“Ola bilərdi ki, oxum daşa dəysin”

 

Fuad Poladov: “Əsas od, əsas məşəl sənin özündə, daxilində olmalıdır”

 

...Sənət seçimi, mənə belə gəlir ki, taledir. Mən özüm buna belə baxıram. Çünki yadıma gələn vaxtdan, bilirəm ki, arzum aktyor olmaq olub. Baxmayaraq ki, bu məsələ ilə bağlı valideynlərimin öz arzuları vardı. Amma mənim aktyor olmaq həvəsim, görünür daha güclü oldu. Nəinki məktəbdə, hələ 4-cü sinifdə oxuduğum vaxtlarda, Azərbaycan televiziyası açılandan orada canlı verilişlər aparmışam. Sonra canlı televiziya tamaşaları olub, onlarda iştirak etmişəm, paralel olaraq, dram dərnəyinə getmişəm. Məktəbin nəzdində dram dərnəyi vardı, orada iştirak eləmişəm.  Cavanlıqdan deməzdim, uşaq vaxtlarımdan bu sənətlə qaynayıb-qarsımışam.

 ... Bu, asan sənət deyil. Amma zülm sözü ilə də razılaşmıram. Çünki o, zülm deyil, orada sözün əsl mənasında,  axtarışlar gedən vaxt, obrazın yaranma prosesinin özü, heç bir sözlə ifadə olunmayacaq dərəcədə maraqlı bir prosesdir. Yəni bu sənətə təsadüfi yox, dediyimiz kimi, tale yolu ilə gələn adamlar üçün aktyorluq zülm yox, həddən artıq zövq və maraqlı bir prosesdir. Çəkilən əziyyətin, itirilən enerjinin kompensasiyanı sonda tamaşaçı öz alqışları ilə verir. Yadıma gəlir ki, "Azdrama"da işlədiyim vaxtlarda repertuarla çox məşğul idim. Bir dəfə mənim qrim otağıma bir həkim gəldi, qadın idi. Dedi, mən filan poliklinikada baş həkiməm, 4 gündür sizin tamaşaları izləyirəm və gəldim, sizi yaxından görüm, öyrənim ki, siz bu enerjini haradan alırsınız? Dedim ki, bunu mən özüm də bilmirəm haradan alıram, yəqin, bunun yeganə, bir səbəbi varsa, o da sənətə sevgi, məhəbbətdir. Əgər sən bu işi sevərək edirsənsə, onda o enerjinin gəlib-gəlməməsi məsələsi söhbəti ola bilməz. İşdən zövq almağı bacarmaq lazımdır. Düz deyirsiniz, orada əsəb gərginliyi də var, orada ürək sancıları da var. Amma səhnənin özünün qəribə bir atmosferi var. Mənim yadıma gəlir ki, biz bir tamaşa oynayırdıq, orada Məlik Dadaşovun da rolu var idi. Axşam tamaşaya dövlət nümayəndələri gəlib baxmalı idilər. Tamaşadan qabaq xəbər verdilər ki, bəs Məlik Dadaşov möhkəm xəstələnib, təcili yardım onun başının üstündədir, yəqin ki, axşam tamaşaya gələ bilməyəcək. Teatrın rəhbərliyi əl-ayağa düşdü ki, necə yəni, bəs axşam dövlət adamları gələcək axı? Getdilər Məlik müəllimin evinə, onu təcili yardımla gətirdilər tamaşaya. Səhnəyə çıxanda bu adam elə bil ki, sağalırdı, səhnənin qırağına keçən kimi ikiqat olurdu. O özünü səhnədə səfərbər edirdi. Yəni demək istəyirəm ki, əsəbləri alması ilə bərabər, həmin səhnənin həm də şəfaverən bir missiyası da var.

 ...Bir az bayağı səslənmiş olsa da, yaxşı aktyor olmağın başlıca şərti  ancaq və ancaq zəhmət, zəhmət, yenə də zəhmətdir. Bir dəqiqə, bir gün belə boşalmadan, elədiklərinlə kifayətlənmədən yalnız irəli, irəli, yenə də irəli. Yalnız zəhmətlə nəyəsə nail ola bilərsən. Yoxsa hər şeyi istedadınla bağlasan ki, mənim istedadım var, mən çıxacağam, hər şey yaxşı olacaq... Yox!  İstedad üstəgəl zəhmət. Bunlar bir-biri ilə yoğrulanda, mənə belə gəlir ki, nəyəsə nail olmaq olur.  Bir də özünü kənardan görməyi bacarmaq lazımdır. Bax, bizim sənətin, mənə belə gəlir ki, ən əsas keyfiyyətlərindən biri də budur. O da birdən-birə alınmır. İllər keçdikcə, sənət püxtələşdikcə, özünü kənardan izləmək, özünü kənardan görmək mümkün olur. O da, mən deyərdim, sənətin daha da mükəmməlləşməsinə kömək edən faktorlardandır.

 ...Sənət və həyat dərsi almaq baxımından mən özümü uğurlu adam hesab edirəm. Akademik Dram Teatrına gələndə mən ikinci kurs tələbəsi idim və o vaxt Akademik Dram Teatrında çox möhtəşəm aktyorlar çalışırdılar. Yəni onların hamısını görəndə belə baxırdım ki, İlahi, mən bunlarla bir yerdə işləyəcəyəm?  İlahi, mən bunlarla bir yerdə səhnəyə çıxacağam? Onlar məni öz qayğıları ilə, sözün əsl mənasında, o qədər əhatə eləmişdilər ki... Çox söhbətlər olur, deyirlər ki, nə bilim, nəsillərin arasında teatrda cavan aktyorlara qarşı yaşlı aktyorların qısqanclığı olur. Bəlkə də, kimsə onu görüb, mən onu görməmişəm. Mən o sənətkarların hamısından özümə qarşı ancaq diqqət və qayğı görmüşəm. O ki qaldı həyat dərsinə, o barədə də bəxtim gətirib. Yəni ki, insanın formalaşdığı vaxtda onun həyatda rastlaşdığı insanların çox böyük rolu və əhəmiyyəti var. Birinci, əlbəttə ki, valideynlərdir, onları qoyaq bir kənara. Damarlarında hansı adamın qanı axırsa, sən də onun kimisən. Həyat məktəbi ilə, həyat dərsi baxımından mənim qarşıma çıxan insanlar görün kimlər olub... Hələ məktəbdə oxuduğum vaxtlarda Adil İsgəndərov kinostudiyanın direktoru idi, O, kinostudiyanın nəzdində ikiillik aktyorluq kursları açmışdı. Mən ora daxil oldum və elə həmin il də ilk filmə çəkildim. Ola bilərdi ki, oxum daşa dəysin. Nəyə görə? İlk çəkilişlərin birində rejissor Əlisəttar Atakişiyevlə mübahisəmiz düşdü və eşitdim ki, o gedib rəhbərlik qarşısında məsələ qaldırmaq istəyir ki, məni roldan kənarlaşdırsınlar. Əlisəttar Atakişiyev gedib Adil İsgəndərovun yanına, Adil İsgəndərov ona deyib ki, Əlisəttar, o, hələ məktəbdə oxuyur. Sən indidən cavan, aktyor olmaq arzusunda olan adamın qanadlarını sındıra bilməzsən. Adil müəllim deyib ki, sən ona bir az pedaqoji tərəfdən yanaşmağa çalış. Və o kinoda çəkilməyimə imkan yaratmaqla Adil İsgəndərov mənim taleyimi həll edib. Əlisəttar Atakişiyev də bir az çılğın adam idi. Mən də bir az cavan idim, bir az çılğınlığım var idi. Ona görə də bax bu, Adil İsgəndərovun mənə etdiyi ilk böyük yaxşılıqlardan biri idi. Sonra İncəsənət  İnstitutunun rektoru var idi, Rahib Hüseynov, yəqin eşitməmiş olmazsınız. O, demək olar ki, həmin institutu yaradan adamdır. Mən məktəbdə oxuduğum vaxtda rejissorluq kursunun tələbələrinin birinin diplom tamaşasında uşaq rolunda iştirak eləmişdim. Rahib müəllim də diplom işini qəbul edirdi. Bizim parçadan sonra məni çağırdı, sonuncu parçalar qurtarana qədər oturtdu yanında və tənəffüsdə söhbət əsnasında məndən soruşdu ki, sənin bu sənətə münasibətin ciddidir? Yəni gələcəkdə aktyor olmaq istəyirsən?  Dedim, əlbəttə, mən elə bununla nəfəs alıram, arzum odur. Dedi, neçənci sinifdəsən? Onda, bilmirəm, hələ 6-cı, ya da 7-ci sinifdə oxuyurdum. Rahib müəllim dedi ki, məktəbi  qurtarandan sonra gələrsən, mən səni instituta götürərəm. Üstündən bir 5 il keçdi, bəlkə də 6 il. Mən sənədlərimi verdim İncəsənət İnstitutuna. İlk imtahandan ixtisasdan üç dənə “5” aldım. İkinci imtahandan - ədəbiyyat yazıdan kəsildim. Rahib müəllim gecə ilə evimizə adam göndərdi, o ədəbiyyat yazını mənə yenidən yazdırdı və məni instituta qəbul elədi. Bax belə şeyləri unutmaq olmur. Sonra illər keçdikcə, mən bunun nə qədər böyük bir hadisə olduğunu özüm üçün, məsələn, dərk edəndə fikirləşirəm ki, mən nə boyda kişilərlə rastlaşmışam...

 ... Həyatımda rastlaşdığım  üçüncü böyük  insan isə, əlbəttə ki, mənim müəllimim Tofiq Kazımov olub. O, teatrın baş rejissoru idi, mən onun kursuna qəbul olundum və belə oldu ki, mən birinci kursdan tez-tez qovulurdum institutdan. Yenə də institutdan 6 ay idi ki, qovulmuşdum. Olurdu da, şuluqluq, lovğalıq söhbətləri olurdu. Rahib müəllim, özü məni institutdan qovurdu, o biri tərəfdən, qayğıma qalırdı. Məsələn, bir müəllim var idi, Faiq Zöhrabov, sonradan mənim dostum oldu. O, Pionerlər Parkının direktoru idi. Rahib müəllim onu çağırıb demişdi ki, mən Fuadı institutdan qovmuşam, amma müvəqqətidir. Sən onu öz yanına işə götür ki,  gedib ona-buna qoşulmasın.

 ...Mən, artıq, 6 ay idi dərsə getmirdim. Pionerlər Parkında oturmuşdum. Doğrudan da, artıq fikirləşirdim ki, deyəsən, mənimki bu sənətdə gətirmədi. Bir də gördüm, Faiq müəllimin katibəsi məni telefona çağırır. Getdim, gördüm rəhmətlik Həsən Əblucdur. O, teatrda Tofiq müəllimin assistenti idi. Dedi, Tofiq müəllim səni teatra çağırır.  Getdim girdim otağına, gördüm İlyas Əfəndiyevlə oturublar. “Məhv olmuş gündəliklər” pyesini, ilk rolumu mənə verdi. Dedi get oxu, sabah gəl.

 ...Bu üç hadisə, bu üç insanla təmasda olmağımı, bunların hərəkətlərini sonradan analiz edəndə görürəm ki, həqiqətən də, mənim bəxtim gətirib. Yenə təkrar edirəm, o formalaşdığım dövrdə rast gəldiyim insanların mənim taleyimdə çox böyük rolu olub. Mən bu günə qədər də onların hər üçünə minnətdaram və tez-tez gedib onların məzarlarını ziyarət edirəm.

 ...Tarixi şəxsiyyətlərin  obrazların üzərində işləməyimə gəlincə... Götürək Əmir Teymuru. Hələ məktəbdə oxuduğum illərdə mənim bu şəxsiyyətə böyük hörmətim var idi və çalışırdım ki, onun haqqında nə material düşsə, oxuyum. Yəni o bərədə yox ki, onu səhnədə oynayacağam. Ümumiyyətlə, bir sərkərdə kimi, o məni çox maraqlandırırdı. Tale belə gətirdi ki, sonradan onu oynamalı oldum. Amma elə  insanlardan sonra oynadım ki, onlar bu obraza öz möhürlərini vurmuşdular. Kinoda Yusif Vəliyev, televiziya tamaşasında da Hamlet Xanızadə. Ramiz Həsənoğlu mənə çağırıb bu rolu təklif edəndə, sözün əsl mənasında, mən çaşdım. Bayaq elədiyimiz söhbət oldu, o dəqiqə gözümün qabağına gəldi ki, bu nəhəng və bütün tamaşaçılar tərəfindən, birmənalı olaraq, qəbul olunan aktyorların oyunlarından sonra bunu nə təhər təqdim eləmək olar?!  Bu mənim üçün ən böyük və çətin imtahan oldu. Burada o yenə də, bayaq dediyim kimi, kənardan özünü görmək bacarığı yavaş-yavaş  bir az yaranmışdı, o mənə çox kömək elədi və mən çalışdım ki, bu obrazı məndən əvvəlki aktyorlardan fərqləndirim. Burada  da, bayaq dediyim kimi, o tarixi şəxsiyyət haqqında bildiklərim, aldığım məlumatlar köməyimə gəldi. Bayaq özünüz qeyd elədiyiniz kimi, istər Napoleon, istər Yuli Sezar kimi obrazları yaradarkən,   birinci növbədə, o insanların yaşadığı dövrü, ictimai-siyasi vəziyyəti maraqlanıb öyrənmək lazımdır. Əlbəttə ki, bunlar obrazı təqdim eləmək üçün yox, sənin özünün baqajın üçün lazımdır. Yəni sən artıq bilirsən ki, bunlar hansı mühitdə yaşayıblar, ətrafları necə olub, nələr baş verib, siyasi hadisələr  necə cərəyan edib?... Bax bunlar insana çox kömək edir. Ümumiyyətlə, mütaliə  çox kömək edir. Amma bu, o demək deyil ki, hər bunu edən adamda obraz alınacaq. Gözəgörünməyən bir şey də var. Onun da izahı mümkün deyil. Məsələn, yadıma gəlir ki, bir aktyordan soruşmuşdular ki, siz filan rolu oynayanda onu nə təhər canlandırdınız? Deyir ki, indi mən deyim, bəs mən o dövrün materiallarını oxudum və sonra onu məndən qabaq oynayanların obrazlarına baxdım, o mənə kömək elədi?... Belə deyil. Bunlar ancaq qığılcımlardır.  Əsas od, əsas məşəl sənin özündə, daxilində olmalıdır. O qığılcımları sən özün, bayaq dediyimiz, istedadınla alovlandırıb oda, məşələ çevirirsən.

 ... Deyirsiniz ki, incəsənət qurban tələb edir deyirsiz. Baxır, nəyi qurban verirsən. Əgər sən, həqiqətən, bu sənət üçün yaranmısansa, mən özümü aktyor olmaq üçün yaranmış adam hesab edirəm, onda orada qurban söhbəti ola bilməz. Hər şey könüllü olur. Nə var, mən filan şeyi qurban verdim... Qurban verirsənsə, onda gərək səhnəyə çıxmayasan. Birinci növbədə, əsəblərini qurban verirsən. “Hamlet” kimi, “Ağa Məhəmməd şah Qacar” kimi, “Napoleon” kimi hər bir tamaşa, hər bir obraz səhnədə o gün, hökmən, səndən nə isə qoparır, nə isə alır. Bayaq siz dediniz ki, kompensasiya nə ilə olur? Kompensasiya, əlbəttə ki, sonda tamaşaçıların alqışları və tamaşaçılardan eşitdiyin xoş sözlər olur. Çünki tamaşaçı üçün çalışırsan. Çalışırsan ki, tamaşaçıya təsir edəsən. Özün yanmasan, tamaşaçıları da yandıra bilməzsən, alovlandıra bilməzsən. Özün kədərlənməsən, kədərləndirə bilməzsən. İndi isə oyunların əksəriyyətində biz tamaşaçıya təzyiq görürük, nəinki təsir. Elə bil ki, tamaşaçının üstünə gəlirlər ki, mən yaxşı oynayıram, məni sev, mən bu işin öhdəsindən gəlirəm! Tamaşaçıya təzyiq edirlər. Sən də çaşıb qalırsan ki, qoy bir baxım da, görüm nə edirsən hələ.

 ...Mən hərdənbir şeir də deyirəm. Baxmayaraq ki, özümü bədii qiraət ustası hesab eləmirəm, özüm üçün deyirəm və deyilənlərə görə, pis də alınmır. “Həyat dərsi” üçün çox sevdiyim şairlərdən biri Vaqif Səmədoğludan bir balaca şeir deyərəm:

 

Biri vardı, biri yoxdu,

Bir qayıq vardı Xəzərdə.

Çoxdandır o qayıqdan xəbərim yoxdur.

Bilmirəm, Xəzərin hansı sahilində çürüyüb,

Və ya harasında batıb o qayıq.

Su isə qalxır. Yaman qalxır...

Elə hey qalxır,

Qaldığım bu qayıqsız yerlərdə,

Bu qayğısız yerlərdə.

 

Bizim Yol.- 2016.- 27 may.- S.15.