“70 yaşımda toya
getməyi tərgitdim”
Xalq
artisti Əlibaba Məmmədovun APA-ya müsahibəsi
- Əlibaba müəllim necəsiniz,
səhhətiniz necədir?
- Lap yaxşıyam. Hərdən
narahatlıq olur, yaşın gətirdiyi qayğılar
yaranır, o da keçib gedir. Görürsən, yenə tələbələrimin
yanındayam. Dərs keçirəm,
çalışıram, bildiyimi onlara da öyrədim.
- Səs sarıdan
narahatlıq yoxdur ki? Deyirlər, gecə 12-dən
sonra oxumaq olmaz. Xan Şuşinskinin adəti olub ki, 12-ni
keçdi, nə olur olsun, oxumazmış. Bircə dəfə
Səməd Vurğunun xahişi ilə bu adətini pozub...
- Rəhmətlik Bülbül mənə
tapşırıq vermişdi: Gördün ki, səsin
xarabdır, get uzan, əlini də cütlə
başının arxasında, yat. Heç kimi
danışdırma. Heç
yoldaşınla da danışma.
- Gəncliyinizdə
neftçi olmaq istəmisiniz...
- Hə, bu sənətə oxumaq həvəsi ilə
gəlməmişəm. Neftçi işləyirdim,
hökumət məni Türkmənistana işləməyə
göndərmişdi. Bizə paltar, maaş,
yeyib-içmək, hər şey verilirdi. Kasıb
uşaq idim, yetim böyümüşdüm, ona görə
neftdə işləmək mənə sərf edirdi. 41-ci ildə müharibə başladı, 42-də
atam rəhmətə gedəndə 12 yaşım vardı.
İki bacı, bir qardaş, böyükləri
də mən, qaldıq yetim. Anamın da 32
yaşı vardı. Nə isə,
Türkmənistanda özümü yaxşı göstərdim,
məni gecə növbəsinə nəzarətçi
keçirdilər. 1400 manat da maaş
verirdilər. Onun 500 manatını anama göndərirdim,
yerdə qalanını özümə xərcləyirdim.
Bir dəfə buruğun yanından
keçirdim, eşitdim, nə isə qaynayır. Mənə də texnikumda öyrətmişdilər
ki, buruqdan qaynama səsi gəlirsə, deməli, orda qaz var.
Getdim direktorun yanına, qayıtdı ki, o yerlərdə qaz
deyilən şey olmur. Rusca da yaxşı
bilmirəm, birtəhər başa saldım ki, bir yoxlayın,
bəlkə çıxdı. Üç
gün sonra dedilər, direktor səni axtarır. Sən demə həmin yerdə qaz fontan vurub. Məni göndərdilər Aşqabada oxumağa.
Anama yazdım, məni oxumağa göndərirlər, amma
maaşım az olacaq, sizə pul göndərə
bilməyəcəyəm. Dedi, bizdən arxayın ol, get oxu. Aşqabadda zəlzələ oldu, oxumağa gedəsi
olmadım. Həvəs məni gətirdi
musiqiyə. Öz-özümdən tar
çalmağı öyrənmişəm, nağara
çalmağı öyrənmişəm. Yüz
dənə mahnını tarda bəstələmişəm.
Maştağada bir klarnet çalanımız
var idi, Vəliağa, toya aparırdı, özü 200
götürdü, mənə 50 manat verirdi. Qabağıma məqsəd qoydum ki, klarnet
çalmağı öyrənəcəyəm, bunu daha toya
aparmayacaqlar. Allaha and olsun, olanı danışıram...
- İnanıram...
- Hə, 500 manat yığdım,
klarnet aldım, altı ay o qədər çaldım ki,
yanımızda milis idarəsi vardı, xəbər göndərdi
ki, bəsdir, qoy işimizi görək. (Gülür).
On səkkiz yaşım vardı, toya
getmişdim. Erməni
nağaraçalanın əvəzinə toyu axıra qədər
mən çaldım. Klarnetçalan Nəsrulla
vardı, mənə dedi, gəl Bakıya. O vaxt tütün
fabrikinin yanına yığılırdılar. Sənə danışıram 48-ci ildən. Getdim ora, o gündən başladım toylara getməyə.
Başladım toydan yaxşı pul qazanmağa.
Bir dəfə “26-lar bağı”nın
yanında gördüm ki, elan vurulub: “İstedad
axtarılır”. Getdim adımı
yazdırmağa, gördüm, Zülfü Adıgözəlov
münsiflər heyətinin sədridir. Soruşdu ki,
oğlan, nə oxuyacaqsan, dedim, “Cahargah”. Qayıtdı
ki, “Cahargah” ağır muğamdır. Mən
də söz altında qalmadım. Dedim ki, Zülfü
dayı, ağır olan sizin qarşınızda oxumaqdır. Yaman xoşuna gəldi. Dedi, səni Filarmoniyaya
götürəcəyik, hər konsertinə 80 manat pul
yazılacaq. Əbülfət gəlmirdi, onun
yerinə oxuyurdum, Fatma gəlmirdi, onu əvəz edirdim. Amma yaxşı pul verirdilər. Hələ
görünməyib ki, 19 yaşında bir oğlan Xan
Şuşinskiyə, Şövkət Ələkbərovaya,
Əbülfətə, Fatmaya yoldaş olsun. Afişada qırmızı hərflə Xan əminin
adı yazılırdı, balaca hərflərdə də mənim
(Gülür). Əvvəl-əvvəl
xoşlarına gəlmirdi ki, nağaraçalan gəlib
filarmoniyada oxuyur.
- Kimin
xoşu gəlmirdi?
- Onu demərəm. Üstündən
gör neçə il keçib.
- Dedim, bəlkə Xan əminin xoşu gəlməyib...
- Yox-yox, nə danışırsan? Allah var göydə, Xan əmi məni həmişə
müdafiə edib. O birilər qəmiş qoyanda Xan
deyirdi, dəyməyin, bu uşaqdan yaxşı xanəndə
olacaq. Üç il sonra dəbə mindim.
53-cü ildə toy üstündə qapımda
növbə idi. Bir dəfə Səid Rüstəmov
Soltan Hacıbəyova dedi, bu uşağı işə
götür, bundan bir də ələ düşməyəcək.
Soltan da dedi, bir şərtlə götürürəm: iki
konsert verəcəksən, camaat gəlsə, işə
götürəcəyəm. Konsert günləri də nə
vaxt olsa yaxşıdır: martın 20-21-ə. Bayram günlərinə.
İndi ürəyimin içini yeyirəm ki, adam
gəlməsə, heç nə. Getdim,
Əliağa Vahidin yanına. Allah ona qəni-qəni
rəhmət eləsin. Dedim, mirzə, halı-macəra
belədir, kömək elə. Soruşdu ki, dəftər-qələmin
var? Dedim, var. Getdi o başa, gəldi, bu başa,
başladı qəzəl yazmağa.
Ey
gül, səni hər kəs ki sevib bəxtəvər oldu
Eşqində bir ancaq mənim
ömrüm hədər oldu.
Kim
sevdi qara zülfünü ağ günlərə
çıxdı
Tale mənə yar olmadı bir dərdi-sər
oldu
Bax, bu qəzəl belə
yarandı...
-
Vahiddən danışanda niyə kövrəldiniz?
- (Sükut). Nə bilim... Vahid
başqa Vahid idi.
- Deyirlər, Vahidin çətin,
sıxıntılı günlərində ona kömək
etmisiniz...
- Allah
deyir, sağ əlin verdiyini sol əl bilməməlidir. Axşam Vahidin qəzəllərini toyda oxuyurdum, nə
pul alırdımsa, on faizini qoyurdum pencəyimin sağ cibinə
ki, bu Vahidindir. Pul
yığılırdı, axırda aparırdım ki, mirzə,
al, bu sənin haqqındır.
- Əlibaba müəllim, belə deyirlər ki,
Qarabağ səs verir, Bakı texnika. Nə düşünürsünüz
bu haqda?
- Seyid Şuşinski deyirdi, səs
Qarabağdan gəlir, amma Bakı görməyən xanəndədən
xanəndə olmaz. Muğam birdir, onun Bakı məktəbi,
Qarabağ məktəbi, Şamaxı məktəbi yoxdur.
- Rəhbərlik etdiyiniz ansamblın
adını niyə görə “Humayun” qoymusunuz? Bu muğam daha yaxşı oxumusunuz, ona görə?
- 68-ci ildə Maestro Niyazini
Filarmoniyaya direktor göndərdilər. Niyazi məni
çağırdı ki, sən ayda mənə bir konsert verməlisən.
O vaxt da mənim bütün konsertlərim anşlaqla
keçirdi. İki saat sonra biletləri tapmaq
olmurdu. Heç bir xanəndə 30 il
dəbdə olmayıb. Düz
danışıram. 1955-dən ta 85-ci ilə
qədər mənim qapımda növbə olub. Nə isə,
dedim, Maestro, sənə ayda iki konsert verərəm, amma ansambl
yoxdur. O da sərt adam idi, dedi, necə yəni
ansambl yoxdur? Neçə nəfər
lazımdır, yığ, sizə ştat alacağam. Mən
də harada yaxşı musiqiçilər var,
yığdım, dedim, hazıram. O vaxt da
Rauf Hacıyev mədəniyyət naziri idi. Zəng elədi
nazirliyə ki, Raufa deyin, ansambl hazırdır. Niyazinin
kabinetində oturmuşduq, Hacı Məmmədovdan soruşdu
ki, Əlibaba hansı muğamı yaxşı oxuyur? O
da qayıtdı ki, Seyid Şuşinskidən sonra Azərbaycanda
Əlibaba kimi “Humayun” oxuyan yoxdur. Niyazi də
bunu bəyəndi, oldu “Humayun” ansamblı.
- 100-ə
yaxın mahnınız var və onlar hər gün səslənir.
Mahnılarınızın qonorarını
alırsınız?
- Ehtiyacım yoxdur. 19-cu əsrdə Cabbar Qaryağdıoğlunun 200-ə
yaxın mahnısı olub. O vaxt mənə, Qulu Əsgərova
ad qoymuşdular: həvəskar bəstəkar. Həvəskarlara
70 manat verirdilər, əsl bəstəkarlara 100 manat. Elşad Quliyev məni yanına
çağırdı ki, hər mahnına 70 manat verəcəyik.
Dedim, istəmirəm, xalqın malını xalqa sata bilmərəm.
Yazdım, imzaladım, verdim. O da
böyük kişilik elədi: mənim bütün musiqilərimin
qabağına adımı yazdırdı.
- Səxavət Məmmədov, Məmmədbağır
Bağırzadə kimi sənətkarlar sizin ansamblda
yetişib. Yetirmələrinizdən üzünüzə ağ olanı olmayıb?
- Qətiyyən. Tələbələrim mənimlə həmişə
fəxr ediblər. Məsələn, Məmmədbağır
haçan televizora çıxırdı, deyirdi, mən o
kişiyə borcluyam. Nardaranlılar ona
deyirdilər, sən niyə maştağalını tərifləyirsən,
o da cavab verirdi ki, Əlibaba müəllimi tanısanız, siz
də tərifləyərsiniz. Könül Qəmbərova
var, Bülbül adına musiqi məktəbində
dərs deyir. Bəlkə də bizim
qızların içində muğamı onun qədər bilən
yoxdur. Bir “Humayun” oxuyur, mən onu oxuya bilməmişəm.
Neçə dəfə “Humayun” oxumuşam, məni
istəməyənlər pozdurublar. Könülə
dedim, mənim balam, gəl, sənə iki muğam öyrədəcəyəm.
İlk dəfə “Dəşti”ni öyrətdim,
sonra “Humayun”u. Bir adam onun kimi “Humayun”a yaxın gedə bilmir.
- Sizə
dövlət səviyyəsində münasibət yüksəkdir,
hər kəs hörmətinizi saxlayır. Ətrafınızda
olan adamların sizə işi düşürmü?
- Deyim sizə. Mən
heç öz oğlum üçün xahiş etməmişəm.
Doğma oğlum ayda 500 manat maaş
alır, bir adama demirəm, onu min manat edin. Deməmişəm.
Sözün düzünü deyirəm sənə.
- Övladlarınızdan sənətinizi
davam etdirən olmayıb...
- Yox, olmadı. Üç
qızım, bir oğlum var. Arvad bir gün dedi, a kişi, bunlardan birini öz yolundan elə, sənəti
öyrənsinlər. Dedim, bax, evdə tar var, pianino, qaval var,
Əlibaba var, day nə olmalıdır, öyrənsinlər də.
Hansı gəldi, mən etiraz elədim? Gərək adamın canında olsun. Nəvəm iki institut qurtarıb. Bir gün gəldi ki, baba, tar çalmaq istəyirəm.
Apardı, altı aydan sonra gəldi ki, çətindir,
öyrənə bilmirəm. Dedim, sənin baban tar
çalıb, klarnet çalıb, nağara çalıb,
babat da xanəndədir. Amma sən iki institut
qurtarmısan, bir tar çala bilmirsən, indi gör sən
kimsən, mən kiməm. (Gülür).
- Siz
xalq artisti adını gec almısınız...
- Sara,
Əbülfət, bir də Şövkət məndən tez əməkdar
artist adını alıb. Mən əməkdar
olanda nə Habil əməkdar artist idi, nə Zeynəb. Əməkdar artist adını mənə 1962-ci ildə
Tofiq Quliyev verib. 62-dən 89-a qədər
bir qapı döyməmişəm. Qalmışam
əməkdar. Deyirdilər, niyə gedib
istəmirsən, mən də cavab verirdim ki, özləri
görmür? Bir şeyi adama gərək
Allah versin. Buna inan. Bir
məclisdə oturmuşduq, Elmira Qafarova da həmin məclisdə
idi. Gördüm mənə baxır, dedi, haradasa sizi
görmüşəm, yadıma sala bilmirəm. Özümü təqdim eləyəndə ayağa
qalxdı, üzrxahlıq elədi. Birdən
soruşdu ki, sən xalq artistisən? Dedim, yox, əməkdar.
Camaatın qabağında birdən
qayıtdı ki, get de, mən xalq artistiyəm.
Üstündən bir ay keçdi, Elmira xanım zəng vurdu
ki, sizi təbrik edirəm, büronun iclasında hamı sizə
səs verdi. Hətta Həsən
Həsənov soruşub ki, o hələ xalq artisti deyil?
Şıxəli Qurbanovla aram kök idi,
bir dəfə demirdim, mənə niyə xalq artisti adını
vermirsiniz?
- Telekanallara baxırsınız? Mənzərə necədir?
- AzTV-də
“Məclisi üns” verilişinə baxıram. Bir
sayını qaçırmıram. Elə
gözəl verilişdir ki. Əsəd
Cahangir tənqidçidir, amma muğamdan, qəzəldən
elə gözəl danışır, istəyirəm gedib
televizorun içinə girim. Özü də
axırda danışır, amma ürfanla bağlı, klassik
şeirlə bağlı elə nöqtələrə
toxunur, evdə televizorun bu tərəfindən can deyirəm.
Yaxud o verilişdə İlqar Fəhmi var. Fəhmi
uşaq idi, gəlirdi bizim məclisə, indi maşallah, elə
ağıllı, bilikli danışır, elə bil dilotu
yeyib. Özü də yaxşı
adamdır, heç kimin xətrinə dəymir.
- Nə vaxta qədər toylarda
oxumusunuz?
- 70 yaşında toya getməyi tərgitdim.
Amma camaat əl çəkmirdi. Təvazökarlıqdan
uzaq olsa da deyəcəm: vallah mən özüm qədər
sevilən xanəndə görməmişəm. Gördüm, ürəksiz oxuya bilmirəm, toylara
getmədim. Ürəkdən də oxuyanda
ağrıyırdım. O qədər ürəkdən
oxuyurdum, Razı Şükürov bir dəfə dedi, sən
toyda öləcəksən.
-
Sizinlə yaşıd olan sənətkarlardan kiminlə isti
münasibətiniz var, kimi qiymətləndirsiniz?
- Zeynəb Xanlarovaya Allah can sağlığı versin, onu həmişə
yüksək qiymətləndirmişəm. Səhnə
mədəniyyəti, geyim mədəniyyəti, səs,
ifaçılıq... hamısı Zeynəb xanımda var.
Zeynəb çox böyük xanəndədir. Məni görəndə həmişə
qardaşı kimi, ağsaqqalı kimi qucaqlayıb öpür.
-
Yaşın bu vaxtında sizi yordumsa, gərək üzrlü
sayasınız...
-
Yorğunluq söhbəti yoxdur. Hələ
tələbələrimlə məşğul olacağam.
Dörd misralıq şeirim var, onu deyim, bitirək.
- Deyin...
- Mən
şair deyiləm, şair xislətçiyəm,
Bəstəkar
da deyiləm, bəstəçiyəm.
Bilmirəm,
nə karəyəm, nəçiyəm,
Onu
bilirəm ki, gözəl ifaçıyam.
Bizim Yol.- 2016.- 26 may.- S.15.