“Gecəqondu
uşağıyam”
Türkiyənin
“güldürən üzü” 75 illik yubileyini qeyd edir
Türkiyənin ən məşhur aktyorlarından biridir. Xüsusilə, komediya janrındakı rolları daha çox yaddaşlarda qalıb. Bir neçə gündən sonra Şenər Şənin 75 yaşı tamam olur.
Uşaqlığı
Türkiyənin məşhur komediya aktyoru Şenər Şən 26 dekabr 1941-ci ildə o vaxtlar dülgərlik edən məşhur aktyor Ali Şənin oğlu olaraq dünyaya gəlib. Şenər müsahibələrinin birində ailəsi, uşaqlıq illəri və İstanbulda yaşadığı ilk vaxtlar haqqında deyirdi: “Əsl türk ailəsi idik, amma aşağı təbəqədən... Adanadan İstanbula gəlib o vaxtlar hələ yeni formalaşan Zeytunburnuna köçmüşdük. Hər tip insanla bir yerdə yaşamışam. Yəni bir az “gecəqondu” uşağıyam. Gecəqondularda böyümüşük. Uşaqkən döyülmüşük. Döyülmək o dövrdə təhsil sayılırdı, bizsə döyülməyimizin fərqində deyildik. Çünki hər kəs döyülüb məktəbə gəlirdi”.
Karyerası
Şenər Şənin məktəb illərində atası artıq aktyor idi. Şenər məktəbi bitirdikdən sonra atasının istəyi ilə müəllim olmağa qərar verib. Əvvəl İzmitdə, sonra Malazgird bölgəsinin ən ucqar kəndində müəllimlik edib, bir müddət sonra isə müəllimlikdən çıxıb teatra atılmağa qərar verib. Müəllimlik karyerası cəmi 3 il davam edib. Atası onun bu fikrinə qarşı çıxsa da, o, dediyindən dönməyib.
İstanbul
Şəhər Teatrına gedib, amma orada iş tapa bilməyib. Ona deyiblər ki, ancaq bir tamaşada əsgər kimi 20
epizod rol ifaçısından hansısa xəstələnərsə,
onun yerinə səhnəyə çıxa bilər. Şenər
bu təklifə çox sevinib və teatra qədəm qoyub.
Bu arada o, pul qazanmaq üçün səyyar satıcı,
şərf satıcısı kimi işlərdə
çalışıb. Şərf satdığı ilk
gün polis tərəfindən saxlanılıb. Sonra
sürücülük vəsiqəsi alaraq,
Kasımpaşa-Eminönü xəttində avtobus
sürücüsü kimi çalışıb. Daha sonra sap
zavodunda iki il fəhlə işləyib. Və hər gün epizodik
rollarda çəkilən aktyorlardan xəstələnən
varmı deyə teatra ayaq döyüb. Məhz bu hərəkəti
teatr müdirinin xoşuna gəlib və Şenər Şən
1966-67-ci illərin teatr sezonundan etibarən İstanbul Şəhər
Teatrında işləməyə başlayıb.
Sənət həyatına
İstanbul Bələdiyyəsinin Şəhər Teatrında
səhnəyə çıxmaqla başlayıb. Atası kimi
kino aktyoru olmaq istəməyən Şenər
özünü teatr səhnəsində sınayıb. Amma
teatrdan əldə etdiyi qazanc onu qane etmədiyindən filmlərə
çəkilməyə məcbur olub. Teatrdan əlavə,
dublyajdan tanıdığı rejissorlara “Epizodik rollar olsa, məni
də çağırın, amma bir şərtim var,
qonorarımı həmin gün verin” - deyib. Şenər ilk dəfə
1967-ci ildə çəkilən “Saxta qızlar” filmində
rol alıb. Filmlərə çəkildiyi ilk vaxtlarda epizodik
rollar da daxil olmaqla hər işi görüb. 5 il ərzində
o, bəzi filmlərdə ancaq rəqs edib, ya da baş qəhrəmanların
döyüş səhnələrində rol alıb.
1971-ci ildə o, atasıyla birgə
“Qızıl şahzadə nəhənglər ölkəsində”
adlı filmdə oynayıb. 1984-cü ilə qədər
ikinci dərəcəli rollarda yer alıb. Daha sonra onun baş
rollara çəkilməsi məsələsi gündəmə
gəlib. Amma Kamal Sunal və İlyas Salmanla birlikdə çəkildiyi
filmlərdə saxtakar, dələduz obrazlarını
canlandıran Şenər bu dəfə xalqın istəyini
yerinə yetirməyib. “Onların istədiyini etməyəcəm,
baş rolda çəkilsəm, mənim istədiyim olacaq” -
deyərək Başar Sabuncunun ”Namuslu” adlı filmində ilk dəfə
baş rola çəkilib. Filmdə
canlandırdığı Əli Rza bəy obrazı əvvəlkilərdən
fərqli olaraq işini sevən bir insan idi. O, “Namuslu” filmi sayəsində
saxtakar obrazlarıyla vidalaşaraq saf, təmiz ürəkli
insanları canlandırmağa başlayıb.
Ertem Eğilmezin bu filmə görə
ona “Əgər film məşhurlaşmasa, həyatın
başlamadan bitəcək. Bir də bu cür fürsət əlinə
düşməz. Amma insanların istədiyi rolları oynasan,
ildə beş-altı filmə çəkilib yaxşı pul
qazana bilərsən” - deyib, buna baxmayaraq “Namuslu” filmi o ilin ən
yaxşı filmi seçilib və Şenər Şənin
film karyerasında ikinci pərdə açılıb. O,
1993-cü ildə “Amerikalı” adlı filmdə çəkilib.
Bu film Amerikada varlanan türk iş adamının
başına gələn hadisələrdən bəhs edir.
Nesli Çölgeçin “Züğürt Ağa” filmində
saf kənd ağasını, “Milyarder” filmində lotereyadan
böyük məbləğdə pul udan stansiya müdirini,
“Muhsin Bəy” filmində şöhrət qazanmaq istəyən
gəncə yardım edən məmur rolunu canlandırıb.
Ertem Eğilmezin sonuncu filmi olan və türk
tamaşaçılarının kinoteatrlarda tənqid etdiyi
“Arabesk” adlı filmdə baş rolları Müjde Arla
paylaşıb.
1996-cı ildə türk kinosunda
inqilab sayılan “Eşkıya” filmində Uğur Yücellə
birlikdə rol alıb. Bu film o dövr üçün 2,5
milyon tamaşaçını bir araya gətirərək
rekorda imza atıb.
Şenər bu filmdə 20 il sonra ilk
dəfə öz ölkəsinə qayıdan türk iş
adamı Şərəfi canlandırıb. O, 2000-ci ildə
ekranlara çıxan “İkinci Bahar” adlı teleserialda da rol
alıb. 2004-cü ildə “Ürək Yarası” adlı filmə
çəkilib. Yavuz Turqutun rejissorluğu ilə çəkilən
filmdə təqaüdçü müəllim olan Nazim
obrazı ilə 42-ci “Qızıl Portağal” festivalında
“Ən yaxşı kişi aktyor” mükafatını alıb.
Aktyor 2007-ci ildə ssenari müəllifi Yavuz Turqut, rejissoru
Ömer Varqın olan “Kabadayı” filmində də oynayıb.
Onunla yanaşı, Kenan İmirzalıoğlu, Aslı
Tandoğan və Rasim Öztekin kimi məşhur sənətçilərin
də rol aldığı bu filmə kassalarda 10 milyon
dollarlıq bilet satılıb.
2010-cu ildə lentə alınan
baş rollarını Çetin Tekindor və Cem
Yılmazın paylaşdığı “Ov mövsümü”
onun oynadığı son filmdir. Şenər 2015-ci ildə
“Aygaz otogaz” reklamı ilə yenidən ekranlara geri
dönüb.
Çəkildiyi filmlərdən
aktyora xeyli xatirələr qalıb. Bunlardan biri Kemal Sunalla
birlikdə oynadığı “Davaro” filmindəndir. Rejissor
çəkilişə başlamaq üçün “motor”
deyir. Filmdə Kamal Sunalın Şenər Şəni
öldürməsi nəzərdə tutulur. Şenər
üzünü yuyur, o arada onu öldürməyə aparan
Kamal Sunalın ona gülərək baxdığını
görür və gülməyə başlayır. O illərdə
filmlərin maliyyəsi yüksək olduğu
üçün kadrlar təkrar çəkilmirdi. Buna görə
Şenər gülməyi keçənə qədər
başını suyun altında tutub.
Şəxsi həyatı
Şenər
Şənin ilk evliliyindən Bengü Şen adlı
qızı dünyaya gəlib. İkinci dəfə 1989-cu ildə
“Muhsin bey” adlı filmdə tanış olduğu Sermin
Hürmereçlə ailə həyatı qurub. Ancaq bu evlilik
də 1997-ci ildə ayrılıqla nəticələnib.
Şenər
Şən müsahibələrinin birində özü, ailəsi,
rolları barədə danışıb:
- Atanız Ali Şən də aktyor
idi.
-
Atamın əsl sənəti dülgərdir. “Xalq evləri”
dövründən xəbəriniz olar, o vaxt xeyli dərnək
açılmışdı. Atam teatr dərnəkləri
üçün dekor hazırlayarkən teatrla da
maraqlanmağa başlayıb. Demək, xüsusi istedadı
varmış. Adanada onu məşhur aktyor kimi xatırlayırlar.
İstanbula köçəndən sonra həm dülgərlik,
həm də teatra davam edib. Bunlarla yanaşı, sap zavodunda
usta da işləyib. Adanadan tanıdığı Muammer Karaca
da ona kömək edib. Daha sonra filmlərə çəkilməyə
başlayıb.
- İlk tamaşanızı və
rolunuzu xatırlayırsız?
- “Romeo və
Culyetta” tamaşasında düşmən ailəyə mənsub
insanlardan biri olmuşam və tək sözüm “Heyy,
baxın, o burdadı” olub. Orda baş rolları Cüneyt
Türel, Tijen Par bölüşürdü. Onlar haqqında
“Bunlar əsl aktyordu” deyərək qibtə edirdim. Orda yüksəlməyim
sürətlə baş verib. Qısa zamanda yaxşı
rollarda oynamışam.
- Xeyli
obraz canlandırmısınız, ən sevdiyiniz rol
hansıdır?
- Mən həqiqətən
rollarımı öz övladım hesab edirəm. “Namuslu”,
“Eşkıya”, “Ürək
yarası” və “Ov
mövsümü” filmlərində obrazları özüm
seçmişəm. Ona görə də maddi tərəfin mənimçün
fərqi olmayıb. Bəzən pul üçün
oynayıb, sonra da “o rol mənim övladımdır” deyirlər.
Mənsə elə deyiləm. Əvvəlcədən pul
danışmamışam heç vaxt. Ümumiyyətlə,
hamı “Nə qədər pul alacam, çəkilişlər
nə qədər davam edəcək” deyə soruşur. Mənim
üçün bu, əsas olmayıb.
- Rədd edib sonradan peşman
olduğunuz rol var?
- Yoxdur. Oynamadığım və
sonradan uğur qazanan filmlər olub. Amma mən yenə də o
filmlərdə oynamazdım. O rolu alan dostlar da məndən
yaxşı oynayıb. Rol almağa qərar verəndə
“Obrazın öhdəsindən gələ bilərəm, ya
yox” deyə fikirləşirəm. Əgər o rol mənə
görə deyilsə, qarşımdakına “Bu layihə
tutacaq, ya yox, bilmirəm, amma mən bu rolda uğurlu ola bilmərəm”
deyirəm. Bəzən məni fikrimdən döndərmək
üçün o qədər rollar yazılıb ki... Bu
işi, adətən, belə də edirlər, obrazı
şişirdirlər və fikirləşirlər ki, aktyor bu təklifə
yox deməz. Amma film özü boşdur. Mən ssenarini
oxuyanda artıq filmi görürəm. Adətən, təxminlərim
düz çıxır.
- Xarici aktyorlardan ən çox kimi bəyənirsiz?
-
Bütün yaxşı aktyorlara marağım var. Ad çəkmək
lazımdırsa, Tom Henksi deyə bilərəm.
- Bəs bir aktyor kimi necə bir gələcək
təsəvvür edirsiniz?
-
Dünyada geri qayıdış mümkün olmayıb. Hələ
də ümidlərimizin olduğunu düşünərək,
ümidlənmək istəyirəm deyim qısaca.
Bizim Yol.- 2016.- 24 dekabr.- S.15.