«Sinəm hələ medala öyrəşməyib…»
Görkəmli şairimiz Ramiz
Rövşən 70 illik yubileyini qeyd edir
Yenə bu şəhərdə
Ramiz Rövşənlə üz-üzə gəldik. Neyləyək,
ayrıca Ramizimiz yox? Bəlkə biz də Ramiz ola bilərdik,
bəlkə Ramizik, xəbərimiz yox. Soyuq, küləkli
havada Yazıçılar Birliyində Ramiz Rövşənin
işığına yığışmışdıq.
Hamı orda özünü xoşbəxt sanırdı.
70 yaşı tamam olmuş Ramiz
Rövşən hələ də Budda kimi
görünürdü. Natəvan klubunun dairəvi masası o
an mənə dünyanı xatırlatdı. Ramiz Rövşən
Budda sakitliyi ilə dünya kimi yumru masanın başında
oturmuşdu. Və onu sevənləri, dostları
yığışmışdı başına.
Sözü verək Anar müəllimə:
“Ramiz Rövşən Azərbaycan ədəbiyyatın
böyük şairlərindəndir”
Burda mütləq bir alqış
olmalı idi.
Amma Anar müəllimin girişinin sonunda alqışın
gurultusunu artıracaq daha ciddi bir məsələ vardı. Ədəbiyyata
xidmətlərinə və 70 illik yubileyinə Ramiz
Rövşənə mükafat verdiyini açıqlayanda
qulaqlar tutuldu alqış səslərindən. Anar müəllim
gurultunun arasından bir yüngül zarafat da elədi: “İstədim,
araq, ya da konyak hədiyyə edim Ramizə. - gülüş səsləri.
- Sonra mənə dedilər ki, Ramiz içmir. - yenə
gülüşmə. - Axırda qərara aldım ki, bir dəst
qələm verim”.
Tədbirdə iştirak edən
şair dostlardan biri şairin qulağına
pıçıldadı, mən də qulaqlarımı şəklədim:
“Bahalı qələm dəstləridir ha...”
Ramiz Rövşən bu bahalı qələm
dəstini, bir də gül buketini (bunsuz hədiyyənin dəyəri
olmaz) götürəndə Anarın əlavəsi
eşidildi: “TÜRKSOY sənə medal göndərib”.
Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə
şair gülümsəyərək etiraz elədi: “Sinəm
medala öyrəşməyib, sonra taxaram”.
Təbii
ki, o sinədə şeirlər yaşayır, hamının əzbər
bildiyi və elə hamının da sinəsində gəzdirdiyi
şeirlər.
Növbəti söz Kamal Abdullaya
verildi:
“Bir
dostumuz vardı, Hacı adında. Ona soruşurduq ki, saat
neçədir. Deyirdi, Ramiz Rövşəndən
böyük şair yoxdur, sonra da deyirdi ki, beşdir”.
Gülüşmə
düşdü. Ramiz Rövşənin medalsız sinəsindən
saat kimi çıqqıldayan ürəyinin
döyüntüsünü eşitdim sanki. Birdən
öz-özümə düşündüm ki, Ramiz
Rövşən də xoşbəxtdir, saata baxmır. Bəlkə
də baxır, xəbərimiz yox. Anar bu vaxt elə bil
düşüncələrimi oxudu: “Ramiz Rövşənin
dostu olmaq xoşbəxtlikdir. Onun ən yaxın dostu da
adaşı Ramiz Həsənoğludur. Mən iki Ramiz
tanıyıram. Biri uzun Ramiz, biri də gombul Ramiz”.
Hər
iki Ramiz də güldü, sonra bütün zaldakılar
güldü. Mən də içəridəkilərə
göz gəzdirib başqa Ramizin olub-olmadığını
yoxladım. Nəsə tapa bilməyib, baxışlarımla
qayıtdım “uzun Ramiz”in yanına.
Ramiz Həsənoğlu
ayağa qalxanda çox uzun göründü mənə. Yəqin
özümün çox balaca olmağımdan belə
göründü. Sonra onun yanına Ramiz Rövşəni
qoydum və birdən gözümün qabağına Don
Kixotla Sanço Panço gəldi.
Ramiz Həsənoğludan
sitat: “Yaxşı ki, sən mənim yanımdasan Ramiz. Var ol”.
Gözlədim
ki, uzun bir çıxış olacaq. Amma elə olmadı, elə
bunu deyib yerində oturdu.
Sonra Fikrət
Qocaya söz verdilər. Nə danışdı, nə dedi,
bilmədim. Eşidə bilmədim. Hətta mənə elə
gəldi ki, yanında oturduğu Ramiz Rövşən də
onu eşidə bilmədi. Hər halda yəqin ki, yaxşı
sözlər dedi. Xırıltılı təriflər.
Anar
müəllim söz verməyi saat əqrəbi prinsipi ilə
aparırdı. Sonra əqrəb yaxşı işləmədi
deyəsən, gah sağ tərəfdən, gah sol tərəfdən
çıxışçılar danışmağa
başladı.
- Azər
müəllim, buyurun. - dedi Anar müəllim. - Həm
danış, həm də burdakıları qəzetinə yaz.
Gülüşmə
ilə bir ayağa qalxdı Azər Turan. “Ədəbiyyat qəzeti”
adından bir məktub oxuyub böyük şairimizi təbrik
elədi və təbrik məktubunu da səbəbkarın
özünə verdi. Ramiz Rövşənin sözləri
yadıma düşdü: “Bir mövzuda iki şair şeir
yazar, birinə mükafat verərlər, o birini edam edərlər”.
Qaramat
danışmayaq. Sıra həmişəki kimi koloritli
danışığı ilə hamını güldürən
Seyran Səxavətindir:
“O vaxt
Ramizlə təzə tanış olmuşduq. Universitetə
imtahan verirdik. Sonra Ramizin atası bizə peraşki aldı.
Yadındadır, Ramiz?”
Ramiz
Rövşənin başı aşağı-yuxarı tərpəndi.
“Hə, hərəyə
üç-dörd peraşki yedik”.
Xatirənin
gözəlliyinə bax. Həqiqətən böyük
şairlə peraşki yeməyin özü də bir xoşbəxtlikdir.
Seyran Səxavət
gülənlərə, qımışanlara fikir vermədən
sözünə davam elədi: “Ramiz Rövşən həm də
qatil şairdir”. Təəccüblü baxışlar. “Niyə?
Deyim də. Özünü Ramizə oxşatmaq istəyən
nə qədər şair özünü məhv elədi.
Bir yerdə oxumuşdum, turistlər Eyfel qülləsindən
özlərini aşağı atırlar ki, məşhurlaşsınlar.
Onlar başa düşmürlər ki, Eyfel elə yerindəcə
durub. Elə Ramiz də onun kimi. Ramizin Eyfelindən
özünü aşağı atan nə qədər
şairlər oldu, amma Ramiz hələ də qaldı”.
Bir
anlıq gözüm yenə içəridəkilərə
tuşlandı. Özünü Ramiz Eyfelindən atan şairləri
görə bilmədim. Çox güman, hava soyuq olduğuna
görə gəlib çıxa bilməməmişdilər.
Yəqin siz də arzulayardınız ki, onlar intihar xatirələrindən
danışsınlar.
Bu yerdə
Seyran Səxavət zarafatla sözümü kəsdi:
- Sənin
hələ nə yaşındı, Ramiz? - təəccüb
qarışıq gülüşmə. - Gələcəyin
qabaqdadır!
Belə məclislərdə
ən maraqlı söhbətlər “kurilka”da olur. Dedim,
görüm orda nə söhbət gedir. Bir xeyli adam
yığışmışdı. Bəlkə onlar da Ramizdən
danışırdılar, bəlkə elə Ramiz də
onları eşidirdi, bəlkə elə bütün dünya
Ramiz Rövşənin 70 yaşına
yığışmışdı. Kim bilir? Suallar içimdə
geri qayıtdım və onda gördüm ki, alim Rafiq Əliyev
ayaq üstə çıxış edir. Ramiz Rövşən
poeziyasının yeni mərhələ açmağı,
onun şeirlərinin ucalığı. Qısa və lakonik
danışdı. Sonra da dedi
ki, istəyən gedib Ramiz Rövşən haqqımdakı
yazını oxuya bilər.
Sonrakı
çıxışçılar da Ramiz Rövşəndən
yazı yazıblarmış. Sən demə, hamının
Ramiz adlı bir yazısı varmış. Bütün
salondakılar o yazıları oxusa nə olar deyə
düşündüm.
Sonra Vaqif
Yusiflinin səsi eşidildi: “14 dekabr, yəni Ramiz Rövşənin
anadan olduğu gün poeziya günü kimi keçirilsin. Ramiz
Rövşən xoşbəxtdir ki, bütün dövrlərdə
oxunub və sevilib”.
Poeziya
günü. Yaxşı təklifdir. Hətta təklifin bədii
hissəsi olsa lap şairanə olardı. Soyuq havalar gəlib.
Poeziya günü olaydı, yeyib-içmək olaydı... Hiss
elədim ki, içimdəki hiss bütün salondakılara
sirayət (yaxşı sözdür) elədi. Hamı
gülümsünürdü, hamı xoşbəxtdi. Bu Ramiz
Rövşən poeziyasına yad olsa da,
qırışığımızın açılması
baxımından təqdirəlayiq (nə axmaq sözdür)
hadisə idi.
Bu yerdə
söz bir qırmızı köynəkli kişiyə
verildi. Qırmızı köynəyinə diqqətlə
baxandan sonra tanıdım onu: Yusif Nəğməkar. Nəğməli
şair deyib susuram və sözü ona verirəm: “Ramiz
Rövşənin çox sirləri var. İndi sizə onun
bir sirrini açacam”.
Deyəsən,
bu anda Ramiz Rövşən də yerində qurcuxdu.
Hamımız şok olduq, elə bil tok vurdu məni, arxama
çevriləndə bir adam gülümsəyərək
üzr istədi. Tok deyilmiş, Balayar Sadiq imiş. Sirr? Nə
sirr? Əcəba, o nə olan sirdir ki, nəğməli
şairimiz bunu neçə vaxtdır gizlədib? Görəsən
şəxsi məsələdi yoxsa poetik mətləbdir? Hadisənin
davamı növbəti abzasda.
Nəğməli
şair bir vərəq çıxarıb
çırpa-çırpa onu açdı və kəkələyə-kəkələyə
oxumağa başladı. Sən demə, sirr dediyi Ramiz
Rövşənə yazdığı “Sirr” şeiri imiş.
Allah səni saxlasın, ürəyimiz
düşmüşdü burda. Ramiz Rövşən də həvəslə
gülümsədi.
Şeir də
ki, yaman uzunmuş. Hətta şairin özü də oxumaqda
çətinlik çəkirdi. Bu yerdə Əjdər Olun
replikası bizi təzəcə düşdüyümüz
şokdan və təəccübdən xilas edib
gülüş məkanına çıxardı: “Heç
olmasa o şeiri əzbərləyib gələrdin”.
Tədbirin
sonunda Ramiz Rövşən yeni şeirlərini oxudu. 70
yaşlı, ədəbiyyatımızda öz
sözünü demiş şairin
pıçıltıları idi bəlkə də o misralar.
“Həyatının filminin yarısında yuxuya gedən” Ramiz
Rövşən. Öz Ramiz meşəsində itən Ramiz
Rövşən. 18 yaşındakı şeiri ilə
imtahanlara və istilərə meydan oxuyan Ramiz Rövşən.
Seyran Səxavət
onun bu kədərli şeirlərini bir anlıq öz yumoru ilə
dayandırdı: “O vaxt Ramiz çox tərbiyəli idi. Biz də
onun yanında pis görünürdük deyə, ona deyirdik
ki, siqaret çək də. O da elə burdakı kimi bədahətən
şeir deyirdi: “Mən siqaret çəkmirəm, çəkmirəm.
Mən özüm siqaretəm zamanın qarşısında”.
Ramiz Rövşən həmişəki
kimi ağır intonasiya ilə öz şeirlərini oxuyub tədbirə
yekun vurdu.
Özü
də dediyi kimi, son oxuduğu şeir qəmli idi, amma
çıxanda hamı gülümsəyərək
çıxdı salondan. Elə Ramiz Rövşənin
özü də gülürdü.
Ramiz
Rövşən güldürməyi də bacardı. Bəlkə
də öz “qara paltarlı” şeirlərinə bir etiraz idi o
gülüşlər. (kulis.az)
«Bizim Yol» qəzetinin baş redaktoru
Bahəddin Həziyev və kollektivi görkəmli şairmizi
ürəkdən təbrik edir, ona can sağlığı,
uzun ömür, arzulayırıq.
Bizim Yol.- 2016.- 15 dekabr.- S.12.