“Turizm həm də
xalqların ortaq
mədəni mühiti
paylaşmasıdır”
Turizm - çoxmənalı bir
sözdür. Bu sözün ilk sadə anlayışı -
istirahət və səyahət deməkdir. Turizm - fransız
sözüdür və onun mənası gəzinti, istirahət
və əyləncə deməkdir. Lakin bu sözün
başqa mənaları da var. Məsələn, turizm -
insanın istirahət etdiyi zaman bütün mürəkkəb
prosesləri öyrənən və onları müəyyən
istiqamətə yönəldən və tənzimləyən
bir amildir. Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir
sahəsi kimi qiymətləndirirlər. Turizm
sözünün törəməsi - "turistika"
sözü - turizmin inkişafını öyrənən yeni
meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mənası
isə - turist-lərə göstərilən xidmət sahəsidir.
İnsanlar
həmişə səyahət ediblər. Öz qəbiləsinin
yaşadığı məskənlərin ətrafından
başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər,
dəniz və çaylarla edilən səyahətlərlə
əvəz olunmuşdur. Səyahət müəyyən məqsəddən
asılı olmayaraq, insanların məkan və zaman çərçivəsində
öz yerlərini dəyişməsidir.
Hazırda
dünyanın əksər dövlətlərində
müasir turizm hərəkatı XX əsrin fenomeni
adlandırılır. Həqiqətən də belədir, bu
gün şahidi olduğumuz turizm, texnikanın, insanlar
arasındakı humanitar münasibətlərin, təhlükəsizlik
prinsiplərinə riayət etməklə, dünyanın hər
yerinə səyahət etmək imkanının
yaranmasının nəticəsidir. XX əsrin fenomeni
sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində
240 milyondan çox insanın məşğuliyyətini təmin
edən və demək olar ki, bütün sənaye sahələri
(38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət
göstərən, geniş maddi bazaya malik və sürətlə
inkişaf edən sahəyə çevrilmişdir.
Dünyanın
hər yerində turizmin inkişafına dövlətlər və
sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir.
Elə buna görə də hazırda beynəlxalq maliyyə
qurumları və təşkilatları turizmin
inkişafına öz maraq və diqqətlərini
artırırlar. Aparılan sosioloji tədqiqatlardan məlum
olmuşdur ki, hələ keçən yüzilliyin
sonlarında turizm sahəsindən dünyada əldə olunan
gəlirin həcmi ABŞ dolları ilə 450 milyardı
ötüb keçmişdir. Onun inkişafının orta
illik artım faizi isə 4,3 faizdən çox olmuşdur.
Bunun əsas səbəbləri insanların dünyanın
öyrənilməsinə artan tələbatı, əhalinin
həyat səviyyəsinin artması, nəqliyyatın,
texnologiyaların, o cümlədən informasiya kommunikasiya
texnologiyalarının inkişafı, qloballaşma və sairədir.
Turizm
fəaliyyətində dövlət tənzimləməsinin əhəmiyyətini başa düşmək
üçün ona idarə olunan bir
sistem kimi
yanaşılması məqsədəuyğundur. Turizm
bir-birini qarşılıqlı olaraq tamamlayan elementlərin məcmusu
şəklində fəaliyyət göstərən bir sistemdir. Bu sistemdəki
münasibətlərin iştirakçıları - turist,
turizm müəssisələri, təşkilatlar, regionlar və
dövlət qarşılıqlı olaraq bir-birinə təsir
edib, ətraf mühitə
sıx olaraq bağlıdırlar.
Beləliklə,
"Bizim Yol" əməkdaşı, turizm, onun
faydaları, ölkənin dünyada tanınması və beynəlxalq
aləmə açılması yönündə
qazandırdığı dividendlər və digər
mövzular ətrafında, Türkiyənin Hacettepe
Universitetinin elmi işçisi, ekoloq-mühəndis, ətraf
mühit mühəndisliyi üzrə elmlər namizədi
Elvin Ağayevlə həmsöhbət olub.
- Azərbaycan
malik olduğu zəngin təbiətə və güclü
potensialına baxmayaraq, hələ də turizmdən istənilən
səviyyədə yararlana bilməyib. Biz bu imkanı
düzgün dəyərləndirə bilmək, ölkəmizə
böyük turist axını və kapital gətirmək, həmçinin
ölkəmizi dünyada tanıtmaq üçün nələr
etməliyik?
-
Neft-qaz ölkəsi olan Azərbaycanda qeyri-neft sahələrinin
inkişafına dair işlər görülmüş və
müəyyən edilən istiqamətlərdə dövlət
proqramları hazırlanmışdır. Bu sahələrdən
biri də turizm sahəsidir. Azərbaycan gözəl təbiətə və zəngin
rekreasiya ehtiyatlarına sahibdir. Zəngin təbii sərvətləri,
qədim tarixi və memarlıq abidələri özünəməxsus
sosial həyatı, Xəzər dənizi sahillərində
olması turizmin inkişafında xüsusi əhəmiyyət
kəsb edir.
Turizmin
inkişafı üçün öncəliklə orta ixtisas
və ali məktəblərdə təhsil siyasətində
yeniliklər və islahatlar edilməlidir. Çünki turizm sərmayədarın
və ya dövlətin bu sektora yönəlməsi ilə hələ
də tam həllini tapmayacaq. Cəmiyyət olaraq bizlər
öncəliklə turizm ölkəsi olmağa hazır
olmalıyıq. İnsanlarımızın beyninə turizm və
xidmət anlayışı tam olaraq həkk olmalıdır.
Bunun üçün də təhsil və peşəkar
yanaşma tələb olunacaq. Məhz bu yolla turizmin
yararları və inkişaf etdiyi təqdirdə ölkəyə
necə fayda gətirəcəyi mövzularında hər kəs
yetərli məlumata sahib olmalıdır.
Unudulmamalıdır
ki, turizm sadəcə iqtisadi gəlir əldə edilən bir
sahə deyil, eyni zamanda insanların rifah səviyyəsinə
müsbət təsir etməklə yanaşı, müxtəlif
ölkələrdən gələn insanların ortaq
kulturoloji mühiti paylaşması deməkdir. Ölkədə
sadəcə hotellər, restoranlar və ya istirahət mərkəzlərində
işləyənlər yox, eləcə də taksi
sürücüləri, marketlər, avtobus sürücüləri,
cəmiyyətdəki bütün təbəqələr
turizm mövzusundə bilgiləndirilməlidir.
-
Konkret olaraq hansı təcrübələri misal gətirmək
olar?
-
Turizmin ictimailəşdirilməsinin ardından turistik bölgə,
komplekslərimiz müasirlik və rahatlıq baxımından
dünya standartlarına cavab verməlidir. Yalnız bu zaman biz
digər ölkələrlə rəqabət apara bilərik.
Önəmli nöqtələrdən digəri isə sistemli
bir "layihə planı", "tətbiq modeli" və
"turizm infrastrukturu"
formalaşdırılmalıdır. Dövlət səviyyəsində
modellər, qanun və ya qərarnamələr qəbul edilməlidir.
Ölkəmizin
turizmlə bağlı qanunvericiliyində yeniliklər
aparılıb, lakin bunlar tətbiq mərhələsində də
geridə qalmamalıdır. Bu sahədə uğurlu siyasət
və yüksək iqtisadi gəlir əldə edən
qonşu ölkələr - Türkiyə və
Gürcüstanın modelləri incələnməli və
ölkəmizdə də tədbiqinə keçilməlidir. Beynəlxalq
təcrübəyə yiyələnmədən turizmin
inkişafına nail olmaq mümkün deyildir. İctimai maarifləndirmə
və bu sahədə təhsilli kütlənin yetişdirilməsi inkişaf
prosesinin ən önəmli istiqamətlərindəndir.
-
Turizm ölkəyə kənardan maliyyə qazandırmaqla bərabər,
həm də ölkənin dünyada tanınması
üçün vacibdir. Dünya xəritəsində
varlığı ilə yoxluğu hiss olunmayan elə ölkələr
var ki, sadəcə turizm imkanları ilə dünyada önəmli
yerlərdə dayanır. Sizcə, Azərbaycanın buna nə
dərəcədə ehtiyacı var?
-
Turizm bir ölkədəki sosial-iqdisadi problemlərin həllinə
təkan verə bilər. Əminliklə deyə bilərəm
ki, potensialı olan bir ölkə, turizmin inkişafına nail
olmaqla həm iqtisadi, həm də sosial problemlərin öhdəsindən
gəlməyə qadirdir. Azərbaycanın hal-hazırda
torpaqlarının 20%-i işğaldadır. Müharibə
şəraitində olan bir ölkəyik. Haqlı mübarizəmizdə
dünyadakı bütün hüquqi sənədlərdə
bizim torpaqlarımızın işğal olunduğu qeyd edilməsinə
baxmayaraq, biz hələ də öz torpaqlarımıza
qovuşa bilməmişik.
Bunun
ən böyük səbəbi olaraq
diasporalarımızın zəifliyini və ya ölkəmizin
istənilən səviyyədə tanınmamasını
göstəririk. Ölkəyə daxil olan hər bir əcnəbi
əslində bir fəxri səfir və ya sosial
daşıyıcı sayılır. Onlar sosial mühitdə
yaşayaraq, insanlarımızı tanıyaraq problemlərimizi
və ya sevinclərimizi paylaşaraq ölkədən
ayrılırlar. Hər il bu şəkildə minlərlə
insanın müxtəlif ölkələrdən gələcəyini
nəzərə alsaq, bu sahənin çox böyük sosial
təsirə malik olduğunu da görərik. Bu baxımdan
ölkənin tanınması və problemlərimizin
düzgün anlaşılması üçün turizm
önəmli vasitələrdən birinə çevrilə
bilər. Qardaş ölkə Türkiyənin dünyada
tanınmasında turizmin böyük rolu vardır. Biz də
bu cür fürsətləri qiymətləndirməli və
vaxt itirmədən alınan qərarları tətbiq etməliyik.
-
Əcnəbi turistləri ölkəyə cəlb etmək
ölkənin xarici siyasəti ilə nə dərəcədə
bağlıdır? Yaxud dövlətin beynəlxalq arenada
göstərdiyi fəaliyyət bu sahəyə nə kimi təsir
göstərə bilər?
(Davamı gələn
sayımızda)
ÜMİD
Bizim Yol.- 2016.- 13 iyul.- S.13.