Zəmanəyə
uyğunlaşa
bilməyən dahi...
Azərbaycan teatrının əvəzsiz
siması Həsən Məmmədov olduğu kimi
2003-cü ilin
fevral ayının 23-də Həsən Turabov
dünyasını dəyişdi. Onunla vida mərasimi Milli
Dram Teatrının səhnəsində oldu. Səhər hələ
heç kim yox idi, Turabovun cənazəsi vida üçün
səhnəyə qoyulmuşdu. Zalın düz ortasında Həsən
Məmmədov əyləşmişdi. Səssiz-səmirsiz
gözlərini son dəfə sevimli səhnəyə
“çıxan” həmkarına zilləmişdi, onun “son roluna”
baxırdı. Baxırdı və eynəyinin altından
dağdan səssiz-səssiz qaynayıb aşağı yol alan
bulaq suyu kimi yanaqları boyu göz yaşları
axırdı. Və elə bil deyirdi ki, məni də
apar, nə xoşbəxtsən ki, gedirsən, çox çəkməz,
gələrəm arxanca.
Çox qəribədir, Turabov özü də
getməyə çox böyük yanğı ilə tələsirdi,
Həsən Məmmədov da göz yaşları ilə bunu
deyirdi. Həm dostuna, həm də özünə
ağlayırdı elə bil, yekunlaşdırırdı. Cəmi
altı ay sonra avqust istisində səhnədə o,
özü “son rolunu” oynadı...
Əli qabarlı
atanın oğlu
“qoltuğu
papkalı” olmaq istəmədi
Çox sadə bir ailədə dünyaya
göz açıb. 1938-ci
il noyabrın 22-də Salyan rayonunda doğulub. Sovet
vaxtı bu rayona “Azərbaycanın Sibiri” deyirmişlər.
Kimi cəzalandırmaq istəsə, hökumət
onu bu rayona işləməyə, ən yaxşı halda uzun
müddətli ezamiyyətə göndərərmiş.
Sonralar bu rayon Azərbaycan elminə, mədəniyyətinə
çox görkəmli şəxsiyyətlər bəxş
etdi. O cümlədən Həsən Məmmədovu.
Həsən Məmmədov Salyanda 2 saylı orta məktəbi
1956-cı ildə bitirib. Sovet dövrünün bütün
nümunəvi gəncləri kimi valideynlərinin istəyinə
rəğmən Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə
daxil olub. Əlləri qabarlı atası oğlunu ali təhsilli müəllim görmək istəyirdi.
Düşünürdü ki, oğlu ali təhsil
almaqla onun da yarımçıq qalan arzularını həyata
keçirər. “Əynində kostyum, qoltuğu
qovluqlu” məktəbə gedib-gələr. Daha onun kimi alnının təri ilə çörək
pulu qazanmağa məcbur olmaz. Oğlunun isə
içində aktyor olmaq yanğısı günü-gündən
alovlanırdı. Nəhayət, universitetin 2-ci kursunda
içindəki bu yanğı onu ali
ocağı atmağa məcbur etdi. Artıq
teatr dərnəklərində təcrübə
qazandığından bu dəfə yolunu teatrlara salır.
Bir müddət müxtəlif teatrların
yardım heyətində aktyorluq edir. İstədiyinə
damla-damla çatmağa başlayır. Qınaqlar,
tənələr onu əzsə də artıq sevdiyi işlə
məşğul olmağı hər şeyə qalib gəlməsinə
yardımçı olur.
1958-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan
Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu
fakültəsinə daxil olan Həsən tələbəlik
illərində dövlət radiosunda diktor da işləyib
(1960-1961).
1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirib təyinatla
Akademik Milli Dram Teatrına göndərilir.
Ağaməmmədin oğlu Həsəni
televizorda göstəriblər
Bu vaxta qədər ona qəzəbi soyumayan ata hələ
də oğlunun o yoldan qayıdacağını gözləyirdi. Bir səhər
eşidir ki, rayonda hamı Ağaməmmədin oğlu Həsəndən
danışır. “Zalım oğlu yaman yaradıb, elə
bil elə Rüstəm kişinin oğludur”, “məktəbdə
elə hiss olunurdu ki, ondan bir şey çıxacaq”, “bəxtəvər
anasının başına, daha gözləri
ayaqlarının altını görməz”. “Böyük
dayaq” filmindən sonra dillərdə dolaşan bu söhbətlər
ata-anasına çatmışdı. Üzə vurmasa
da Ağaməmməd kişi oğlunu
bağışlamışdı, artıq içində bir qürur
hissi də baş qaldırmışdı ki, oğlu hansı
yolu seçməyi özü daha yaxşı bilirmiş.
İlk rolundan sonra atasından xeyir-dua alan
Həsən Məmmədov bir-birinin ardınca
dürlü-dürlü obrazlar yaradır. “Böyük
dayaq”da Qaraşdan sonra “Arşın mal alan”da Əsgər,
“Gün keçdi ”də Oqtay kimi lirik
obrazların ifaçısının öz həyatının
lirik dövrü gəlib çıxır.
Kinostudiyanın yaxınlığında kirayə
qaldığı həyətdə ondan başqa da tələbələr
qalırdı.
Onlardan biri Lətifə adlı qız Həsənin
bütün diqqətini özünə cəlb etmişdi.
Çəkilişlərdən vaxt tapan kimi Həsən
Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi.
Bunu görən rəfiqələri Lətifəni
qısqanırdılar. Artıq kino ulduzu
olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı
qızın arzusu deyildi?! Bu minvalla sevgi ilə
bir ailənin təməli qoyulur. Çox keçmir ki,
onlara ev də verilir, çox uzaqda yox, elə
kinostudiyanın həyətində tikilən yeni binalarda.
Bu illər ərzində Həsən Məmmədov
Akademik teatrda da müxtəlif obrazlara imza atır. 1972-ci ildə
kino çəkilişlərinin çoxluğu ilə əlaqədar
teatrdan kinostudiyaya işə keçirilir.
Yaradıcılığının lirika
dövrünü isə artıq qəhrəmanlıq
obrazları əvəz etməyə başlayır. “Arxadan vurulan
zərbə” (Qəmərlinski), “Birisi gün gecə
yarısı” (Baba Əliyev), “İstintaq” (Murad).
Öhdəsinə hansı obraz düşürdüsə
Həsən Məmmədovun ona Tanrıdan bəxş
olunmuş fakturasına yaraşırdı. Azərbaycan kinosunda
çox az tapılan gözəl səs
tembri vardı. Ələsgər Ələkbərovda
Həsən Turabovda, Məlik Dadaşovda olan səs tembrinin fərqli
çalarlarında biri də onda idi. O qədər də
qəddi-qamətli deyildi, amma kamera arxasında, obraza daxil olub
möhtəşəm olurdu. “Dədə Qorqud”
(Dədə Qorqud), “Axırıncı aşırım”
(Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm”
(Bəxtiyar), “Bir cənub şəhərində” (Murad).
“Qızıl
qaz” (Fərman), “Bakıda küləklər əsir” (General),
“Alma almaya bənzər” (Qurban), “Səmt küləyi”
(Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız”
(polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən
əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm
ticarət” (Əlimurad), “Zirvə” (Kamil) “Bizi
bağışlayın” (Nəriman). Siyahını
ümumilikdə götürəndə adam
heç nə demir bu obrazlar, amma bir-bir yada saldıqca bu qədər
fərqli xarakterlərin bir bədəndə necə öz əksini
tapdığına təəccüb edirsən. Dədə Qorqud hara, Balaş hara? “Papağını da götürüb kontordan gedən”
Mirzə Səfər hara, Məmmədhəsən əmi hara?
Eləcə də Abbasqulu ağa ilə “Alma
almaya bənzər”dəki Qurban nə qədər təzadlı
obrazlardır. Bu xoşbəxtlik hər
aktyora nəsib olmur. Hər aktyor da bu qədər
müxtəlif obrazlara öz canını verməyi
bacarmır.
Sevimli müraciəti “Qurban” idi
Ailədə isə artıq iki övlad
böyüyür, bir oğlan, bir qız. Ata kino
ulduzudur. Ətrafda hamı bunu bilir,
uşaqlar məktəbdə əvvəlcə qeyri-adi
qarşılanırlar. Axı Həsən
Məmmədovun övladlarıdır. Yoldaşları
onlara qəribə baxırlar. Bir müddət
keçir görürlər ki, onlarda qeyri-adi heç nə
yoxdur. Əksinə, hansısa mağaza
müdirinin övladlarının geydiyi pal-paltarı heç
onlar yuxularında belə geyə bilməzlər.
Məktəbə xüsusi maşınla gəlib-gedən
sinif yoldaşları onlara nağıl qəhrəmanları
kimi baxsalar da əslində nağılda yaşayan imkanlı
uşaqların özləridir.
Həsən Məmmədov çox təvazökar insan
olub. Onun qədər
təvazökar insan çox az tapılar. Sovet vaxtı film qəhrəmanları kolxozlara, zəhmətkeşlərlə
görüşlərə gedərdilər, yəni onları
aparardılar o görüşlərə. Həsən Məmmədov gedib həmişə
arxada bir yerdə çəkilib oturarmış. Onu çəkib irəli dəvət edəndə
sifəti rəng verib, rəng alırmış. Heç vaxt yaşadığı zəmanəyə
uyğunlaşmırmış. Həmkarlarının
dediklərinə görə Həsən Məmmədovla dost
olduğuna, hətta təsadüfi şəkil çəkdirdiyinə
görə nələrisə əldə edən insanlar var.
Amma Həsən Məmmədov özünə görə
kimsəyə ağız açmağı, xahiş etməyi
xoşlamazmış. Heç vaxt “mənim
yaratdığım rollar” ifadəsini onun dilindən eşidən
olmayıb.
İllər keçir, zaman dəyişir, insanlar zamana
adaptasiya olunur.
Həsən Məmmədov dəyişmir.
Sovet quruluşu iflasa uğrayır, hər kəs
bu dolanbacda nələrsə əldə etməyə
çalışır, mənfəət güdür.
Onun yenə halına təfavüt etmir, bacardıqca filmə
çəkilir, dostu Həsən Turabovun dəvəti ilə
yenidən qayıtdığı Akademik teatrda 1992-ci il noyabrın 21-dən elə ömrünün
sonunadək aktyor truppasında çalışır.
Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir
eşitməyib. Olduqca mülayim adam olub. Hamıya “qurban sənə” deyə müraciət
edirmiş. Bəzən onun “sənə”sini
də demirdi elə “qurban” formasında qalmışdı
dilində.
Azərbaycan mədəniyyətində
ən əxlaqlı adam olub
Yaxın
dostu kino adamı Şeyx Əbdül Mahmudov deyir: “O vaxt kinoya
Gürcüstandan, Orta Asiyadan, Baltik yanı respublikalardan
aktyorlar dəvət olunardı. Hər biri Həsənlə
bir kadra çəkildisə heyrətə gəlirdilər.
Çəkilib kənara onun
ustalığına tamaşa edirdilər. Həsən
indi sağ olsaydı, dünya kinosu ondan əl çəkməzdi.
Sovet məkanında onun kimi ikinci aktyor V. Tixonov
hesab olunurdu. Bir onu soruşurdu ki, filmi
hansı planda çəkirsən? Qalanını
özü bilirdi. Daha ona demək lazım
gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən.
“Kapriz” deyilən bir şey onda yox idi. Çəkilişi qurtarırdı, meydançadan
getmirdi ki, birdən rejissorun ağlına nə isə gələr
lazım olaram, bir də niyə arxamca maşın göndərib
axtarsın məni. İşə gəlmişəm,
çəkilişim qurtarsa da çəkiliş boyu burda
olmalıyam. Onun qədər ikinci əxlaqlı
aktyor yoxdur, içi mən qarışıq. Zarafatımız vardı, bir dəfə qastrolda
gördüm ki, ətrafda nə qədər qadın, qız
var hamısı bunun əsiridir, bunun heç eyninə deyil.
Eyham vurdum ki, adə, hərəkət elə, mənə
elə acığı tutdu ki, olmayan kimi”.
Bütün fəxri adları
almışdı
Kino sənətində göstərdiyi xidmətlərə
görə 1971-ci ildə Azərbaycan Respublikasının əməkdar
artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq
görülüb. “İstintaq” bədii filmindəki Murad
roluna görə SSRİ, “Birisi gün gecə yarısı”
kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan
SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə “7 oğul istərəm” filmindəki Bəxtiyar
roluna görə Respublika Lenin komsomolu mükafatı
laureatı olub. Bütün bunlardan öndə
duran bir fəxri adı hələ də yaşayır Həsən
Məmmədov.
“Bəxtiyar
rolu” dedim, bir məqamı
xatırladım. Bir dəfə teatrda müsahibə
alırdım ondan. Qış idi, uzun qara
palto geyinmişdi, təpədən-dırnağa kino adamı
olan bu şəxsdə qəribə bir magiya vardı. O
qara paltoda, iri addımlarla teatrın girişindən keçəndə
hamı kənara çəkilib yol verdi.
Söhbətləşdik, sonda belə bir fikir dedi: “İndi sən
demədin, qızım, amma çox vaxt mənə deyirlər
ki, çəkildiyiniz filmlər sovet təbliğatına xidmət
edib. Bəxtiyar komsomol olub, bizə düşməndir.
Bu günün nəzərləri ilə baxsaq,
Bəxtiyar sadəcə bir insan, şəxsiyyət idi ki.
Xalqının əmin-amanlığını
istəyirdi.”
Hiss etdim
ki, bu mövzu Həsən müəllimin yaralı yeridir. İllərlə yaratdığı obrazlar, çəkildiyi
filmlər kimlərinsə nəzərində sən demə,
havayı atılmış güllə kimi qəbul olunur.
O vaxt haqqında yazdığım yazı ilə ona nə qədər
təsəlli ola bildim, deyə bilmərəm.
Hər halda sonralar, ömrünün son günlərinə
qədər zənglərimə məmnuniyyətlə cavab
verib, həmsöhbət olurdu. Bildiyim odur
ki, bəzən özləri heç bir işə qadir olmayan
kəslər başqalarının gördüyü işləri
kölgələməyə çalışmaqla təsəlli
tapırlar.
Axı, ürək neyləsin...
Ömrünün son illərində Azərbaycan kinosunun
qızıl illəri arxada qalmışdı. Təltifləri,
fəxri adları, hörməti, amma maddi cəhətdən o
qədər də böyük təminatı yoxudu. Ailəsi də sovet vaxtı ona verilən dar mənzilə
sığmırdı. Ona zəmanəyə
uyğunlaşa bilmədiyinə görə qınaqlar
rahatlıq vermirdi. İstədiyini ailəsinə
bəxş etmək üçün fikirləşib
tapdığı yollar isə onun şəxsiyyətinə,
xarakterinə yad idi.
Qatar getmişdi, arxasınca atla, ayaqla gedib çatmaq
olmazdı. Bəlkə vaxtında daha uzaq görən
olmayıb? Niyə o, kiməsə ağız
açmalıdır? Bəlkə, düz
eləmir, hamı necə, o, da elə? Niyə zəmanə
adamı ola bilmir? Özünə
gah haqq qazandırır, gah qınayırdı. Hərdən üzv olduğu partiyanın da
qapısına qədər gedib çıxır, nə isə
yenidən geri qayıdırdı.
Niyə Tanrı ona bu xarakteri verib? Başqa
cür olsaydı, bəlkə ailəsini daha yaxşı təmin
edərdi? Axı, onun yerində kim
olsaydı...? Bu ağrılar onu ürək əməliyyatına
qədər gətirib çıxartdı. Əməliyyatdan sonra rahat, qayğısız, təmin
olunmuş həyat yaşamalı idi, ürək bunu tələb
edirdi. Əks halda...
Avqustun cırhacırı idi. Zəng elədim, Həsən
müəllim, necəsiniz? Ömür boyu şikayət
etməyən adam elə bil dilə gəlmişdi:
“Əməliyyatdan sonra Allahın bir putyovkasını
tapmıram ki, gedib bu istilərdən kənarda bir az dincəlim...”
Bu həmin 2003-cü ilin avqustu idi ki, iki gün sonra əvəzsiz
aktyor, nümunəvi sovet adamı Həsən Məmmədov
dünyasını dəyişdi. Bəlkə də
onunla da böyük, şaxəli bir çinarın son
yarpağı qopub düşdü. Onu II Fəxri
Xiyabanda dəfn etdilər. O itkini isə, Azərbaycan
kino sənətinə geri heç bir qüvvə qaytara bilməz.
Bəlkə, nə vaxtsa haqqında dastanlar
yazılacaq, amma o, qayıtmayacaq. Yenə
seviləcək, yenə zəmanə adamı
olmadığı, iradəsinin ziddinə gedə bilmədiyi,
şəxsiyyətli, abırlı, əxlaqlı, yalnız
saf sənətkar olduğuna, yaşamağın başqa - ənənəvi
yollarını bilmədiyinə görə qınanacaq, amma
seviləcək. Seviləcək və bir də
ondan olmayacaq.
Bizim Yol.- 2016.- 27
avqust.- S.15.