“Biri vardı, biri yoxdu” deməyin...

 

“Karbohidrogen ehtiyatlarının hesablanması, süni sıxışdırma üsullarının tətbiqi ilə neft yataqlarının səmərəli işlənməsinin geoloji-texnoloji layihələrinin hazırlanması məsələlərinin həlli məqsədilə 1950-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan EA-nın Neft Ekspedisiyası yaradılmışdı.

 

1960-cı ildə Neft Ekspedisiyasının əsasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu təşkil edildi. 1965-ci ildə bu institut Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu (DNQYPİ) adlandırıldı və ötən müddət ərzində SSRİ-nin neft-qaz-mədən geologiyası və neft-qaz, qaz-kondensat yataqlarının işlənməsinin fundamental və tətbiqi problemləri ilə məşğul olan aparıcı elmi mərkəzlərindən birinə çevrildi. 1982-ci ildə SSRİ EA-nın Geologiya, Geofizika, Geokimya və Dağ Elmləri Bölməsi bürosunun qərarı ilə İnstitut SSRİ EA sistemində neft və qaz yataqlarının işlənməsi problemləri üzrə baş elmi müəssisə kimi təsdiq edildi. İnstitut və onun əməkdaşları mütəmadi olaraq SSRİ Nazirlər Soveti, SSRİ Dövlət Plan Komitəsi, SSRİ Dövlət Elm və Texnika Komitəsi və SSRİ EA tərəfindən neft-qazçıxarma sənayesinin inkişafının əsas məsələlərinin ekspertizası üzrə işlərə cəlb olundular.

Müxtəlif illərdə DNQYPİ-da Azərbaycan EA akademiki S.M.Quliyev və müxbir üzvü N.C.Tahirov işləmişlər.

Azərbaycan EA-nın müxbir üzvü A.H.Əliyev Neft Ekspedisiyasının rəisi (1950-1958), akademiklər S.M.Quliyev (1960-1969) və M.A.İskəndərov (1969-1971) institutun direktoru olmuşlar. 1971-ci ildən etibarən 2003-cü ilədək instituta akademik M.T.Abasov rəhbərlik edib.

DNQYPİ-də - "Neft-mədən geologiyası", "Neft və qaz yataqlarının dağ-geoloji tədqiqi", "Petrofizika və mədən geofizikası", "Geoflüud dinamikası", "Dağ mexanikası", "Yeraltı hidrodinamika", "Lay sistemlərinin ədədi modelləşdirilməsi", "Lay və quyuların tədqiqi", "Neft və qaz hasilatı inkişafının proqnozlaşdırılması", "Patent", "Elmi-texniki informasiya" şöbələri, - "Neft və qaz yataqlarının işlənməsi geoloji əsasları", "Dağ süxurlarının fiziki-mexaniki xassələrinin təcrübi tədqiqi", "Neft və qaz yataqlarının işlənməsi", Neft və qazçıxarma texnikası", "Layın fizika və kimyası", "Layların neftveriminin artırılması üsulları" laboratoriyaları, həmçinin, "Geoflüid dinamikası" şöbəsinin tərkibində "Quyuların qazılma şəraitinin geoloji-texnoloji proqnozlaşdırılması", "Neft və qazçıxarma texnikası" laboratoriyasının tərkibində "Termodinamika"; "Neft və qaz hasilatı inkişafının proqnozlaşdırılması" şöbəsinin tərkibində "Optimallaşdırma" və "Neft hasilatının Proqnozlaşdırılması", "Yeraltı hidrodinamika" sektorları fəaliyyət göstərib.

Neft və qaz yataqlarının işlənməsinin elmi əsaslarının inkişafı, neft və qaz hasilatının tətbiqi məsələlərinin həlli problemi institutun elmi fəaliyyətinin əsasını təşkil edib. Buraya aşağıdakı dörd fundamental və bir elmi tətbiqi prioritet istiqamət üzrə tədqiqatlar daxil idi: kəşfiyyatın və işlənmənin müxtəlif mərhələlərində neft və qaz yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik üsulları; Neft və qaz yataqlarının hidroqazodinamikası, layın fizika və kimyası və neftveriminin artırılması üsulları; Respublikanın neftqazçıxarma kompleksinin inkişafının proqnozlaşdırılması; Neft, qaz və kondensat ehtiyatlarının hesablanması, konkret yataqların işlənməsinin texnoloji sxemlərinin tərtib edilməsi və təhlili, layların neft veriminin artırılması və neft-qaz çıxarmanın intensivləşdirilməsinin yeni texnologiyalarının tətbiqi.

İnstitutun bu istiqamətlərdə apardığı elmi fəaliyyət nəticəsində neft və qaz yataqlarının işlənməsinin yeni üsul və sistemləri təklif edilmiş, qazkondensat və qazkondensatneft yataqlarının müxtəlif rejim və üsullarla istismarı zamanı onların işlənmə prosesinin nəzəri əsasları yaradılmış, çox fazalı sistemlərin süzülməsini fiziki, kimyəvi və hidroqazodinamik əsasları inkişaf etdirilmiş, neftlilik konturunun hərəkəti və quyuların sulaşması proseslərinin öyrənilməsinin və tənzim edilməsinin hidrodinamik üsullar kompleksi işlənilmiş, çoxlaylı neft və qaz yataqlarının işlənilməsini hidrodinamik əsasları inkişaf etdirilmiş və ümumiləşdirilmiş, üçölçülü süzülmə məsələlərinin geniş sinfi üçün yeni həll üsulları işlənmiş,bircins və qeyri-bircins layların riyazi modellərinin parametrlərinin identifikasiyası məsələsinin variasiya qoyuluşu təklif edilmiş və həll olunmuş, quyuların hidroqazotermodinamik tədqiqi məlumatlarının interpretasiyası üçün yeni orijinal üsullar işlənmiş, neft çıxarmanın artırılması və neft və qaz hasilatının intensivləşdirilməsi məqsədi ilə laya və quyuətrafı zonaya təsirin yeni üsulları işlənmiş, yataqların işlənməsinin geoloji əsasları təkminlləşdirilmiş, avtomatlaşdırılmış geoloji xəritələşdirmə sistemi yaradılmış, layın mühüm geofiziki parametrlərinin təyini, yataqların rejimlərinin son neft verimini, neft və qaz ehtiyatlarının, təzyiqin proqnozlaşdırılması üsulları təklif edilmiş, neft və qaz hasilatının proqnozlaşdırılması üçün effektiv iqtisadi-riyazi modellər yaradılmışdır.

İnstitutda yeni elmi istiqamətlər inkişaf etdirildi. Mürəkkəb karbohidrogen tərkibə malik yataqların (qazkondensat, qazkondensatneft) işlənməsini elmi əsaslar yaradılmış, neftgeologiyasında riyazi modelləşdirmə üsulları və elektron hesablama maşınlarının tətbiqinin elmi əsasları işlənib hazırlandı.

Neft və qaz ehtiyatlarının ilkin və təkrar hesablanması, Azərbaycanın bir çox dəniz və Abşeron yarımadasının uzun müddət istismarda olan yataqlarını əhatə etməklə karbohidrogen yataqlarının elmi əsaslar üzrə işlənməsinin layihələşdirilməsi və təhlili, neftqazçıxarma üçün müxtəlif metodik təlimatların hazırlanması üzrə mühüm elmi-tətbiqi işlər aparıldı, Respublikada ilk dəfə olaraq, layların neftveriminin artırılmasının yeni üsulları - qələvi məhlulu ilə sıxışdırma, rütubətli və yüksək rütubətli laydaxili yanma və onların kombinasiyası öz tətbiqini tapdı. Bu işlərin neft-qazçıxarma sənayesində tətbiqi xalq təsərrüfatına böyük səmərə vermişdir.

Akademik M.T.Abasovun elmi dühası, təşkilatçılığı və işgüzarlığı sayəsində institutun ən böyük elmi nəticələri aşağıdakı əsərlərdə öz əksini tapmışdır: M.T.Abasov, Q.N.Djalilov - Voprosı podzemnoy qidrodinamiki i razrabotki neftənıx i qazovıx mestorojdeniy; M.T.Abasov, A.M.Quliev - Metodı qidrodinamiçeskix rasçetov razrabotki mnoqoplastovıx mestorojdeniy nefti i qaza; M.T.Abasov, X.B.Ösifzade, A.A.Axmedov i dr. - Qeoloqiə i razrabotka morskoqo qazokondensatnoqo mestorojdeniə Öjnaə; M.T.Abasov, Ç.A.Soltanov - Statistiçeskoe modelirovanie neftənıx zalejey; M.T.Abasov, İ.S.Djafarov, N.M.Djafarova - Osnovı qeoloqiçeskix postroeniy i analiza na GVM; M.T.Abasov, Q.İ.Djalalov i dr. - Qidroqazodinamika trehinovatıx kollektorov; M.T.Abasov, F.Q.Orudjaliev - Qidroqazodinamika i razrabotka qazokondensatnıx mestorojdeniy; M.T.Abasov, L.A.Burəkovskiy, G.X.Azimov i dr. - Qeofiziçeskie i qidrodinamiçeskie metodı proqnozirovaniə obvodneniə neftənıx zalejey; M.T.Abasov, N.D.Tairov, A.A.Abdullaeva i dr. - Fazovaə proniüaemostğ kollektorov pri vısokix termobariçeskix usloviəx; M.T.Abasov, G.X.Azimov, R.Ö.Aliərov i dr. - Teoriə i praktika qeoloqo-qeofiziçeskix issledovaniy i razrabotka morskix mestorojdeniy nefti i qaza; M.T.Abasov, G.X.Azimov, A.M.Quliev - Qidrotermodinamiçeskie issledovaniə skvajin qlubokozaleqaöhix mestorojdeniy.

İnstitutda neft, qaz və kondensat yataqlarının işlənilməsi, layların və quyuların tədqiqi, yataqların geoloji və geofiziki xarakteristikalarının qiymətləndirilməsi, qazılma və istismar texnikası və texnologiyasının təkmilləşdirilməsi, yeni cihazların yaradılması sahələrində olan ixtiralara 87 müəllifli şəhadətnaməsi alınmışdır. 1994-cü ildə Rusiya Federasiyasının 7, Azərbaycan Respublikasının 1 potenti alınmışdır.

İnstitutda neft və qaz yataqlarının işlənməsi sahəsində ölkəmizdə və xaricdə tanınmış, öz elmi prinsiplərini təsdiq etmiş elmi istiqamət formalaşmış və bu elmi istiqamət müvəffəqiyyətlə inkişaf etmişdi.

İnstitut Azərbaycanın və eləcə də yaxın və uzaq xarici ölkələrin aparıcı elmi və elmi - istehsalat mərkəzləri ilə geniş yaradıcılıq əlaqələri saxlayırdı. Bunların arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, Qərbi Sibir, Pomi, Qazaxıstan, Türkmənistan və digər regionların neft istehsalat təşkilatlarını, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, "Neftvermə" Rusiya Sahələrarası Elmi-Tədqiqat Kompleksini, İ.M.Qupkin adına Rusiya Dövlət Neft və Qaz Akademiyasına, Rusiya EA və Rusiya Təhsil Nazirliyinin Neft və Qaz Problemləri İnstitutunu, Ümumrusiya Neft Geoloji Kəşfiyyat Elmi Tədqiqat İnstitutunu, Rusiya EA Mexanika Problemləri və Fiziki-Kimya İnstitutlarını göstərmək olar.

Akademik Midhət Abbasovun rəhbərliyi ilə İnstitut Yunokal (ABŞ) Pennzoyl (ABŞ), British Petrolium (İngiltərə), Statoil (Norveç), Aostra və Yumatak (Kanada) və digər neft şirkətləri ilə elmi əlaqələri inkişaf etdirib.

İnstitutun təşəbbüsü ilə bir çox mühüm beynəlxalq və respublika elmi konfrans və simpoziumlar, o cümlədən Neft Sənayesi Nazirliyinin Elmi-texniki şurasının və SSRİ EA-nın neft yataqlarının işlənməsi problemi üzrə Elmi Şurasının səyyar sessiyası (Bakı, 1976), Geoloji məlumatların avtomatlaşdırılmış üsulla öyrənilməsi üzrə "Kokeodata" Beynəlxalq Simpoziumu (Bakı, 1981), SSRİ EA Geologiya, Geofizika və Geokimya bölməsi bürosunun Azərbaycan SSRİ EA Yer haqqında elmlər bölməsi bürosu ilə birgə səyyar iclası (Bakı, 1982), SSRİ EA Neft və Qaz yataqlarının işlənməsi problemləri üzrə Elmi Şurasının, SSRİ Neft Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasının, "Neftvermə" Sahələrarası Elmi-texniki Kompleksin və DNQYP İnstitutunun "Neft qaz çıxarmanın termiki üsulları üzrə" ümumittifaq səyyar sessiyası (Bakı 1987), Yunakal şirkəti ilə DNQYPİ arasında bağlanmış birgə elmi tədqiqatlar haqqında müqavilənin ilk mərhələsinin yerinə yetirilməsinin nəticələri üzrə elmi konfrans (Bakı 1993) və s. keçirilmişdir.

İnstitut əməkdaşları Dünya neft konqresləri (Yaponiya, 1975, Argentina, 1991), Dünya qaz konqresi (İngiltərə, 1975), XVIII Beynəlxalq geoloji konqres (ABŞ, 1989), Neftverimin artırılması üzrə Avropa simpoziumları (Macarıstan, 1989, Norveç, 1991), Enerjinin bərpa olunmayan mənbələri üzrə Beynəlxalq konqres (İran, 1993), "Qeyri-aşkar sistemlərin tətbiqi" Beynəlxalq konfrans (İran, 1994), "Flüid və termal enerjinin çevrilməsi" Beynəlxalq konfransı (İndoneziya, 1994) və digər nüfuzlu Beynəlxalq forumlarda məruzələrlə çıxış etmişlər.

Əfsuslar olsun ki, yeni epoxanın ziddiyyətləri və təzadları bu qüdrətli elmi mərkəzdən də yan ötmədi.

Mən Azərbaycan Milli Elmlər Akademiyasında 1951-ci ildə fəaliyyətə başlamışam. Həmin illər Akademiyanın, ümumiyyətlə, elmin və alimin cəmiyyətdə böyük nüfuzu var idi. Stalinin ölümündən sonra isə ziyalılar rahat nəfəs aldılar, demokratik düşüncənin inkişafına stimul yarandı. Bakı Ali Məktəblərini qurtaran istedadlı gənclərin elmə güclü axını var idi. Mən Midhətlə 1957-ci ildə tanış oldum. Azad Mirzəcanzadənin yanına gəlib gedirdi. O vaxt Fizika İnstitutu ilə Geologiya İnstitutu bir həyətdə yerləşirdi. Gənc alimlər arasında səmimi yaradıcılıq münasibətləri xoş bir aura yaratmışdı. Biri digərinin uğurları ilə fəxr edir, istedadlı alimləri barmaqla göstərirdilər.

Mən Midhəti gənc yaşlarından ciddi, prinsipial bir alim kimi tanıyırdım. Səliqəli geyimi, ciddiliyi ilə paralel duzlu söhbətlərini indi də xatırlayıram.

Sonralar tale elə gətirdi ki, Midhət Abasov Akademiyanın vitse-prezidenti oldu. Mən Akademiyaya rəhbərlik etdiyim 13 il müddətində Midhət müəllimi alim, vətəndaş, insan, ailə başçısı kimi yaxından tanıdım. O, elmin, alimin cəmiyyətdəki taleyi ilə bağlı öz sözünü çəkinmədən deyən adam idi. Akademiyaya növbəti prezident seçkiləri zamanı Midhət müəllim də namizəd idi. Mən bir səs çoxluğu ilə yenidən Akademiyaya prezident seçildim. Bu hadisə bizim münasibətlərimizə xələl gətirmədi. Bu nadir hadisələrdən idi. Heç bir müdaxilə olmadan keçirilən bu seçkidən sonra Midhət müəllimlə birgə işlədik. O, məsul dövlət işində olanda, SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyət göstərəndə də münasibətlərimiz qarşılıqlı etimad və hörmət əsasında davam edirdi. Birgə səfərlərdə də olurduq.

Moskvada eyni mehmanxanada qalırdıq. Ölkəmizin taleyi ilə bağlı müzakirələrdə Midhət müəllimi əsl vətəndaş kimi gördüm. O, Moskva alimləri, öz həmkarları arasında ciddi söz sahibi idi. O, bu mövqeyindən Azərbaycan naminə istifadə edir, kiçik bir imkandan istifadə edib Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırırdı.

Midhət müəllim mənim yaddaşımda mərd, geniş dünyagörüşlü bir şəxsiyyət, öz sahəsini gözəl bilən bir alim kimi yaşayır.

Midhət müəllim dünyasını dəyişsə də, onun alicənab siması hər an mənim yaddaşımda təmiz vicdan və şərəf sahibinin heykəlləşən rəmzi kimi xatırlanır. Könüllərdə heykəlləşən, yaddaşlarda müqəddəsləşən akademik Midhət Abasov kimi insanları düşünəndə "Biri vardı, biri yoxdu" deməyin. Var ikən varlığını tapanların, yoxluğunda ölümsüzlük yaşayır.

 

Eldar Salayev

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq Prezidenti (1983-1996),

AMEA-nın fizika İnstitutunun baş elmi işçisi

 

Bizim Yol.- 2016.- 26 iyul.- S.11.