Ramiz Rövşən, metafizika, invariantlıq
(Əziz dostum və qardaşım Ramiz
Rövşənin 70 illiyinə).
Söz vaxtına çəkər.
1963-cü ilin sərt dekabrında qatara minib Moskvaya
yola düşdüm,
SSRİ Elmlər Akademiyasının “İdarəetmə
Problemləri” İnstitutuna. Aspiranturaya imtahan vermək
üçün. Qəbul olundum.
Akademik B.Petrovun rəhbərlik
etdiyi şöbəyə. Tədqiqat mövzusunu özum seçmişdim - “İdarəetmə sistemlərində
invariantlıq”. Bu vacib
nəzəriyyə lap cücərti vəziyyətində
idi. Lakin içərimdə uşaqlıqdan və yeniyetməlikdən
formalaşmış davranış xüsusiyyətlərimə
bu mövzu çox uyğun gəlirdi.
İnvariantlıq nəzəriyyəsinin mahiyyəti budur ki, istər texniki, istər bioloji, istərsə
də sosial-iqtisadi sistem
elə formalaşmalıdır ki, istənilən
həyacanlandırıcı təsirlərdən
(basqılardan, zordan, təlatümlərdən)
asılı olmasın, o təsirlərə
invariant olsun. Məsələn, çəməndəki alaq otu külək əsəndə
hər tərəfə əyilə bilir,
qonşu palıd ağacı isə
invariantdır, küləyin istiqamətindən və
gücündən asılılığı yoxdur,
çünki palıd qüdrəti var.
İnvariantlıq nəzəriyyəsinin ideyası dünyaca tanınmış professor G.Şipanova məxsusdur, o, bu ideyanı 1945-1946-cı illərdə təklif etmişdi. Əfsuslar ki, bir sıra Sovet alimləri 1949-cu ildə “Pravda” qəzetində idealoji təsir altında bu ideyanın əleyhinə bir məqalə çap etdirdilər (lap bizdə olan kimi). O məqalədə yazılırdı ki, “invariantlıq ideyası müəllifin elmə metofizik yanaşmasıdır, zərərli elmi uydurmadir”. Vərəm xəstəliyindən əziyyət çəkən müəllif-professor tezliklə dünyasını dəyişdi. Lakin həqiqət idealogiyadan həmişə üstün olduğu üçün 1966-ci ildə Kiyevdə keçirilən beynəlxalq konfransda “İnvariantlıq nəzəriyyəsi” elmi kəşf kimi elan olundu. Bütün konfrans iştirakçıları kimi mən də qurur hissi keçirdim, axı mənim də elmi işlərim bu nəzəriyyənin yaranmasına həsr olunmuşdu (sonralar mənim “İnvariantlıq nəzəriyyəsi”nə aid 2 kitabım çap olundu).
Bu girişi ona görə verdim ki, həqiqi elm, həqiqi ədəbiyyat, həqiqi sənət hər zaman hər bir ideoloji təsirlərə invariantdır. Metofizik düşüncə daşıyıcısı olan böyük Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatında qırılmış metofizik poeziya bu gün 70 yaşını qeyd etdiyimiz dünyaca ünlü şairimiz Ramiz Rövşən tərəfindən bərpa olmağa başladı, güclü Sovet idealogiyasına invariant olaraq. Düzdür, Azərbaycan metafizik poeziyasının yenidən ərsəyə gəlməsində ünlü şairlərimiz Vaqif Səmədoğlu və Vaqif Bayatlının da xidmətləri danılmazdır.
Ramiz Rövşən tək poeziyada donmuş metofizik buzları qıran olmadı, o eyni zamanda poeziyamıza yeni bir poetik sistem, düzüm, kosmik düşüncə tərzi gətirdi. Ramiz Rövşən poeziyasının zənnimcə əsas xüsusiyyəti ilahi məntiq, dərin metofizik fəlsəfi fikir bolluğu, qəlbindəki duyğular və sevgi çələnginin vəhdətidir.
Deyirlər şairlər Allaha yaxın olurlar. Bir müddət əvvəl mən əsl ruhun zadəganı olan böyük şairimiz Ramiz Rövşənin poeziyasının qeyri-səlis məntiqə söykəndiyini “Qeyri-səlis məntiq haqında poetik düşüncələrim” yazımda araşdırmışdım. İndi baxanda görürəm ki, Ramiz Rövşənin poetik məntiqi qeyri-səlis məntiq və ilahi məntiq arasındadır.Onun bu məntiqi Allaha sevgidən doğan məntiqdir və bu sevginin qarşılıqlı payıdır. Allah və ölüm mövzusu Ramiz Rövşənin poeziyasında dominantlıq təşkil edir, hələ bu mövzular yasaq olan vaxtlarda da (zənnimcə yasaq ədəbi prosesin katalizatorudur).
Ramiz Rövşən görkəmli ziyalımız Aydın Məmmədovun xatirəsinə yazdığı “Tabut” şerində deyir:
Hələ çiyinlərdə gedir tabutun,
qəbrinin ağzı da açıqdı hələ.
Gözləyir o qəbrin dilsiz sükutu;
sənin sükut payın nə çoxdu hələ!..
Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın ən təmiz, ağ donundasan.
Bircə
Allah bilir, hardasan indi;
ömrün əvvəlində,
ya sonundasan.
Qeyri-səlis məntiq? Hə - sənin sükut
payın nə çoxdur hələ, ömrün əvvəli
- ömrün sonu kəsilməzliyi. “Bircə Allah bilir, hardasan indi”. Yox bu fikir Tanrı
məntiqinə söykənir.
Tanrı
məntiqinin dərkinə
iddialı olmasam da bu şeir
haqqında belə düşünürəm.
Başqa
bir şeirdə:
Bir ölüm havası dəydi üzümə,
Nə gözəl,
nə sərin havaymış, Allah.
Sən demə, ürəyim ölümdən ötrü
Darıxan bir bomboş yuvaymış, Allah.
Sən demə, çaşmışam
yolu azmışam,
Dünyaya gəlməyim yalanmış
mənim.
Sən demə, dünyada anasızmışam,
Sən demə,
bu ölüm anammış mənim.
Bu fikirlər tək
qeyri - səlis məntiqə sığmır. Ondan yuxarıdadır.
Şəxsiyyətinə və əqidəsinə böyük hörmət etdiyim Ramiz Rövşən
xalqını, millətini
bütün varlığı
ilə duyan bir insandır. “Təpədən
dırnağa hiss içindəyəm”
şeirində yazır:
Sən də daşlamağa özgəsini tap
Məni
ömür boyu daşlayan adam
Gilası
mürəbbə, quzunu
kabab
Şairi
heykəl tək xoşluyan adam.
Yox, heykəl ummuram bu yer üzündə
Mənim
daş olmağa yoxdu həvəsim
Daş olub lap ulu Füzulinin
də
yanında durmağa
yoxdu həvəsim.
Mən sənin yanında dururam
Sənin...
küçənin tinində
dilənən qarı
Başindan var-dövlət yağan
ölkənin
Bəxtəvər günündə dilənən
qarı.
Heç
kəs sığal çəkməz dümağ
saçına
O gümüş telindən
öpürəm sənin.
Qorxma, pul qoymuram sənin
ovcuna
Əyilib əlindən öpürəm
sənin.
Bu qədər mənası
olan fikirləri, ağrıları bir şeirə sığışdırmaq,
milyon ürəyin dərdini bir ürəyə yerləşdirmək
başqa planetlərə
gedib-gəlməkdən asandırmı? Görünür Ramiz Rövşən qələminin qüdrətindən,
kosmik təfəkkürünün
böyüklüyündəndir bu.
Ramiz Rövşən
bütün varlığı
ilə vətənə,
torpağa bağlı
bir şəxsiyyətdir. Onun vətən
sevgisi, Allah sevgisi sonsuzdur.
Qayçıtək Arazı da
Aralığa atdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.
Kimin əli çıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından,
Əlini
də kəsdilər,
Dilini də kəsdilər
bu Vətənin adından.
…Bu kəfəni bir aç-bax;
hələ diriyik,
Allah!
Bu kəfəndən ağappaq
bizə köynək tik, Allah!
Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi,
Yaşamağa Vətən ver!..
Palıd invariantlığı, kosmik
təfəkkürü, ilahi
məntiqi, qəlbində
sevgi, duyğular çələngi olan böyük İnsan, əziz dostum Ramiz Rövşənə
uzun və mənalı bioloji ömür arzulayıram. Əbədi sonsuz
ömrü onsuz da özü qazanıb. Ramiz Rövşəndən Ramiz Rövşənə
uzanan yol daim nurlu olsun.
Rafiq Əliyev
Texnika elmlər doktoru
Bizim Yol.- 2016.- 9 dekabr.- S.15.