“Mənə kinoya vəsiqəni
məhz
Heydər Əliyev verib”
İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
icraçı katibi Cəmil Quliyevin APA-ya müsahibəsi
- Cəmil müəllim, İctimai
Televiziyanın rəhbərisiniz, Kinematoqrafçılar
İttifaqında icraçı katib vəzifəsini
daşıyırsınız, dərs deyirsiniz. Bu işlərin
öhdəsindən gəlmək çətin deyil?
- Məktəb illərindən
ictimai işlərlə məşğul olmağı
çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini
mən təşkil etmişdim, ən yaxşı şeir
ifaçılığı üzrə müsabiqə
keçirmişdik və s. Sizə 70-ci illərin əvvəllərindən
danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya
İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim.
İndiyə kimi həmin təhsil ocağına daxil
olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox
çətin idi. Müsabiqədə iştirak etmək
üçün respublika kino təşkilatından göndəriş
tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına
müraciət etdim, amma “yox” cavabı aldım. Bu məsələ
ilə bağlı atam ümummilli lider Heydər Əliyevə
müraciət elədi və Heydər Əliyev bu məsələni
həll etmək göstərişi verdi. Sonra mən göndəriş
aldım və imtahan verib qəbul olundum. Ona görə də
həyatım boyu Heydər Əliyevə borcluyam, mənə
kinoya vəsiqəni məhz Ümummilli liderimiz verib. Bilirsiniz
ki, 2012-ci ildən Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının icraçı
katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir.
Bundan əvvəl də keçmiş ittifaqın 12 ilə
yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla
çalışıram.
- Yəni maaş
almırsınız...
- Bəli, əmək haqqı almadan
fəaliyyət göstərirəm. Amma
çalışıram ki, ittifaqdakı işlərim
televiziyadakı fəaliyyətimə mane olmasın. Eyni
zamanda, pedaqoji fəaliyyətdən uzaqlaşmamağa
üstünlük verirəm. Mədəniyyət və
İncəsənət Universitetinin professoruyam.
Özümü bu universitetsiz təsəvvür edə bilmirəm.
Çünki mənim üçün doğma kollektivdir.
Kinonun çətin günlərində universitet mənə
öz qapılarını açdı. 1987-ci ildə SSRİ
çökməyə başlamışdı, kino sahəsi
böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə
bağladım və 12 ilə yaxın “Kino və Televiziya Sənəti”
kafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin
30 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz
Mədəniyyət və İncəsənət Universitetinin
təqdimatı ilə mənə əməkdar incəsənət
xadimi fəxri adı verilib.
-
Müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti
haqqında danışmağınızı istərdim.
Problemlər, uğurlar nədən ibarətdir?
- Azərbaycan kinosunun dirçəlişi
və inkişafı Ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. 1969-cu ildə Heydər
Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən
sonra kinoya böyük diqqət yetirildi. Məhz bu dövrdə
ən yadda qalan tarixi filmlər çəkildi. Məsələn,
“Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqud” və s. Eyni
zamanda, müasir həyata həsr olunmuş maraqlı filmlər
lentə alındı. Həmin dövrdə kinonun maddi-texniki
bazası yaradıldı, Azərbaycan filmləri beynəlxalq
festivallara çıxmağa, sənədli filmlər və
cizgi filmləri studiyaları fəaliyyətə başladı,
“Mozalan” satirik kinojurnalı açıldı. Bütün
bunlar Ümummilli liderin təşəbbüsü ilə həyata
keçirdi.
1976-cı ildə ilk dəfə
olaraq Azərbaycan kinosunun yubileyi keçirildi. O dövrdə
bu çox çətin iş idi. Heydər Əliyev Moskvaya
sübut etdi ki, Azərbaycan kinosunun tarixi kökləri var və
yubiley keçirilməlidir. Həqiqətən də müstəqillik
dövrümüzdə məlum oldu ki, Azərbaycan kinosunun
tarixi 1916-cı ildən yox, 1898-ci ildən başlayır. Heydər
Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə
2001-ci ildən başlayaraq, hər il avqustun 2-si kino
işçilərinin peşə bayramı - Azərbaycan
Kinosu Günü kimi qeyd olunur.
Hazırda bu yolu möhtərəm
prezidentimiz cənab İlham Əliyev böyük uğurla
davam etdirir. 2007-ci ildən başlayaraq, ölkədə kino
sahəsinin inkişaf etməsi üçün çox ciddi
proqramlar qəbul olunub, Dövlət Film Fondunun binası
tikilib, Nizami Kinoteatrının binası bərpa olunub, yeni
tarixi filmlər çəkilib. Məsələn, “Cavad xan”,
“Hökmdarın taleyi”, “Cavid ömrü”, “Sübhün səfiri”
kimi filmlər ekrana çıxıb. Bütün bunlar
göstərir ki, ölkə başçısının Azərbaycanın
kinosuna böyük diqqəti var.
- Rejissorlardan kiminsə adını
çəkmək istəmirsiniz?
- İndi ölkəmizdə
çox istedadlı rejissorlar yetişib və maraqlı, diqqət
cəlb edən filmlər istehsal olunub. Məsələn, Elxan
Cəfərovun filmlərini, xüsusən də “Dolu” filmini
qeyd edə bilərəm. İctimai Televiziyada bu filmi tez-tez
göstəririk. Bundan başqa, Şamil Əliyevin
“Çölçü”, Elçin Musaoğlunun “Nabat”,
İlqar Nəcəfin “Buta”, Fariz Əhmədovun, Yusif Quliyevin
sənədli filmlərinin adlarını çəkə bilərəm.
Bəzən cəmiyyətdə “Niyə bəzən bizim
filmlərimiz uğursuz alınır?” sualı səslənir.
Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor
bir neçə film çəkməlidir ki, püxtələşsin,
öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz
yaradıcılıq yolunun axtarışındadır.
Kinomuzun uğurlu gələcəyinə inanıram.
- Tez-tez belə fikirlər səslənir
ki, son illərdə çəkilən filmlər
tamaşaçıya göstərilmir. Bu irad və tənqiddən
İctimai Televiziyanın payına nə qədər
düşür?
- Bayaq qeyd etdiyim kimi, İctimai
Televiziya vaxtaşırı yeni filmləri nümayiş
etdirir. Amma bir nüans var. Film çəkildikdən sonra
öz xərcini çıxarmalıdır: beynəlxalq
festivallarda iştirak etməli, mükafat almalı, xaricə
satılmalıdır və s. Bunun üçün bir
neçə il tələb olunur. Odur ki, yeni filmlərin dərhal
televiziya ekranına çıxması
qeyri-mümkündür.
- Çəkilən filmlərimiz
yalnız öz xərcini çıxara bilir. Bəzən
çəkilən xərc də satışdan əldə
olunmur. Sizcə, bu vəziyyət nə vaxta qədər davam
edəcək?
- Məncə, indi ölkəmizdə
kino şəbəkəsi çox uğurla fəaliyyət
göstərməyə başlayıb. Bakıda və
bölgələrdə kinoteatrlar yaradılıb.
“Artıq
iş adamları da başa düşüblər ki, kinoteatr
biznes məkanı ola bilər”
Ticarət
mərkəzlərinin nəzdində kinoteatrların
yaradılması isə çox böyük hadisədir.
Artıq iş adamları da başa düşüblər ki,
kinoteatr biznes məkanı ola bilər. Nizami Kino Mərkəzinın
fəaliyyətindən xüsusilə danışmaq istərdim.
Vaxtilə bu kinoteatr Azərbaycanın kino şəbəkəsinin
flaqmanı idi. Ən yeni filmlər məhz Nizami
Kinoteatrında göstərilirdi. Sevindirici haldır ki, Nizami
Kino Mərkəzi həmin gözəl ənənəni davam
etdirir. Bu mərkəzin vacib işlərindən biri də
filmlərin nümayişinə xeyriyyəçilik etməsidir.
Burada gənc rejissorların filmlərinin nümayişinə
yer ayrılır.
- Bu
gün komediya filmləri çəkilir və deyə bilərəm,
o filmlərə maraq var. Sizə elə gəlmir ki, həmin
filmlərdə intellektual yumor çatmır? Çatmır
yox, ümumiyyətlə, görünmür...
-
Maraqlı sualdır. Bu, yəqin həm də onunla
bağlıdır ki, kinokomediya çox çətin və
mürəkkəb janrdır. Bu janr səssiz kino
dövründə yaranıb. O dövrdə Harold Lloyd, Baster
Kiton, Çarli Çaplin də komediya ilə məşğul
olublar. Hətta Lümyer qardaşlarının ilk səssiz
filmi də vəziyyətin doğurduğu gülüşə
həsr olunmuş komediya idi.
“Komediya filmləri şit, bəsit
olmamalıdır, müəyyən estetik səviyyəyə
cavab verməlidir”
Dünyada səsli kinonun ilk filmi
sayılan “Caz müğənnisi” (1927-ci il) ekran əsərində
də, Azərbaycanın ilk səsli filmi olan “Mavi dəniz
sahilində” (1936-cı il) də komediya elementləri var idi. Azərbaycanın
ilk rəngli filmi “O olmasın, bu olsun” da komediya olub. Bilirsiniz,
səviyyəli komediya filmləri insanları daxilən təmizləyir
və düşündürür. Komediya filmləri şit, bəsit
olmamalıdır, müəyyən estetik səviyyəyə
cavab verməlidir. Komediya filmini çəkmək
üçün rejissor çox keyfiyyətlərə malik
olmalıdır.
- Film
zövqünüz haqqında
danışmağınızı istəyirəm. Dünya
kinosundan hansı rejissorların
yaradıcılığını qiymətləndirirsiniz?
- Dünya kinosu mənim
üçün həyata bir pəncərədir. Mən
çox filmlərə baxmışam, hətta başıma
bir hadisə gələndə də filmlərdən epizodlar
yadıma düşür. İlk növbədə
Çarlı Çaplinin adını çəkmək istərdim.
Bundan başqa, Sergey Eyzenşteynin adını çəkmək
vacibdir. Federiko Fellininin, Viskontinin, Vittorio de Sikanın
yaradıcılığını dəyərləndirirəm.
Fransa kinosunu Jan Viqoya görə sevmişəm. Jan Viqo 29
yaşında dünyasını dəyişib. Onun taleyi bizim
rejissor Səməd Mərdanovun taleyi ilə çox
oxşardır. Təsəvvür edin, hər ikisi gənc
yaşlarında dünyasını dəyişib, hər ikisi
az film çəkib, amma dünya kinosunda iz qoyublar. Səməd
Mərdanovun ikinci rejissoru olduğu “Mavi dəniz sahilində”
filmi Fransa sinematekasında qorunub saxlanılır və
dünya kinosunun ən maraqlı filmlərindən biri hesab
olunur. İngilis kinosundan rejissor Riçard Attenboro,
İsveç kinosundan İnqmar Berqmanın, İran
rejissorlarının filmlərini çox sevirəm. Ümumiyyətlə,
hesab edirəm ki, kinorejissor tədqiqatçıdır. Bu
gün mənim daxilimdə bir narahatlıq var. Görürəm
ki, kinoya, televiziyaya axın var, amma sonra məlum olur ki,
rejissorların deməyə sözü yoxdur, yalnız həvəs
var.
- Ssenari
probleminin olmasını qəbul edirsiniz?
- Bu problem təkcə bizdə
deyil. Xarici ölkələrdə də bu problem var,
çünki kommersiya məsələsi ön plandadır.
- Cəmil
müəllim, özünüz nə çəkmək istəyirsiniz?
- Təəssüf ki,
böyük əmək qoyulması tələb olunan TV fəaliyyətilə
film çəkmək bir araya sığmır. “Bir əldə
iki qarpız” tutmaq, sadəcə, mümkün deyil.
“Film gərək sanballı olsun,
qısa müddətli konyunktura, reklam xatirinə çəkilməsin”
Söhbət ondan gedir ki, İTV
ölkənin 2 ciddi, sanballı kanalından biridir. Kino çəkmək
üçün yeddi-səkkiz ay vaxt tələb olunur. Bu
prosesdir, ona köklənmək lazımdır. Film də gərək
sanballı olsun, qısa müddətli konyunktura, özunü
reklam xatirinə çəkilməsin.
- Amma siz televiziya rəhbərindən
əvvəl rejissorsunuz...
- Doğrudur. Hətta kimsə
film çəkəndə ona sözün yaxsı mənasında,
həsədlə baxıram. Mən paxıl adam deyiləm. Qətiyyən!
Hər zaman bizim rejissorların uğurlarına sevinirəm.
Amma hesab edirəm ki, televiziya rəhbəri də məmur
deyil, yaradıcı adamdır.
- Sizi
tənqid edənlərin sayı yeni ittifaq yarananda daha
çoxaldı...
- Məsələ ondadır ki, o
zaman köhnə kinoittifaqın fəaliyyətini qorxmadan,
çəkinmədən, açıq tənqid etmişdim. O
ittifaqın fəaliyyətində nöqsanlar çox olub. Bəzi
kino xadimlərindən fərqli olaraq, arxada danışıb,
üzdə tərif deməmişəm. Bunun üçün
cəsarət və prinsipiallıq lazımdır. Hesab edirdim
ki, yeni kinoittifaq yaradılmalıdır. Hazırda yeni
kinoittifaq fəaliyyət göstərir: kino xadimlərinə
yubileylər keçirilir, onlara maddi yardım edilir, anım
günləri qeyd olunur, gənclərə dəstək oluruq.
Təşkilatımızın saytını
yaratmışıq, ikinci dəfədir “Yeni nəfəs”
müsabiqəsini keçiririk. Biz ssenari kurslarının
yaradılmasını planlaşdırırıq. “Yeni nəfəs”
müsabiqəsinin qaliblərinin o kurslarda təhsil
almasını istəyirik. Düzdür, imkanlarımız məhduddur,
amma buna baxmayaraq, bu sahədə səmərəli işləməyə
çalışırıq.
- İttifaq
məsələsinə görə münasibətiniz pisləşən
sənət adamları ilə sonradan hər hansı istiləşmə
oldu?
- Xeyr. Biz müxtəlif mövqelərdəyik.
Kinoittifaq yaradıcılıq məkanıdır. Təəssüf
ki, bəzi adamlar bunu başa düşmədilər, ona
görə də biz etiraz edib oranı tərk etdik. Bir
sıra xoşagəlməz hallar oldu. Amma mən
böhtanlardan və təhdidlərdən çəkinmədim.
Hesab edirəm ki, bu cür yollara əl atanlar öz səviyyələrini
göstərdilər. Təbii ki, bunlar hamısı təşkil
olunmuşdu.
- Cəmil müəllim, belə bir
fakt olubmu: siz Rasim Balayevin Leyla Bədirbəyli və Rasim
Ocaqov haqqında fikirlərini filmdən
çıxarmısınız...
- Qətiyyən! Olmayıb,
ola da bilməz. Əksinə, 2014-cü ildə – Rasim Balayevin
doğum günündə İctimai Televiziyada onun haqqında
veriliş hazırlayıb, iki dəfə efirə vermişik.
Rasim Balayevin rol aldığı filmlər hər zaman
İctimai Televiziyada nümayiş olunur. Onun kino xadimləri
haqda verdiyi müsahibələri də efirə veririk. Mən
yaradıcı insanam, bütün sənətkarların, o
cümlədən Rasim Balayevin də sənətinə
hörmətlə yanaşıram.
Bizim Yol.- 2016.- 3 avqust.- S.15.