Nizami Süleymanov
dünyasını dəyişdi
Akademik II Fəxri Xiyabanda dəfn
edildi
Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın
müxbir üzvü Nizami Süleymanov II Fəxri Xiyabanda dəfn
edilib.
Milli.Az
bildirir ki, bu barədə teleqraf.com-a mərhuma yaxın şəxslər
məlumat verib.
Qeyd edək
ki, öncə akademiklə vida mərasiminin saat 14.00-da
Bakıdakı "Heydər" məscidində
olacağı bildirilirdi. Sözügedən ünvanda olan əməkdaşımız
burada vida mərasimin keçirilmədiyini bildirib.
Bununla belə,
"Heydər" məscidində mərasim zallarından biri
Nizami Süleymanovun yas mərasiminə qatılanlar
üçün hazırlanıb. Bəs akademik Nizami
Süleymanovla vida mərasimi harada keçirilib? Bu sualla
bağlı Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr
şöbəsinə müraqciət etdik.
Şöbədən
bildirildi ki, bu barədə onlarda hər hansı məlumat
yoxdur: "Nömrənizi qoyun, məlumat olsa, sizinlə əlaqə
saxlayarıq".
Nizami
Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. 202 elmi əsərin
müəllifidir. İki dəfə prezidentliyə namizəd
(1992 və 1998-ci illərdə) olub. AMEA-nın müxbir
üzvü idi.
Milli Elmlər
Akademiyası akademik Nizami Süleymanovun vəfati ilə
bağlı açıqlama yayıb.
"Qafqazinfo"
xəbər verir ki, açıqlamada bildirilir ki, Azərbaycan
elminə ağır itki üz verib. Belə ki,
Azərbaycanda
texnika elmləri sahəsində mühüm xidmətləri
olan görkəmli alim, Azərbaycan Milli Yaradıcılıq
Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü
Nizami Süleymanov dekabrın 2-də 71 yaşında vəfat
edib.
N.Süleymanov
1945-ci il noyabrın 25-də Əlibayramlı rayonunun Rəncbər
kəndində anadan olmuşdur. O, Azərbaycan Politexnik
İnstitutunu bitirib. Alim ilk dəfə olaraq standart
volframlı poladları tamamilə əvəz edə bilən,
yeni volframsız alət poladları işləyib
hazırlamış və bu elmi yeniliklər istehsalata tətbiq
edilib. Standart və yeni tip poladlarda legirlənmə və
mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində
onların tərkibində yüksək dispersliliyə malik
olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası
işlənib hazırlanıb.
N.Süleymanov
"İstiliyə dözümlü və konstruksiya
poladlarının yeni üsullarla möhkəmləndirilməsinin
tədqiqi və işlənib hazırlanması"
mövzusunda namizədlik, "Alətlərin yüksək
davamlılığını təmin edən yeni qənaətlə
legirləşmiş volframsız alət poladlarının və
onların effektiv üsullarla möhkəmləndirilməsi üsullarının
işlənib hazırlanması və maşınqayırmada
tətbiqi" mövzusunda doktorluq dissertasiyalarını
müdafiə edib. 1989-cu ildə maşınqayırma
ixtisası üzrə AMEA-nın müxbir üzvü
seçilib.
Alim 300-dən
çox elmi və publisistik əsərin, o cümlədən
61 müəlliflik şəhadətnaməsi və patentin
müəllifidir. Onun elmi əsərlərinin 252‐si xaricdə çap olunub.
Gənc
kadrların hazırlanması işinə də böyük
diqqət yetirən N.Süleymanovun rəhbərliyi ilə 16 fəlsəfə
doktoru, 6 elmlər doktoru müdafiə edib".
Bizim Yol.- 2016.- 3 dekabr.- S.15.