Açıq kitabxana
layihəsinin açılışı olub
Dünən Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində
Açıq kitabxana layihəsinin açılış mərasimi
keçirilib.
Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının
birgə reallaşdırdığı Açıq kitabxana
layihəsi bütün günü açıq səma
altında çalışan kitabxana və sərbəst
mütaliə mərkəzidir.
Tədbirdə
ilk olaraq Açıq kitabxananın rəmzi
açılışını bildirən qırmızı
lent kəsilib.
Tədbiri
giriş sözü ilə açan M. F. Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim
Tahirov bildirib ki, Açıq kitabxana “Mən oxudum, sən də
oxu!” devizi altında fəaliyyət göstərəcək:
“Yəni burada istənilən şəxs evində olan, lakin
istifadə etmədiyi kitabı gətirib oxumadığı
başqa bir kitabla dəyişə bilər və ya gətirdiyi
kitabların əvəzində yeni kitabları
götürüb mütaliə üçün apara bilər”.
Direktor
qeyd edib ki, Açıq kitabxanaya giriş sərbəstdir,
günün istənilən vaxtı hər kəs müraciət
edə bilər. K. Tahirov onu da əlavə edib ki,
Açıq kitabxanada “Poeziya gecələri”, “Şeir
axşamları”, yazıçı və şairlərlə,
kitab müəllifləri ilə görüşlər
keçiriləcək, kitab təqdimatları təşkil
olunacaq: “Yaxın günlərdə burada onlayn kitab
satışı da həyata keçiriləcək”.
Tədbirdə çıxış
edən mədəniyyət və turizm naziri Əbülfəz
Qarayev bildirib ki, dünya ölkələrində tətbiq
edilən bu ideya artıq Azərbaycanda da tətbiq olunmağa
başlayıb və ölkənin bir neçə regionunda
Açıq kitabxanalar fəaliyyət göstərir. Nazir
qeyd edib ki, yaxın gələcəkdə çimərliklərdə
də Açıq kitabxanalar yaradılacaq.
Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin sədri Anar, millət vəkilləri
Qənirə Paşayeva, Nizami Cəfərov, Hikmət
Babaoğlu və başqaları çıxış edib.
Bizim Yol.- 2016.- 16 iyul.- S.4.