bu yerə çatacaq, gəlməzdim. İndi atama haqq qazandırıram. Çünki çox böyük işlər görə biləcəyim halda bunu edə bilmədim. Zaman, şərtlər buna imkan vermədi. Bizdə istedadlı adamları sevmirlər.
- Bunu bir az başqa cür deyirlər: bizdə istedadlı adamı bağışlamırlar...
- Bizdə ağıllı, xarakteri bütöv adamları xoşlamırlar. Bilirsən, bu sənətə Ədil İsgəndərovun timsalında vurulmuşam. Onun xoş münasibəti, atalıq göstərməsi, sənətə sevgisi bizi teatra yaxınlaşdırdı. Mənim heç vaxt aktyor olmaq fikrim olmamışdı. Həmişə deyərdi ki, qadam, böyük sənəti həmişə böyük kişilər yarada bilər. Dövlətin sənətə münasibəti hər zaman yaxşı olub. Amma aşağıda yuxarılara yarınmaq üçün çox pis mübarizə gedib. Yaltaq adamda vətən sevgisi ola bilməz. Onda hər gələn ağaya qulluq göstərmək anlayışı ola bilər, vəssalam.
- Ailədə 17
uşaqsınız...
- On bacı, yeddi qardaşıq. Və hamımız da Əzulla kişinin övladlarıyıq. O qadınlar, o kişilər ayrı idi. Bizim ailədə hərbçilər çoxdur. Ələddin hərbi təyyarəçidir, Əfqanıstan veteranıdır. Valeh quru qoşunlarda xidmət edib. Bu gün əmim uşaqları da hərbçidirlər.
- Qohum-əqrəbanızda
sizə işi düşən olur? Yəni iş
üçün, kimdənsə xahiş üçün...
- Təbii. Bakıda heç kim mənim əlimdən tutub, gedək sənin işini həll edim, deməyib. Çünki atamın qorxusundan heç kim mənə yaxın durmayıb. Bakıda 18 il tək yaşamışam. Qohum-əqrəbalarımdan vəzifədə olanları da olub. Amma bircəsi deyə bilməz ki, Nurəddinə bir dəftər almışam. Bütün həyatımı özüm qurmuşam. Demişəm, haqlı olaraq qatil olun, yanınızda olacağam. Amma nəslimizin adını ləkə gətirəcək hərəkət etsəniz, mənim adımı çəkməyin.
- Tələbəlikdə çətinliyiniz nə olub?
- Elə gün olub, iki gün yeməyə bir şey olmayıb. Yasamalda yataqxanada qalırdıq, Malakan bağının yanına piyada gəlib-getmişəm. Gündüz institutda oxuyurdum, gecə vağzalda yük boşaldırdım. Bəzən dərslərdə arxa sıralara keçib yatırdım. Lütfü Məmmədbəyov məni televiziya apardı, vağzaldakılar görəndən sonra dedilər, sən yük boşaltma, bizim çayımızı hazırla, bəsdir. Birinci kursun axırında radioda, televiziyada çalışırdım, başladım sənətimlə dolanmağa.
“Allahdan bir istəyim var: övladlarımı yerbəyer edim, ondan sonra Allah nə vaxt istəyir, məni aparsın”
- Maddi sıxıntılardan birdəfəlik nə vaxt can qurtardınız?
- Maddi sıxıntılardan insanın heç vaxt canı qurtarmır. Şərtlər, qiymətlər dəyişir ...
- Dolların kursu qalxır...
- (Gülür). Dollar oynayır, manat ucuzlaşır və s. Şükür Allaha heç kimə möhtac deyilik. Allah heç kimi heç kimə möhtac eləməsin. Ev-eşik var, uşaqlarım təhsillidir, işləyirlər. Yoldaşım İqtisad Universitetində müəllimədir, qızım Ayturan bank işçisidir. Oğlum Ərturan dövlət qulluqçusu, kiçik qızım Alagöz tələbədir. Övladlarım üçün hər şey edə bilmişəmmi? Yox! Əlbəttə, onlar həyatın başlanğıcındadır. Allahdan bir istəyim var: onları yerbəyer edim, həmin gün deyim, İlahi, artıq nə vaxt istəyirsən apar! Onlar mənim qanımın daşıyıcılarıdır, nəslimin davamçılarıdırlar. Düzdür, anam bizə deyirdi, mənim balalarım sonsuz oldu. Bircə böyük qardaşımın uşaqlarının sayı çoxdur. Qalanında iki, üç, dörd uşaqdır.
- Dörd uşağa sonsuz deyirdi?
- Hə, inan. Deyirdi, mənim
balalarım sonsuz oldu.
-
Özünün 17 uşağı olub, ona görə belə
deyib...
- Sənə bir şeyi də deyim:
çox olmaq yaxşıdır. Bir-birinin
hayında, harayında olursan. Övladın
ruzisini Allah özü verir. Mən belə
şeylərə inanan adamam. Millət
olaraq da biz artmalı, çoxalmalıyıq. Bəziləri deyir, bir uşaq olsun, amma onun hər
şeyini təmin edim, bəsdir. Elə
deyil, tək olmaq Allaha məxsusdur.
- Pis
çıxmasın, ilin-günün bu vaxtında Bakıda
kiməsə dörd uşaq arzulamaq qarğış kimi səslənir...
- Şəhərin şərtləri
ilə kəndin şərtləri fərqlidir. Mənim
kiçik qardaşım kənddə yaşayır. Ondan böyük qardaşım kənddə
yaşamaq istəmədi, gəldi Bakıya. Böyük mənada nə isə artırsınlar,
yoxdur belə şey. Amma kənddə
yaşayan qardaşım özünə təsərrüfat
qurdu və bu gün heç kimə ehtiyacı yoxdur. Ona yeddi-səkkiz uşaq böyütmək,
dolandırmaq çətin deyil. Hamının
şəhərdə yaşamaq istəyi doğru deyil. Bakıda yaşamaq çox çətindir. Amma sizi inandırıram ki, rayonlarda yaşamaq daha
rahatdır. Bu gün bazardan od qiymətinə
aldığın şeyləri rayonda özün əkib-becərə
bilirsən. Sadəcə, zəhmətə
alışmaq lazımdır. Mənim bir
qardaşım zəhmətə alışmaq istəmədi,
gəldi Bakıya, o biri böyük çətinlik
gördü, amma bu gün böyük təsərrüfatı
var. Meşədən, altı kilometr məsafədən həyətinə
bulaq suyu çəkdirib.
- Şəhərdə bir neçə dəfə
görmüşəm ki, insanlar sizə yaxınlaşır,
şəkil çəkdirir, xoş sözlər deyir. Şöhrəti həyatınızda
daha hansı şəkildə hiss edirsiniz?
- Şöhrət
təzə-təzə gələndə o qədər
şirin olur ki. Amma sonrakı illərdə adamı yorur.
Bəzən bezdirici də olur.
Hamının rahat olduğu yerlərdə sən rahat ola bilmirsən. Hətta
maşın sürməyinə, park etməyinə fikir verməlisən.
Çünki adi bir şeyi şişirdib o
boyda edə bilərlər ki, sənin illər boyu
qazandığın ada ləkə sala bilərlər. Açığını deyim, indi tək
qalmağı daha çox xoşlayıram.
- Filmlərə, seriallara çəkilirsiniz.
Qonorarınız normal olur?
- Mən özümə dəyər
verən sənətçiyəm. Əgər hər
dəvəti qəbul etmiş olsam, indikindən 20 dəfə
artıq qazanaram. Amma belə olsa, o
aktyorlardan olacağam ki, soyuducu açırsan, səsi ordan
çıxır, qaz piltəsini açırsan, orda da səsi
gəlir. Belə şeylər mənlik
deyil. Bəzən aktyorlara deyirlər ki,
niyə seriala çəkilir, toya gedirsən? Həmin aktyor məşqdən çıxandan sonra
məsələn, Mehdiabada, Suraxanıya getməyə pulu
olmur. Aktyoru qınayan adam gəlib onu
maşını ilə aparır? Yox! Onda niyə
qınayır? Mən də istəmirəm
aktyor tamada olsun. Amma aktyor ora kefindən
yox, ehtiyacından gedir. Gedib ləyaqətsiz
adamların atmacalarını, istehzasını
götürür. Amma oğurluq eləmir
ki? Ailəsinə çörək
qazanır. Sən onu qınaya bilməzsən.
Sənəti o zaman tələb elə ki, aktyor ayda beş min manat qazansın. Heç
olmasa, Gürcüstanda olduğu kimi 3000 dollar alsın. Sən
kino çəkəndə xeyir ola, xaricilərə
milyon verirsən? Gətir o aktyoru bizimkilərin
qabağına, qoysun dizinin altına.
- Deyirlər, bizim aktyorlardan istədiklərini
ala bilmirlər...
- Onu deyən
gözünün içinə qədər yalan
danışır. Hanı o milyonlar xərclənən
filmlər? Hadisələr başlayan kimi
telekanallar “Dolu”nu, “Cavad xan”ı göstərirlər. Bizim bəlamız odur ki, səhərdən
axşama qədər bir-birimizə yalan
danışırıq. Dünən məscid
uçuranlar, bu gün din adamı olub Həccə, Məşhədə
getmək dəbə çevrilib. Sabah
ateistlik moda düşsə, olacağıq ateist.
Heç kim kitab oxumur, istəyir heç nə
oxumasın, amma nələrəsə sahib olsun. Sovet vaxtında ən çox kitab oxuyan ölkələrdən
biri Azərbaycan idi. İndi necədir?
O millət bədbəxtdir ki, onun cavanları kitab oxumur.
Dünyada iki şey adama xəyanət etmir: kitab və Allah.
- Siz nə
oxuyursunuz?
- Hər
şeyi oxuyuram. Baxın mənim kitablarıma.
Orda Martin Pajın da kitabı var, Əjdər Olun da, Ramiz
Rövşənin də, Mirzə Cəlilin də, Məqsəd
Nurun da. Sonuncu oxuduğum Dino Buzattinin “Tatar
çölü” romanıdır. Ondan əvvəl
Xalid Hüseyni və Steynbeki oxudum.
- “Siçanlar və adamlar”ı?
- Bəli. Unikal əsərdir.
- Gənc imzalardan kimi tanıyırsınız?
- Kimi
tanımıram? İki cümlə yazan hər
kəsi tanıyıram. Çox sevdiyim
Aqşin Yeniseydir. Aqşin Azərbaycan ədəbiyyatında
tamam fərqli mövqedə olan, sevdiyim yazardır. Əlirza
Həsrəti, Salam Sarvanı, Qisməti oxuyuram. Ramiz Rövşəni oxuyuram, Rüstəm Behrudi
çox sevdiyim şairdir.
- Ədəbiyyat adamlarından kimlərlə dostluq
edirsiniz?
Hüseyn Abbaszadə
ilə çox gözəl münasibətimiz var idi. İlyas müəllim bizim hamımızın dostu
idi. Nəriman Həsənzadə ilə
çox yaxın dostluğumuz var. İsa Hüseynov mənim
idealcasına vurulduğum ədəbiyyat adamıdır.
Onun “Məhşəri”, “İdeal”ı çox
böyük romanlardır.
- “İdeal”ın
əvvəlki variantı daha yaxşı idi...
- Yox, elə deyil. İsa müəllimin vaxtilə dediyi şeyləri
dünya artıq qəbul edir. İsa
Hüseynov zamanı qabaqlamağı bacarırdı. Sabir Rüstəmxanlı ilə uzun illərin
dostuyuq, Xanəmirlə, Əjdər Olla çox gözəl
münasibətimiz var.
- Əjdər Ol elə sahədə
çalışır, ona hamının işi
düşür. Dostların, qohumların xahişini etmisiniz?
- İlham Əsgərovun
qızı Bakı Dövlət Universitetinin tələbəsidir.
İlham dünyasını dəyişəndən sonra
qızının bir məsələsi var idi, Əjdər
Oldan xahiş elədim, iki günə ən yüksək səviyyədə
həll elədi, iş düzəldi. Əjdər
yoldaşlıqda çox səmimidir. Yəni
vəzifə onu dəyişməyib. Tanıdığımız
dostlar var idi, yamaqlı şalvarda gəzirdilər, indi Allah
yetirib, boyunlarını o qədər dik tuturlar. Amma bilmirlər ki, boynu çox dik tutanda, onurğaya
ziyanı var. Bu gün kifayət qədər ciddi postlarda olan
dostlarım var. O insanlar dövlətini, millətini, dilini sevən
adamlardır.
- Sizi pafosa görə tənqid
edirlər. Nə demək istəyirsiniz?
- Onu deyən adamdan
soruşsan, pafos sözünün mənası nədir, bilməyəcək.
Bəzən haqqımda o adamlar yazır ki, pyeslə
ssenarinin fərqini bilmir, teatrdan yazır. Jurnalist
gəlir müsahibəyə, soruşur ki, bu gün teatrda
hansı verilişdə çıxış edirsiniz? Mənimlə söhbət etməyə gəlir,
soruşur ki, “AzDrama” harda yerləşir? Pafoslu
danışığımı qüsur kimi görən
adamlara demək istəyirəm, mən ingilis kimi danışa
bilmirəm, qardaşım, mən türkəm, azərbaycanlıyam,
bu cür danışacağam. Mən
üstünə mikrofon yapışdırıb səhnəyə
çıxan aktyorlardan deyiləm. Biz
çayxanada danışdığımız kimi səhnədə
danışa bilmərik. Bizdə bilirsən
nəyi səhv salırlar? Elə bilirik ədəbiyyatımız,
rəssamlığımız, musiqimiz gedib aya çatıb,
bircə teatrımız dala qalıb. Elə
şey yoxdur. Bu gün Azərbaycan ədəbiyyatı
nə gündədirsə, teatrı da o gündədir.
-
Akademik Milli Dram Teatrında “Ölülər” tamaşası
hazırlanır. Səhnənin Şeyx Nəsrullahı
sizsiniz...
- İslam beşikdən
qəbir evinə qədər öyrənmək, oxumaq deməkdir.
Amma cəhalət, xurafat yenə var. Ona görə də bu
gün din adına tüccarlar var. XXI əsrdə
pirdən, ocaqdan övlad, vəzifə, pul istəyirlər. Akademik Milli Dram Teatrının “Ölülər”ə
müraciət etməsinin zamanı və vaxtıdır.
Biz Şeyx Nəsrullahların yenidən meydan
oxumasına imkan verməməliyik. Təsəvvür et, insanlar dua yazdırırlar ki, xərçəngdən
sağalsınlar...
- Oktyabrda
60 illik yubileyinizi qeyd edəcəksiniz. Nə
gözləyirsiniz?
- Mən işimi görürəm. Edərlər də sağ olsunlar, etməzlər də.
Heç vaxt heç kimdən nə ad, nə
rol istəmişəm. Əgər doğrudan da vicdanla
işini görəcəksənsə, səni görüb, dəyərini
verəcəklər...
Bizim Yol.- 2016.- 30
aprel.- S.15.