Şəhidlərimiz

 

Azərbaycan qadını - həm ana, həm bacı, həm qəhrəmandır...

 

Azərbaycan qadını hər zaman öz müdrikliyi, sədaqəti, qəhrəmanlığı, cəsarəti və yüksək analıq keyfiyyətləri ilə xalqımızın adını uca tutub. Demək olar ki, tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsində də qadınlarımız yaxından iştirak ediblər. Məhz buna görə də, onların bir çoxunun adları Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.

XX əsrin sonlarında-torpaqlarımız erməni daşnaklarının təcavüzünə məruz qalanda igid oğullarımızla bərabər Vətənimizin mərd qızları da silaha sarılaraq, mənfur düşmənə qarşı qəhrəmancasına vuruşmuş və onların bir çoxu bu müqəddəs amal uğrunda həyatlarını qurban verərək, şəhidlik zirvəsinə yüksəlmişlər...

Şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman qadınlarımızdan ikisi məhz Daxili Qoşunların əməkdaşları olmuşdur. Onlar sıravi Könül Qəhrəmanova və mülki işçi Məlahət Nəsibovadır. Bu sayımızda Məlahət Nəsibova haqqında məlumat verəcəyik.

Məlahət Ənvər qızı Nəsibova 1953-cü il martın 30-da Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. Orta təhsilini Zəyəm kənd orta məktəbində alıb. Sonra Bakıdakı Yüngül Sənaye Texnikumunu bitirən Məlahət xanım 1970-ci ildə doğma rayonuna qayıdaraq, orta-ixtisaslı mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Bir müddət sonra yenidən paytaxta qayıdaraq Bakıxanov adına Tikiş Fabrikində işləyib.

20-ci əsrin sonlarında respublikamızın səmasını bürüyən qara buludlar, bu vətənpərvər el qızının da taleyində yeni bir mərhələnin əsasını qoydu...

Bu barədə görkəmli jurnalist Firuzə Bəyməmməd qızının (Əsədullayeva) “Vağzalı çalınır...” adlı kitabında yer alanBiri var idi, biri yox idi...” başlıqlı məqaləsində maraqlı məlumatlar dərc olunub: “... 1988-ci il. Azadlıq aşiqləri kimi o da xalqımızın 70 illik köləliyinə dözmədi. Mübarizə meydanına atıldı. Azadlıq meydanında döyülənlər, əzilənlər sırasında Məlahət də var idi.

1990-cı ilin 20 yanvarı. O dəhşətli, qan qoxuyan, ürəkləri donduran gecə. Doğma Bakımızın küçələrinə o cəsur qızın da al qanı hopdu. Düşmən gülləsi 20 yanvardan ikinci dərəcəli əlil olan Məlahətin əzmini qıra bilmədi”.

Müəllif həmçinin məqaləsində Məlahətin ermənilərin nankorluğuna dözə bilmədiyini, həmişə bütün varlığı ilə Qarabağa - döyüş meydanına can atdığını qeyd edərək, şəhid olmuş rəfiqəsinin vətənpərvərliyi ilə qürur duyduğunu bildirir: “... Biz həmişə birlikdə idik. İkimiz də Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin üzvü idik. Cəmiyyətin xətti ilə qaçqınlara əl tutur, onlardan heç bir yardımı əsirgəmirdik. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da bir yerdə idik. Təlimatçı işləyirdik.

Avqustun 1-də Bakıxanov adına tikiş fabrikinin nümayəndələri Ağdam-Tərtər cəbhəsində döyüşən əsgərlərə yardım apararkən Məlahət onları müşayiət edirdi.

Səhər saat 7-də mən onları fabrikin qarşısından yola saldım. Nədənsə Məlahət çox həyəcanlı idi. Elə bil ki, şəhid olacağı ürəyinə dammışdı. Mən onunla sağollaşarkən o, mənə baxdı, gözləri doldu, dedi: “Firuzə, mən geri ancaq şəhid kimi qayıdacam. Səndən son xahişim budur ki, qəbrimin üstünə əsgər paltarında olan şəklimi vurasan” (Müəllifin bu məqaləsi həmçinin “Ana gözü həsrətli qaldı” başlığı ilə “Əsgər” qəzetinin 02.02.1993-cü il tarixli sayında və T.Məmmədovanın müəllifi olduğuOğullar verir ki, can, yaşasın Azərbaycan” adlı kitabında dərc edilmişdir - A.Ə.).

Məlahət yardım aparanlarla geri dönmür, öz istəyi ilə ön cəbhədə qalaraq, igid oğullarımızla birgə erməni daşnaklarına qarşı vuruşmağı qərara alır.

2 avqust 1992-ci il. Ağdərə rayonunun Drambon kəndinin (indiki Kəlbəcər rayonunun Heyvalı kəndi - A.Ə.) düşməndən azad edilməsi uğurunda gedən döyüşdə Məlahət Nəsibova qəhrəmancasına həlak olur.

Vaxtı ilə Ağdərə cəbhəsində gedən ağır döyüşlərdə “leytenant” hərbi rütbəsində tağım komandiri kimi erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş Rəsul Vəliyev (hazırda Daxili Qoşunların veteranı, ehtiyatda olan polkovnik - A.Ə.) Məlahət xanımın mərdliyini və vətənpərvərliyini heç zaman unutmayacağını deyir: “...1992-ci ilin isti yay günlərindən biri idi. Məlahət xanım yardım gətirən mülki vətəndaşlarla birgə cəbhə bölgəsinə gəlmişdi. O zaman bizim qərargahımız Ağdərə rayonunda Ortakənddəki məktəbdə yerləşirdi. Yardım gətirən heyət qayıtsa da, Məlahət xanım burada qalmaq üçün təkid edərək, bizimlə birgə döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirdi.

Səhəri gün bölmələrimiz müxtəlif istiqamətlərdən düşmənin nəzarətində olan Drambon kəndinə hücum etməyə hazırlaşırdı. Bu vaxt Məlahət xanım da döyüşçülərimizlə birgə bu əməliyyatda iştirak etmək istədiyini bildirdi. Düzü qadın olduğu üçün onun bu döyüşdə iştirak etməsinə heç kim razı deyildi. Lakin buna baxmayaraq Məlahət xanımı bu inadından da döndərmək mümkün olmadı. Beləliklə, o, Eynullanın (kapitan rütbəsində olan bu zabitin soyadını unutduğunu deyir – A.Ə.) komandirlik etdiyi taqımın tərkibində Drambon kəndinin düşmən qüvvələrindən təmizlənməsi əməliyyatlarında iştirak edir. Az keçmir ki, hücuma keçən bölmələrimiz erməni daşnakları tərəfindən güclü minamyot atəşinə məruz qalır. Bu döyüşdə Məlahət xanım və bir-neçə döyüşçü yoldaşımız qəhrəmancasına şəhid oldu...”

Məlahət Nəsibova 1992-ci il avqustun 18-də Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

ZaurRamin adlı iki övladı yadigar qalıb. Şəhid M.Nəsibova artıq həm də nənədir. Onun Göyçək, Məlahət, Hüseyn, Zübeydə və Dilşad adlı nəvələri də var. Onlar Tomris, Həcər və Nigar qeyrətli nənələri ilə qürur duyurlar. Hər il oğlanları, gəlinləri və nəvələri onun doğum günündə və şəhid olduğu gün Şəhidlər Xiyabanına gələrək, Vətənimizin qəhrəman qızını ziyarət edir, məzarı üzərinə tər qərənfillər düzürlər.

Bu gün Zaur qəhrəman anasının timsalında Vətənimizin şəhid olmuş bütün qeyrətli oğul və qızları ilə qürur duyduğunu deyir: “... Anam Vətənimiz, müqəddəs torpaqlarımız yolunda şəhid oldu. Erməni qaniçənlərinin Xocalıda və digər sərhəd bölgələrimizdə törətdiyi vəhşiliklərə heç cür dözə bilmirdi. Ona görə də cəbhə bölgəsində qalaraq, döyüşməyə qərar vermişdi...

deyim, o, mənim təkcə anam yox, həm atam, həm də arxam-dayağım idi. Anam şəhid olanda mən Politexnik Texnikumunun birinci kursunda təhsil alırdım. Şəhid olandan sonra ona məxsus olan “Quran” kitabını oğlanlarına yazdığı məktubunu evimizə gətirmişdilər. Məktubunda anam Vətənimizi öz canından hətta öz övladlarından da çox sevdiyini, bu yolda sonadək mübarizə aparacağını qeyd etmişdi. Əlilliyə görə aldığı müavinətini anam hər ay aparıb öz ata-baba ocağını məcburi tərk edərək Şuşadan Bakıya pənah gətirmiş aztəminatlı ailəyə yardım olaraq verirdi. Biz bu barədə ancaq anam dünyasını dəyişdikdən sonra onun yas mərasimində iştirak etmək üçün gəlmiş o ailənin dilindən eşitdik. Mən qardaşım Ramin anamızın əsl vətənpərvər, əsl vətəndaş olması ilə ancaq fəxr edir qürur hissi duyuruq...”

Məlumat üçün qeyd edək ki, Məlahət xanımın həyat döyüş yolu barədə məlumatlara həmçinin görkəmli ziyalımız Bənövşə Eyyubovanın 1997-ci ildə Bakıda nəşr olunan Suraxanı şəhidlərindən bəhz edənQırmızı qanadlı kitabında yer alanQəhrəman qadınbaşlıqlı məqaləsində rast gəlmək olar.

Bundan əlavə, M.Nəsibovanın adı qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-ñü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 79-cu sıra nömrəsi ilə Daxili Qoşunların Baş İdarəsinin mülki işçisi kimi 02.08.1992-ci il tarixdə şəhid olması (Ağdərədə) qeyd olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Anar Əhmədov

 

Bizim Yol.- 2016.- 7 may.- S.11.