Dünya mədəniyyətinin

bir parçasına çevrilmək...

 

Azərbaycanda ilk dəfə olaraq YUNESKO-nun Qeyri-maddi mədəni irsinin qorunması haqqında Konvensiyanın yerinə yetirilməsi üzrə milli seminar keçirilib

 

(Əvvəli ötən sayımızda)

 

"Azərbaycan pavilyonu"nun açılışında çıxış edən "Afrosiab" Dövlət Tarixi Muzey-Qoruğunun direktoru Xodjakul Muxammediev Azərbaycanın Özbəkistana qardaş ölkə olduğunu bildirib, iki xalq arasında dostluğun qədim tarixindən danışıb. O, Azərbaycan mədəniyyətinin qədim və zəngin olduğunu, Özbəkistanda həmişə maraqla qarşılandığını bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrin inkişafından danışıb. O, Səmərqənd Dövlət Tarix Muzeyində yaradılmış "Azərbaycan" sərgisi vasitəsi ilə həm səmərqəndlilərin, həm də bu şəhərə gələn turistlərin Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat əldə edəcəklərini bildirib.

Daha sonra iştirakçılar sərgi ilə tanış olublar, sərgidə nümayiş olunan eksponatlar, ölkəmizə dair maddi-mədəniyyət nümunələri barədə məlumat verilib. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən muzeyə "İrəvan xalçaları" və Heydər Əliyev Fondunun nəşri olan "Azərbaycan xalçaları" kataloqu bağışlanılıb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Yallı", "Uzundərə" kimi Azərbaycan milli rəqslərini ifa ediblər.

 

"Türk ölkələrinin

arxitekturası: tarixi və bu gün"

 

7-12 dekabr 2015-ci il tarixində İtaliya Respublikasının Florensiya şəhərində Del Bianko Fondu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Türk ölkələrinin arxitekturası: tarixi və bu gün" adlı beynəlxalq konfrans keçirilib. Tədbirin rəsmi hissəsi Del Bianko Fondunun prezidenti prof.Romualdo del Bianko, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru prof.Gülçöhrə Məmmədova, Türk Dünyası mühəndislər və inşaatçılar birliyinin Baş katibi İlyas Demirci, Qazaxıstanın İnşaat və Mülki Mühəndislik üzrə aparıcı akademiyasının rektoru prof. Amirlan Kusainovun çıxışları ilə başlanmışdır. G.Məmmədova və Paolo del Bianko çıxışlarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Fondla birgə xüsusi vurğulayıblar.

Konfransda Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova və "Azərbərpa" Elmi-Tədqiqat layihə institutunun direktoru Telman Kərimli iştirak edir. Konfrans zamanı həmçinin "Azərbaycanda restavrasiya işlərinin metodologiyası", "Azərbaycan saraylarının arxitekturası", "İçərişəhər-canlı tarix", "Azərbaycan memarlığında sütun-kübbəli məscidlərin tipoloji xüsusiyyətləri", "Azərbaycanın tranzit yolları üzərində qurulmuş tarixi körpülərin memarlığı", "Azərbaycanın şimal-qərb regionlarının dini memarlığı", "Azərbaycanda alman memarlığının mühafizəsi və müasir istifadəsi" və s. mövzularda çıxışlar dinlənilib.

 

"100 illik yaradıcılıq"

 

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin 100 illik yubileyi çərçivəsində cari ilin 11-13 dekabr 2015-ci il tarixində Moskva şəhərində təşkil olunan xalq yaradıcılığı dekadası çərçivəsində xalq sənətlərinin inkişafı məsələlərinə həsr edilən "100 illik yaradıcılıq" adlı beynəlxalq konfransda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin böyük kollegiya zalında keçirilən beynəlxalq konfransa Almaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Estoniya, Finlandiya, Fransa, Qazaxıstan, Macarıstan və Rusiya Federasiyasından Hökumətin Aparatı, Mədəniyyət Nazirliyi, Tatarıstan Respublikası, Trans-Baykal Diyarı, Kareliya Respublikası və Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin rəsmiləri və nümayəndələri qatılıb.

Azərbaycan nümayəndəsi "Azərbaycanda xalq yaradıcılığının dəstəklənməsi" mövzusunda təqdimat-məruzə ilə çıxış edərək, məsələnin müxtəlif aspektlərinə toxunub. Belə ki, məruzədə Azərbaycanda xalq yaradıcılığının milli və beynəlxalq hüquqi təminatı, inzibati, maliyyə, elmi-metodiki təminatları, insan resurslarının təhlili və dəstəyi, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri, respublikanın klub müəssisələri bazasında Mədəniyyət Mərkəzləri və onların filiallarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və müvafiq binaların yenidən tikilməsi, yaxud rekonstruksiyası (Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Qəbələ rayon Mədəniyyət Mərkəzi, Lənkəran rayon Mədəniyyət Mərkəzi, Mərdəkan Mədəniyyət Sarayı, İsmayıllı rayon Mədəniyyət Mərkəzi, Ağcabədi rayon Mədəniyyət Mərkəzi və bu kimi müəssisələrin binalarının timsalında) barədə ətraflı məlumatlar öz əksini tapıb.

Eyni zamanda xalq yaradıcılığının dəstəklənməsi məqsədi ilə təşkil olunan ənənəvi Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Aşıq Festivalı, Masallı Beynəlxalq Folklor Festivalı, Quba Alma Bayramı, Qəbələ Mürəbbə Bayramı, Qax Ulu-dad Milli Mətbəx Festivalı, Göyçay Nar Festivalı, Respublika Milli Azlıqlar Festivalı, digər müvafiq festival, müsabiqə, konsert, sərgi və sairə haqqında məlumat verildi. Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" Proqramı təsvir edildi, Azərbaycan muğamı, Aşıq sənəti, Novruz bayramı, Xalçaçılıq sənəti, Tar ifaçılığı və sənətkarlığı, Kəlağayı sənəti və rəmzləri, Lahıc misgərlik sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Azərbaycan Respublikasında Qarabağ Çövkən atüstü oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına qəbul olunması ilə əlaqədar müvafiq Fəaliyyət Planlarının icra olunması haqqında bəhs edildi.

 

Qeyri-maddi mədəni irsinin qorunması

 

Ötən ilin 15-16 dekabr tarixlərində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq YUNESKO-nun Qeyri-maddi mədəni irsinin qorunması haqqında Konvensiyasının yerinə yetirilməsi üzrə milli seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd Konvensiyanın məqsədləri, mexanizmləri, operativ direktivləri, konvensiya ilə əlaqədar ölkələrin öhdəlikləri, konvensiyada müəyyən edilən əsas anlayışlar haqqında məlumatlılığın artırılması, qeyri-maddi mədəni irsin qoruma tədbirlərinin növləri, riskləri və planları haqqında müzakirələrin aparılması idi.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının, ölkənin aparıcı muzeylərinin nümayəndələri, qeyri-maddi mədəni irsin tədqiqi və mühafizəsi ilə məşğul olan şəxslər iştirak edirdilər. Seminarın bağlanış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək, Nazirlik adından iştirakçılara təşəkkür bildirdi və qeyd etdi ki, konvensiyanın tələblərinin və müvafiq təlimatların daha dərindən mənimsənilməsi Azərbaycanın YUNESKO-ya öz mədəni elementlərinin nominasiya sənədlərini yüksək peşəkarlıqla hazırlayaraq təqdim etməsi və onların qorunması, həmçinin xalqımızın mədəni irsinə qarşı işğalçı Ermənistanın təcavüzünün qarşısının beynəlxalq sənədlərə istinad etməklə alınması kimi iki vacib amillə bağlıdır. Sonda iştirakçılara sertifikatlar təqdim edildi və seminarın gələcəkdə daha böyük auditoriya üçün təşkil edilməsinə baxılacağı qərara alındı.

 

Almaniyada Azərbaycan günləri

 

Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism" şirkəti arasında artıq ikinci ildir ki, əməkda şlıq uğurla davam etdirilir. Bu məqsədlə "Aviareps Tourism GmbH" şirkəti tərəfindən cari ilin noyabr-dekabr aylarında Almaniyanın Ştuttqart, Köln, Hannover və Drezden şəhərlərində silsilə təbliğat tədbirləri (roadshow) keçirilib.

 

(Davamı gələn sayımızda)

 

Ümid

 

Bizim Yol.- 2016.- 1 iyul.- S.13.