“Keçmişə qayıtmaqla aram

yoxdur, zəhləm gedir”

 

Fəxrəddin Manafovun müsahibələrindən maraqlı seçmələr

 

Bu gün Azərbaycanın xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərilə tamaşaçıların qəlbinə yol tapmış aktyor 60 illik yubileyini qeyd edir.

Sevilən aktyorun son çəkildiyi filmlər "Əli və Nino", eləcə də "Son Səhnə" gələn il ekranlara çıxacaq. Buro247.az xalq artistinin doğum günündə onun müsahibələrindən ən yaxşı sitatları seçib.

 

Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyaya gəlmişəm. Sual verirlər, "necə oldu sənətə gəldiniz?". Cavab verirəm: sağ qapıdan gəldim, gördüm sol qapı açıqdır,bax beləcə də sənətə gəldim.

Məndə pafosun olmaması çox təbiidir. Pafos olan yerdə özümü çox pis hiss edirəm, qaçıram o yerdən, çünki qeyri-səmimiliyi xoşlamıram. Mən çox səmimi insanam.

Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir.

Hərdən deyirlər ki, filankəs "xarizmatik" bir insandır. Mənim üçün xarizma insanın üzündə, gözündədir - əgər insanın daxili mədəniyyəti, düşüncəsi, ağlı, zəkası simasında cəmlənibsə, o, xarizmatik adamdır. Əgər bu şeyləri gizlədibsə, təbii ki, o, xarizmatik adam deyil. Səmimi adamlar çox xarizmatik olur. Çünki o, cəmiyyət arasında da, özü ilə tək qalanda da, eynidir, dəyişməyə ehtiyac görmür.

Keçmişə qayıtmaqla aram yoxdur. Zəhləm gedir. Amma uşaqlığımdakı bəzi anları unutmaq olmur. Əsgəran qalasına gedib, əllərimi qalanın divarlarına qoymağı çox sevirdim. Qocalardan kimsə bizə demişdi ki, qulağınızı qalanın divarına dayasanız, qılınc və qışqırıq səslərini eşidərsiniz. Biz də qulağımızı saatlarla qalanın divarına dayayırdıq. Doğrudan da səslər gəlirdi... Onu eşitmək istəyirdik, ona görə də eşidirdik. Bir-birimizə deyirdik ki, mən bunu eşitdim, mən onu eşitdim. Sonra yadıma gəlir, zoğal yığırdıq... Uşaqlıq xatirələri gözəldir.

Uşaqlıqda biz dörd qardaş "kino-kino" oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular.

Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər.

Ən böyük arzum, bəlkə də, o idi ki, futbolçu olum. Amma türklər demişkən, maləsəf, tale elə gətirdi ki, mən aktyor oldum...

Gözümü qırpmadan müharibəyə gedərəm - Qarabağı almağa.

Mən bu yaşda birdən vurulsam, Allah göstərməsin, onun altından çıxmaq çox çətin şeydir.

Qadın yerlə-göy arasındakı vasitədir.

Qadınlar diqqət istəyir. Mən banal şeylər deməyəcəm, məsələn, sevgi kimi. Çünki qadınla sevgi birdir, qadın özü kosmosdur.

Fəxrəddin Manafov: “Mən hətta sevmədiyim qadınları da qısqanıram”

Qadınların məni sevməsi xoşuma gəlir.

Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra sənə olan marağı itir. Ondan sonraşeir, nə fəlsəfə, nə romantika köməyə gəlmir.

İnsanlar nağılı çox sevirlər, çünki bu gerçəklik deyil. Bütün həyatımız boyu - gözümüzü açandan yumana qədər gerçəkliyi də çalışırıq nağıl eləyək. Yaşayışımızı da, davranışımızı da, hətta evdə mübahisə olandan sonra da çalışırıq onun sonunu nağıla çevirək ki, axırı yaxşı qurtarsın. Bu baxımdan "Təhminə" yaddaqalan bir film oldu. Hər kəs orda nağıl gözləyirdi və nağıl da oldu. Bəs nəyə görə nağıl oldu, baxmayaraq ki, Təhminə ölür, Zaur başqası ilə evlənir? Filmin sonunda Zaurun arvadının verdiyi siyahını oxumasında nağıl elementləri var idi.

Zaur - bu gün bizimlə olan tipajdır. Biz azadlığın dadını bilməyən bilmək istəməyən belə zaurlarla əhatə olunmuşuq. Bu, onların ən böyük faciəsidir.

Fəxrəddin Manafov Zaurdan fərqli olaraq, dəlicəsinə sevə eşqi uğrunda hər şeyindən, hətta canından belə keçməyə hazır adamdır.

Meral (türk aktrisa Meral Konrat-red.) 20 il əvvəl həyatında böyük sevgi yaşayırdı. O, həmin şəxsə dəlicəsinə aşiq olmuşdu bütün boş vaxtını, pullarını telefon danışıqlarına sərf edirdi. Peterburqda çəkiliş aparılanda onun yuxusuzluqdan necə əziyyət çəkdiyini indiyədək xatırlayıram. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki... Bunun əvəzində Meralın sevgisi çox gözəl şəkildə rolunda öz əksini tapdı.

Əgər bir adam mütaliə ilə bağlı sual verirsə, qarşısındakının IQ səviyyəsini - sevmirəm bu ifadəni - yoxlayır. Elə adamlar var ki, minlərlə kitab oxuyur, amma oturub söhbət eləmək olmur. Mən çox oxuyuram əlimə keçəni oxuyuram. Bir şey ki, kağız üzərinə yazıldı, o artıq maraqlıdı. Mən bu gün əlifbanı da oxuyuram.

Tanıdığınız mən dünyamdakı Fəxrəddin o qədər fərqlidirlər ki... o mənə güc gəlir, mən ona. Hər ikisinə böyük hörmətim var, hər ikisini çox istəyirəm, biri digərindən incisə, ikisindən zəhləm gedər.

 

Bizim yol.- 2016.- 4 avqust.- S.15.