Düzgün xarici siyasət ölkəyə turist

axınını təmin edən əsas şərtlərdəndir”

 

Elvin Ağayev: “Turizm insanlar arasında sosial əlaqələri gücləndirir, ölkəyə daxil olan hər bir turist potensial tanıdıcı və ya fəxri elçi sayılır”

 

(Əvvəli ötən sayımızda)

 

Qeyd etdiyimiz kimi, beynəlxalq turizm-başqa ölkəyə turizm səyahəti etmək deməkdir. Beynəlxalq turizm dövlətlərarası müqavilələrə əsasən təşkil olunan turizmdir. Beynəlxalq turizmin ixracı qeyri-adi bir formada baş verir. Başqa məhsulların ixracından fərqlənərək beynəlxalq turizmdə turist özü ölkəyə gəlir və onun ölkədə qəbul olunması və ona göstərilən xidmət turizmin məhsulunun ixracı hesab olunur.

Beynəlxalq turizm beynəlxalq iqtisadi münasibətlərdə də mühüm rol oynayır. Elmi-texniki inqilab, beynəlxalq əmək bölgüsü, elmi, mədəni, idman və digər sahələrdə xalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında başqa ölkələrin təcrübəsindən istifadə edirlər. Beynəlxalq turizmin inkişafı dünya iqtisadi sisteminin yaranmasında da mühüm rol oynayır.

Beynəlxalq turizm dedikdə xaricə yollananorada ödənişli əmək fəaliyyəti ilə məşğul olmayan, ancaq fiziki və mənəvi istirahət etmək məqsədilə gəzməyə, seyr etməyə, tamaşa etməyə gələn şəxslərin səyahəti nəzərdə tutulur. Beynəlxalq mal dövriyyəsində turist xidmətləri görünməz mal şəklində çıxış edir. Bir mal kimi çıxış edən turist xidmətlərinin xarakterik xüsusiyyətləri və özünəməxsus vəziyyəti və dəyərləri bundan ibarətdir ki, bu xidmətlərin böyük bir hissəsi yerlərdə ən az məsrəflərlə başa gəlir və eyni qaydada digər xarici valyutalardan istifadə olunur. Xarici turistlər turist sənayesi müəssisələrinin xidmətindən istifadə edirlər. Bundan əlavə, onlar istehlak üçün suvenir kimi müəyyən miqdarda malları da satın alırlar.

Beləliklə, turizm, onun faydaları, ölkənin dünyada tanınması və beynəlxalq aləmə açılması yönündə qazandırdığı dividendlər və digər mövzular ətrafında Türkiyənin Hacettepe Universitetinin elmi işçisi, ekoloq-mühəndis, ətraf mühit mühəndisliyi üzrə elmlər namizədi Elvin Ağayevin "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Əcnəbi turistləri ölkəyə cəlb etmək ölkənin xarici siyasəti ilə nə dərəcədə bağlıdır? Yaxud dövlətin beynəlxalq arenada göstərdiyi fəaliyyət bu sahəyə nə kimi təsir göstərə bilər?

- Turizm ölkələrə valyuta cəlb edən, sahələri təklif edərək iqtisadi yararları olan, beynəlxalq mədəniyyət, ticarət və sosial mühit üzərindəki təsiriylə dünya sülhünə xidmət edən dinamik sahələrdən biridir. Bu sahənin inkişafı üçün mütəşəkkil və düzgün turizm siyasətinin formalaşması və bunun da uğurlu surətdə həyata keçirilməsi vacibdir. Turizm fəaliyyətinin formalaşmasının əsas hissəsini ölkələr, müxtəlif təşkilatlarla turistlər arasındakı münasibətlər təşkil edir.  Ölkəyə gəlir gətirən digər sahələrlə birlikdə turizm sahəsi də dövlətin maraq dairəsində olmalıdır. Bu səbəbdən  turizmin inkişafı da dövlət tərəfindən dəstəklənməlidir. Əvvəl də qeyd etdiyim kimi, ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər yetirdikdə dövlət bu sahənin inkişafı üçün proqram hazırlayır, vergi güzəştləri həyata keçirir və sərhəd-gömrük rejimini sadələşdirir. Qeyd etdiyim məsələlərdən ən vacibi də gömrük-sərhəd xidmətinin sadələşdirilməsidir. Təəssüf ki, hələ də ölkəmizdə bu istiqamətdə problemlər davam edir. Ölkəmizə giriş zamanı viza tətbiq edilməyən ölkə sayı çox azdır. Viza almaq prosesinin isə mürəkkəb və uzun müddətli olması əcnəbi vətəndaşların gəlməsinə təsir edən amillərdəndir.

Bununla yanaşı, ölkənin xarici siyasəti də turist axınını yönləndirən əsas məsələlərdəndir. Yaxın zamanda Türkiyədə baş verənlərə diqqət yetirək. Türkiyədə Rusiya ilə yaranan siyasi gərginlik ən böyük zərbəni turizm sahəsinə vurmuşdur. Türkiyədə apardığımız müşahidələr və araşdırmalarda turizm sahəsində 70% gəlir azalması olduğu aşkarlanmışdır. Buradan da çıxan nəticə ölkənin xarici siyasətinin turizm sahəsinə təsirinin böyük olduğudur.

- Şərqlə Qərbin qovşağında, əsas tranzit yolların üzərində yerləşən və böyük turizm potensialı olan Azərbaycan, daha çox hansı ölkələrdən turistlərin gəlişini təmin edə bilər və bunun üçün həmin ölkələrə yönəlik nə kimi siyasət yürüdülməlidir?

- Bildiyimiz kimi, Azərbaycan AsiyaAvropa qovşağında yerləşir. Bu həqiqət də turizmin inkişaf potensialından xəbər verir. Bu potensialı artırmaq və turizmdə dinamikliyə ən qısa müddətdə çatmaq üçün "Azərbaycan Respublikasının 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı "nın icrasına ciddi şəkildə başlanmalıdır.

Ölkəmizə turist cəlb etmək üçün infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi vacibdir. Bütün bu istiqamətlər inkişaf etdirildikdən sonra ən əsas məsələ olan turist cəlb etmək mərhələsinə keçilə bilər. Bu məsələdə biz şanslı ölkələrdən sayıla bilərik. Belə ki, həm Sovetlər zamanı ittifaq ölkələrindən olmağımız, həm Türk kimliyimizin olması geniş bir əhatəmizin olduğunu göstərir.

Bütün bu üstünlükləri lehimizə yönləndirmək üçün xarici siyasətimizi və turizm modelimizi düzgün qurmalıyıq. Əlimizdə olan imkanlarla biz əslində Türkiyəyə alternativ bir turizm ölkəsi ola bilərik. Nəzərə alanda ki, Türkiyəyə gələn xarici turistlərin əksəriyyəti köhnə ittifaq ölkələrindən gəlir, o zaman biz bu alternativi yaxşı dəyərləndirməliyik. Qonşu ölkələrdə baş verən hadisələr turistlərin gəlişinə təsirsiz ötüşmür. Biz məhz bu hallarda düzgün xarici siyasət və reklamla ciddi gəlir mənbəyi yarada bilərik.

Ölkəmizin turizmə cəlb edəcəyi əcnəbi vətəndaşlar, əsasən köhnə ittifaq ölkələri və Mərkəzi Asiya ölkələrindən olmalıdır. Bir digər potensial isə İranda yaşayan azərbaycanlılardır. İranın daxili siyasəti və dini rejimi insanların xarici ölkələrdə istirahəti seçmələrinə gətirib çıxarır. İrandakı soydaşlarımızla həm mənəvi, həm də sosial əlaqələrimizin olması onların istirahət üçün ölkəmizə gəlmələrini asanlaşdıran amillərdən olacaqdır.

- Nəhayət, kiçik bir ölkə turizm sahəsini gücləndirməklə nə dərəcədə dünyaya açıla, beynəlxalq aləmdə tanına, problemlərini və uğurlarını dünya ictimaiyyətinə çatdıra bilər?

Turizm sahəsinin böyüklüyü ölkənin kiçikliyiya fiziki sərhədləri ilə ölçülmür. Ərazisi və əhalisi bizdən daha kiçik olub ölkə gəlirlərinin 60%-ni turizm sahəsindən formalaşdıran ölkələr mövcuddur. Əgər ölkəmiz dünya turistləri üçün cəlbedici ölkə olarsa, bu zaman istər-istəməz ölkənin tanınmasına da töhfə verəcək. Daha öncə də qeyd etdiyim kimi, turizm milli maraqların və ölkə iqtisadiyyatının inkişafının əsas istiqamətlərindəndir. Turizm insanlar arasında sosial əlaqələri gücləndirir. Ölkəyə daxil olan hər bir turist potensial tanıdıcı və ya fəxri elçi sayılır. Tanınmaq üçün bundan daha güclü bir vasitə yoxdur.

Ölkəmiz son illərdə böyük idman yarışlarına ev sahibliyi edərək və ya vəsait ayıraraq dünyada tanınmağımız üçün önəmli addımlar atmışdır. Sübhəsiz ki, bunlar ölkənin tanınmağına müsbət təsir edəcəkdir. Ancaq bu vəsaitləri mədəniyyət və turizm sahəsinə yönləndirməklə daha uğurlu işlərə də imza atmaq mümkündür. Turizmi sadəcə əcnəbilərin gəlib mehmanxanalarda istirahəti kimi anlamamaq lazımdır. Sənət turizmi, musiqi turizmifestivallar kimi sahələrlə da tanınmaq mümkündür. Çünki musiqi və sənətin bəşəri bir təsiri, bəşəri bir tilsimi vardır.

Nəticə olaraq, ölkəmizdə dəniz kənarları gözəlləşdirilməli, hasarlar ləğv olunmalı, meşəlik ərazilər qorunmalı, binalaşma ilə yanaşı, yaşıllaşdırma da paralel  aparılmalıdır. Ölkə təbiəti təbii sərhədləri içərisində mühafizə edilməlidir. Dənizi qurudub süni ada tikmək, hündür binalar inşa etmək artıq həm cəzbedici deyil, həm də ətraf mühit fəlakətləri ilə üz-üzə qalan planetimizdə insanların tələbatına cavab vermir. Biz ölkəmizdə mövcud olan təbii sərvətlərə, təbii gözəlliklərə sahib çıxmalıyıq. Çünki bizim həqiqətən də hər fəslin yaşandığı, kifayət qədər gözəl təbiəti olan və zəngin resurslara malik bir ölkəmiz var.

 

ÜMİD

 

Bizim Yol.- 2016.- 14 iyul.- S.13.